MÜHACİRƏT
MƏTBUATI VAR GÜCÜ İLƏ AZƏRBAYCANIN MARAQLARINI
QORUYUB
Diasporamızın uğurlu inkişaf yolu
keçməsində xarici ölkələrdə yaşayan tanınmış
ictimai-siyasi mühacir azərbaycanlıların rolu az
olmayıb. Xüsusən, XX əsrin əvvəllərində
mühacir mətbuat nümayəndələrinin əzmli və
yorulmaz fəaliyyəti Azərbaycan adının, milli-mənəvi
dəyərlərimizin uzun illər qorunub saxlanmasında əvəzsiz
əhəmiyyətə malik olub. Mühacir Azərbaycan mətbuatının
nümayəndələri fəaliyyət göstərdikləri
ölkələrdə bir növ Azərbaycan diasporunu təmsil
ediblər.
Onların istər birgə, istərsə də
fərdi fəaliyyətlərində bütün bu amillər
ön planda olub. Mühacir mətbuat nümayəndələri
yaşadıqları və fəaliyyət göstərdikləri
ölkələr vasitəsilə Azərbaycanın haqq və
hüquqlarının dünya ictimaiyyətinə
çatdırılmasında da müstəsna rol
oynayıblar. Azərbaycan mühacirləri öz
arzularını gerçəkləşdirmək
üçün ayrı-ayrı ölkələrdə
ictimai-siyasi, mədəni təşkilat və cəmiyyətlər
yaradır, milli mətbuatın nəşrinə böyük
ehtiyac olduğunu yaxşı dərk edirdilər. Onlar
inanırdılar ki, həmvətənlərimizin təşkilatlanmasında,
əlaqələrin intensivləşməsində, milli
istiqlaliyyətin gerçəkləşməsində həmişə
demokratik mövqeyi ilə seçilən mətbuat
böyük rol oynaya bilər.
Türkiyənin İstanbul və Ankara şəhərlərində,
Almaniyada, Polşada, Fransada çoxlu sayda qəzetlər,
jurnallar, kitablar mühacirət mətbuatımızın dəyərli
nümunələri hesab olunur. Bu mətbuat orqanlarında Azərbaycanın
mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti
və folkloru ilə bağlı yazılar çap edilib. Lakin
sovet imperiyası zamanı həmin qəzet və
jurnalların Azərbaycana gətirilməsi və geniş təbliği
qeyri-mümkün olub. Yalnız imperiyanın rəsmi olaraq
dağılmasından və Azərbaycan müstəqil
respublika olduqdan sonra ölkəmizin tarixinə yeni
baxışlar sistemi formalaşıb. Nəticədə bu
istiqamətdə yeni araşdırmalar, tədqiqatlar, kitablar
ortalığa qoyulub.
Məlum olub ki, Azərbaycan xalqının
tarixi 70 il ərzində bütövlükdə təhrif
edilib. Bu baxımdan Azərbaycan mühacirət
tarixinin yaranma səbəblərinin və milli
istiqlalımız uğrunda aparılan mübarizənin dərindən
öyrənilməsi olduqca zəruridir. Çünki
mühacirət irsinin sistemli şəkildə öyrənilməsi
uzun illər sovet ideologiyasının təsiri altında
formalaşmış tariximizin qaranlıq məqamlarını
aydınlaşdırır. Mühacirət tariximiz hər
cür ideoloji təsirdən uzaq olub və faktları obyektiv
işıqlandırıb, problemləri doğru olaraq ictimai
fikrə çatdırıb.
Millətinə və dövlətə
xidmət göstərmək istəyən hər bir kəs,
xüsusilə qələm sahibləri üçün ideal
bir nümunə səviyyəsinə yüksələn
Əhməd bəy Ağaoğlu hələ Fransada təhsil
aldığı 1885-1894-cü illərdə Parisdə
çıxarılan "Nouvel Revyü” kimi
tanınmış mətbu orqanında qələmini
sınayıb. Əhməd bəy Ağaoğlu da digər
mütəfəkkirlər kimi istər Türkiyədə, istər
Fransada, istərsə də digər ölkələrdə
yaşadığı mühacir həyatı dövründə
həmin ölkələrdə yaşayan
soydaşlarımızla mütəmadi olaraq
görüşüb. Onların birlik və bərabərliyi
üçün çağırışlar edib, məqalələr
yazıb.
