AZƏRBAYCANIN MÜHACİRƏT MƏTBUATI...

 

Türkiyədə, Almaniyada, Polşada, Fransadakı çoxlu sayda qəzetlər, jurnallar, kitablar mühacirət mətbuatımızın dəyərli nümunələri hesab olunur

 

Diasporamızın uğurlu inkişaf yolu keçməsində xarici ölkələrdə yaşayan tanınmış ictimai-siyasi mühacir azərbaycanlıların rolu az olmayıb. Xüsusən, XX əsrin əvvəllərində mühacir mətbuat nümayəndələrinin əzmli və yorulmaz fəaliyyəti Azərbaycan adının, milli-mənəvi dəyərlərimizin uzun illər qorunub saxlanmasında əvəzsiz əhəmiyyətə malik olub. Mühacir Azərbaycan mətbuatının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə bir növ Azərbaycan diasporunu təmsil ediblər.

 

Onların istər birgə, istərsə də fərdi fəaliyyətlərində bütün bu amillər ön planda olub. Mühacir mətbuat nümayəndələri yaşadıqları və fəaliyyət göstərdikləri ölkələr vasitəsilə Azərbaycanın haqq və hüquqlarının dünya ictimaiyyətinə çatdırılmasında da müstəsna rol oynayıblar. Azərbaycan mühacirləri öz arzularını gerçəkləşdirmək üçün ayrı-ayrı ölkələrdə ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər yaradır, milli mətbuatın nəşrinə böyük ehtiyac olduğunu yaxşı dərk edirdilər. Onlar inanırdılar ki, həmvətənlərimizin təşkilatlanmasında, əlaqələrin intensivləşməsində, milli istiqlaliyyətin gerçəkləşməsində həmişə demokratik mövqeyi ilə seçilən mətbuat böyük rol oynaya bilər.

 

Türkiyənin İstanbul və Ankara şəhərlərində, Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər, jurnallar, kitablar mühacirət mətbuatımızın dəyərli nümunələri hesab olunur. Bu mətbuat orqanlarında Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti və folkloru ilə bağlı yazılar çap edilib. Lakin sovet imperiyası zamanı həmin qəzet və jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği qeyri-mümkün olub. Yalnız imperiyanın rəsmi olaraq dağılmasından və Azərbaycan müstəqil respublika olduqdan sonra ölkəmizin tarixinə yeni baxışlar sistemi formalaşıb. Nəticədə bu istiqamətdə yeni araşdırmalar, tədqiqatlar, kitablar ortalığa qoyulub.

 

Məlum olub ki, Azərbaycan xalqının tarixi 70 il ərzində bütövlükdə təhrif edilib. Bu baxımdan Azərbaycan mühacirət tarixinin yaranma səbəblərinin və milli istiqlalımız uğrunda aparılan mübarizənin dərindən öyrənilməsi olduqca zəruridir. Çünki mühacirət irsinin sistemli şəkildə öyrənilməsi uzun illər sovet ideologiyasının təsiri altında formalaşmış tariximizin qaranlıq məqamlarını aydınlaşdırır. Mühacirət tariximiz hər cür ideoloji təsirdən uzaq olub və faktları obyektiv işıqlandırıb, problemləri doğru olaraq ictimai fikrə çatdırıb.

Türkiyənin, Almaniyanın, Polşanın arxivlərində saxlanan Azərbaycan mühacirət irsi, mətbuat və milli Azərbaycan nəşriyyatı nümunələri bu sahənin aktuallığı ilə bağlı daha yeni fikri və tendensiyanı formalaşdırır. Mühacirət mətbuatının həm tədqiqi, həm də tədrisində iki məsələyə xüsusi nəzər yetirilməlidir. Birincisi, bütün müəlliflər istisnasız olaraq 1923-cü ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Səid Əfəndinin redaktorluğu ilə çıxan "Yeni Qafqaziya”nı ilk mühacir qəzet hesab edirlər.

 

Böyük qələm sahibi, ömrünün sonuna qədər Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparan azadlıq aşiqi Mirzə Bala Məmmədzadənin 1937-ci ildə qələmə aldığı "Milli Azərbaycan Hərəkatı” adlı əsərindəki "Yeni Qafqaziya” yalnız azərbaycanlıların deyil, rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə sayılırdı. Jurnal Qafqaz xalqlarının milli-azadlıq uğrunda birlik ideyasının ən fəal təbliğatlarından biri olub.

