Srebrenitsa qurbanları xatırlanır

Bəs Xocalı soyqırımı nə vaxt tanınacaq?

 

Avropa Şurası (AŞ) Serbiyanı törətdikləri Srebrenitsa qətliamını soyqırımı kimi tanımağa çağırıb. AŞ-ın İrqçilik və Dözümsüzlüklə Mübarizə Komissiyasının bununla bağlı bəyanatında bildirilir ki, beynəlxalq məhkəmələrin Srebrenitsa hadisələrini soyqırımı kimi qiymətləndirməsinə baxmayaraq Serbiya parlamenti və prezidenti indiyədək 1995-ci ildə törətdikləri qırğınları soyqırımı kimi tanımayıb.

 

1995-ci ildə Bosniyanın şərqindəki Srebrenitsa kəndində serb generalı Ratko Mladiçin rəhbərlik etdiyi qoşunun əsgərləri 8 min müsəlmanı qətlə yetirmişdir.

 

Bu faciənin soyqırımı kimi tanınması təqdir olunası addımdır. Kaş Avropa Şurası insanların kütləvi qətlinə səbəb olan bütün cinayətkar dövlətlərə qarşı belə prinsipial olaydı.

 

Xocalı soyqırımı dəhşəti, amansızlığı, günahsız qurbanları ilə xüsusilə diqqəti cəlb edir. Amma ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar Xocalı faciəsi ilə bitmir. Bu qırğın əslində erməni vəhşiliyinin növbəti mərhələsi idi.

 

...1905-1907-ci illər qətliamlarından sonra 1918-1920-ci illərdə Şaumyanın başçılıq etdiyi daşnaklardan ibarət silahlı dəstələr Azərbaycanın bütün bölgələrində dinc soydaşlarımızı amansızcasına qətlə yetirmiş, toplu halda diri-diri yandırmış, torpağa basdırmış, başlarını kəsmişlər. 1918-ci ilin martında Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrası zamanı ermənilərdən ibarət 10 min nəfərlik silahlı dəstələr soydaşlarımıza qarşı soyqırımı törətdilər. 30-31 mart hadisələrində təkcə Bakıda 30 min dinc əhali amansızcasına, xüsusi qəddarlıqla qətlə yetirildi. Soyqırımı o dərəcədə dəhşətli olub ki, Şaumyanın özü belə ermənilərdən ibarət polkun “xidmətlərindən” məmnunluğunu “yuxarılara”, imperiya başçılarına ünvanladığı məktublarında təkəbbürlə bildirərək, “qələbənin” (öldürülən azərbaycanlılarının sayının) özlərinin gözlədiklərindən də artıq olduğunu “Bizim üçün döyüşün nəticələri çox yaxşı olmuşdur” sözləri ilə ifadə edib. “Azərbaycanlılarsız Ermənistan” yaratmaq ideyalarından əl çəkməyən daşnakların xalqımıza qarşı törətdikləri soyqırımlarda qətlə yetirilənlərin sayı-hesabı yoxdur. “Aşxadavor” (“Əməkçi”) qəzetinin 2 noyabr 1919-cu il sayında dərc olunmuş İrəvan azərbaycanlılarının müraciətində göstərilmişdir ki, həmin qətliamlar zamanı azərbaycanlıların yaşadıqları 88 kənd dağılmış, 1920 ev yandırılmış, 131. 970 nəfər öldürülmüşdür.

 

Ermənilərin də iştirak etdikləri 20 Yanvar faciəsi tariximizin daha bir qanlı səhifəsi oldu. O zaman 130-dan çox insan həlak oldu, 744 nəfər yaralandı, onlarla insan itkin düşdü, dinc əhaliyə qarşı qeyri-insani qəddarlıq tətbiq edildi. Ancaq bundan əvvəl Vilnüsdə və Tbilisidə baş vermiş hadisələri pisləyən ABŞ və onun Avropadakı müttəfiqləri daha dəhşətli olan Bakı qırğınını SSRİ-nin daxili işi kimi qiymətləndirərək cinayətə münasibətlərini bildirmədilər.

