GÜNEY AZƏRBAYCAN
MƏTBUATI...
Güney Azərbaycan mətbuatın
inkişafına görə heç də Şimali Azərbaycandan
geri qalmayıb. Mətbuat daim maarifçiliyi təbliğ etmək
və insanların Vətən və millət
anlayışlarını düzgün qavramasına xidmət
edib. Hələ 1920-ci ildə Şeyx Məhəmməd
Xiyabani Təbrizdə çıxan "Təcəddüd” qəzetinin
24-cü sayında "Azərbaycan” başlıqlı məqaləsində
Azərbaycan xalqının tarixi qəhrəmanlıqlarını
xatırladaraq oxucularında vətənsevərlik
duyğularını oyatmaqla onları istiqlal mücadiləsinə
səsləyib: "Ey Azərbaycan, ey demokratik Azərbaycan,
başını qaldır!.. Zülm, işgəncə, əzab,
müsibət, dar ağacları, zəncir və zindanlar
möhkəm olsa da, sənin istiqamət və mətanətinin
qarşısında bir-bir əzilib məhv oldu...
... Ey əziz Azərbaycan, sən bir iti gözsən
ki, İran səninlə Qərb mədəniyyətinə
baxır. Sən bir həssas və mütəəssir olan
ürəksən ki, bu vətən dünya
işığını səninlə hiss edir...”
Bu bir tarixi gerçəklikdir ki, Azərbaycan
türkləri İranın tərəqqisində həmişə
öndə olublar. Elə ötən 200 ildə yeni
İranın yaranmasında Qacar sülaləsinin vəliəhdi
Abbas Mirzənin bu istiqamətdə apardığı islahatlar
ölkənin Avropa mədəniyyətinə,
texnologiyasına yiyələnməsində əvəzedilməz
rol oynayıb.
Qeyd edək ki, 1905-1911-ci illər Məşrutə
inqilabında Güney Azərbaycan aparıcı və həlledici
rol oynayıb. Bu inqilab Azərbaycan xalqının ictimai-siyasi
və milli düşüncəsinin inkişafı
üçün şərait yaradıb. Məşrutə fərmanı
ölkədə siyasi fəzanın açılmasına gətirib.
Gündən-günə genişlənən
siyasi hadisələr və ictimai çəkişmələr
ölkənin xəbər mərkəzinə çevrilməsinə,
bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına
gətirib çıxarıb, müxtəlif qəzetlər
yayılmağa başlayıb.
- Hər iki tayda Azərbaycan xalqının
düçar olduğu mənəvi ağrıları əks
etdirən "Molla Nəsrəddin” jurnalı xalqın milli
birliyinin təşəkkülündə böyük rol
oynayıb.
Təbrizdə "Molla Nəsrəddin”
jurnalının 8 sayı nəşr olunub. 1921-ci ilin
fevralında nəşrə başlayan jurnalın həmin
ayda iki, martda üç, apreldə iki, mayda isə bir sayı
işıq üzü görüb. Təbrizin mütərəqqi
və qabaqcıl ziyalıları "Molla Nəsrəddin”
jurnalı redaksiyası ətrafında sıx
toplaşıblar. Bunlar Cəlil Məmmədquluzadə ilə
tez-tez görüşür, ondan məsləhətlər
alırdılar. Onlar var qüvvələri ilə
jurnalın nəşrinə kömək ediblər.
Əbülfütuh Ələvi, İskəndərxan Qaffari,
Mözüc Şəbüstəri, Hacı Əli Şəbüstəri,
Möhsün xan Sərtibi, Əsgər Azərvənd və
başqaları əldə etdikləri məlumatları, məqalə,
felyeton və şeirləri "Molla Nəsrəddin”in
redaksiyasına çatdırır, jurnalla xalq arasında
sıx əlaqə yaradıblar.
1941-ci ildə Sovet ordusu tərkibində Cənubi
Azərbaycana gəlmiş yaradıcı ziyalılar "Vətən
yolunda” qəzetini təsis ediblər. Qəzetin ilk sayı
1941-ci il oktyabr ayının 11-də çapdan
çıxıb. Qəzet Azərbaycan dilində
günaşırı çap olunub.
