Teatra getməyən insanlar teatrı tənqid edirlər”

 

Məryəm Əlizadə: “Bizdə sovet dönəmindən teatr binaları çox böyük tikilib. Ona görə də hər gün teatrda 600 tamaşaçının olması bəzən mümkün olmur”

 

Cəmiyyətdə hamının teatr aləmini tənqid etdiyi bir dönəmdə teatrdan ən çox danışmaq haqqı olan teatrşünas Məryəm Əlizadə ilə həmsöhbət olduq. "Şərq”ə müsahibəsində teatrla bağlı maraqlı düşüncələrini bölüşdü. Dinlədikcə bir də təskinlik tapdıq ki, teatr ölməyib! Teatra gedib hələ də təəssüratla ordan ayrılmaq da mümkündür.

- Deyirlər teatrın dönəmi bitdi. Bu fikrə Məryəm Əlizadənin münasibəti necədir?

- Teatrın zamanı olur ki? Teatr dönəmi bitə bilməz. Teatr elə bir mədəniyyət sahəsidir ki, burada canlı ünsiyyət var. Filmdən, kinodan fərqli olaraq teatrda aktyor tamaşaçı ilə təmasda olur, canlı ünsiyyət yaranır. Əslində tamaşaçı eyni zamanda paralel səhnədə baş verən hadisələrin həm də iştirakçısına çevrilmiş olur.

- Bəs niyə teatrlarda tamaşaçı qıtlığı hiss olunur?

- Kim deyir ki, teatrlarda tamaşaçı qıtlığı hiss olunur? Teatra gedən yetərincə tamaşaçı var. Bilirsiz, bəlamız nədir? Teatra illərlə getməyənlər teatrdan danışmaq cəsarəti tapıblar. Teatr repertuarından xəbərsiz insanlar teatrı tənqid edirlər. Maraqlanın görün teatrı belə atəşə tutan şəxs özü sonuncu dəfə nə zaman teatrda olub. Sadəcə bizdə sovet dönəmindən teatr binaları çox böyük tikilib. Ona görə də hər gün teatrda 600 tamaşaçının olması bəzən mümkün olmur. Xarici ölkələrdə isə belə beyil. Daha kiçik teatrlar fəaliyyət göstərir. Bizdə isə daha böyük teatrlar var. Mən dəfələrlə xarici ölkələrdə səfərdə olmuşam. Orada şəhərlərdə bir neçə kiçik teatrlara rast gələ bilərsiniz. İnanın, hamısına da tamaşaçı gedir. Bir dəfə İlham Rəhimli ilə xaricdə qastrolda olanda istədik teatra gedək. Öyrəndik ki, şəhərdə 5-6 teatr fəaliyyət göstərir. Bir neçəsinə getsək də, bilet əldə edə bilmədik. Nəhayət, bir teatra bilet tapıb izləmək imkanı qazandıq. Dediyim odur ki, bizdə də kiçik tipli teatrlar ola bilər. Müxtəlif teatrlarda müxtəlif tamaşalar təqdim edirlər. Polşada bu hadisə məni həm də düşündürdü. Şəhərdə bir neçə kiçik teatr fəaliyyət göstərirdi. Axşamüstü onların heç birində tamaşanı izləmək üçün bilet əldə edə bilmədik. Nəhayət, birində olduq. Cavanların zalda olması diqqətimi çəkdi. Deməli, gənclik teatra maraq göstərir. Bizim teatrlara da gedənlər var. Sadəcə bizdə xüsusilə paytaxtda olan bir neçə teatr var ki, onlar böyük teatrlar sayılır. Təbii ki, teatr hər gün zalı 600-700 tamaşaçı ilə doldura bilməz.

- Bəs aktyor səviyyəsi necə, sizi qane edirmi? Deyirlər bizdə əvvəlki kimi güclü aktyorlar yoxdu?

- Bu fikirlə qətiyyən razılaşa bilmərəm. Necə yəni bizdə güclü aktyor yoxdu? Azərbaycan teatrlarında kifayət qədər güclü aktyor ordusu var. Sadəcə biz özümüzə bəzən dəyər verməyi bacarmırıq. Məsələyə bu tərzdə yanaşmaq düzgün deyil. Bizim elə aktyorlarımız var ki, dünyanın ən məşhur teatrlarında olan aktyorlarından daha güclüdürlər.

