Müsahibə janrı bütün dövlətlərdə
ən aktual janr olur
Çünki bu janrın
informasiya yükü daha çoxdur, oxucu maraqla oxuyur
Jurnalistikanın maraqla oxunan, hər zaman ehtiyac
duyulan aktual janrlarından biri də müsahibədir. Müsahibənin monoloq, dialoq, sorğu, rəy və
sair növləri var. İstər xəbər daxilində, istər
reportajlarda, istərsə də analitik janrlarda müntəzəm
olaraq geniş istifadə olunan müsahibə oxucuya hadisə
barədə ətraflı məlumat əldə etməyə,
informasiyanı birbaşa mənbədən almağa imkan yaradır.
İngilis dilində "interview” - görüş, söhbət
mənasına gələn müsahibə yalnız informasiya
vermir. Həm də yeni münasibətlərə, tanınmış
insanların hamı üçün böyük maraq
doğuran ictimai, siyasi xadimlərin daxili dünyasına yol
açır.
Həmin insanları tamamilə fərqli
rakursdan ictimaiyyətə təqdim edir. Müsahibə həm
də söhbət, aktiv fəaliyyət və
qarşılıqlı münasibətlər
sferasıdır. Burada jurnalistlər ekspert, təşkilatçı
və maraqlı həmsöhbət obrazına girirlər.
Müxbir qarşısındakı müsahibə konkret suallar
verməklə bir növ söhbətin mövzusunu müəyyən
edir, qarşı tərəfin fikirlərinə istər
söz, istərsə də jest və mimikalarla münasibət
bildirir. Yəni bir növ körpü rolunu oynayır. Bu
baxımdan jurnalistlər müsahibə
ünvanladığı bütün suallar zamanı ictimai
maraqdan çıxış etməli, yalnız oxucunu
maraqlandıran sualları qarşı tərəfə
ünvanlamalıdır. Lakin müsahibə zamanı önəm
verilən prinsiplər yalnız bununla məhdudlaşmır.
Jurnalist müsahibənin uğurla başa çatması, zəruri
informasiyaların əldə edilməsi üçün
texnologiyanı öyrənməli və önəmli prinsiplərə
əməl etməlidir. Sualları düşünərək
verən və müsahibdən cavabları peşəkarcasına
alan jurnalist bacarıqlı və peşəkar hesab olunur. Təcrübəli
jurnalistlər demək olar ki, hər zaman müsahibəyə
hazır olur. Bəzə müxbirlər müsahibəyə
deyil, müsahiblər sual-cavaba hazırlaşırlar. Amma
müsahibəyə sonradan hazırlaşan jurnalistlər daha
çoxdur. Ekspertlərə görə, hazırlıqlı
jurnalistlər müsahibənin maraqlı və oxunaqlı
olmasının əsas qarantıdır. Sualların əhatə
etdiyi mövzularla bağlı məlumatlı olmaq çox
önəmlidir. Eyni zamanda müsahib haqqında daha çox
şey bilmək, məlumatlı olmaq müxbirin ən
böyük üstünlüyüdür. Digər
mühüm məqam isə dünyagörüşlü
olmaqdır. Yalnız savadlı şəxs informasiyalardan yetərincə
istifadə edə və xoş həmsöhbət ola bilər.
Çünki jurnalistin dünyagörüşü
müsahibin ona olan hörmət və etibarını
artıracaq. Bu hal müsahibədə mühüm önəm
kəsb edir. Üçüncü məqam isə suallarla
bağlıdır. Sualları əvvəlcədən
hazırlamaq vacib məsələdir. Şübhəsiz ki,
müsahiblə görüşdə əlavə suallar da
ortaya çıxa bilər. Müsahibdən daha maraqlı
cavablar almaq üçün jurnalist müsahib
üçün arzuolunmaz sayılan sualları ümumi
söhbət fonunda gizlətməlidir.
Ağıllı sual istənilən məsələ
ilə bağlı tam cavabın alınmasına səbəb
olur. Suallar lakonik və düşündürücü
olmalıdır. Jurnalist "hə” və "yox” cavabları
verilə biləcək suallardan qaçmalıdır. Bundan əlavə,
hər insana aid olduğu və onu maraqlandıran suallarla
müraciət etmək lazımdır. Yalnız bu halda
müsahibin düşüncələrinə, fikirlərinə
yol tapmaq olar. Sualları hazırlayarkən jurnalist digər həmkarlarına
da müraciət edə, redaktorların məsləhət
bildiyi sualları da verə bilər. Müsahibə sanki bir
dueldir. Lakin bu, silahların deyil, intellektlərin sözlə
döyüşüdür. Burada ya jurnalist qalib gəlir, ya da
müsahib. Qələbə qazanmaq isə hansı tərəfin
daha hazırlıqlı olmasından birbaşa
asılıdır.
