Güney
Azərbaycan mətbuatı...
Güney Azərbaycan mətbuatın inkişafına
görə heç də Şimali Azərbaycandan geri
qalmayıb. Mətbuat daim maarifçiliyi təbliğ etmək
və insanların Vətən və millət
anlayışlarını düzgün qavramasına xidmət
edib. Hələ 1920-ci ildə Şeyx Məhəmməd
Xiyabani Təbrizdə çıxan "Təcəddüd” qəzetinin
24-cü sayında "Azərbaycan” başlıqlı məqaləsində
Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını
xatırladaraq oxucularında vətənsevərlik
duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə
səsləyib: "Ey Azərbaycan, ey demokratik Azərbaycan,
başını qaldır!.. Zülm, işgəncə, əzab,
müsibət, dar ağacları, zəncir və zindanlar
möhkəm olsa da, sənin istiqamət və mətanətinin
qarşısında bir-bir əzilib məhv oldu...
...Ey əziz Azərbaycan, sən bir iti gözsən
ki, İran səninlə Qərb mədəniyyətinə
baxır. Sən bir həssas və mütəəssir olan
ürəksən ki, bu vətən dünya
işığını səninlə hiss edir...”
Bu bir tarixi gerçəklikdir ki, Azərbaycan
türkləri İranın tərəqqisində həmişə
öndə olublar. Elə ötən 200 ildə yeni
İranın yaranmasında Qacar sülaləsinin vəliəhdi
Abbas Mirzənin bu istiqamətdə apardığı islahatlar
ölkənin Avropa mədəniyyətinə,
texnologiyasına yiyələnməsində əvəzedilməz
rol oynayıb.
Qeyd edək ki, 1905-1911-ci illər Məşrutə
inqilabında Güney Azərbaycan aparıcı və həlledici
rol oynayıb. Bu inqilab Azərbaycan xalqının ictimai-siyasi
və milli düşüncəsinin inkişafı
üçün şərait yaradıb. Məşrutə fərmanı
ölkədə siyasi fəzanın açılmasına gətirib.
Gündən-günə genişlənən
siyasi hadisələr və ictimai çəkişmələr
ölkənin xəbər mərkəzinə çevrilməsinə,
bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına
gətirib çıxarıb, müxtəlif qəzetlər
yayılmağa başlayıb.
İlk milli şuranın
açılmasından və Azərbaycan nümayəndələrinin
Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin
təkidilə 1908-ci ildə senzura ləğv edilib. Bu qanunun
qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər
haqqında Əhməd Kəsrəvi yazıb ki:
"...Doğrudur, bu dövrdə ölkədə bir sıra
qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu
yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək
və s. kimi yazılarla dolu idi. Ölkədə aparılan
işlər və proseslərin tənqidindən söhbət
belə gedə bilməzdi. Sanki burada məmurlar bütün
işlərdən uzaq idi... Zəkaülmülk (Məhəmməd
Hüseyn) "Tərbiyət” adlı qəzetdə bəzən
fransızcadan etdiyi tərcüməsində çarəsizlikdən
"qanun” sözü əvəzinə "qayda”
sözünü işlədirdi”.
Lakin haqqında söhbət gedən qanun qəbul
ediləndən sonra mətbuatın bütün ölkədə
azad şəkildə nəşr edilməsinə
başlanıb. Saray, hətta şəxsən Məhəmməd
Əli şah belə tənqid edilib.
Bu dövrdə Azərbaycanda 50-yə yaxın
qəzet və jurnal nəşr olunub. Tədqiqatçı
Hüseyn Ümid onlardan səkkizinin Azərbaycan türkcəsində
- farsca, birinin Azərbaycan türkcəsində,
qalanlarının fars dilində
çıxdığını qeyd edib. Bu dövrə xas
olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın
ayrıca kitab və toplumda deyil, məhz mətbuat səhifələrində
işıq üzü görməsi idi. Məsələn,
Əşrəfəddin Gilani tərəfindən Rəştdə
nəşr olunan "Nəsimi-Şimal” qəzetində əksər
səhifələr şeir nümunələri ilə dolu
olub. Yusif xan Etisam ül Mülkün redaktorluğu ilə
çıxan "Bahar” qəzetində Yusif xanın şeirləri
və rus, fransız, ərəb ədəbiyyatından etdiyi
tərcümələr əsas yer tutub. "Sure-İsrafil” qəzetində
bu mətbu orqanın baş yazarı Mirzə Əliəkbər
Dehxudanın daimi rubrikası olan "Çərən və
pərən” də dövr üçün yeni olan siyasi
felyetonun nümunələri yaranıb.
