“Əhməd bəy Ağaoğlu türk-müsəlman  dünyasının inkişafı üçün çalışıb”

Mayın 19-da Qarabağ Azadlıq Təşkilatı (QAT) və "Şərq” qəzetinin təşəbbüsü görkəmli ictimai-siyasi xadim, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. "Şərq” qəzetinin baş redaktoru, araşdırmaçı yazar, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, QAT sədri Akif Nağı, tədqiqatçı Rəsmiyyə Qarayeva və digər qonaqlar Əhməd Ağaoğlunun həyat və mübarizə yolu, ictimai-siyasi fikirləri ilə bağlı ətraflı məlumat verib, maraqlı məqamlara toxunublar.

QAT sədri Akif Nağı çıxışında tədbirin keçirilməsinə dəstək verdiyi üçün "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya təşəkkür edib.

A.Nağı bildirib ki, araşdırmaçı Akif Aşırlı Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığını daim diqqətdə saxlayıb: "Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə Əhməd bəy Ağaoğlunun çox böyük xidmətləri olub. Qurum rəhbəri deyib ki, Əhməd bəy Ağaoğlu dəyəri verilməyən görkəmli şəxslərdəndir. Mətbuatın bir funksiyası da budur ki, heç kimin diqqət yetirmədiyi önəmli şəxsləri ictimailəşdirsin. Akif bəy, həmin dövrün bütün şəxsləri ilə, digər hadisələrlə bağlı daim araşdırmalar aparır və oxuculara təqdim edir.

"Şərq” qəzetinin diqqət mərkəzində saxladığı nüfuzlu şəxslərdən biri də Əhməd bəy Ağaoğludur. QAT olaraq bizim də Əhməd bəy Ağaoğluna xüsusi diqqətimiz var. Hələ 1993-cü ildə Qarabağ Azadlıq Təşkilatı formalaşanda, biz Ə.Ağaoğlunu özümüzün sələfi hesab etmişik. Bilirsiz ki, Əhməd bəy Ağaoğlu ermənilərə qarşı mübarizə aparan, milli maraqları qoruyan "Difai” hərəkatının yaradıcısı olub.

Ə.Ağaoğlu bu hərəkatı çox böyük çətinliklərlə yaradıb. Rusiya imperiyasının əsarəti və təzyiqləri altında o cür işlər görmək çox çətin idi. Biz QAT-ı təsis edəndə rəsmi qaydada elan etdik ki, bu təşkilat məşhur "Difai” hərəkatının davamçısıdır. 1995-ci ildə biz AMEA-nın dil və ədəbiyyat institutu birlikdə böyük elmi konfrans keçirdik və broşura şəklində konfransın materiallarını dərc etdik. Həmin konfransda Azərbaycan və Türkiyənin tanınmış alimləri iştirak edirdilər. Yəni demək istəyirəm ki, Əhməd bəy Ağaoğlu ilə bağlı tədbirlərimiz o dövrdən etibarən başalyıb və indiyə qədər davam etdirilir”.

Akif Nağı qısaca olaraq Əhməd bəy Ağaoğlunun həyatı haqqında danışıb və onun 1869-cu ildə Şuşa şəhərində dünyaya göz açdığını deyib: "Əhməd bəyin anadan olduğu ay və gün məlum deyil, amma vəfat etdiyi günü bilirik. O, 1939-cü ildə mayın 19-u günü həyata gözlərini yumub. Əhməd bəy Ağaoğlunun həyatı haqqında da Akif Aşırlının və "Şərq” qəzetinin müstəsna xidmətləri olub. Qəzetin ard-arda 4 nömrəsində Əhməd bəy Ağaoğlunun həyatının son günləri, dəfn mərasimi barədə maraqlı məlumatlar dərc olunub. Bu məqsədlə Akif bəylə telefonla danışdıq və qərara gəldik ki, mayın 19-da, yəni bugün Əhməd bəy Ağaoğlunun xatirəsini yad edək. Əslində vaxt məhdudiyyəti olduğu üçün tədbirimizi geniş zallarda keçirə bilmədik. Əgər geniş tədbir keçirmək imkanımız olsaydı, ora daha çox adam dəvət edərdik. Biz sadəcə iki gün ərzində anım tədbiri keçirməyə qərar verdik. 2019-cu ildə Əhməd bəyin doğumunun 150, vəfatının isə 80 illiyi olacaq. Təbii ki, o zaman da tədbirlə keçirməyi düşünürük. Ola bilsin ki, bununla bağlı dövlətin hansısa qərarı da oldu”. QAT rəhbəri bəyan edib ki, Əhməd bəy Ağaoğlu gəncliyini Şuşa şəhərində keçirdikdən sonra Bakıda təhsil almağa gəlib: "Əhməd bəy Fransanın tanınmış Sarbonna Universitetində təhsil alan ilk azərbaycanlı olub. Avropada təhsilini baş vurduqdan sonra əvvəlcə Şuşada, daha sonra isə Bakıda qəzetlərdə çalışıb. Ə.Ağaoğlu "Difai” təşkilatını yaratdıqdan sonra daha ciddi fəaliyyətlə məşğul olmağa başlayıb. Təzyiq və təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalıb. Amma orda da sakit oturmayıb, onun xarakteri elə idi ki, getdiyi hər yerdə hadisə çıxarırdı.

