“Şərq”  qəzeti 21 yaşını qeyd etdi

 

Redaksiyada yaradılan Mətbuat Tarixi Muzeyinin açılış mərasimi anşlaqla qarşılandı

“Bu, çox böyük hadisədir. Bizdən sonra gələnlər həmin muzeyin qonağı olacaq və mətbuatımızın keçdiyi yola nəzər salacaqlar”

Akif Aşırlı: "Muzeyin ekspozisiyaları getdikcə daha da zənginləşəcək, artacaq”

22 iyul Milli Mətbuat Günü ərəfəsində "Şərq” qəzeti redaksiyasında yaradılmış Milli Mətbuat Tarixi Muzeyinin açılış mərasimi baş tutdu. Qeyd edək ki, "Şərq” qəzetinin baş redaktoru, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının təşəbbüsü ilə yaradılmış Milli Mətbuat Tarixi Muzeyi məhz əlamətdar tarix - mətbuatımızın yaranmasının 142-ci ildönümü münasibətilə qapılarını ziyarətçilərə açır. Və artıq "Şərq” muzey-redaksiya statusunu qazanmış olur.

Dünən Milli Mətbuat Tarixi muzeyinin təntənəli açılış mərasimi keçirildi. "Şərq”də yaradılmış muzeyin ziyarətçiləri, mərasim iştirakçıları - Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili, jurnalist-publisist Elmira xanım Axundova, BDU-nun professorları Cahangir Məmmədli, Nəsir Əhmədli, "Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov, Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərov, qocaman jurnalist Sabir Gəncəli, mediamızın aparıcı simaları - Aynur Camalqızı, Rəşad Məcid, Elçin Mirzəbəyli, Yunus Oğuz, Elşad Eyvazlı, ölkədə fəaliyyət göstərən KİV-lərin əməkdaşları. Və təbii ki, varislərimiz - Xəlil İbrahimin qızı Güllər xanım, Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla xanım Vəzirova, Ağamalı Sadiq Əfəndinin həyat yoldaşı Nabat xanım və oğlu Nofəl, şəhid jurnalistimiz Osman Mirzəyevin qızı Lalə Hacıyeva, Ünsizadələrin yadigarı Zaur Ünsizadə... Muzeyin açılışını da məhz onlar etdi. Qırmızı lenti birgə kəsdilər. Və muzeylə tanışlıq başladı. "Şərq”in baş redaktoru gərgin əmək, min-bir əziyyətlə ərsəyə gələn muzey və nümayiş olunan eksponatlar haqqında qonaqlara ətraflı məlumat verdi.

Qeyd edək ki, muzey redaksiyaya məxsus dəhliz və 5 otaqda yerləşir. Əslində, milli mətbuatımızın keçdiyi şərəfli yol "Şərq”in 5 otağına "sığışdırılıb”, desək, daha doğru olar. Kimlər və nələr yoxdu bu otaqlarda; Baxdıqca, baxılacaq və daha əsası - düşündürən portretlər, rəsm əsərləri, yaşı yüz illərə dayanan qəzet nüsxələri, arxiv materialları, mətbuatımızda iz qoymuş şəxsiyyətlərə aid sənədlər və eksponatlar...

Mətbuat Tarixi Muzeyinə gələnləri əlbəttə ki, mətbuatımızın banisi Həsən bəy Zərdabi və ümumən Azərbaycan tarixində əvəzsiz yer tutan 3 dahinin birgə fotosunun portret versiyası - Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, İsmayıl bəy Qaspıralı "qarşılayır”. Nəfis işlənmiş portretlər baş köşədə yerlərini alıb. Və təbii ki, muzeyin əsas guşəsi - ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuatla əlaqəli fotoşəkillərindən ibarətdir. Ümummilli liderin müxtəlif illərdə jurnalistlərin əhatəsində olmasını, media mənsublarına müsahibə verdiyini əks etdirən fotolar, cənab Prezident İlham Əliyevin mətbuat mənsubları ilə keçirdiyi görüşlər, "Mətbuatın dostu” mükafatının təqdim edilməsi mərasimi, ilk "Jurnalist evi”nin açılış mərasimindən fotolar... həm ümummilli liderin, həm də Prezident İlham Əliyevin daim mətbuatın, jurnalistlərin dostu və hamisi olduğunun bariz nümunəsidir.