İstanbul şəhərində o illərdə
azərbaycanlı ziyalıların daha iki mətbu orqanı
çap olunub. Bunlardan biri Seyyid Həsən Təbrizi və
Seyyid Məhəmməd Tofiqin rəhbərliyi ilə
1909-1920-ci illərdə nəşr olunan "Şəms” qəzeti
olub. İstanbulda nəşr olunan digər qəzetin redaktoru Təbrizli
Hacı Həsən xan Cəfərzadə idi. Türk və
fars dillərində nəşr olunan bu qəzetlər
demokratik yönlü idi və öz səhifələrində
siyasi satirik materiallara geniş yer ayırıb. İstanbulda təhsil
alan azərbaycanlı tələbələr qəzetdə fəal
iştirak ediblər.
İnqilab illərində İranın digər
şəhərlərində də azərbycanlı
inqilabçı publisistlər tərəfindən bir sıra
qəzetlər nəşr olunub. Tehranda Məhəmməd
Əmin Rəsulzadənin və Əbu Ziyanın
redaktorluğu ilə "İrane-nou” (Yeni İran),
S.H.İbrahimzadənin redaktorluğu ilə "Carçiye-milli”,
Ruşdiyyənin qələmi ilə "Tehran”, Həsən
xan Təbrizinin mühərrirliyi ilə "Əsr”, Mahmud
Əfşarın redaktorluğu ilə "Cənteye-paberenha”,
Xorasanda Məhəmmədsadıq Təbrizli və
S.H.Ərdəbilinin redaktorluğu ilə "Xurşid” və
"Xorasan” qəzetləri çıxmış, Tehran
sosial-demokrat təşkilatının orqanı
"Sure-İsrafil” qəzetinin redaktorlarından biri Mirzə
Qasım xan Təbrizi (Sure İsrafil) olub. Cənubi
Azərbaycan tərəqqipərvər ziyalıları, o
cümlədən S.Salmasi, Mirzə Qaffar xan Zunuzi, Heydər
xan Əmioğlu və başqaları Cənubi Qafqaz mətbuatında
da, xüsusilə "İrşad” qəzetinin İrana aid səhifələrində,
Tiflisdə çıxan sosial-demokrat qəzetlərində
İranda ictimai-siyasi vəziyyətə və inqilabi
mübarizəyə həsr edilən demokratik məzmunlu məqalələrlə
çıxış ediblər.
O illərdə təzə nəşr
olunmağa başlayan "Molla Nəsrəddin” jurnalı
İran və Güney Azərbaycan mövzusuna geniş yer
ayırıb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin aparıcı elmi işçisi, ədəbiyyat
üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin
son əsrlər İranda dərc edilən Azərbaycan
mediası ilə bağlı mətbuata açıqlamasında
qeyd etdiyinə görə, Güney Azərbaycanın mətbuat
tarixi ilə milli azadlıq hərəkatı həmişə
paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş
olub. Lakin, hakim İran rejiminin siyasəti milli tərəqqinin
qarşısına Çin səddi çəkib.
Molla Nəsrəddin” jurnalı çap
olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə
Azərbaycan türkcəsində "Şəbnamə”
adlı kiçik formatlı, illustrasiyalı, yeni ideyalarla zəngin,
çox düşündürücü satirik mətbu
orqanı mövcud olub. Onun səhifələrində xalqı
narahat edən sosial problemlərə toxunulub, mövcud
quruluşdakı çatışmazlıqları tənqid edən
kəskin yazılar hazırlanıb. Qəzetin redaktoru sonralar
da Təbrizdə "Ehtiyac”, "İqbal” və "Azərbaycan”
satirik dərgilərini çıxaran istedadlı publisist təbrizli
Əliqulu Səfərov olub.
Qəzet redaktorları, yeni tipli
üsuli-cədid məktəblərinin baniləri və digər
mütərəqqi düşüncəli şəxsiyyətlər
hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar
yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında
toplanır və gizli fəaliyyətlərini davam
etdiriblər. Vətənə xidmət edən,
onun tərəqqisinə çalışan ziyalılar,
naşir və redaktorlar, ölkədə söz və mətbuat
azadlığına imkan və şərait olmadığı
üçün öz qəzetlərini xaricdə çap
edib, İranda, Güney Azərbaycanda yayıblar. Ölkədən
xaricdə nəşr olunan bu qəzetlər xalqın
oyanmasında, kütlələrin dövrün mütərəqqi
ideyaları ilə tanış edilməsində mühüm
rol oynayıb. Bu qəzetlərdə qoyulan əsas məsələlər
bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət
rejiminin konstitusiyalı rejimlə əvəz olunması,
ölkədə yeni islahatların keçirilməsi
(xüsusilə maarif sahəsində). Bu qəzetlər
dövlət qəzetlərindən fərqli olaraq
İranın mövcud vəziyyətini tənqid edib və əfkari-ümumiyyəyə
güclü təsir göstərib.