 

Bu jurnalın nəşri tarixi və ideya istiqaməti haqqında müxtəlif fikir və mülahizələr söylənilir. M.Ə.Rəsulzadə irsinin dəyərli araşdırıcısı olan Yavuz Akpinar "Bayraqlaşan şəxsiyyət: Məhəmməd Əmin Rəsulzadə” sərlövhəli məqaləsində yazır: "1922-ci ilin yazında İstanbulda olan Rəsulzadə "Yeni Qafqaziya” dərgisini çıxarmağa başlayıb. Noyabr 1927-ci ilə qədər on beş gündə bir çıxarılan bu dərginin cəmi 100 nömrəsi nəşr edilib. Fəqət, anlaşıla biləcək bəzi səbəblər üzündən dərginin "sahibi imtiyaz və müdiri məsul Seyid Tahir”dir.

 

Mətbuat tarixi tədqiqatçılarının araşdırmasına görə, "Yeni Qafqaziya” jurnalının nəşri tarixi haqqında ən müfəssəl məlumatı Səbahəddin Şimşir verib. O, "Azərbaycanlıların Türkiyədə siyasi və mədəni fəaliyyətləri (1920-1991)” sərlövhəli dəyərli kitabında tərəddüd etmədən yazıb ki, "Yeni Qafqaziya”nın ilk sayı 26 sentyabr 1923-cü il tarixində çıxıb: "Yeni Qafqaziya”nın 26 sentyabr 1923-cü il tarixində buraxılan ilk sayının baş məqaləsində bu cümlələri görməkdəyik: "Prometeyi dildənhunhar quş qartal idi. Bir əsrdən bəri Qafqazın köksünü dələn və ciyərini parçalayan Rusiya imperializminin daha bir qartalı deyilmi?!.. " Jurnal Seyid Tahirin müdirliyi ilə 15 dekabr 1925-ci il tarixinə qədər nəşr olunub. 6 fevral 1926-cı il tarixindən isə məcmuənin məsul müdiri Əhməd Həqqi olmuş, bu vəzifəni o, jurnal nəşrini dayandırana qədər davam etdirib.

 

Şimşirin qeydinə görə, M.Ə.Rəsulzadənin adı ilk dəfə "Zəruri bir izah” "(İdarəyə məktub)” yazısının müəllifi kimi 15 oktyabr 1923-cü il tarixli 4-cü nömrədə görünüb. 1927-ci ilin sonlarında nəşrini dayandıran "Yeni Qafqaziya” jurnalının ən fəal müəllifləri Ə.Cavad, A.Battal, A.Həmid, A.Şeyxislamzadə, Abdulla Cövdət, Əhməd Zəki Validi, Əli Mənsur, Əli Mərdan, Ayaz İsaki, Qurbanqulu, Azərbaycanlı Əli Kamal, Azəri, Cəfər Sadıq, Dəmirçioğlu, Gültəkin, Gürcü, Qara Hüseynzadə, Qafqaziyalı, Kazanlı, Krımlı Seyid Cəfər Əhməd, M.Qərib, Fuad Mahmud, Şəfi, Türküstanlı Əhməd Naim və başqaları olub.

 

Ümumiyyətlə, həmvətənlərimizin ən çox qəzet və jurnal çap etdikləri xarici ölkə qardaş Türkiyə olub. "Yeni Qafqaziya”dan sonra "Azəri Türk”, "Yaşıl yarpaq”, "Odlu Yurd”, "Bildiriş”, "Azərbaycan yurd bilgisi”, "Türk yolu”, "Türk izi”, "Mücahid”, "Türk birliyi”, "Azərbaycan” və sairə kimi mətbuat orqanları işıq üzü görüb.

 

"Azəri Türk” jurnalının ilk nömrəsi isə 1 fevral 1928-ci il tarixində işıq üzu görüb. Ədəbi, ictimai, siyasi və iqtisadi jurnal olan "Azəri Türk” ayda iki dəfə buraxılırdı. Onun məsul müdiri Məmməd Sadiq Aran olub.