"Vətən yolunda” qəzeti 1920-ci ildə
Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan
dilində çıxan ilk qəzet olub (İki dildə
çıxan qəzetlər mövcud olsa da, Azərbaycan
dilində materiallara çox az yer ayrılırdı). Qəzetin
fəaliyyəti dövründə (1941-1946-cı illər)
onun baş redaktorları Mirzə İbrahimov, Həsən
Şahgəldiyev və Rza Quliyev olublar. "Vətən
yolunda” qəzetində dərc olunan materiallar da ikiyə
parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti,
tarixi, ədəbiyyatı küll halında verilib. Qətiyyətlə
deyə bilərik ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda
milli ruhun oyanması, milli özünüdərkin bədii
inikası "Vətən yolunda” qəzeti ilə
bağlı olub.
P.Məmmədlinin qeyd etdiyinə görə,
1905-1911-ci illərdə Məşrutə hərəkatı,
1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani
üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda
ədəbi-bədii publisistik yazılar az olmayıb. Lakin
çap olunan nəzm və nəsr nümunələrində
vətənpərvərlik və milli təəssübkeşlik
hissləri 40-cı illərdəki kimi qabarıq və
güclü olmayıb. O illərdə "Vətən
yolunda” qəzetinin səhifələrində ikiyə
bölünmüş xalqın faciəsini, dərdini, hiss və
duyğularını əks etdirən
"parçalanmış vətən həsrəti”,
"ayrılıq” mövzusu yaranıb.
O illərdə Bakıda Rəsul Rzanın
redaktorluğu ilə əski əlifbada (Güney Azərbaycan
üçün nəzərdə tutulmuşdu - P.M.) rəngli
illüstrasiyalı "Azərbaycan” adlı jurnal nəşr
olunub. Jurnal Sovet hakimiyyətinin bütün mövcud
olduğu dövrdə ən maraqlı və milli mənafe
baxımından ən əhəmiyyətli orqan hesab edilir. Onun hər sayında Güney və Quzey Azərbaycanın
ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi
birlikdə əhatə olunub. İkincisi, jurnal Cənubi Azərbaycan
üçün buraxıldığından sovet Azərbaycanında
hökm sürən bolşevik ideologiyasının tələblərindən
bir qədər yayınıb, Azərbaycan
xalqının köklü mənafeyi, taleyi və tarixi ilə
bağlı əsas məsələlərə toxuna bilib.
Bütöv Vətən, eyni xalq, vahid millət məramı
demək olar ki, "Azərbaycan”ın hər sayından
duyulub. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının,
sənətinin əsrlər boyu vəhdət şəklində
inkişaf etməsini əyani şəkildə sübuta
yetirib. Xatırladaq ki, uzun illər (xüsusilə
1920-ci illərdən sonra) hər iki tayda - sovetlər birliyində
bolşevik, İranda şah rejimi tərəfindən "ikiyə
bölünmüş Azərbaycan məsələsi”
mövzusu yasaq olunub. 1941-ci ildən etibarən sonralar hər
iki tayda ikiyə bölünmüş xalqın faciəsini:
"ayrılıq, həsrət” motivlərinin ədəbiyyata
gətirilməsinin bünövrəsi ilk dəfə "Vətən
yolunda” qəzetinin və "Azərbaycan” jurnalının səhifələrində
qoyulub.