Mövzu ilə bağlı "Şərq”ə
danışan "Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli
bildirib ki, müsahibə Azərbaycan mətbuatında hər
zaman maraqlı janr olub. Redaktorun sözlərinə görə,
sadəcə dövrə uyğun olaraq maraqlar dəyişib:
"Məsələn, 1990-cı illərin mediasında daha
çox siyasi məzmunlu müsahibələr, siyasətçilərin,
partiya sədrlərinin müsahibələri, qısa və
geniş açıqlamaları daha çox oxunurdu. Partiya sədrlərinin
1-2 səhifəlik müsahibələrini cümləbəcümlə
oxuyardıq. Maraqlıdır ki, o zaman ədəbiyyat
və sənət adamlarının müsahibələrində
də daha diqqəti çəkən məqam siyasətə,
siyasi proseslərə, hansısa siyasətçiyə
münasibət olurdu. 2005-ci ildən sonrakı onlayn media
dövründə oxucunun marağı dəyişdi. İndi
siyasi məzmunlu müsahibələr demək olar ki,
oxunmur. Əksinə, siyasətçilərin də daha
çox ədəbiyyatla, idmanla bağlı müsahibələri
diqqət çəkir”.
E.Cəfərli deyib ki, bəzən müsahibəni
ən asan janr kimi səciyyələndirirlər. Ancaq bu
doğru deyil: "Əksinə, müsahibə çətin
janrdı. Maraqlı müsahib tapmaq, onu danışdırmaq
asan məsələ deyil. Son vaxtlar bir sıra saytlar
yazmağa təzə başlamış gənc müxbiri
müsahibəyə göndərirlər. Hətta şöbə
müdiri, redaktor gənc müxbiri müsahibəyə
hazırlayıb göndərsə belə, o effekt
alınmır. Çünki söhbət zamanı elə məqamlar
çıxır ki, gənc jurnalist çətin vəziyyətə
düşür. Hörmətli həmkarım
Gülcahan Mirməmməd mənə bir hadisə
danışmışdı. 1990-cı illərdə
hansısa qəzet gənc bir müxbiri mərhum rejissor Vaqif
İbrahimoğlu ilə müsahibəyə göndəribmiş.
Vaqif müəllim görüb ki, müxbir xamdır,
başlayıb bununla zarafat etməyə. Sual qoyulub ki,
yaradıcılıq planlarınız barədə nə deyə
bilərsiniz. Vaqif müəllim də deyib ki, yaxın günlərdə
Vaqifin "Səməd Vurğun” dramını səhnəyə
qoyacağıq. Müxbir bloknotuna elə bu cür də qeyd
edib. Bu cür gülməli vəziyyət yaranmasın deyə
müsahibəyə məlumatlı, təcrübəli
jurnalist göndərilsə yaxşı olar. Jurnalist
müsahibi, onun fəaliyyətini dərindən öyrənməli,
onu danışdırmağı bacarmalıdır. Son vaxtlar
bir şey dəb düşüb. Bəzi saytlar müsahibəyə
materialın oxunaqlı olması üçün mətnin
içində olmayan, uydurma başlıqlar qoyurlar. Guya bu mətni
oxutmaq "priyomu” sayılır. Məncə bu, düzgün
deyil. Başlıq ilk təəssüratdır. Niyə oxucu mətni
oxumağa müsahib haqqında mənfi təəssüratla
başlamalıdır? Əsasən müxalifət mətbuatında
müşahidə etdiyim bir məqamı da qeyd edim.
Görürsən, müsahibə alan jurnalist özünü
müstəntiq kimi aparır, ittiham edir, müsahibi məcbur
edir ki, onun istədiyini desin. Fikrimcə, bu da peşəkarlıq
deyil. Müsahibə alan jurnalist tərəfsizliyini
qorumalıdır. Hesab edirəm ki, müsahibə hər zaman
aktual, oxunaqlı janr olub və bu "status”unu davam etdirəcək”.
"Ölkə.az” saytının baş
redaktoru Məmməd Gülməmmədov "Şərq”ə
deyib ki, müsahibələr hansısa bir şəxsin fikirlərini
ətraflı öyrənmək üçün ən
uğurlu formatdır. Baş redaktorun sözlərinə
görə, müsahibə sual-cavab şəklində
olduğu üçün jurnalist soruşmaq istədikləri
bütün məqamları, müsahib isə öz növbəsində
cavab vermək istədikləri məsələləri
geniş şəkildə açıqlaya bilir:
"Hərçənd, müasir texnologiyalar
dövründə istər telefonla, istər digər video
proqramlar vasitəsilə müsahibələr alına bilir.
