Satirik
saytın fəaliyyətinə çox ciddi ehtiyac var.
Vüsal Məmmədov: “Cəmiyyət müxtəlifliyi
sevir və mesajları da müxtəlif formada almaq istəyir”
AzVision.az saytlar qrupuna daxil olan Kirpi.info karikatura
saytına Azərbaycanda imzası ilə və o cümlədən
satirik qələmi ilə tanınan Murad Köhnəqala bir
neçə gün əvvəl redaktor təyin edildi. Məlumdur
ki, saytın əvvəlki redaktoru, tanınmış şair
Aqşin Yenisey Türkiyəyə köçməsilə əlaqədar,
redaksiyadakı işinə davam etdirə bilməyəcəkdi.
Və rəhbərlik də bu vəzifəni peşəkarlığına
inandığı Murad Köhnəqalaya həvalə etdi.
Kirpi.info-nun bugünkü fəaliyyəti ilə
bağlı bir az sonra danışacağıq.
Hələliksə, satirik mətbuat haqqında
bir neçə kəlmə deyək. Satirik mətbuat, əslində
bütün dövrlərdə aktual olub. Avropada da, Şərqdə
də satirik mətbuat cəmiyyətin güzgüsü olmaq
kimi məsul bir vəzifəni çiyinlərinə alıb.
Ən nəhəng örnəyi təbii ki,
"Molla Nəsrəddin”dir. "Molla Nəsrəddin”dən
qaynaqlanan Azərbaycan satirik mətbuatı sonralar da
varlığını qoruyub saxladı. "Kirpi”,
"Mozalan” satirik jurnalları buna sübutdur.
Satirik mətbuatın varlığı vacibdir
Azərbaycan satirik mətbuatı "Molla Nəsrəddin”dən
"Kirpi”yə, ordan da "Kirpi.info”ya qədər şərəfli
ömür keçib. "Kirpi” "Molla Nəsrəddin”in
davamçısı sayılır. Əlbəttə, hər
dövrün məziyyətləri nəzərə
alınmaqla. "Kirpi” jurnalı nəşrə 1952-ci ildə
başlayıb. 1952-ci illə 19-cu əsrin əvvəlləri
ictimai-siyasi formasiya baxımından müqayisəyə gəlməzdi.
Tural İsmayılov məqaləsində
yazır ki, Azərbaycan karikaturasında "Kirpi” ənənəsi
xüsusi yer tutur. "Kirpi” uzun illər xalqın yaddaşında
dərin iz qoymağı bacarıb. 1952-ci ildən çap
olunmağa başlayan "Kirpi” jurnalı "Molla Nəsrəddin”
ənənələrinə sona qədər sadiq qalıb.
Kommunist ideologiyanın ən kəskin zamanlarında jurnal
satirik məzmunu, karikaturaları və felyetonları ilə o
dövrdə mövcud olmuş iyrənclikləri,
nöqsanları məsxərə atəşinə məruz
qoyurdu. Süleyman Rüstəm və Səməd Vurğun da
öz yazılarını məhz "Kirpi”də dərc
etdirmişdilər bir müddət. "Kirpi” Azərbaycan
karikaturasına Əzim Əzimzadənin əsərləriylə
töhfə verməklə kifayətlənməmiş, burada
Tahir Salahov, Sadıq Şərifzadə, Ziya Kərimbəyli,
Kazım Kazımzadə kimi görkəmli rəssam və
karikaturaçılar yetişmişdir.
Jurnal ilk nəşrə
başladıqda isə onun əsas rəssamları - baş rəssam
Nəcəfqulu İsmayılov və Hüseyn Əliyev,
Ümid Hüseynov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə,
Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr
Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər
Zeynalov, Adil Elçin, Hafiz Nəsiroğlu olub.
1952-ci ildə "Kirpi” satirik jurnalının
nəşrə başlaması dövrün, zamanın tələbi
idi. "Kirpi” jurnalının nəşrə
başlaması karikatura janrının inkişafında da
müstəsna rol oynadı və bu sahədə yeni ənənələrin
yaranmasına təkan verdi. Əsasən, Sovet ideologiyasına
xidmət etməsinə baxmayaraq, "Kirpi” jurnalı müxtəlif
nəsillərə mənsub olan peşəkar
karikaturaçı rəssamları bir araya gətirə
bildi.
Karikatura janrına marağın artması,
"Kirpi " jurnalının oxunaqlı jurnal olması bu sahəyə
peşəkar rəngkar rəssamların axını ilə
müşayiət olundu. "Kirpi”
jurnalının populyarlaşmasında xalq ressamı, İsmayıl
Axundovun mühüm xidmətləri olub. 1990-cı illərin əvvəllərində
çətin vaxtlarını yaşayan jurnal bir müddət
çap olunmayıb. Ömürlərini bu jurnala həsr
etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın
baş rəssamı Hafiz Nəsiroğlu və. b jurnala
ikinci ömür verdilər.