Azərbaycanda ictimai həyatın demokratikləşməsi,
burada şəraitin dəyişməsi ilə müşahidə
olunurdu. Belə bir şəraitdə yerli vətənpərvər
demokratik və milli ziyalıların nümayəndələri
"Azərbaycan Cəmiyyəti”ndə birləşməyi qərara
aldılar. Azərbaycanın demokratik nailiyyətlərinin bərpa
olunması, azərbaycanlıların milli
hüquqlarının təmin edilməsi, dil və mədəniyyətin
dirçəlişi məsələsi "Azərbaycan Cəmiyyətinin”
öndə duran vəzifələrindən idi. Bu cəmiyyətin
mətbu orqanı "Azərbaycan” qəzeti 1941-ci il
noyabrın 1-dən Əli Şəbüstəri və
İsmayıl Şəmsinin redaktorluğu ilə nəşr
olunmağa başlayıb. "Azərbaycan Cəmiyyəti”nin
orqanı olan qəzet ilk sayındakı baş məqalədə
tutacağı yol və fəaliyyəti haqda yazıb: "Azərbaycan”ın
seçdiyi yol, mövcud vəziyyətin, əfkari
ümuminin, habelə xalqın gündəlik
ehtiyaclarının aynasına çevrilərək ictimai
şüuru istiqamətləndirmək, onu
işıqlandırmaqdır”.
Qəzet sonradan, 1945-ci ildən Azərbaycan
Demokrat Partiyasının orqanı oldu və partiyanın məqsəd,
məramını sadə Azərbaycan dilində xalqa
çatdırırdı. O illərdə "Vətən
yolunda” və "Azərbaycan” qəzetlərində folklorun
toplanıb öyrənilməsi, yayılması işi
geniş yayılmışdı. Uzun illər ana dilində
təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar
bəlkə də yalnız folklorun hesabına öz milli
varlıqlarını qoruya bilib.
"Azərbaycan” qəzetində müntəzəm
olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən,
klassik ədəbi nümunələrdən,
çağdaş şairlərin əsərlərindən
parçalar dərc edilib. Qəzet səhifələrində
ilk şeirləri görünən Əli Fitrət, Hilal
Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri
nəticəsində ana dilində yazanların sayı
artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi.
"Azərbaycan” qəzeti ən yaxşı
yazıçı və jurnalistləri öz ətrafında
birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi,
M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə,
Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək
olar. "Azərbaycan”ın ən məzmunlu və dolğun məqalələri
Seyid Cəfər Pişəvərinin qələmi ilə
yazılıb.
1945-ci ildə Cənubi Azərbaycanda Seyid Cəfər
Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik
Hökumət qurulub. Məhz, həmin hökumət
İranın daxilində Azərbaycanın milli muxtariyyət
hüququnu bərpa edərək azərbaycanlıların
öz ana dilində danışmaları, yazıb-oxumaları
üçün şərait yaradıb. O illərdə
ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin,
birliklərinin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin
orqanı olan "Azad millət”, Azərbaycan Həmkarlar
İttifaqının "Qələbə”, Azərbaycan
Demokrat Təşkilatının "Cavanlar”, bunlardan başqa
"Yeni Şərq”, "Fəryad”, "Xavər nou”, "Təbriz”,
"Şahin”, "Əxtəre-şimal”, "Vətən
yolunda”, "Azərbaycan ulduzu”, "Azərbaycan”, "Şəfəq”,
"Demokrat”, "Yumruq”, "Ədəbiyyat səhifəsi”,
Ərdəbildə "Cövdət”, "Yumruq”, Urmiyədə
"Qızıl əsgər”, Zəncanda "Azər”,
Miyanada "Vətən” adlı qəzet və jurnallar
çap olunub.
Azərbaycan yazıçı və şairlər
cəmiyyətinin "Günəş”, maarif idarəsinin
"Maarif” kimi mətbu orqanları fəaliyyət göstərib.
Bu nəşriyyatların təsisçi və redaktorları
dövrün tanınmış ziyalıları olublar. "Qələbə”
qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz
qalmış görkəmli şair Məhəmməd Biriya,
"Azərbaycan ulduzu” qəzetinin redaktoru isə
tanınmış ictimai xadim Hilal Nasiri idi.
