Böyük
Vətən müharibəsi illərində mətbuat
(1941-1945 illər)
Böyük Vətən müharibəsi illərində
Azərbaycan mətbuatı "dinc sovet həyatını
pozan azğın faşistlərə” qarşı
siyasi-ideoloji savaş elan etmişdi. Düşmənlərə
qarşı mübarizə şüarları qəzet səhifələrini
bəzəyirdi. Müharibənin başlanması haqda ilk xəbəri
"Kommunist” qəzeti xəbər verdi. Qəzet həmin
sayında Molotovun çıxışını, SSRİ-nin
ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan
olunması barədə qərarını çap etdi.
"Kommunist”in ilk səhifəsində
Azərbaycanın tanınmış ziyalılarının,
şair və yazıçılarının müharibə əleyhinə
Bakıda keçirilən mitinq və
yığıncaqlardakı çıxışları, rəsmi
informasiya agentliyi olan AzərTAC-nın "Vətəni var
qüvvəmizlə müdafiə edəcəyik” müraciəti
yığcam şəkildə oxuculara
çatdırılırdı. Redaksiya heyəti adından nəşr
olunan "Ədəbiyyat və incəsənət” qəzeti
müharibənin başlanma xəbərindən 6 gün sonra,
1941-ci il iyunun 29-da oxuculara çatdırıldı. Qəzetin
həmin sayında "Stalin uğrunda, Vətən
uğrunda” adlı baş məqalə və
bir sıra gənc şair və yazıçıların
xalqa müraciəti kifayət qədər diqqəti çəkir.
Əli Vəliyev, Mir Cəlal, Həmid Araslı, Mikayıl
Rzaquluzadə və Süleyman Vəliyevin imzaladığı
"Qəhrəman qızıl ordu sıralarına” adlı
müraciətdə deyilirdi: "Artıq zaman bu
hökmü vermiş, qızıl qələmlərin odlu
süngülərə çevrilməsi vaxtı
çatmışdır. Qudurğan faşizmin qəti
ölüm dəqiqələri
yaxınlaşmışdır.
Biz yazıçılar hələlik cəbhəyə,
qəhrəman və mərd döyüşlərə
doğru gedirik”.
Mətbuat tarixi
araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi, II hissə,
1920-1990-cı illər” əsərində müharibə illərində
mətbuatın vəziyyətinə xüsusi diqqət
ayırıb. Müəllif araşdırmasında
bildirib ki, ölkənin səfərbərliyə
alınması üçün Azərbaycan sovet mətbuatı
partiyanın kəsərli bir silahına çevrilib. Sənaye,
nəqliyyat və kənd təsərrüfatını
müharibənin tələblərinə
uyğunlaşdırmaqda ciddi təbliğat və təşviqat
işinə başlayıb, fəaliyyətini bu istiqamətdə
qurub:
"Müharibənin ilk aylarında mətbuatda
ideoloji iş qaydalarını və təbliğatın
konkret istiqamətlərini müəyyənləşdirmək
üçün qərar qəbul edildi. Qərarda respublika mətbuatından
öz fəaliyyətlərini yenidən qurmaq, iş
üslublarını hərbi qaydalara uyğunlaşdırmaq tələb
olunurdu. Respublikanın partiya qəzetləri döyüş
bölgələrində vəziyyəti və yerli həyatı
geniş işıqlandırmağa başladı, məxsusi
olaraq neft sənayesi işçilərinin fəaliyyətinə
geniş yer verildi. Belə ki, Böyük Vətən
Müharibəsində neft ehtiyacının 75 faizini Bakı
ödəyirdi ki, bu da Azərbaycan neftçilərindən
gecəni gündüzə qatan gərgin iş tələb
edirdi. Azərbaycan mətbuatı məxsusi
olaraq neft sənayesinə diqqət yönəldir, arxa cəbhədə
fədakarlıq göstərən neftçilərə mənəvi
ruh verir, onları qələbələrə
çağırırdı. Bu sahəyə həsr olunan
materiallara səfərbəredici başlıqlar qoyulurdu.