- Teatra bu qədər sevginiz olub, nə əcəb özünüz aktrisa olmaq istəmədiniz?

- Teatra böyük sevgim olub. Amma teatrı dərindən öyrəndikcə, sevgin də fərqli olur. Səmimi deyirəm, aktrisa olmaq istəyim olmayıb. Mənə elə gəlir ki, bu sahəni analiz edərkən insan həm də insan faktorunu daha dərindən tanımaq imkanı əldə edir. Ayrı-ayrı xarakterli obrazların hər biri bir insan xarakterini sənə tanıda bilir.

- Teatr sərbəst olmalıdı, ya qadağalar teatra da təsir edə bilir?

- Əslində hər dönəmdə teatrda tənqid sözünü bu və ya digər şəkildə deməyə çalışıb. Sovet dövründə də tənqidlər olub. Çünki o dövrdə bizim çox böyük, obyektiv tənqidçilərimiz var idi. Onu da deyim ki, o dövrdə təkcə teatrşünaslar yox, ümumən bu sahəyə sevgisi olan insanlar - böyük alimlər, şair və yazıçılar, ədəbiyyatşünaslar da teatrşünaslığın başqa-başqa istiqamətlərində dövri mətbuatda maraqlı məqalələrlə çıxış edərdilər.

- Zamanın nəbzini tutmaq teatrşünas üçün vacibdimi? Siz bu nəbzi tuta bilirsinizmi? Bu günün gənclərinə, teatrdan yazanlara münasibətdə Məryəm xanım nə qədər obyektiv ola bilir?

- Mən müasirliyi qəbul edən insanam. Sadəcə müasirlik anlayışına ola bilər fərqli baxışlar olsun. Bu normaldır. Həm o siz deyən gənclərin, istər teatrşünas, istərsə də jurnalistlərin maraqlı fikirləri var. Onların mühakimələri, stereotipdən uzaq düşüncələri, fərqli rakursdan yanaşmaları mənə maraqlı gəlir. Amma eyni zamanda elələri də var ki, onlar bu işi bilmədən yazırlar.

- Yəni düşünürsüz ki, teatr sahəsi özəldi. Ondan yazmaq xüsusi bir istedad, ya da savad tələb edir?

- Bu sahə özəl bir sahədir, mürəkkəb sənətdir. Bunu öyrənmədən və sevmədən yazmaq olmaz. Ona görə tənqidi də sevgi ruhunda etməlisən. Bəzən mətbuatda teatrla bağlı məqalələrə, tənqidlərə rast gəlirik. Ola bilər müəyyən məqamlarda yazarlar haqlıdır. Tənqidlər obyektivdir. Ancaq burda peşəkar tənqid məsələsi özünü göstərmiş olur.

- İlk tənqidinizi yəqin ki, xatırlayarsız. Çünki ilk sevgi, ilk kitab, ilk məqalə, bir sözlə, ilklər yaddan çıxmır axı.

- Qəribə də səslənsə, əslində bu, həqiqətdir. İlklər daha çox insanın yaddaşında, xatirəsində iz buraxır. Təbii ki, bu mənim də yaradıcılıq işim olaraq yaddaşımda qala bilib. İkinci kursda oxuyurdum. Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrında Şekspirin "Maqbet” tamaşasını qoymuşdu. Baş rolları böyük sənətkarlarımız Hökumə Qurbanova ilə Məlik Dadaşov ifa edirdi. Mən həmişə Hökumə Qurbanovanın heyranı olmuşam. Amma tamaşaya baxanda hiss elədim ki, alınmayıb. Bunu da qeyd eləyim ki, Hökumə Qurbanovanın qızı Vəfa Fətullayeva ilə mən o vaxtdan rəfiqə idim, biz ailəvi dost idik. Bir sözlə, tamaşanı da, aktyorların oyununu da bəyənmədim. Gəldim, çox səmimi bir yazı yazdım. Bərk tənqid elədim. Yazı "Bakı” qəzetində çıxdı. Hökumə xanım tənqidi sakit qarşıladı. Bir kəlmə də olsun münasibət bildirmədi. Sonra eşitdim ki, Məlik Dadaşov gedib Mərkəzi Komitəyə məndən şikayət eləyib. Amma özü də bilməyib ki, bununla həm də məni tanıtmış olub. Ondan sonra teatrla bağlı nə tədbir olsa, obyektiv tənqid lazım olsa, mütləq məni çağırırdılar (gülür).