"Kirpi” ilə paralel
"Mozalan” satirik kinojurnalı da o dövrlərdə
xüsusi fəaliyyəti ilə seçilirdi və burada da həm
"Kirpi”də çalışan karikaturaçılar, həm
də sırf onlarla əməkdaşlıq edən
karikaturistlər fəaliyyət göstərirdilər.
"Mozalan” satirik kinojurnalı 1971-ci ildə Cəfər
Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının
nəzdində təsis edilmişdi. Kinojurnalda son dövrlərədək
180-dən çox nömrə istehsal olunmuşdu. Hər
nömrədə 3-4 süjet vardı. Bunlar bədii, sənədli
və hətta cizgi süjetləri idi. "Mozalan” satirik
kinojurnalının məqsədi neqativ hallara qarşı
mübarizə aparmaq, ictimai çatışmazlıqları
satira dili ilə xalqa çatdırmaq idi. Sənədli
süjetlərdə bir anda müxtəlif istehsalat obyektlərində
peyda olmaq, oradakı əyri-əskikləri lentə almaq,
bütün respublikanı xəbərdar etmək
"mozalançı”ların əsas iş üsullarından
idi. "Mozalan” satirik kinojurnalının ilk filmi "Hörmətli
alim yoldaşlar” adlı qısametrajlı bədii süjet
olmuşdu. Komediya janrında çəkilən süjetin
rejissoru Oqtay Mirqasımov, ssenari müəllifi Əkrəm
Əylislidir. Filmdə məruzəçi "Mozalan”
sözünün yumoristik mənalarını izah etməklə
kinojurnalı sanki açır və kinojurnalın gələcəkdə
hansı mövqe tutacağını göstərir.
"Mozalan” satirik kinojurnalının ilk baş
redaktoru Eyvaz Borçalı olmuşdur. "Mozalan”
studiyası 2008-ci ildə İspaniyanın "Aktualidad”
jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz
lideri” beynəlxalq mükafatına layiq görülüb.
Hazırda satirik kinojurnalın baş redaktoru Orxan Fikrətoğludur.
Çox adam satiradan çəkinir, qorxur.
Satira təhqir deyil, tənqiddir. Təəssüf ki, son
zamanlar tənqidlə təhqir arasındakı cizgi də
itib. Təhqiri tənqid adıyla təqdim edirlər. Bu da
müasir informasiya cəmiyyətinin ən böyük
çatışmazlığı, nöqsanıdır.
"Kirpi.info” boşluğu doldura biləcəkmi?
Qeyd edək ki, "Kirpi.info” - hazırda ölkədə
yeganə karikatura saytıdır.
Təbii ki, müasir dünyada dəngələr
dəyişdiyi kimi, elektron xəbərçilik özünə
yer edir. Müxtəlif agentliklər, xəbər portalları,
saytlar yaranır.
Belə vaxtda sırf karikatura saytının
varlığı cəmiyyətin müxtəlifliyə
açıq olduğunu göstərir. Cəmiyyət - oxucu hər
gün eyni formatda xəbər almaqdan yorulur, onu
düşündürən problemlər barədə daha rəngarəng,
daha parıltılı və diqqət çəkən tərzdə
məlumat almaq istəyir. Bu zaman da köməyinə satirik mətbuat,
karikatura saytları gəlir.
Murad Köhnəqala özü bu barədə
bildirir ki, Kirpi.info-nun redaktorluğu onun üçün xeyli
maraqlı işdir: "Oxuculara söz verirəm ki, sayt
çox maraqlı və gülməli olacaq. İzləyin,
görəcəksiniz”.
Azvision.az saytlar qrupunun rəhbəri Vüsal Məmmədov
isə "Kirpi.info”nu "Molla Nəsrəddin”in
davamçısı adlandırmağı düzgün hesab
etmir. Bizcə, sırf təvazökarlıqdan. V.Məmmədov
"Mətbuat.az” saytına müsahibəsində "Molla Nəsrəddin”çi
adına iddianın çox böyük səslənəcəyini
demişdi:
- Kirpi.info saytına indiyə qədər
Aqşin Yenisey redaktorluq edirdi. Aqşinin Türkiyəyə
köçməsi ilə əlaqədar olaraq, orada işlər
bir az zəifləyib. Artıq bir neçə gün sonra
tanınmış jurnalist Murad Köhnəqala Kirpi.infonun
redaktoru olacaq. Düşünürəm ki, Murad gələndən
sonra Kirpi.info daha da güclənəcək. Aqşinin yumor
hissi nə qədər güclü olsa da, daha çox
dramatizmə meyilli şairdir. Murad Köhnəqala isə daha
çox satirik qələmi olan jurnalistdir.