"Kommunist”, "Bakinski raboçi”, "Ədəbiyyat və
incəsənət” kimi mərkəzi mətbuat orqanları
müharibənin ilk ayında bu mövzuda 50-dən çox
baş məqalə, habelə partiya, sovet və təsərrüfat
işçilərinin məqaləsini dərc edib.
Təbliğat və ideoloji
baxımdan fəaliyyətinin mərkəzi mətbuatın
prinsipləri, direktivləri üzərində kökləyən
Azərbaycan mətbuatı öz iş sistemində Leninin belə
bir tövsiyəsinə əsaslanırdı ki, müharibənin
nəticəsi kütlələrin şüurluluğundan,
onların müharibəni nə dərəcədə
düzgün başa düşmələrindən, bu məqsədlərin
onlara yaxın olub-olmamasından asılıdır. Mətbuat səhifələrində Lenin və
Stalinin şəxsiyyəti ön planda təsvir olunur,
sosializmin imperializm tərəfindən sınağa çəkildiyi
vurğulanırdı. Faşizmin cəmiyyət
üçün təhlükəliliyi məqalələrin, ədəbi
nümunələrin əsas qayəsini təşkil edirdi.
Müharibənin başlanma xəbərini dərc edən qəzetlərin
ilk səhifəsini Stalinin iri portreti bəzəyirdi.
Ziyalılar, dövrün tanınmış qələm sahibləri
alman faşizminə qarşı mübarizədə Stalin
şəxsiyyətinin, qətiyyət və igidliyinin tərənnümü
ilə məşğul idi. Onlar qələbənin əldə
olunmasında şəxsiyyət faktorunu önə çəkirdilər.
İnsanların silaha sarılıb Vətəni müdafiə
etməsi üçün mitinqlərdən, kütləvi tədbirlərdən
geniş istifadə olunurdu. Bir qayda olaraq bu cür tədbirlərdə
şair və yazıçılar emosional ovqatda, vətənpərvərlik
ruhunda şeirlər oxuyur, şüarlar səsləndirirdilər.
"Kommunist”, "Bakinski
raboçi”, "Ədəbiyyat və incəsənət” qəzetində
bu cür tədbirlərə bütöv səhifələr
ayırırdı. Sözügedən qəzetin 23 iyun tarixli
25-ci sayında "Faşizmə ölüm” reportajı
Bakı əhalisi üçün şair və
yazıçıların, ziyalıların, sənət
adamlarının təşkil etdikləri mitinqə həsr
olunub. Qəzetlərin manşetlərində, səhifələrin
başlıqlarında, demək olar ki, məqalələrin
böyük qismində faşizmə nifrət ruhunda
şüarlar dərc olunurdu. Bu baxımdan "Kommunist” qəzetinin
24 iyun sayında "Qəhrəman xalqın qüdrətli səsi”
məqaləsinin sonunda dərc olunan şüarlara diqqət
çəkmək yetərlidir: "Azğın düşməni
axıradək məhv edəcəyik”, "Vətənin
çağırışına səs verməyə
hazırıq”, "Əmək cəbhəsində namusla
çalışacağıq”, "Biz qalib gələcəyik”.
