Jurnalistikada müsahibə janrı çox önəmlidir

Yaxşı müsahibələr demək olar ki, həmişə gündəmi dəyişir

Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac duyulan aktual janrlarından biri də müsahibədir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və sair növləri var. İstər xəbər daxilində, istər reportajlarda, istərsə də analitik janrlarda müntəzəm olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə barədə ətraflı məlumat əldə etməyə, informasiyanı birbaşa mənbədən almağa imkan yaradır. İngilis dilində "interview” - görüş, söhbət mənasına gələn müsahibə yalnız informasiya vermir.

 

Həm də yeni münasibətlərə, tanınmış insanların hamı üçün böyük maraq doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol açır. Həmin insanları tamamilə fərqli rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə həm də söhbət, aktiv fəaliyyət və qarşılıqlı münasibətlər sferasıdır. Burada jurnalistlər ekspert, təşkilatçı və maraqlı həmsöhbət obrazına girirlər. Müxbir qarşısındakı müsahibə konkret suallar verməklə bir növ söhbətin mövzusunu müəyyən edir, qarşı tərəfin fikirlərinə istər söz, istərsə də jest və mimikalarla münasibət bildirir. Yəni bir növ körpü rolunu oynayır. Bu baxımdan jurnalistlər müsahibə ünvanladığı bütün suallar zamanı ictimai maraqdan çıxış etməli, yalnız oxucunu maraqlandıran sualları qarşı tərəfə ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm verilən prinsiplər yalnız bununla məhdudlaşmır. Jurnalist müsahibənin uğurla başa çatması, zəruri informasiyaların əldə edilməsi üçün texnologiyanı öyrənməli və önəmli prinsiplərə əməl etməlidir.

 

Sualları düşünərək verən və müsahibdən cavabları peşəkarcasına alan jurnalist bacarıqlı və peşəkar hesab olunur. Təcrübəli jurnalistlər demək olar ki, hər zaman müsahibəyə hazır olur. Bəzi müxbirlər müsahibəyə deyil, müsahiblər sual-cavaba hazırlaşırlar. Amma müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha çoxdur. Ekspertlərə görə, hazırlıqlı jurnalistlər müsahibənin maraqlı və oxunaqlı olmasının əsas qarantıdır. Sualların əhatə etdiyi mövzularla bağlı məlumatlı olmaq çox önəmlidir. Eyni zamanda müsahib haqqında daha çox şey bilmək, məlumatlı olmaq müxbirin ən böyük üstünlüyüdür. Digər mühüm məqam isə dünyagörüşlü olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə istifadə edə və xoş həmsöhbət ola bilər. Çünki jurnalistin dünyagörüşü müsahibin ona olan hörmət və etibarını artıracaq. Bu hal müsahibədə mühüm önəm kəsb edir. Üçüncü məqam isə suallarla bağlıdır. Sualları əvvəlcədən hazırlamaq vacib məsələdir. Şübhəsiz ki, müsahiblə görüşdə əlavə suallar da ortaya çıxa bilər. Müsahibdən daha maraqlı cavablar almaq üçün jurnalist müsahib üçün arzuolunmaz sayılan sualları ümumi söhbət fonunda gizlətməlidir. Ağıllı sual istənilən məsələ ilə bağlı tam cavabın alınmasına səbəb olur. Suallar lakonik və düşündürücü olmalıdır. Jurnalist "hə” və "yox” cavabları verilə biləcək suallardan qaçmalıdır. Bundan əlavə, hər insana aid olduğu və onu maraqlandıran suallarla müraciət etmək lazımdır. Yalnız bu halda müsahibin düşüncələrinə, fikirlərinə yol tapmaq olar. Sualları hazırlayarkən jurnalist digər həmkarlarına da müraciət edə, redaktorların məsləhət bildiyi sualları da verə bilər. Müsahibə sanki bir dueldir. Lakin bu, silahların deyil, intellektlərin sözlə döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da müsahib. Qələbə qazanmaq isə hansı tərəfin daha hazırlıqlı olmasından birbaşa asılıdır.