Məşrutə dönəmində
Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm
də fəal iştirakçısı olan Məhəmməd
Əmin Rəsulzadə "İran məktubları” adlı əsərində
yazıb ki, Məşrutə dövrü cənubi azərbaycanlıların
milli-mədəni hərəkatdan milli haqlar uğrunda
siyasi mübarizəyə bir keçid mərhələsi
olub. O dövrdə İran tarixində ilk dəfə Avropa
standartlarına uyğun olan və ölkədə ən
çox oxunan və ən nüfuzlu qəzet sayılan
"İran-nou” gündəlik qəzeti nəşr olunub. Qəzetin
redaktoru M.Ə.Rəsulzadə özü olub. M.Ə.Rəsulzadənin
sözləri ilə desək, "İran-nou” İran
Demokratik firqəsinin fikirlərini yayırdı,
yaradıcı heyəti də Azəri türklərindən təşkil
olunub.
Bu dövrdə Azərbaycanda 50-yə yaxın
qəzet və jurnal çap olunub. Tək Təbrizdə
deyil, Urmiyə, Ərdəbil, Həmədan və başqa
şəhərlərdə "Dəbistan”, "Əcnümən”,
"Azərbaycan”, "Naleyi-millət”, "İstiqlal”,
"Buqələmun”, "Təbriz”, "Şəfəq”
kimi bir çox qəzetlər nəşrə başlayıb.
Ölməz Mirzə Ələkbər Sabirin də şeirlərində
böyük önəm verdiyi Məşrutə
inqilabı dönəmində mətbuat həqiqətən
ictimai-siyasi və ədəbi həyatın
güzgüsünə çevrilib. Dövrə xas olan
xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın
ayrıca kitab və digər bədii nümunələrdə
deyil, məhz mətbuat səhifələrində əks
olunması idi. Məsələn, Əşrəfəddin Qəzvini
tərəfindən Rəştdə nəşr olunan "Nəsimi-Şimal”
qəzetinin əksər səhifələri şeir nümunələrindən
ibarət olub. Yusifxan Etisalınmülkün redaktorluğu ilə
çıxan "Bahar” qəzetində Yusif xanın şeirləri
və rus, fransız, ərəb ədəbiyyatından etdiyi
tərcümələr əsas yer tutub. "Sure-İsrafil” qəzetində
bu mətbu orqanın baş yazısı Əli Əkbər
Dehxudanın daimi rubrikası olan "Çərənd pərənd”də
o dövr üçün yeni olan siyasi felyetonun nümunələri
yaranıb.
Birinci Cahan savaşından sonra İranda və
Cənubi Azərbaycanda üsyanlar baş verib. Hələ
gənc yaşlarında Məşrutə hərəkatında
iştirak edən və onun öndərlərindən biri olan
Şeyx Məhəmməd Xiyabani sonralar Cənubi Azərbaycan
tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim
yaratmağa nail olub. 1917-1921-ci illər arasında Cənubi Azərbaycanda
20-dən artıq müxtəlif istiqamətli mətbu
orqanları çap olunub. Dövrün aparıcı mətbu
orqanları "Təcəddüd” qəzeti və
"Azadistan” dərgisi idi. Ş.M.Xiyabani redaktoru olduğu
"Təcəddüd” qəzetindəki yazılarında Azərbaycan
xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət
məsələsinə toxunub. Ş.M.Xiyabaninin rəhbərliyi
ilə yaranmış Xiyabani hərəkatı və mətbu
orqanı "Təcəddüd” qəzeti ictimai fikir sahəsində
olduğu kimi, ədəbiyyatda da həm forma, həm də məzmunda
yenilik yaradıb.
Demokratik hərəkatın
başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi
və həmkarı olan Tağı Rüfət "Təcəddüd”
və "Azadistan” jurnalında dərc etdirdiyi şeirləri,
eyni zamanda dərin məzmunlu məqalələri ilə
milli-azadlıq hərəkatına yaxından kömək
göstərir, İranda poeziyanı yeniləşdirmək,
həm də onu mətn, forma, üslub və dil cəhətdən
yeniləşdirməyə xidmət edirdi. Beləliklə,
İranda yeni şeirin təməli "Təcəddüd” qəzetinin
ətrafına toplaşan Tağı Rüfət, Cəfər
Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən
qoyulub.
Şəymən
Şərq.-
2017.-15 may.- S.11.