 

Ötən əsrin ən qanlı qətliamı- Xocalı soyqırımını da səssizcə izləyən Avropanın münasibəti Qərbin ikili standartlar siyasətinin daha bir nümunəsi oldu. Bir gecədə güllələnən, erməni vəhşiləri tərəfindən yandırılan, külə döndərilən şəhərin sakinləri - qocalar, uşaqlar, qadınlar da daxil olmaqla qətlə yetirildi, tonqallara atıldı, körpələr süngüyə keçirildi. 25 fevral 1992-ci ildən başlayaraq ertəsi gün də davam edən Xocalı faciəsi ötən əsrin əvvəllərində ermənilərin törətdikləri soyqırımların davamı, bəşəriyyətin hüznlə yad etdiyi Sonqmi, Ruanda qırğınları ilə eyni səviyyədə törədilən qətliam idi. Belarus üçün Xatın, Çexiya üçün Liditse, Polşa üçün Treblinka hadisələri nə qədər ağırdırsa, Azərbaycan üçün də Xocalı dəhşətləri ilə yadda qalan soyqırımıdır.

 

Həmin gün 613 nəfər- 106 qadın, 70 ahıl, 63 uşaq olmaqla Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə yandırılaraq, qətlə yetirilərək həyatlarına son qoyuldu. 487 nəfər şikəst oldu. 1275 nəfər ermənilərin əsir, girovuna çevrildi, ağla gəlməyən zülmə, təhqirlərə məruz qaldılar. Onlardan 150 nəfərin taleyi hələ də bəlli deyil. 8 ailə bütünlüklə məhv edildi. 24 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirdi. Dığalara diri-diri qurban kəsilən azərbaycanlıların sayı isə 60-a yaxındır. Belə ki, Xocalı soyqırımı daşnakların azərbaycanlılara qarşı 200 ildən bəri apardığı etnik siyasətin ən faciəli səhifəsi kimi tarixə yazıldı.

 

...Keçmiş SSRİ-nin 366-cı alayının, həmin hərbi hissədə toplanan erməni zabitləri və xarici ölkələrdən gətirilmiş muzdlu dəstələrinin iştirakı ilə törədilən Xocalı qətliamı insanlığa, bütünlükdə bəşəriyyətə qarşı cinayət idi. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atılaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus qəddarlıq olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi. “Biz yolu azərbaycanlıların meyidləri üzərindən keçirdik. Onların arasında ölməkdə olan yaralılar da var idi” kimi sözlərlə müşahidə etdiyi qətliamı qələmə alan xarici jurnalist erməni tərcüməçinin etinasızlıqla “ Bura cəbhədir. Belə şeylərin fərqinə varma” sözlərini də insanlığa yaraşmayan hal kimi nifrətlə xatırlayır.

 

Bu qətliamları artıq bir çox ölkələrin parlamentləri tanıyıb, rəsmi olaraq erməni vəhşiliyini pisləyib. Türkiyə, ABŞ-ın 20 ştatı, Xocalı soyqırımına aid parkın olduğu Meksika, Pakistan, Kolumbiya, Çexiya parlamentinin beynəlxalq əlaqələr komitəsi, Honduras Milli Konqresi, Tehranda keçirilən İƏT-in Parlamentlər İttifaqının sessiyasında iştirak edən 53 ölkənin Xocalıda törədilənləri soyqırımı kimi tanıması ermənilərin saxta ideoloji təbliğatına vurulan zərbə, Azərbaycan həqiqətlərinin təsdiqidir. Erməni vandalizmini, insanlığa qarşı törədilən qətliam olduğunu bəyanatları ilə pisləyən ölkələrin sayı artmaqdadır.