Şəymən
"İnformasiya cəmiyyətində müəlliflik
və digər əqli mülkiyyət hüquqlarının mədəni,
iqtisadi və hüquqi əhəmiyyəti”
Hüquqi demokratik dövlətlər
sırasına daxil olan Azərbaycanın bir çox vacib
atributları sırasına əqli mülkiyyət sahəsində
dövlət siyasəti, yaradıcı, əqli əməyə
ictimai münasibət də daxildir. Konstitusiyanın 30-cu maddəsində
də qeyd olunduğu kimi, "Hər kəsin əqli
mülkiyyət hüququ vardır və müəlliflik
hüququ qanunla qorunur”. Bu maddə özlüyündə Azərbaycan
rəhbərliyinin gənc, müstəqil dövlətimizin həyat
fəaliyyətinin bu vacib sahəsində düşünülmüş
və uzaqgörən siyasətini əks etdirir. Azərbaycan müəllif-hüquq sisteminin
yaradıcısı Heydər Əliyevin uzaqgörənliyi sayəsində
1993-cü ildə Müəllif Hüquqları Agentliyi bu sahədə
ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti
orqanı statusunda yaradılaraq, 1996-cı ildə müstəqil
Azərbaycanın əqli mülkiyyət sahəsində
"Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” ilk Qanunu və 2002-ci ildə
"İnteqral sxem topologiyalarının hüquqi qorunması
haqqında” Qanun qəbul edilib.
İncəsənət və ixtiraların
bütün növlərinin etibarlı qorunması dövlətin
borcudur
Dövlət
başçısı İlham Əliyevin göstərdiyi
qayğı və dəstək sayəsində isə son illər
analoqu olmayan "Əqli mülkiyyət hüquqlarının
təminatı və piratçılığa qarşı
mübarizə haqqında” Qanun qəbul edilib, Azərbaycan
2006-cı ildə ABŞ Hökumətinin müəllif
hüquqlarını pozan ölkələr
siyahısından çıxarılıb, rəqəmli
hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər
yaradılıb, müəlliflik hüququ və digər əqli
mülkiyyət hüquqları sahəsinin inkişafına aid
Uzunmüddətli Milli Strategiya hazırlanmış, Aİ ilə
Tvinninq layihəsi həyata keçirilmiş, "Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında müəlliflik hüququ və digər əqli
mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul
edilib.
Bəs əqli mülkiyyət aləminin
fenomeni nədədir, onun obyektləri nə olan şeylərdir,
nə üçün onları qorumaq lazımdır və bu
qorunma dünyada necə həyata keçirilir?
Əvvəla onu deyək ki: "Bütün
incəsənət əsərləri və ixtiralar insan
dühasından yaranır. Bunlar insanın layiqli həyatı
üçün təminat mənbəyidir. İncəsənət
və ixtiraların bütün növlərinin etibarlı
qorunması dövlətin borcudur”. Doktor Arpad Boqşa məxsus
olan bu əhəmiyyətli sözlər ÜƏMT-nin Cenevrədə
yerləşən mənzil-qərargahının günbəzində
yazılıb. Yazı mahiyyətcə və fəlsəfi
baxımdan parlaq və anlaşıqlı şəkildə əqli
mülkiyyətin müasir dünyada rol və əhəmiyyətini
təsvir edir.