 

O, Türkiyədə millət vəkili olub, ictimai-siyasi proseslərdə fəal surətdə çalışıb. Sonra Azərbaycana qayıdıb, həbs olunub, Maltaya sürgün edilib. Sürgündən xilas olduqdan sonra yenidən Türkiyəyə qayıdıb. Əhməd bəy Ağaoğlu Atatürkün yaxın silahdaşı olub, onun dövründə mətbuat və informasiya müdiri kimi fəaliyyət göstərib. Milli vəkili kimi böyük hörmət qazanıb. Bildiyiniz kimi Ə.Ağaoğlu ilə Atatürk arasında ziddiyyət yaranıb və iki şəxs biri-birindən küsüb. Daha sonra onları barışdırmağa cəhd göstərsələr də, bu, mümkün olmayıb. Çünki Əhməd bəy çox tərs adam idi. Ə.Ağaoğlu ömrünün sonunu kasıbçılıqla yaşayıb və elə o cür də həyatını başa vurub. Ancaq buna baxmayaraq, son nəfəsinə qədər türk dünyasına xidmət edib. O dövrdə Əhməd bəyin evində bir beyin mərkəzi formalaşmışdı. İstanbulun bütün mütəfəkkirləri onun evində cəmləşirdi”.

QAT sədri Əhməd bəy Ağaoğlunun xatirilərindən də bəhs edib: "O, yazırdı ki, "biz 4 nəfər azərbaycanlı rus məktəbinə daxil olmuşduq, amma onlardan təkcə mən məktəbi bitirdim, yerdə qalanlar isə ermənilərin təzyiqi ilə məktəbdən uzaqlaşdırıldı”. Əhməd bəy vurğulayırdı ki, məktəbdə çoxluq təşkil edən ermənilər tənəffüs vaxtı bizim üstümüzə cumurdular, bizi incidirdilər. Ə.Ağaoğlu "erməni-müsəlman davasında” mühüm mövqe tutur və açıq şəkildə rus imperiyasına qarşı çıxırdı. Yəni onun həyatı çox keşməkeşli, maraqlı məqamlarla dolu olub. Ən böyük missiyası isə türk dünyası üçün nüfuzlu şəxsiyyətlər yetişdirməsi olub. Onun oğlu Samed Ağaoğlu Türkiyənin ictimai-siyasi həyatında mühüm rol oynayıb. Baş nazirin birinci müavini olub. Qızı Sürəyya xanım Ağaoğlu Türkiyənin ilk hüquq professoru olub”.

Mətbuat tarixi araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlı QAT sədrinə türk dünyasının azman şəxsiyyəti olan Əhməd bəy Ağaoğlunun anım tədbirinin təşəbbüskarı kimi öz təşəkkürünü bildirib. Baş redaktor deyib ki, Azərbaycan tarixində elə bir şəxs yoxdur ki, böyük imperiyalarda mühüm məqamlarda olsun və müstəqillik dövründə Azərbaycanın milli-azadlıq hərəkatının önündə getsin:

"Biz, bunu sadəcə Əhməd bəy Ağaoğlunun timsalında görə bilərik. Əhməd bəy çar Rusiyası dövründə mübarizə aparıb, türk-müsəlman dünyasının inkişafı üçün çalışıb. O, nüfuzlu ictimai-siyasi xadim və gözəl qəzetçi olub. Osmanlı imperiyasında da çox mühüm vəzifələr tutub. Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloq kimi iştirak edib. Atatürkə dəstək verib və onun ideyalarını formalaşdırıb. Azərbaycanda Əhməd bəy şəxsiyyətində çox az adama rast gəlmək olar. Əhməd bəy Ağaoğlu Tbilisidən sonra Sankt-Peterburqa getmişdi. Oradakı siyasi abu-hava onun düşüncələrinə uyğun deyildi. Bəzi mənbələr bunu onun xəstəliyi ilə əlaqələndirirdilər. Ancaq ömrünün son günlərində "Cümhuriyyət” qəzetində özü yazmışdı ki, Peterburqun abu-havası ona düşmürdü. Buna görə də Fransaya, Parisə gedir və məşhur Sarbon Universitetində ilk azərbaycanlı kimi təhsilinə başlayır. Əhməd bəy fransız dilini bilmirdi, lüğət vasitəsi ilə rusca-fransızca sözləri uyğunlaşdırır və onu türkcəyə çevirirdi.

Beləcə fransızcanı öyrənirdi. Əhməd bəy Ağaoğlu hüquqi bilgilərə sahib ilk azərbaycanlı olub və bununla oranın ictimai-siyasi mühitinə təsir imkanları qazanıb. Fransada Şərq aləmini yaxşı bilən filosoflarla, alimlərlə "Quran” və islam mədəniyyəti ilə bağlı mübahisələri, münaqişələri olub. Ona görə də ona təklif edirdilər ki, "sənin çox böyük qafan var, qal burada, fəaliyyət göstər, məmləkətinə getmə, əgər getsən, qaranlığın içərisində itib-batarsan”. Əhməd bəy Ağaoğlu şərqşünasların qurultayına qatılmışdı, o, şiə məzhəbinin mənşəyi ilə bağlı İran üzərindən araşdırma aparırdı.

Hətta onun araşdırması İran şahının da marağını cəlb etmişdi və şah Əhməd bəyə firuzə üzük hədiyyə göndərmişdi. Əhməd bəy Ağaoğlunun Şərq və Qərb sivilizasıyasının sintezi, eyni zamanda Şərq aləminin Qərbə inteqrasiyası istiqamətində də çox mühüm fikirləri var idi. O, "Quran”ı çox gözəl bilirdi. Çünki ailədə islam dininin üstün keyfiyyətləri ilə tərbiyə edilmişdi. Buna görə də gənc yaşlarından artıq mütəxəssis sayılırdı. Əhməd bəy milli məfkurənin ideoloqu sayılan Şeyx Cəmaləddin Əfqani ilə Parisdə bir otaqda qalıb. Daha sonra bir müddət Şuşada fransızcadan dərs deyib. Paltarlarına və davranışına görə"firəng əhməd” deyirdilər. Hətta evlənmək istədikdə "firəng” olduğu üçün ona qız vermirdilər. Ancaq Əhməd bəy daha sonra Sitarə xanımla evlənir. Sitarə xanım türk qadınına xas olan xüsusiyyətdən irəli gələrək heç vaxt Əhməd bəyi tərk etməyib, dar günündə onu yalnız qoymayıb. Hər zaman ağıllı məsləhətlər verib”.

Akif Aşırlı deyib ki, Əhməd bəy Ağaoğlu işsiz vaxtlarında evdə qalan sonuncu qədim xalçanı sataraq onun pulu ilə qəzet çıxarıb: "Əhməd bəy xalçanı Sitarə xanımdan alaraq aparıb satır və "Axın” qəzetini buraxır. Ancaq qəzeti aparıb Atatürkün qabağına qoyurlar və onun əleyhinə olduğunu deyirlər. Nazim Hikmətdən Peyami Səfaya, Yusif Akçuralıya qədər bir çox tanınmış türk ziyalıları onun evinin daimi ziyarətçiləri olublar, müzakirələr aparıblar. Əhməd bəyin ən böyük xidmətlərindən biri də Qafqaz İslam Ordusunun müşaviri olmasıdır”.

Tədqiqatçı Rəsmiyyə Qarayeva Əhməd bəy Ağaoğlunu bir aşiq kimi araşdırdığını deyib: "Mirzə Fətəli Axundovun başlatdığı mədəni türkçülük Bakıda siyasi türkçülüyə çevrildi. Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə bizi bir islam ümməti düşüncəsindən millət müstəvisinə çevirdilər”.

Sonda Əhməd bəyin cəmiyyətdə daha çox tanıtdırılması, elmi və ədəbi irsinin öyrənilməsi ilə bağlı qərarlar qəbul olunub.

 

İsmayıl

Şərq.- 2017.- 20 may.- S.6