Bu şüarlar insanları səfərbərliyə,
düşmənlərə qarşı mübarizəyə
çağırır, vətəndaşların müqavimət
gücünü artırır, vahid ideya ətrafında həmrəyliyini
yaradırdı. "Hər şey cəbhə
üçün, hər şey qələbə
üçün” şüarı sonralar respublika mətbuatının
aparıcı şüarına çevrildi”. A.Aşırlı
əsərində vurğulayıb ki, səfərbərliyə
alınmayıb, arxa cəbhədə çalışan, sənaye
və kənd təsərrüfatı sahəsində əmək
sərf edən hər bir vətəndaş aparılan ideoloji
təbliğatın fonunda özünü
döyüşçü bilirdi: "Bakı
ziyalılarının keçirdiyi ümumşəhər
mitinqi "Kommunist”, "Ədəbiyyat və incəsənət”,
"Bakinski raboçi” qəzetlərində reportajlar şəklində
çap olundu, ziyalıların vətəni müdafiəsində
zəhmətkeşlərlə çiyin-çiyinə
dayandığı əksini tapırdı. Müharibə dövrü
jurnalistikası həcmcə yığcamlığı,
konkret faktlara bağlılığı və
faşizmin xalqlara ölüm, işgəncə, dilənçilik
gətirən bir bəla olduğunu oxuculara təlqin etməyi
ilə seçilirdi. Publisist söz görkəmli
şəxsiyyətlərin dilindən eşidiləndə,
yaxud qələminin məhsulu olanda xalqın mübarizə əzmi
və qələbəyə inamı artırdı. Ona görə
də mədəniyyət xadimlərinin, ilk növbədə
şair və yazıçıların, elm adamlarının
qəzetlərdə dərc edilən məqalələri
mübarizə ovqatı yaradırdı. Müharibənin
gedişi ərəfəsində Mehdi Hüseyn, Rəsul Rza,
Mirzə İbrahimov, Süleyman Rəhimov, İlyas Əfəndiyev,
Əli Vəliyev, Mir Cəlal kimi söz ustadlarının
imzaları "Kommunist”, "Bakinski raboçi”, "Ədəbiyyat
və incəsənət” və digər mətbuat
orqanlarında görünürdü. Onların alov
tökülən məktub və məqalələri, oçerkləri,
şeir və hekayələri xalqın düşmənə
qarşı nifrət hissini artırır, onları faşizm əleyhinə
ölüm-dirim mübarizəsinə səsləyirdi. Düşmənə nifrət və şüarlarla
dolu olan yazılarda ziyalıların, ədiblərin mövqeləri
dərc olunur, onların xalqa ünvanladıqları müraciətlər
əksini tapırdı. Zəhmətkeşləri
ruhlandıran şeir və hekayələr demək olar ki, qəzetlərin
hər nömrəsində işıq üzü
görürdü. Mirvarid Dilbazinin neft sənayesində
çalışanlara ünvanladığı "Neft gərəkdir
cəbhəyə” şeirini bu baxımdan nümunə
göstərmək olar. Qəzetlərdə bəzən
Hitleri ələ salan lətifələrdən, satirik
şeirlərdən də istifadə olunurdu. "Ədəbiyyat
və incəsənət” qəzetində "Hitler və
şəkil” lətifəsində faşizm ideoloqu ələ
salınırdı. "Dövlətə çox şey verəcəyik,
dövlətdən az şey tələb edəcəyik”
şüarı məqalələrin əsas qayəsini, ana xəttini
təşkil edir, insanların daha çox zəhmət
çəkməsini təbliğ edirdi. Mətbuat
və radio ilə aparılan əsas təbliğat ona əsaslanırdı
ki, müharibədə qələbə fabrik-zavodlarda, mədənlərdə,
kolxoz və sovxozlarda, nəqliyyatda işin nümunəvi,
müharibə dövrünün tələblərinə
uyğun şəkildə aparılması nəticəsində
qazanılır. Mətbuat iki-üç və daha
çox adamı əvəz edən qəhrəmanlar
haqqında oçerklər, müəssisələrdən
reportajlar hazırlayırdılar. Staxanov əmək
metodları, çoxlu dəzgahlara xidmət etmək üsulu
daha böyük sürətlə yayılmağa
başlamışdı. Staxanovçu qəhrəmanlar tez-tez
qəzet səhifələrində görünür, barələrində
oçerklər, məqalələr yazılır, iri
ölçüdə şəkilləri çap
edilirdi. Böyük Vətən müharibəsi illərində
Azərbaycan xalqının göstərdiyi fədakarlıq
alimlər tərəfindən tədqiq olunmuş,
araşdırmalar aparılmış, bu sahədə bir
neçə monoqrafiya çap edilmişdi.