Əqli mülkiyyət ona daxil edilmiş
yaradıcı ideyalar baxımından dəyəri olan
informasiyadan ibarətdir
Əqli mülkiyyətə daxil
edilən əsərlər, ixtiralar və insan zəkasının
digər yaradıcılıq sərvətlərinin təsvir
olunmasına gəldikdə isə onu deyək ki, həqiqətən,
bizi əhatə edən ənənəyə
çevrilmiş, istifadə edilən predmetlər
çoxluğunun yaradıcıları vardır. Həmin
əşyaların yaradıcılarına, yaradıcı
şəxslərinə onlar tərəfindən fikirləşib,
gözəl və rahat şəklə gətirildiyinə
görə biz minnətdar olmalıyıq. Kitab və
kompüterlər, saat, yuyucu maşınlar və bizim təmasda
olduğumuz digər predmetlər öz
yaradıcılarının beyin, zəka,
yaradıcılıq, bir sözlə, əqli (intellektual) əməyinin
nəticələrinin məhsuludur. Bu predmetlər
yaradıcıların müxtəlif intellektual əməyinin
birləşməsi, sintezidir. Nümunə kimi, saatı
götürək. Kimsə saat mexanizminin işləməsini
kəşf edib, digər yaradıcı onun müəyyən
funksional xassələrini təkmilləşdirib,
üçüncüsü saatı bugünkü formaya gətirib,
nəhayət, digəri öz ustalığı ilə siferblatı
yaraşdırıb. Bu birgə zəhmətlər
əməyin böyük intellektual məsrəflərini tələb
edib ideya kəşfə, yaxud ixtiraya çevrilib əsər
yaradılıb. Öz əməyi ilə maddi əşyanı
yaradan şəxsin həmin əşyaya mülkiyyət
hüququnun yarandığı qaydada yaradıcılıq nəticəsində,
intellektual əməyin bəhrəsinə və
yaradılmış informasiyaya da mülkiyyət hüququ
yaranır. Beləliklə, təbiətin yaradıcıya bəxş
etdiyi, öz əməyinin nəticələrindən
istədiyi kimi istifadə etmək
kimi ayrılmaz hüququ "Əqli mülkiyyət”
anlayışını əmələ gətirir. "Əqli
mülkiyyət” ifadəsini işlədərkən bilməliyik
ki, söhbət qorunan intellektual yaradıcılıq məhsulundan,
yəni yaradıcılarına məxsus olan və yalnız
onların icazəsi ilə istifadə edilə bilən
mülkiyyətdən gedəcək.
Fəqət, əqli mülkiyyət ona daxil
edilmiş yaradıcı ideyalar baxımından dəyəri
olan informasiyadan ibarətdir. Elə bu informasiya
da kommersiya dəyərinə malikdir. "Əqli mülkiyyət”
anlayışına daxil olan obyektlərin (kəşf, ixtira, əsərlər
və s.) öz sahibləri vardır və əqli mülkiyyət
hüquqları onlara məxsusdur. Əmlak hüquqları
müəllifin ayrılmaz olan şəxsi hüquqlarından
fərqli olaraq, müəllifin razılığı əsasında
digər tərəfə verilə bilər. Belə
ki, müəllifin ilkin əmlak hüququnun keçməsi nəticəsində
digər tərəfin törəmə sahiblik hüququ
yaranır. Əqli mülkiyyətin maddi və şəxsi əmlaka
xas olan bir çox xüsusiyyətləri vardır. Əqli
mülkiyyət bir mülkiyyət kimi alqı-satqı, icarəyə
verilmək, dəyişmək, yaxud əvəzsiz vermək
vasitəsinə çevrilə bilər və onun hər
hansı istifadə forması sahibi tərəfindən təsdiq
edilməlidir. Lakin əqli mülkiyyətin başlıca
xüsusiyyəti ondan ibarətdir ki, o maddiləşmiş, yəni
toxunmaqla hiss olunan formada deyil.
Əqli mülkiyyət hüquqlarının
müəyyən hissəsi qeyri-ənənəvi obyektlərlə
də bağlıdır
Əqli mülkiyyət toplanmış,
ümumiləşdirilmiş anlayış olduğundan onun tərkibi
bu anlayışın vacib əlamətlərini özündə
daşıyan və bu anlayışın sinfini, mahiyyətini
müəyyən edən bəzi obyektlərin məcmusundan
yaranır.
Kompüter proqramları və məlumat
bazaları daxil olmaqla, elmi, ədəbi və bədii əsərlər,
ifaçılıq fəaliyyətinə, fonoqram
istehsalına və radio-televiziya verilişləri, o cümlədən
də insan fəaliyyətinin bütün sahələrinə
aid olan ixtiralara, elmi kəşflər bu məcmuələrə
daxildir.