Dəhlizdə Həsən bəy Zərdabinin "Hər bir vilayətin qəzeti, gərək o vilayətin aynası olsun” sözləri yazılmış lövhə vurulub. Bu da "mətbuat necə olmalıdır”, sualına ən dəqiq cavabdır. "Əkinçi” qəzetinin kətan üzərinə işlənmiş nüsxəsi, Zərdabinin həyatını və fəaliyyətini əks etdirən foto və sənədlər, milli mətbuatımızın ilkləri - "Şərqi-Rus” və onun yaradıcısı Məhəmmədağa Şahtaxtlı, "Şərqi-Rus”a aid sənədlər, qəzetdə çalışan ziyalılar, "Ziya”, "Ziyayi-Qafqaziyyə” qəzetlərinin orijinal nüsxələri, "Kəşkül” qəzeti ilə bağlı sənədlər, Mirzə Ələkbər Sabirin portreti, İsmayıl bəy Qaspıralının ömür səhifələri, "Tərcüman” qəzeti... Bir tərəfdə dramaturgiyamızın banisi, ilk əlifbanın yaradıcısı, millətin ziyası - Mirzə Fətəli Axundzadə...

Ömrünü millət yoluna işıq edənlər - Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Mirzə Cəlil və onun ölməz "Molla Nərəddin”i, 3 əsri çulğayan "Kaspi” və ehtişamlı tarixini gözlər önünə sərgiləyən arxiv materialları... İlk qadın redaktor, maarifpərvər Xədicə xanım Əlibəyova və "İşıq” qəzeti. Ömər Faiq Nemanzadə...

Azərbaycan müstəqilliyinin mücahidləri, mətbuatımıza müxtəlif illərdə qələmləri ilə imza atmış dahilər - Məhəmməd Hadi, Əhməd Cavad, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Axund Yusif Ziya, Haşım bəy Vəzirov, mətbuatımızın inkişafında əvəzsiz xidmətləri olmuş Orucov qardaşları... Abdulla Şaiq, Cəfər Cabbarlı, Tağı Şahbazi, Əliqulu Qəmküsar...

"Şərq”in hər bir otağı mətbuat tariximizin monumental dövrlərinə həsr olunub. "Cümhuriyyət dövrü mətbuatı” - Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Milli Şuranın sədri, ədib, yazar, jurnalist Məhəmməd Əmin Rəsulzadə, millət fədaisi Yusif Vəzir Çəmənzəminli, "Açıq söz” və "Açıq sözçü”lər; görkəmli ziyalılar Xəlil İbrahim, ilk xanım jurnalist Şəfiqə xanım Əfəndizadə, Fərhad Ağazadə, Salman Mümtaz, Hacı İbrahim Qasımov, "Yeni Həyat”, "İttihad” və Qara bəy Qarabəyov, "Övraqi-Nəfisə” və təsisçisi Zülfüqar bəy Hacıbəyli, baş yazar Əliabbas Müznib...

Mühacirət dövrü mətbuatı: Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabi, Məhəmməd Əmin Rəsulzadə və Türkiyədə nəşr olunan "İstiqlal”, "Yeni Qafqaziyyə” qəzetləri, "Odlu yurd”, "Azərbaycan” dərgiləri, Mirzəbala Məhəmmədzadə, Ceyhun bəy Hacıbəyli, Hilal Münşi, Əşrəf Dəmircan...

Sovet hakimiyyətinin ilk illərindəki mətbuat: Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Məmməd Səid Ordubadi, o dövrdə nəşr olunan "qırmızı mətbuat” nümunələri... Sovet Azərbaycanında çıxan mətbuat orqanları, "Azərbaycan qadını” jurnalı və Xalidə Hasilova... Azərbaycan jurnalistlərinin böyük mənada Müəllimi, Ustadı, unudulmaz Nəsir İmanquliyev və onun "Bakı”sı...