Azərbaycan mətbuatı səhifələrində
dərc olunan materiallar da professor Nəsir İmanquliyev tərəfindən
tədqiq edilib. Arxiv sənədləri, zəngin faktiki
material əsasında "Zəhmətkeşlərin əmək
qəhrəmanlığı uğrunda” kitabı 1968-ci ildə
çap olunub. Professor N.İmanquliyevin
araşdırmasına görə, müharibə şəraitinin
ağırlığına və redaksiyanın
yaradıcı işçilərinin xeyli hissəsinin cəbhəyə
getməsi səbəbindən törənən çətinliyə
baxmayaraq qəzetlər neft mədənləri, sənaye
müəssisələri ilə daim əlaqə saxlayır,
hər bir yenilikdən, vətənpərvərlik
təşəbbüslərindən xəbər tutur və
aldıqları informasiyaları
işıqlandırırdı. Müharibənin ilk illərindən,
demək olar ki, sonunadək "Kommunist” qəzetinin baş
redaktoru vəzifəsində çalışmış Rza
Quliyev öz xatirələrini "Şanlı səhifələr”
kitabında oxuculara çatdırır: "Müharibə
şəraitində qəzetin rol və əhəmiyyəti, məsuliyyət
və məqsədi ikiqat artıq idi. Məhz
buna görədir ki, biz qəzetin hər nömrəsi üzərində
çox fikirləşir, məqalə və yazıların,
sərlövhə və başlıqların hər dəfə
düşmənə qarşı mübarizəyə yönəldilməsinə
çalışır, fəhlələrə,
kolxozçulara və ziyalılara arxalanırdıq. Belə
ciddi anlarda qəzet xalqla daha sıx bağlı olmalı idi”.
Qəzetin informasiya siyasətinə diqqət yönəldən
R.Quliyev o dövr üçün aktual olan cəbhə xəbərlərinin
dərcinə üstünlük verdiklərini qeyd edərək
yazır: "Hamının nəzəri cəbhəyə
dikilmişdi. Buna görə də
respublikamızın zəhmətkeşləri Böyük Vətən
müharibəsi cəbhələrindən alınan müxtəlif
xəbərlərlə, Sovet Məlumat Bürosunun məlumatları,
Baş Komandanın əmirləri ilə tanış olmaq
üçün qəzetin hər bir nömrəsini səbirsizliklə
gözləyirdi”.
Cəbhədə ordu sıralarında
döyüşən yazıçı və jurnalistlərin
yazılarını, şeir və hekayələrini,
oçerklərini mütəmadi dərc edən
"Kommunist”in baş redaktoru onların adlarını
sadalayır: "Məmməd Rahimin, Abbas Zamanovun, S.Rüstəmin,
Əli Vəliyevin, İbrahim Novruzovun, Nüsrət
Bağırovun, Qafar Rəcəbovun və
başqalarının tez-tez yazılarını çap
edirdik”. Müxtəlif cəbhələrdə qəhrəmanlıqla
döyüşən Azərbaycan xalqının mübariz
övladları ilə bağlı oçerklər, bədii
yazılar, geniş araşdırmalar dövri mətbuat
orqanlarında dərc olunurdu. 1942-ci ilin 1 yanvar sayında
"Kommunist” qəzeti Sovet İttifaqı Qəhrəmanı
İsrafil Məmmədovun qəhrəmanlığından
vəcdə gələrək irihəcmli məqalə
çap etdi. Cəsur təyyarəçi
Hüseynbala Əliyevin 17 yara almasına baxmayaraq iki
düşmən təyyarəsini sıradan
çıxarıb, üçüncüsünü
qaçmağa vadar edərək, təyyarəni xətərsiz
yerə endirməyi mərkəzi mətbuat orqanlarının əsas
mövzusuna çevrildi. Bütün mətbuat
orqanları 1942-ci ilin dekabrın sonlarından Azərbaycanın
bu şanlı qəhrəman övladının fədakarlığına,
mübarizliyinə onlarla məqalə, şeir, hekayə,
oçerk həsr etdi. Bütün qüvvələrin
alman-faşist işğalçılarına qarşı
mübarizəyə səfərbər olduğu dövrdə
"Azərbaycan” jurnalının varisi olan "Revolyusiya i
kultura” jurnalı zamanın tələbinə uyğun ad dəyişikliyinə
uğradı. Jurnal "Vətən uğrunda” adı ilə
nəşr olundu.