Lakin jurnalist üçün həmişə ən uğurlu
müsahibə məhz üz-üzə baş tutandır.
Çünki bu halda bir səmimi mühit formalaşır, hər
iki tərəf məhz həmin söhbətə köklənirlər.
Reallıq odur ki, artıq insanlar daha çox qısa
açıqlamaları oxumağı sevirlər. Ona görə də müsahibə formatına
getdikcə daha az rast gəlinir. İnformasiya bazarının
sürətlə dəyişməsi həm də uğurlu
müsahibələr almağı bacaran jurnalistlərin
sayının məhdudlaşması ilə nəticələnir.
Çünki bu, istedadla yanaşı həm də təcrübə
məsələsidir. Mövzu və müsahib seçmə
məsələsinə gəlincə, jurnalistlər adətən,
müsahibə üçün əvvəlcədən
hazırlaşırlar. Lakin bəzən hansısa müsahiblə
təsadüfən rastlaşa bilirsən. Bu səbəbdən
jurnalist söhbətləşdiyi şəxsi mütləq
yaxşı tanımalı, ona verəcəyi hər bir
sualın mahiyyətini bilməlidir. Qeyri-peşəkarlıq
qarşıdakı insanın ümumi müsahibəyə
münasibətini dəyişə və nəticədə
alınan müsahibənin keyfiyyətini aşağı sala
bilər”.
"Modern.az” saytının əməkdaşı
Aqşin Kərimov da qəzetimizə açıqlamasında
bildirib ki, müsahibə jurnalistikada bütün dövrlərin
ən aktual və önəmli janrıdır. Onun sözlərinə
görə, nüfuzlu dünya mətbuatları da müsahibəyə
böyük yer ayırırlar:
"Müsahibə janrı ona görə
önəmlidir ki, burada həm informasiya yükü, həm sətiraltı
mənalar, həm də estetik-bədii yanaşmalar var. Bu mənada
müsahibə janrlar içərisində daha eleqant hesab oluna
bilər. Təbii ki, verilən suallar və cavablar mükəmməl
olarsa. Bu isə jurnalistin müsahibə götürmə
bacarığından, istedadından, müsahibə
texnologiyasının incəliklərini bilmək və onu tətbiq
etmək qabiliyyətindən asılıdır. Jurnalistlər maraqlı müsahiblərin
azlığından şikayətlənə bilərlər,
amma dərindən yanaşanda məsələ heç də
belə deyil. Çünki hər bir müsahibin üzə
çıxmayan, maraqlı bir cəhəti, ya da
düşüncəsi var və jurnalist də bunu söhbət
əsnasında hiss edib, sarı simlərə
toxunmağı bacarmalıdır. Bu baxımdan "maraqlı
müsahib var” deyə bilərik, amma onun azlığından
şikayətlənə bilmərik”.
A.Kərimovun fikrincə, müsahibin peşəkar
jurnalistlərin olmamasından şikayətlənməyə
haqqı var:
"Hətta mən jurnalist kimi bəzi
müsahibələri oxuyanda, orada verilən sualların nə
qədər sadə və qeyri-peşəkar olduğunu
görəndə qıcıqlanıram. Başa
düşürəm ki, bəzən müsahibənin
gedişatında əhəmiyyətli dönüş etmək
üçün primitiv, sadə suallar vermək yerinə
düşür. Onu da anlayıram ki, bəzən sual yaxşı
olsa da, müsahib buna cavab verməmək üçün bəhanə
uydurur ki, qeyri-peşəkardır. Lakin ümumilikdə verilən
sualların mahiyyəti dayaz və çox primitiv olanda
yaxşı nəticə alınmır. Mövzu və
müsahibə seçilərkən ünvanlanan suallara nəzər
yetirmək və müsahibin xarakterinə,
dünyagörüşünə bələd olmaq
lazımdır. Jurnalist hansı mövzu ətrafında
müsahibə alırsa, o mövzudan ən azından
ağıllı diletant səviyyəsində məlumatlı
olmalıdır. Eyni zamanda müsahibin xarakteri,
dünyagörüşü, intellektual səviyyəsinə bələd
olmalıdır. Jurnalist müsahibədə toxunulacaq
mövzuları yaxşı biləndə, müsahib də
ondan yaxşı mənada çəkinir və maksimum dərəcədə
jurnalisti aldatmağa çalışmır”.
(Davamı var)
İsmayıl Qocayev
Şərq.-
2017.- 2 noyabr.- S.11.