“Mən ruhu ölmüş sənətkaram”

 

Yalçın Rzazadə: “Mən böyük bəstəkarların mahnılarını ifa etdiyim üçün, səs diapazonum geniş olduğu üçün adım konsert proqramlarından çıxarılır

 

 

Xalq artisti Yalçın Rzazadənin səhhətində ciddi problem yaranıb. O, aldığı sınıq zədəsindən sonra zəiflədiyini, özünü yaxşı hiss etmədiyini deyib: "Ayağım sağalmaq bilmir. Tez-tez dizimə su yığılır. Sinirim zədələnib. Dözülməz ağrılar olur. Bir müddət müalicə aldım. İndi yenə ağrılar başlayıb. Müalicələrim davam edir. Səhhətimə görə özümü yaxşı hiss etmirəm. Gün ərzində gah normal, gah da əzgin oluram. Durduğum yerdə başıma gəldi”.

 

Xalq artisti ilə söhbətimiz zamanı müasir estrada səhnəsinin bugünkü durumundan da danışdıq. Yalçın Rzazadə "Mən özümü tərifləmək niyyətində deyiləm. Amma Azərbaycan estrada səhnəsinin bünövrəsini qoyanlardan sayılıram. Bu, danılmaz bir həqiqətdir. İstər ifa tərzim, istərsə geyim tərzim, imicimlə ekrana, səhnəyə fərqlilik gətirmişəm. Bilirsiz, o zamanlar efirə çıxmaq bugünkü qədər asan da deyildi. Müğənnidən məsuliyyət tələb olunurdu. Bu gün isə Azərbaycan estrada səhnəsi demək olar acınacaqlı vəziyyətdədi. Estrada səhnəsində olanlar da toyxana musiqilərinə daha çox üstünlük verirlər. Səhnə fərqli bir məkandı. Estrada ifaçısı isə səhnədə xüsusilə seçilməyi, fərqlənməyi bacarmalıdı. Mən bu günün səhnəsində olanlarda estrada sənətçisinə lazım olan bir çox keyfiyyətləri görmürəm”.

 

Xalq artistinin səhnədən, efirlərdən uzaq düşməsinin səbəbini soruşduq. Yalçın Rzazadə bu gün efirlərdə, səhnələrdə olmamasını izah edərkən od püskürdü:

 

"Bilirsiz, mən qan təzyiqi olan, ürəyi narahat insanam. Məni bu yaxınlarda verilişlərin birinə dəvət etmişdilər. İnanın, heyrətə gəlib təəccübləndim. Studiyaya İzraildən, Amerikadan, Almaniya, Norveçdən zənglər gəldi. İnsanlar öz sevgilərini bildirdilər. Bu məni təsirləndirdi. Məni bu yaxınlarda bir tədbirə dəvət etdilər ki, Heydər Əliyev adına Sarayda çox hörmətli sənətkarlar çıxış edəcək, sizi görmək istəyirəm.

 

Bir neçə dəfə zəng etdilər ki, Yalçın müəllim, Niyazi adına orkestrin müşayiəti ilə səhnədə ifa edəcəksiz. Bildirdim ki, mən belə bir tədbirdə iştirak etmək üçün ən azı 3 gün orkestrlə məşq etməliyəm, sonra da iki gün həmin məkanda məşq etməliyəm. Mənim sənətkar olaraq ömrümdən 5 gün gedəcək. Nəyə görə axı? Mən bu 5 gündə qazanacam? Bilirsiz bunu niyə deyirəm, çünki məni sındırıblar.

 

Tədbirlərdən birinə mənim adımı da yazıblar, bəziləri mənim adımı ordan silib. Çox hörmətli şairin yaradıcılıq gecəsində iştirak edən müğənnilərin adı arasında mənim adım olub, siliblər. Şairin oğlu soruşur ki, böyük sənətkardı, onun adını niyə siyahıdan çıxarmısız? Bilirsiz, mənə maraqlıdı mən kimə etmişəm. Mən estrada səhnəsinə zövqlü geyim tərzini, estetikanı gətirdiyim üçün, mükəmməl repertuar seçimi ilə fərqləndiyim üçün adım o siyahıdan çıxarılır. Mən böyük bəstəkarların mahnılarını ifa etdiyim üçün, səs diapazonum geniş olduğu üçün adım konsert proqramlarından çıxarılır. Təbii ki, belə məqamlar mənə təsir edir.

 

Mən səsimə heyifslənirəm ki, kaş sənətkar olaraq bu müddət ərzində onlarla yeni mahnı lentə aldıra biləydim. Amma mənə imkan vermirlər. Mən dövlətimizdən dövlət başçımızdan razıyam, çünki mənə Prezident təqaüd verib, evlə təmin edib. Amma mənə qarşı olan bu haqsızlıqlardan Prezidentimizin əminəm ki, xəbəri yoxdu. Mən tamaşaçıların da sevgisini görürəm. Küçədə yeriyəndə mənə sevgi ilə yaxınlaşan insanların diqqətini hiss edirəm. Amma məni sənətkar kimi sıxıb boğdular. Mən ruhu ölmüş insanam. Bir sənətkar kimi ruhumu öldürdülər. Mənə elə gəlir ki, səhnədə nədən olmadığımın izahını çatdıra bildim”.

 

Tahirə

Şərq.- 2017.- 18 may.- S.13.