Əqli mülkiyyətin ən
vacib və böyük tərkib hissəsini isə elm, ədəbiyyat
və incəsənət əsərləri ilə
bağlı müəlliflik hüququ və ona oxşar olan
ifaçıların, fonoqram istehsalçılarının,
radio-televiziya yayım təşkilatlarının əlaqəli
hüquqları təşkil edir. Əqli mülkiyyətin
ikinci vacib hissəsini ixtiralar, faydalı modellər və sənaye
nümunələri ilə bağlı patent hüququ təmsil
edir. Nəhayət, bunların arxasınca əmtəə
nişanları və coğrafi göstəricilər və
digər obyektlərlə bağlı hüquqlar gəlir.
Əqli mülkiyyət hüquqlarının müəyyən
hissəsi qeyri-ənənəvi obyektlərlə də
bağlıdır. Bunların sırasında inteqral sxem
topologiyaları və məlumat topluları müasir
İKT-nin nəticəsidir. Qeyri-maddi mədəni
irsin qorunmasında ənənəvi mədəni nümunələr
(folklor nümunələri) və ənənəvi biliklərə
əqli mülkiyyət hüquqları verilməsi müstəsna
əhəmiyyətə malikdir və bu növ obyektlər də
qeyri-ənənəvi obyektlər kimi qəbul olunurlar.
Əqli mülkiyyət hüquqları
sağlam rəqabəti və ticarətin inkişafını
şərtləndirən əsas amillərdən biridir
Məlumat üçün bildirək
ki, elm və texnikanın inkişafı, rəqəm və
texnologiyalarının tətbiqi və yaradıcılıq nəticələrinin
istifadə miqyasının genişlənməsi əqli
mülkiyyət hüquqların iqtisadi əhəmiyyətinin
artması və IT-IP cütlüyünün bir-birinə təsiri
və inteqrasiyası ilə əlaqədar
problemlər, ölkə daxilində və beynəlxalq
qanunvericilikdə müəlliflərin və digər hüquq
sahiblərinin maraqlarını təmsil edən
çoxsaylı ictimai təşkilatların fəaliyyətinin
koordinasiya edilməsi və nəzarətin zərurəti,
müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində
hüquq pozuntularının sayının
artması və nəhayət, ictimaiyyətdə bu hüquq
pozuntularına qarşı münasibət və s. ona gətirib
çıxarıb ki, dövlətin ənənəvi
qanunvericilik, tənzimləyici və idarəçilik
funksiyaları ilə yanaşı, həmin sahələrdə
koordinasiya və nəzarət funksiyalarının da əhatə
olunmasını tələb edir. Agentliyin fəaliyyətinin təhlili
və beynəlxalq təcrübənin öyrənilməsi
göstərir ki, dövlətin bu sahədəki artan rolu bir
sıra yeni istiqamətləri əhatə edəcək.
Azərbaycan üçün əqli mülkiyyətin
iqtisadi əhəmiyyəti şübhəsizdir. Bu gün elm və cəmiyyətin inkişafı
üçün əlverişli şəraitin təmin edilməsi,
əqli mülkiyyətin biliklərə əsaslanan
iqtisadiyyatın inkişafında güclü vasitəyə
çevrilməsi və informasiya cəmiyyətinin
inkişafında geniş istifadə olunması vacib əhəmiyyət
daşıyır. Əqli mülkiyyət hüquqlarının
sağlam rəqabəti və ticarətin inkişafını
şərtləndirən əsas amillərdən biri
olduğu da şübhəsizdir.