Və Azərbaycanın müstəqilliyinin bərpasının ilk ağır illəri - "Meydan”, "Səhər”, "Müxalifət” qəzetləri, şəhid jurnalistlərimiz - Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, müstəqil mətbuatın inkişafında danılmaz xidmətləri olan Xalq şairi, yazıçı-publisist Sabir Rüstəmxanlı... Azərbaycandakı bütün mətbu orqanların "ata evi” - "Azərbaycan” nəşriyyatının tarixini əks etdirən sənədlər və onun rəhbərlərinin fotoları.

Muzeyin təqdimat mərasimi başa çatdıqda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov 18 iyul tarixinin, tarixə əlamətdar gün kimi düşdüyünü bildirdi:

- Milli mətbuat tarixi muzeyinin yaradılması, çox böyük hadisədir. Vaxt gələcək böyük bir binada mətbuat tarixi muzeyi olacaq. Bizdən sonra gələnlər həmin muzeyin qonağı olacaq və mətbuatımızın keçdiyi yola nəzər salacaqlar. Ziyarətçiləri muzeylə tanış edənlər söyləyəcəklər ki, bu muzeyin əsası 2017-ci il 18 iyul tarixində, "Şərq” qəzetinin dar otaqlarında qoyulub. Bu otaqlarda çox dəyərli eksponatlar yer alıb. Onlardan 200-ü orijinal əsərlərdir. Burda "Ziya”nın, "Molla Nəsrəddin”in, "Şərqi-Rus”un orijinal nüsxələri nümayiş olunur. Muzeyin yaradılmasının təşəbbüsçüsü, dostumuz Akif bəydir və biz onunla İstanbulda səfərdə olarkən bu ideya barədə mənə danışmışdı. Akif bəy İstanbuldan, öz şəxsi vəsaiti ilə bir neçə orijinal nüsxələr aldı. Həmin nüsxələr indi burda nümayiş olunur. Mən bir daha bayramınızı təbrik edirəm, uğurlar arzulayıram.

 

Azərbaycan jurnalistlərinin ustadı və dostu, professor Cahangir Məmmədli də milli mətbuat tarixi muzeyinin yaradılması münasibətilə ümumilikdə Azərbaycan jurnalistlərini təbrik etdi:

- "Şərq” qəzeti qərəzsiz və vicdanlı qəzetdir, məhz ona görə ki, o, mətbuatımızın klassik ənənələrinə söykənir. Həsən bəy Zərdabi, Üzeyir bəy, Cəlil Məmmədquluzadə ənənələrinə söykənir. "Şərq” həm də BDU tələbələrinin redaksiyasıdır. Bundan sonra bu redaksiyaya gələnlərin sayı daha da artacaq, çünki mətbuat tariximizlə təkcə kitablardan deyil, həm də eksponatlar sayəsində tanış olmaq istəyənlər bura gələcək və tarixin şahidləri olacaqlar. Muzeyin yaradılması üçün bircə şey lazım idi - vətəndaşlıq sevgisi. Mən Akif bəyin timsalında "Şərq”də və burada yaradılmış mətbuat tarixi muzeyində özünü büruzə vermiş bu sevgini bağrıma basıram.

Xanım millət vəkili, uzun illər dövri mətbuatda çalışmış, indi də publisist qələmini yerə qoymayan Elmira Axundova muzeyin yaradılması xəbərinin onu kövrəltdiyini bildirdi:

- Ürəyim doludu... Akif Aşırlıya məhz ziyalılığına görə həmişə hörmət etmişəm, indi hörmətim birə on artdı. İnanmazdım ki, belə fədakar bir iş ərsəyə gəlsin. Amma gördüm və inandım!.. Gərək bu işi biz hamımız edəydik. Ancaq Akif bəy bu nəhəng işi təkbaşına gördü. Doğrusu, özümüzə görə bir az da utanıram. Hesab edirəm ki, bundan sonra biz hamımız bu muzeyin zənginləşməsinə çalışmalıyıq. Şəxsən məndə bir çox sənədlər, materiallar, eksponatlar var, onları muzeyə hədiyyə edəcəm. Bir diktofonum var, ümummilli lider Heydər Əliyevdən aldığım müsahibələr onunla yazılıb. Onu muzeyə hədiyyə edəcəm. Həyat yoldaşımın babası Mirzə Axund Turabovun məqalələri var, onları da sizə gətirəcəm. Kimdə nə var, gətirsin bura. Cənab Prezident qarşısında məsələ qaldıraq, dövlət səviyyəsində Mətbuat Tarixi Muzeyi yaradılsın.

Elmira xanımın bu təklifi hamı tərəfindən sevinclə qarşılandı və dəstəkləndi. Mətbuat Şurasının sədri Əflatun Amaşov yaradılacaq Mətbuat Tarixi Muzeyinin "Şərq”dəki muzeyin əsasları üzərində qurulmalı olduğunu vurğuladı: "Muzeyin əsası artıq qoyulub. Mətbuat Tarixi Muzeyi fəaliyyət göstərdikdə orada mütləq qeyd ediləcək ki, "Şərq” qəzeti redaksiyasında yaradılmış muzeyin əsasındadır”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə orijinal təkliflə çıxış etdi:

- Muzeyin direktoru da Akif Aşırlı olsun.

Rəşad Məcid mətbuat tarixi muzeyinin açılışını Milli Mətbuat Gününün 142-ci ildönümü ərəfəsində əlamətdar hadisə adlanırdı:

- Hər bir insanın xoşbəxt yaşaması üçün müəyyən bir alışqanlığı, bir tutqusu olur. Düzdür, bəzən kötü alışqanlıqlar da olur, amma Akif qardaşımın tutqusu ona həqiqətən sevinc, xoşbəxtlik gətirən bir tutqudur. Bu da mətbuat tariximizə aid sənədləri toplamaq, orijinal nüsxələr əldə etmək, tarixi materiallara sahib olmaq. Məsələn, Bakının köhnə, əntiq əşyalar satılan mağazalarının satıcıları Akif bəyi tanıyır, hamısına da telefon nömrəsini verib. Maraqlı bir əşya, eksponat əldə edən kimi Akif bəyə zəng edirlər ki, gəl. Bu muzeyin sorağı getdikcə hər tərəfə yayılacaq və ziyarətçiləriniz də çoxalacaq. Bir daha hamınızı təbrik edirəm.Mərasimə qatılanlara, bu xoş gündə sevincini bölüşənlərə təşəkkür edən "Şərq” qəzetinin baş redaktoru muzeyin yaradılmasında əməyi keçmiş bütün insanlara minnətdarlığını ifadə etdi:

- İlk növbədə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm, cənab Prezident hər zaman jurnalistlərin dostu və mətbuatımızın hamisi olub, olacaq da. Dəstəyə görə Mətbuat Şurasına, Əflatun bəyə təşəkkür edirəm, Xalq şairi Nəriman Həsənzadəyə dərin təşəkkürümü bildirirəm, 1 aylıq Prezident təqaüdünü bizə göndərdi, millət vəkili Cavanşir Feyziyevə, Mikayıl Bozalqanlıya təşəkkür edirəm, bir neçə portret muzeyə hədiyyə ediblər. Bütün həmkarlarıma, muzeyin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, görkəmli ziyalılarımızın varislərinə təşəkkür edirəm ki, şəxsi arxiv materiallarını əsirgəməyib muzeyə bağışlayıblar. Muzeyin ekspozisiyaları getdikcə daha da zənginləşəcək, artacaq. Görüləcək işlərimiz var, onların həyata keçməsində bizə dəstək olacaq şəxslərə indidən dərin minnətdarlığımı bildirirəm.

Şərq.- 2017.- 2 noyabr.- S.4.