Azərbaycanın mühacirət
jurnalistikasının parlaq simalarından biri də Məhəmməd
Əmin Rəsulzadə Almaniyada nəşr edilmiş
"İstiqlal” qəzetindəki "Demokrasi və Sovetlər”
məqaləsində isə faşizmə münasibətini
belə açıqlayıb: "Daxildə və xaricdəki
düşmənlərinin qənaətincə, Hitlerizm,
demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş,
başladığı idarə İtaliyada olduğu kimi,
faşist diktatorluğu imiş”.
Belə bir şəraitdə həm Azərbaycandan,
həm də SSRİ işğalında qalmış digər
ölkələrdən olan mühacirlərin milli nəşriyyatlar
yaradıb qəzet, jurnal nəşr etməsinə Almaniyada
imkan yaradılıb.
M.Ə.Rəsulzadənin baş redaktorluğu
ilə nəşr edilən "İstiqlal” qəzeti də
1932-ci ilin yanvar ayının 10-dan Berlində fəaliyyətə
başlayıb.
Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ
edən, siyasi qəzet olan "İstiqlal” 10 gündən bir
nəşr edilib. Qəzetin ilk sayında M.Ə.Rəsulzadənin
"Kəsilməyən səs” məqaləsi çap olunub.
"İstiqlal”ın məram və məqsədi bir digər
məqalədə belə açıqlanıb:
"Mücadilənin tərcümanı olmaq! Mücadilənin
səsini eşitdirmək! Milliyət və
istiqlal, cümhuriyyət və demokratiya naminə davam edən
mücadilənin aləmdarı olmaq! İştə, bu qayə
və bu məqsədlə Avropanın mərkəzində
intişara başlayan "İstiqlal” qəzeti, Azərbaycan və
onun istiqlalını istirdat yolunda çox qiymətli və
tarixi bir vəzifə yerinə yetirməkdir”.
"İnsanlara hürriyyət, millətlərə
istiqlal!” şüarı ilə fəaliyyətə
başlayan "İstiqlal” qəzeti "stalinizmi” müstəmləkə
soyğunçuluğunun ən qəddar növü hesab edib.
"İstiqlal” sovet hökumətinin Azərbaycanda
yürütdüyü siyasəti tənqid edib, aparılan
"ruslaşdırmanı” pisləyib. M.Ə.Rəsulzadənin
"İstiqlal” qəzetinin 1932-ci ildə 2-ci sayında nəşr
edilən "Açıq diplomasi” məqaləsində
bolşevizmin yürütdüyü siyasət kəskin olaraq
tənqid edilib. "İstiqlal”ın 3-cü sayında
M.Ə.Rəsulzadənin "Mücadilənin taktikası” məqaləsində
isə milli istiqlalın bərpası uğrunda savaşan
insanlarımızın mücadiləsi dəyərləndirilib.
M.B.Məmmədzadənin "İstiqlal”ın
35-ci sayında çap olunan "İstiqlal mücadiləsi”
yazısı da ciddi əhəmiyyət daşıyıb. Bu məqaləsində
o, Göyçayda, Kürdəmirdə xalqın istila rejiminə
və bolşeviklərə qarşı olan qiyamlarını
təqdir edib.
Tarix elmləri doktoru Nəsiman
Yaqublunun araşdırmalarına görə, "İstiqlal”
qəzeti Almaniyada yaşayan azərbaycanlı mühacirlərin
İstiqlal tariximizin mühüm hadisəsi olan 28 May və
işğal günü sayılan 27 Aprellə bağlı
keçirilən tədbirlər haqqında məlumatlar verib.
Qəzetdə çap olunan "Alman mətbuatında 28
Mayıs” başlıqlı məlumatlar ciddi maraq doğurub.
"İstiqlal” qəzeti Münhendə
keçirilən 28 May İstiqlal bayramı münasibəti ilə
maraqlı məlumat dərc edib. Qeyd olunub ki, Münhendə
yaşayan azərbaycanlılar vaxtilə Azərbaycan ərazisində
yaşamış almanlarla birgə, 100-dən çox
adamın iştirakı ilə 28 May İstiqlalını bayram
ediblər. Bir zamanlar Azərbaycanda yaşamış bir alman
isə bu ölkə haqqında çox səmimi nitq söyləmişdi.