 

Məsələ ilə bağlı "Şərq”ə danışan "Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu müsahibənin vacib janr olduğunu deyib. Onun sözlərinə görə, müsahibələrin sayının azalması müsahiblərin və ya müsahibə götürə biləcək jurnalistlərin sayının azalması ilə bağlı deyil:

 

"Sadəcə müsahibə vaxt aparan, müəyyən hazırlıq tələb edən işdir. İndi kimisə tapıb onun 1-2 saat vaxtını almaq o qədər də asan deyil. Üstəlik, saytlarda əməkdaşlardan daha tez hazır olan, informasiya yüklü xəbərlər tələb olunur. Amma buna baxmayaraq, Azərbaycan mətbuatında tez-tez maraqlı müsahibələrə rast gəlirik. Onu da vurğulamaq lazımdır ki, yaxşı müsahibələr demək olar ki, həmişə gündəmi dəyişir. Müsahibə janrı həm də ona görə maraqlı və vacibdir ki, burada müsahiblə müsahibə götürən jurnalist, eyni ölçüdə görünür. Müsahiblə yanaşı jurnalistin də potensialı, məlumatı, intellekti və həm də nə qədər çevik olması rahat müşahidə olunur. Bu məqam bəzi jurnalistləri canlı müsahibədən bəzən çəkindirir. Lakin mediamızda çox yaxşı müsahibə hazırlayan jurnalistlərimiz var. Bu yaxınlarda millət vəkili Fazil Mustafa tədbirlərin birində çox maraqlı təklif irəli sürdü. Dedi ki, bəzi jurnalistlərin müsahibələrində verdiyi suallar cavablardan maraqlı və əhatəli olur, məsələnin məğzini daha yaxşı izah edir. Millət vəkili təklif etdi ki, belə suallardan ibarət bir kitab da buraxmaq olar. Yəni müsahibə jurnalistin formalaşması, məşhurlaşması, öz zəkasını nümayiş etdirməsi, eləcə də tanınan şəxslərlə ünsiyyət qurması, sanballı materiallar ortaya qoyması üçün vacib elementdir. Buna görə də, müsahibələrin sayının çoxaldılması, jurnalistlərin bu janra üstünlük verməsini vacib sayıram”.

 

 

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı isə "Şərq”ə bildirib ki, yalnız müsahibə almaq üçün müsahib axtarmaq çox yanlışdır. Redaktorun fikrincə, elə dadsız-duzsuz müsahibələr də əsasən belələridir:

 

"Gündəm bu müsahibəyə hamilə olmalıdır. Belə olan zaman müsahibənin doğuluşunu hamı gözləyir. Müsahib elə seçilməlidir ki, kimsə deməsin ki, "bunu yatıb yuxunda görmüşdün?”. Seçim elə olmalıdır ki, cəmiyyətdə həmin insanla bağlı cavabı tapılmayan xeyli suallar olsun və o suallara cavab alına bilinsin. Yəni gündəm çox əsasdır. Bir də var ki, hər zaman gündəmdə olan və əl çatmayan müsahiblər. Bunlar üzərində ictimai yükü olan siyasətçilər, dövlət insanları və dünya miqyasında şöhrəti olan sənətçilər, ədəbiyyat adamları, şou-biznes nümayəndələridir. Belələri ilə bağlı cəmiyyətdə həmişə kifayət qədər cavabı tapılmayan suallar mövcud olur. Jurnalistikada müsahibə janrı çox önəmlidir. Belə izah edək də, bir var hansısa xəbəri bir media qurumuna istinadən oxusunlar, bir də var ki, 1-ci şəxsin dilindən. Bundan başqa, jurnalist hansısa ekspertdən və ya mənbədən açıqlama da ala bilər. Yəni bir sual və bir cavab. Bu əsasən xəbər yüklü bir material olur. Müsahibədə isə jurnalist məharətlidirsə, qarşısındakını hərtərəfli cəmiyyətə təqdim edə bilər. Burada müsahibin səmimiyyəti, savadı, hadisələrə baxış tərzi, hətta tərbiyəsi belə ortaya çıxır. Fikir versəniz, bütün müsahibələr zamanı, müsahiblər ilk 3-4 sualdan sonra daha rahatlaşırlar, içindəkiləri səsləndirməyə daha cəsarətli olurlar”.