 

1905-1907, 1918-1920-ci illərdə, 1988-ci illərdən başlayaraq öldürülən günahsız azərbaycanlıları, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya olunan, yurd həsrətinə dözməyərək dünyasını dəyişənləri, atəşkəs rejimində belə qana həris olan ermənilərin uşaq oyuncaqları ilə qətlə yetirdikləri körpələri də erməni vəhşiliyinin qurbanları sırasına əlavə etsək şəhidlərimizin sayı daha çox olar.

 

Son illərin statistikasına nəzər salaq. 1988-1993-cü illərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdə 20 min soydaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, 100 min dinc azərbaycanlı yaralanmış, 50 min nəfər əlil olmuşdur. Münaqişə illərində 4853 nəfər itkin düşmüş, onlardan 1357-si azad olunmuş, 439 nəfər ermənilərin vəhşiliklərinə tab gətirməyərək həyatdan köçmüşlər. Hazırda da əsirlikdə olan soydaşlarımız ağır işgəncələrə məruz qalırlar.

 

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 31 Mart-Azərbaycanlıların soyqırımı gününün qeyd olunması bütün şəhidlərimizin ruhuna hörmət olsa da əsl həqiqət, ədalət bu soyqırımı tanımayanların layiq olduqları cəzalarını alacaqları gün olacaq.

 

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, soyqırımını əks etdirən yüzlərlə fotoalbomlar, məlumat kitabçaları, açıqcalar, “Leyla Əliyeva: Xocalıya ədalət” kitabı, “Böyüməyən uşaqlar”, “1992-ci ilin qarı” kimi sənədli filmlər, Türkiyənin Uşak şəhərində Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə... bütünlükdə dünya ictimaiyyətinin Xocalıda qətliam törədən ermənilərə ictimai nifrətdir. 1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın və o dövrdə müdafiə naziri olan Seyran Ohanyanın bilavasitə rəhbərliyi ilə erməni ordusunun hərbi bölmələri Xocalı şəhərinə irimiqyaslı hücum etdilər, şəhəri mühasirəyə alıb dinc əhalini qırdılar. Bu faciəyə münasibətlərini susmaqla bildirən dünya dövlətləri hələ də erməni faşizmini pisləmək niyyətində deyillər. Bir əsr bundan əvvəl Türkiyədə baş verən hadisələr zamanı dost ölkəyə xəyanət edən erməni satqınlarının təsadüfi ölümünü “erməni soyqırımı” kimi tanıyan Avropa Parlamenti Xocalıda törədilmiş qətliamı pisləmədi. Halbuki Xocalı hadisələri yaxın keçmişimizdə, sakini olduğumuz müasir dünyamızda baş vermişdi. XXI əsrin devizi olan sülhə, xalqlararası dialoqa çağırış, dinc insanların tökülən qanları üçün günahkarların cəzalandırılması tələbi Xocalı soyqırımının tanıdılması istiqamətində aparılan təbliğatın əhəmiyyətini artırır. “Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı- hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır,- beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər” söyləyən Prezident İlham Əliyevin xalqın iradəsini əks etdirən bu sözləri bir daha əminlik yaradır ki, zamanın öz hökmünü bildirəcəyi an uzaqda deyil. Tolerant, xeyirxah və humanizm prinsiplərinə sadiq qalan Azərbaycan xalqı da AŞ-dan şəhidlərinə, bu gün də erməni əsirliyində əziyyət çəkən Dilqəm Əhmədova, Şahbaz Quliyevə qarşı belə diqqət görmək istəyir. Bir neçə il bundan əvvəl “erməni soyqırımı”nı tanımayanlara məhkəmə cəzasının kəsiləcəyi ilə bağlı qərar qəbul edən Fransanın da təmsil olunduğu və insan haqlarının qorunması prinsipləri əsasında fəaliyyət göstərən Avropa Şurasından Xocalı soyqırımı qurbanlarının xatirəsinə eyni münasibət gözləyirik.

 

Xuraman İsmayılqızı.

 İki sahil.- 2017.- 19 may.- S.18