İqtisadiyyatda əqli mülkiyyətin artan
rolu müəssisə, firma və digər təşkilatlarda
qeyri-maddi aktivlərin payının artması və maddi aktivlərin
isə nisbət payının azaldılması ilə
müşahidə olunur. Beləliklə, iqtisadi subyektlərin
aktivlərinin oriyentasiyasının dəyişilməsi və
əqli mülkiyyət ən dəyərli aktiv kimi kommersiya əqdlərində
iştirakı aktivlərdə olan əqli mülkiyyət
obyektlərinin dəyərləndirilməsini tələb
edir. Bununla əlaqədar Agentlikdə əqli mülkiyyət
aktivlərinin dəyərləndirilməsi üzrə
"Biznes və əqli mülkiyyət obyektləri” praktiki
tövsiyələr hazırlanıb. Son 20 ildə əqli
mülkiyyət fenomeni sürətlə inkişaf edərək,
investisiyaların yaradıcılığa və
yenilikçiliyə cəlb edilməsində və bu intellektual
məhsulların yayılmasında ən vacib amil kimi
çıxış edir. Beton və dəmirə əsaslanan
iqtisadiyyat "biliklərə və ideyalara əsaslanan
iqtisadiyyata” çevrilib və bu iqtisadiyyatın əqli
mülkiyyətində cəmləşən intellektual kapital
özünü əsas valyuta kimi aparır. Azərbaycan
hökuməti əqli mülkiyyət sahəsini və əqli
mülkiyyət hüquqlarının təminatını
prioritet sahə kimi qəbul edərək, dünyadakı dəyişiklikləri
diqqətlə izləyir və bu sahədə dinamik
inkişafı təmin etmək üçün bir sıra
kompleks tədbirlər həyata keçirir.
... internetin sərhəd
tanımadığı bir vaxtda müəlliflik hüququnun
pozulmasının qarşısını tam almaq real deyil
Hüquqşünas Allahverən
Oruclu isə hesab edir ki, əqli mükiyyət hüququnun
pozuntunun dərəcəsindən asılı olaraq vətəndaş
məhkəmədə mülki qaydada iddia qaldıra, habelə,
inzibati və cinayət prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada məhkəməyə şikayət verə
bilər: "Vətəndaş eyni zamanda, müəllif
hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan
Respublikasının Müəllif Hüquqları Agentliyinə
müraciət edə bilər. Belə ki, həmin
Agentliyin əsasnaməsinə görə, bu dövlət
orqanının funksiyalarından biri də odur ki, o,
pozulmuş hüquqlarının bərpası ilə
bağlı hüquq sahiblərinin təşəbbüsü
ilə və digər zəruri hallarda müvafiq məhkəmələrdə
iddia qaldırır və hüquq sahiblərinin mənafelərini
müdafiə edir. Habelə, həmin orqan
"Əqli mülkiyyət hüquqlarının təminatı
və piratçılığa qarşı mübarizə
haqqında” Qanuna uyğun olaraq, müəlliflik hüququ və
əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin
piratçılıq yolu ilə istehsalına və
yayılmasına, habelə nəzarət markası
yapışdırılmayan nüsxələrinin
yayılmasına qarşı inzibati tədbirlərin təmin
olunması məqsədi ilə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsinə
uyğun protokol tərtib edərək baxılması
üçün məhkəməyə göndərir. Baxmayaraq ki, "Müəlliflik hüququ və əlaqəli
hüquqlar haqqında” Qanuna əsasən müəlliflik
hüququnun yaranması və həyata keçirilməsi
üçün əsərin qeydiyyata alınması, yaxud hər
hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb
olunmur, gələcəkdə mübahisələrini daha tez və
asan həll etmək, mövqeyini sübut etmək
üçün müəlliflik hüquqlarını əvvəldən
Müəllif Hüquqları Agentliyində qeydiyyata
aldırmaları məsləhətdir.
Hüquqşünasın sözlərinə
görə, informasiya texnologiyalarının bu cür
inkişaf etdiyi, internetin sərhəd tanımadığı
bir vaxtda müəlliflik hüququnun pozulmasının
qarşısını tam almaq real deyil: "Amma Azərbaycanın
Müəllif Hüquqları Agentliyi və onun yanında
Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi
tərəfindən bu sahədə müəyyən işlər
görülür. Xüsusilə, Agentlik digər
Avropa ölkələri ilə birlikdə internet şəbəkəsində
müəllif hüquqlarının qorunması sistemini,
bazasını yaradır. İstənilən halda burada daha
çox sayıqlıq müəlliflərin öz üzərinə
düşür. Öz hüquqlarının pozulduğunu
hesab edən müəllif dərhal müdafiə mexanizmlərindən
istifadə etməlidir”.
Şəymən Bayramova
Şərq.-
2017.-16 may.- S.11.