Bu tədbir haqqında Münhendə nəşr edilən
"Münchener Neuecte Nachrichten” qəzetinin (1934-cü il 3
iyun) 147-ci sayında da geniş məlumatlar verilib. Bundan başqa, "İstiqlal” qəzetində 27
Aprel işğalı ilə də bağlı Azərbaycandakı
ictimai-siyasi vəziyyət haqqında məlumatlar verilib.
"İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər tərəfindən
işğalının, xalqımızın istila rejiminə
qarşı apardığı şərəfli mücadiləni
Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat
orqanı olub.
Azərbaycanlı mühacirlərin Avropada nəşr
etdikləri mühüm mətbu orqanlarından biri də
"Qurtuluş” jurnalıdır. Bu jurnal Azərbaycan Milli
Qurtuluş Hərəkatının orqanı olaraq Berlində,
Çarlottenburq-2 ünvanında çap edilib. Jurnalın ilk
sayı 1934-cü ilin noyabrında nəşr edilib. Məcmuənin
sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar tarixli sayıdır. Ayda
bir dəfə çıxan "Qurtuluş” jurnalı, sovet
rejimi əsarətində yaşamaq məcburiyyətində
qalan Azərbaycanın həyatını əks etdirib.
Azərbaycan istiqlal mübarizəsinin
müdafiəçisi olan əvvəlki nəşr
orqanları kimi, Azərbaycanda siyasi dəyişikliklər əsas
olmaqla mədəniyyət, sənət, ədəbiyyat
mövzuları, Qafqazdakı dəyişikliklər və sovet
əsarətində yaşayan digər millətlərə aid
məlumatlar da jurnalda öz əksini tapıb.
"Qurtuluş” jurnalındakı Azərbaycanla bağlı məlumatlar
ən çox Sovetlər Birliyində rusca çap olunan qəzetlərdən
götürülüb. Məlumatlardan aydın olurdu ki, Gəncə
şəhərinin adını dəyişib Kirovabad qoyublar.
Aydın olub ki, bolşeviklər, Azərbaycanda çar
imperiyasının siyasətini yürüdüb. Çar
imperiyası Gəncəni işğal edəndə
adını dəyişib Yelizavetpol qoyub. Sovet rejimində məlum
olurdu ki, tarix yenə təkrar edilib. "Qurtuluş”da
çap olunan "Kolxozlarda yanğın”, "Oğru
müdir”, "Azərbaycan tarixi” başlıqlı
yazılarda isə Azərbaycan həyatının sahələrinə
aid çoxlu məlumatlar oxumaq mümkündür.
Jurnal yazıb ki, kommunistlər xalqın diqqətini
ümumi problemlərdən yayındırır, istiqlal tarixini
öyrənməkdən insanları məhrum ediblər.
"Qurtuluş”da gedən bir məlumat Sovetlər Birliyinin bu
siyasətini tənqid edərək göstərib ki, Sovetlər
Birliyi Elmlər Akademiyasının Azərbaycandakı
şöbəsi aşağıdakı yeni əsərləri
nəşr edib: "Azərbaycan quşları”, "Azərbaycan
balıqları”, "Azərbaycanın dekorativ bitkiləri”.
"Qurtuluş” jurnalı azərbaycanlı
mühacirlərin mühacirətdə nəşr etdikləri
dəyərli bir mətbu orqan olub. "Qurtuluş”un alman
dilində də əlavəsi çıxıb ki, bu da alman
ictimaiyyətini Azərbaycan milli istiqlal mübarizəsi ilə
tanış edib.
Jurnalda verilən əsas başlıq "Son xəbərlər”
adlanıb. Bu başlıqda əsasən Azərbaycanda, Sovet
İttifaqında baş verən hadisələr haqqında
oxuculara məlumatlar verilib. Qeyd edək ki,
beş ilə yaxın müddətdə Almaniyada nəşr
edilən "Qurtuluş” jurnalı özünün fəaliyyəti
dövründə açıqladığı kimi Azərbaycan
Cümhuriyyətinin qurtuluşu ideyasını təbliğ
edib, xalqı sovet rejimindən xilasa çalışan
insanların fikirlərini yayıb.
Şəymən
Şərq.-
2017.- 24 may.- S.11