 

"Azəri Türk” jurnalı Azərbaycan istiqlal mübarizəsini müdafiə etmək vəzifəsini qarşıya qoyan millətpərvərlərin nəşr əfkarı olub. O, daha çox əsarətdə olan Türk ölkələrinin istiqlal və azadlığını müdafiə edib, bilavasitə ruslarla mübarizə aparıb. Qafqaz millətlərinin Rusiya əsarətindən azadlığına və müstəmləkəçi Rusiyanın özünün azad olunmasına qarşı birləşməyə tərəfdarı kimi çıxış edib. M.Ə.Rəsulzadənin məcmuənin birinci nömrəsində çap olunmuş "Tutduğumuz yol” sərlövhəli məqaləsində "Azəri Türk” jurnalının tutduğu yola aydınlıq gətirib: "... bu yol çox məşəqqətli və tikanlı olmaqla bərabər, bəzi insanlar tərəfindən gedilmiş şanlı bir yoldur. Bu, haqq yolu və millət yoludur”. "Azəri Türk” məcmuəsinin ən fəal müəllifləri M.Ə Rəsulzadə, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə, M.Sadıq, N.Yusifbəyli, Y.Azəri, Kamal, R.Əmircanlı, S.Tekin, R,Coşqun və başqaları olub. Məcmuənin son nömrəsi 1930-cu ilin fevral ayında çıxıb.

 

Türkiyədə çap olunan növbəti mühacir mətbuatımız "Yaşıl Yarpaq” adlanır. "Yaşıl Yarpaq” məcmuəsinin ömrü bir o qədər də uzun olmayıb. Onun ilk nömrəsi 16 iyun 1928-ci ildə buraxılıb. Tədqiqatçılar bu nəşri ötən əsrin 20-ci illərinin sonlarında Türkiyədə Azərbaycan mühacirlərinin arasında başlayan çəkişmələrin və ya müxalif nümayəndələrinin ilk mətbu orqanı kimi dəyərləndirib. Jurnal Azərbaycan türklərinin özlərinə məxsus şərəfli mədəniyyətləri və ədəbiyyatları olduğunu da təbliğ etməyi, qan düşmənlərimiz ermənilər haqqında tənqidi məqalələr çap etməyi qarşısına məqsəd olaraq qoyub.

 

Mühacirət mətbuatı tarixində öz yeri olan "Odlu Yurd” məcmuəsinin ilk nömrəsi isə 1929-cu ilin 1 martında işıq üzü görüb. Məcmuənin imtiyaz sahibi A.Kazımzadə, məsul müdiri Kamal, baş mühərriri isə M.Ə.Rəsulzadə olub. Ayda bir dəfə buraxılması nəzərdə tutulan "Odlu Yurd” məcmuəsinin ideya istiqaməti Azərbaycan mühacirlərinin ondan əvvəl nəşr etdirdikləri "Yeni Qafqasya” və "Azəri-Türk” məcmuəsindən demək olar ki, fərqlənmirdi.

 

Milli məfkurəni, milli idealı, milli bayrağı, azadlıq mübarizəsini Azərbaycan mühacirlərinin qarşısında müqəddəs və aktual bir məsələ kimi qoyan "Odlu yurd” jurnalının özü də bütün aparıcı mövzuların əksəriyyətini doğma vətənin istiqlalı uğrunda ideoloji mübarizəyə həsr edib. Milliyətçi, istiqlalçı bir məcmuə olan "Odlu Yurd” jurnalı yalnız Azərbaycanın deyil, bütöv Qafqazın, xüsusilə də türk xalqlarının azadlığı uğrunda mübarizə aparmağı qarşısına məqsəd qoyub. Bu müqəddəs amalları həyata keçirmək üçün "Odlu Yurd” jurnalında mübariz mühərrirlər ordusu formalaşıb. Bu ordunun önündə M.Ə.Rəsulzadə, M.V.Məmmədzadə, Ə.Cəfəroğlu, Məmməd Sadıq, Azəri, Kamal, Gültəkin, Azərbaycanlı Baykara, M.Ağaoğlu, Dəmirçioğlu, M.Ş.Əfəndizadə, Əşrəf, Ələddin Mətin, N.Nağı, N.Yusifbəyli və başqa həmvətənlərimiz gediblər. "Odlu Yurd” məcmuəsinin son nömrəsi (30-31-ci birləşdirilmiş nömrəsi) 1931-ci ilin iyul - avqust aylarında buraxılıb.

 

Şəymən

Şərq.- 2017.- 23 may.- S.11.