Məlik müəllim böyük sənətkar idi. Onunla söhbətlərdən böyük zövq alırdım. Amma xoşu gəlməmişdi, nə etmək olar? Sonra anladıq bir-birimizi.

- Maraqlıdır ki, indiki gənclik tənqidi necə qəbul edə bilir? O dövrü təxmini bildik. Onların sizin tənqidlərə reaksiyası necə olur? Qəbul edirlərmi?

- Həqiqətən əvvəllər tənqidə yanaşma tam fərqli idi. Zaman dəyişib və tənqidə münasibət də başqa bir formaya düşüb. Yəni tənqid sovet dönəmindəki sənətə və sənətkara qarşı "silah” rolundan çıxıb.

- Şəxsi münasibətlər peşəkar tənqidçinin qələminə təsir edə bilərmi?

 

- Qətiyyən. Peşəkar tənqiddə şəxsi maraqlar olarsa, o, tənqiddən çıxar. Bu və ya digər şəkildə istənilən tənqidi məqalə faktlarla əsaslanmalıdır. Burada şəxsi maraq və münasibət olarsa, artıq o tənqid kəsərini və dəyərini itirmiş olar. Mən bu gün də əminliklə deyə bilərəm ki, obyektivliyinə şübhə olunacaq bir məqaləm belə olmayıb.

- Azərbaycanın teatrı bu gün dünya teatrının tələblərinə cavab verəcək gücə, repertuara sahibdi. Ya biz hələ də özümüz üçün tamaşa qoymaqla məşğul oluruq.

- Bunu hər hansı ad altında birləşdirə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan teatrı müasir dünya teatrının bir qoludur. Sadəcə o köhnə, bir az da daralmış düşüncədən ayrılma prosesimiz çətin gedir. Məsələn, elə adamlar var ki, o düşüncəni yaşatmaq istəyir və buna görə də yeni, parlaq ideyanı qəbul edə bilmir. Yeni düşüncə tam oturuşmadığından onun üçün zaman və mühit formalaşdırılmalıdır. Xoşbəxtlikdən bizim bu sahəyə nəzarət edən qurum bu kimi ideyalara münasibətdə olduqca obyektivdir. Elə götürək teatrın inkişafı ilə bağlı məlum dövlət proqramını. Bu özlüyündə teatrın inkişafını, nəinki indiki, hətta illər sonrakı tərəqqisini şərtləndirən bir tarixi sənəddir. İnanıram ki, bunun tam icrası ilə nikbin və bizim arzu etdiyimiz nəticə hasil olunacaq.

- Teatrlar yenidən təmir olunub, müəyyən mənada texniki baxımdan təmin edilsələr də, burada yaradıcı mühitin rolu daha böyükdür yəqin. Teatrlarımızın yaradıcı qolu barədə nə danışa bilərik?

- Bəli, teatrlarımız bu gün bir çox ölkələrin teatrlarından daha müasir imkanlara sahibdi. Yəni teatrın inkişafı üçün dövlət köməyini, qayğısını göstərir. Mənə elə gəlir ki, milli teatrımız özünün inkişafında doğru yoldadır, axtarışlar gedir. Heç şübhəm yoxdur ki, meydanda əsl istedadlılar qalacaq. Təbii ki, söhbət rejissor sənətindən gedir. Aktyorluq bizdə heç vaxt problem yaratmayıb, yəni teatrımızda istedadlı aktyorlar olub və bu heyətdən narazılıq eləməyə haqqımız yoxdur. Axsayan tərəf həmişə rejissor sənəti olub. 60-70-ci illərdə də, ondan sonra da bizim nəhəng rejissorlarımız olub və bu təbii ardıcıllıq heç zaman pozulmayıb. Amma say etibarilə az olub. Bizim teatrımızın yükünü, sənət yolunu müəyyənləşdirən rejissorlara ehtiyac var və inanıram ki, bu zaman zənciri heç vaxt qırılmayacaq.

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 3 noyabr.- S.13.