"Kirpi”ni "Molla Nəsrəddin”in
davamı adlandırmaq düzgün olmazdı, böyük
görünər. Amma "Kirpi.info”nun maarifləndirici rolu
var.
Bizdə karikaturaların cəmi 5-10 faizi siyasətlə
bağlı olur, digərləri cəhaləti, cəmiyyətin
çatışmayan cəhətlərini tənqid edir. Buna
sayta baxmaqla da əmin ola bilərlər. O ki qaldı, nə
çatışmır? Yəqin ki, Molla Nəsrəddində
toplaşan insanların nəhəngliyi bizim uşaqlarda
çatışmır. Amma hesab edirəm ki,
yavaş-yavaş yetişəcəklər, çox gəncdilər...
"Molla Nəsrəddin”çilər
döyüşçü idi. Cəmiyyətlə, ətrafla
döyüşürdülər. Onlar savaşmağa məcbur
idilər. Çox güclü idilər. Biz
döyüşmürük, kənardan dayanıb daş
atırıq. Təsəvvür edin, döyüşən
adam nə qədər güclü ola bilər, qıraqdan
dayanıb daş atan adam nə qədər...
Digər tərəfdən baxanda, indi
döyüşməyə ehtiyac yoxdur, cəmiyyət əsasən
normaldır. Əsasən biz nöqtəvi zərbələr
vurmağa çalışırıq. Çatışmayan
yerlərə xırda daş atmağa ehtiyac var.
"Sarkisyanla bağlı yaxşı
karikaturalarımız var”
Azvision.az saytlar qrupunun rəhbəri Vüsal Məmmədov
"Şərq”ə açıqlamasında "kirpi-info”nun
fəaliyyət zərurətindən danışdı:
- Məncə, Azərbaycan mediasının
hazırkı durumunda satirik saytın fəaliyyətinə
çox ciddi ehtiyac var. Cəmiyyət müxtəlifliyi sevir və
mesajları da müxtəlif formada almaq istəyir. Cəmiyyətə
mesajlar həmişə eyni formada, rəsmi, diplomatik, ciddi
şəkildə ötürülməməlidir. İnformasiyanı
da, vacib mesajları da çatdırmağın müxtəlif
yolları var. Təqdimatın necə, hansı üsulla edilməsi
vacib şərtdir. Satira, yumor da onlardan biridir. Satira karikatura
ilə birləşəndə isə ortaya çox mükəmməl
bir ötürücü, əlaqələndirici vasitə
çıxır. Hesab edirəm ki, satiranın cəmiyyətin
maarifləndirilməsində, kütləvi şüura təsirdə
rolu əhəmiyyətli dərəcədə
böyükdür. Satira daha tez ictimai şüura təsir
edir.
Bəs "kirpi-info” nəyi tənqid edir?
V.Məmmədov
bildirdi ki, hər dövrün öz mövzuları var:
- Ötən
əsrin əvvəllərində "Molla Nəsrəddin” o
dövr üçün xarakterik olan cəhaləti, dini
xurafatı, mövhumatı, savadsızlığı tənqid
edirdisə, sovet illərində mövzular dəyişdi. Sosializm quruculuğuna zidd gedənlər, "partiya
xəttinə xilaf çıxanlar”, bürokratizm tənqid hədəfi
oldu. Bizim dövrümüzün də
özünə məxsus çatışmazlıqları
var. İctimai cəhalət var, müəyyən dərəcədə
mövhumat, ictimai mədəniyyətsizlik, insanların
biri-birinə qarşı kobudluğu, etik qaydalara riayət
edilməməsi, bəzi sosial problemlər saytın əsas tənqid
hədəfləridir. Siyasətə gəlincə,
dediyim kimi, siyasi mövzular ümumi mövzuların 10 faizini təşkil
edir.
Elə mövzular olur ki, ona ən yaxşı cavab
karikatura ilə verilir. Məsələn, Ermənistanın
separatçı rejimi ilə, konkret Sarkisyanla bağlı diqqət
çəkən və hədəfə dəyən
karikaturalarımız var. ABŞ-dakı ötən prezident
seçkiləri, Donald Tramp haqqında da karikaturamız olub.
Bundan sonra da Azərbaycanın beynəlxalq aləmdə
imicini qorumaq, Azərbaycanı bilavasitə əhatə edən
qlobal mövzular, hadisələrlə bağlı karikatura
janrına müraciət edəcəyimiz tamamilə gözləniləndir.
Murad
Köhnəqalanın yeni vəzifədə işindən
razı qalıb-qalmamasına gəlincə, V.Məmmədov
bu haqda danışmağın hələ tez olduğunu dedi:
- Hələ
ki, Murad Köhnəqala adaptasiya dövrü yaşayır. Məncə, işlər yaxşı gedir, daha da
yaxşı olacaq.
Məlahət Rzayeva
Şərq.-
2017.- 18 may.- S.13.