 

S.Əvəzqızının fikrincə, peşəkar jurnalist üçün maraqlı müsahib həmişə var və çoxdur: "Müsahiblərin peşəkar jurnalistin azlığından şikayət etməsini də qınaya bilmirəm. Jurnalist özünü gülməli vəziyyətə salmamalıdır. Məsələn, "YUĞ”un mərhum direktoru Vaqif İbrahimoğlu çox gözəl, əvəzsiz müsahib idi, amma informasiyasız, dayaz jurnalistlə qarşılaşanda müsahibə zamanı ya danışmaqdan imtina edərdi, ya da ki, qarşısındakını gülməli vəziyyətə salardı.

 

Amma peşəkarla qarşılaşanda başqa aləm olardı. Həmin müsahibə illərlə danışılardı. İnformasiya jurnalistin silahıdır. Qarşındakı insan və hətta onun ətrafı barədə nə qədər informasiyalı olarsansa, bir o qədər qələbə qazana bilərsən. İmkan vermək olmaz ki, müsahib səni monopoliyasına salsın, tərksilah etsin. Müsahibənin çox incə məqamları var. Bunu da peşəkarlar təcrübə əsasında öyrənirlər. Əslində mövzunu xüsusi olaraq seçməməlisən. Mövzu özü sənə diktə edir ki, məni qaçırma. Müsahibəyə hazırlaşmağa gəlincə isə, onu deyim ki, tamamilə tanımadığın, barəsində məlumatın olmadığın biri ilə müsahibəyə getməsən daha yaxşı olar. Yalnız o zaman tanımadığın müsahibə müraciət edirsən ki, onunla yalnız konkret mövzu barədə danışacaqsan. Məsələn, bir həkimlə konkret xəstəlik haqqında söhbət edirsən. Bu zaman da o xəstəliklə bağlı jurnalist kifayət qədər bilgili olmalıdır”.

 

"PİA.az” saytının baş redaktoru Azər Qaramanlı da "Şərq”ə açıqlamasında deyib ki, müsahibə jurnalistikanın vazkeçilməz sahəsidir. Baş redaktorun fikrincə, bir jurnalistin qarşısındakı şəxsi maraqsız müsahib adlandırması iddiası boş bir şeydir:

 

"Çünki müsahibindən fərqli olaraq, jurnalist müsahibini seçir. Əgər müsahibə alınmırsa, deməli, jurnalist öz seçimini düzgün etməyib. Əgər jurnalist müsahibini danışdıra bilmirsə, belə çıxır ki, müsahibinin çalışdığı sahəni bilmir və şablon suallardan istifadə edir. Bu da təbii ki, qarşı tərəfdə qıcıq yaradır. Hər şeydən əvvəl jurnalist müsahibini seçərkən, qarşı tərəfin intellekt səviyyəsini öz intellekt səviyyəsi ilə müqayisə etməlidir. Sualları elə verməlidir ki, qarşı tərəf özünün intellektinə uyğun şəkildə cavab verə bilsin. Jurnalistika digər sahələrdən onunla fərqlənir ki, peşəkar jurnalist bütün sahələr üzrə məlumatlı olmalıdır. Yetkin intellekt sahibi olan müxbir həmsöhbətinin intellekti qarşısında əzilməz. Təəssüf ki, bizdə yetkin intellektə sahib olan jurnalistlər çox azdır. Bu da təbii olaraq peşəkar jurnalistikamızın əsas problemlərindən biridir”.

 

A.Qaramanlı bildirib ki, o, əslində müsahibəyə əvvəlcədən hazırlaşmanın əleyhinədir:

 

"Məncə, jurnalist qabaqcadan suallar hazırlamaqdansa, həmsöhbətinin intellekti barədə az-çox məlumat sahibi olmalıdır. Bunu bildikdən sonra avtomatik olaraq beyində müəyyən suallar ortaya çıxacaq. O zaman müsahibinin danışdıqlarından maraqlı suallar yaranacaq. Bu, müsahibin işini asanlaşdırır, jurnalistlə müsahib arasındakı divarı ortadan qaldırır və jurnalist bu yolla müsahibənin tamlığını yaradan bir effekt ortaya qoyur. Əvvəlcədən hazırlanmış suallar bir çox hallarda mövzuda qırıqlıq, kəsiklik yaradır və ortaya yarımçıq, tam olmayan və qeyri-təbii bir müsahibə çıxarır. Həmçinin, əvvəlcədən hazırlanmış suallar qarşı tərəfin intellektinə hesablanmadığı üçün müsahibi çətin vəziyyətə salır”.

(davamı var)

İsmayıl Qocayev

Şərq.- 2017.- 3 noyabr.- S.11.