Müharibə illərində
"Vətən uğrunda” adı ilə nəşr olunan
"Azərbaycan” jurnalının qarşısında duran ən
mühüm vəzifə ədəbi janrların, o cümlədən
ədəbi tənqidin faşizmin maddi və mənəvi sərvətlərə
amansız düşmən olduğunu oxuculara
çatdırmaqdan ibarət idi. Bu dövrdə jurnalda peşəkar
tənqidçi və ədəbiyyatşünaslarla
yanaşı, filosof və tarixçilər də
ardıcıl məqalələrlə çıxış
edirdilər. Onların ən yaxşı məqalələri
günün tələblərinə uyğun publisist
üslubda qələmə alınırdı”. Araşdırmaçı
qeyd edir ki, müharibənin ilk günlərindən
başlayaraq döyüşçüləri igidlik və qəhrəmanlıq
göstərməyə ruhlandıran, onları ideoloji
baxımdan hazırlayan mərkəzi və yerli mətbuat
orqanları ilə yanaşı, cəbhə qəzetləri də
nəşr olunurdu: "Müxtəlif
xalqların dillərində döyüş bölgələrində
böyük çətinliklərlə işıq
üzü görən cəbhə qəzetləri arasında
Azərbaycanda işıq üzü görən qəzetlər
fədakar oğulları düşmənə qarşı
amansız olmağa, mübarizəyə, igidliyə səsləyirdi.
Cəbhə qəzetlərinin əsas
missiyası Ali Baş Komandanın əmrlərini
döyüşçülərə çatdırmaq,
müharibənin gedişi, döyüş əməliyyatları
ilə onları tanış etmək, arxa və ön cəbhənin
vəhdətini yaratmaq idi. 1942-ci ildə alman qoşunları
Kuban torpağını və Şimali Qafqazın xeyli hissəsini
işğal etdikdən sonra Qafqaza genişmiqyaslı
hücum planı hazırladılar. Qafqaz böyük bir
işğal təhlükəsi ilə üz-üzə
olduğundan bu torpağın övladları "Qafqazı
müdafiə” şüarı altında ağır
döyüşlərə atıldılar. Qafqazın
müdafiəsi uğrunda gedən döyüşlərin ən
təhlükəli günlərində "Fəhlə-kəndli
Qızıl Ordusu döyüşçüsü” qəzeti
Azərbaycan övladlarını mübarizəyə
çağırırdı. Qəzetin texniki və
yaradıcı əməkdaşları operativlik, təşəbbüskarlıq
göstərərək maşın və təyyarələrlə,
qatarla cəbhəyə yollanıb, vərəqələr
çap edib yayırdılar. Bu cəbhə qəzetinin əməkdaşları
Novorosiyski, Mozdok, Buyunaksk ətrafında gedən
döyüşlərdən redaksiyaya poçtla, telefonla,
adamlarla məlumatlar çatdırır, azərbaycanlı
döyüşçülər barəsində məlumatlar
dərc edirdilər.
İsmayıl
Şərq.-
2017.- 20 may.- S.11