"525"-İN
25-İ - AKİF AŞIRLI YAZIR
İllər nə tez gəlib
keçir. Gözümüzün
qarşısında "doğum
şəhadətnaməsi" alan "525-ci qəzet"in
25 yaşının tamamı
əsrimizin surət əsri olduğunu deyilənlərə əyani
sübutdur. "Azərbaycan" nəşriyyatının
yaradıcılıq havasının
bol olduğu dönəmlər Rəşad
Məcidin ətrafına
gənc jurnalistləri
cəm edib, yeni bir qəzet
nəşr edəcəyi
xəbəri həmin
vaxt adi qarşılanmışdı. Səbəbi
də bu idi ki, cəmiyyət də, cəmiyyətin
bir parçası olan mətbuat da demokratiya bolluğundan az qala boğulurdu. İki-üç qəzetdə
təzə-təzə imzası
görünənlər səhər
köşklərə yeni
bir qəzet göndərir, yaradıcılıq
istedadının sərhədlərini
açıq-aydın göstərirdilər. "525" belə qəzetlərdən olmadı
və ola da bilməzdi. İlk sayı azadlığa susamış
xalqın "Azadlıq"
meydanında xalqa çatdırılanda bu qəzet yeni bir dövlət qurulduğunu, gedəcəyimiz
yolun nə qədər çətin,
şərəfli olduğunu
xəbər verir, demokratiya və anarxiyanın fərqini oxuculara anlatmağa çalışırdı.
Bəzi yeni nəşrlərdən
"525"i fərqləndirən cəhətlərdən önəmlisi
xəbərə elə
xəbər kimi yanaşması oldu, klassik jurnalistikanın dəyərlərini yıxıb-sökməyə
meyl etmədi, köhnə fundamentin üzərində mətbuata
maraqlı dizayn verə bildi.
"525"in ilk sayına qədər
qəzetlərdə palaz
boyda müsahibələr
dərc olunur, "quru, ütülü" obyektlərin "dedim-dedi"
üslubunda mükaliməsi
bu nəşrlərin
simasına çevrilirdi.
"525" isə müsahibə
sözdən qənaətlə
istifadə etməyi, yığcamlılığı, mətləbə birbaşa
keçidi təlqin etdi. Rəsmilərdən
qeyri-rəsmi üslubda
götürülən müsahibələr
indi nə qəzet səhifələrində
görünür, nə
də adına yeni media deyilən
saytlarda, portallarda buna rast gəlinir.
Ancaq özlərini jurnalistikanın peşəkarları
adını qoyanlar
20-25 il əvvəlki
"525"i varaqlasalar praktik
baxımdan çox şey öyrənə bilər, yeni yaradıcılıq yollarında
bu məhsullardan bəhrələnərdilər.
Müstəqil Azərbaycanın ilk mətbu nişanələrindən
olan bu qəzet
25 ildə bir neçə dəfə özünün yeni inkişaf mərhələsini
yaşadı, enişi
və yoxuşu keçdi. Tək dəyişən formatı
oldu, klassik jurnalistika ənənələrinə
münasibətdə heç
bir sapıntıya yol vermədi, sözün dəyərini
qorudu. Sayının bəlkə də çox hissəsi kiçik "A3" formatında
nəşr olunan
"525"in son on illik nəşrində mətbuat tariximizdə intellektual jurnalistikanın
ən yaxşı örnəyi olan "Kaspi"nin formatını
seçməyi də
təsadüfi deyil. Bu format seçimi
"525"in ideya-siyasi istiqaməti,
dövlətçiliyə münasibəti, tarixə
və mətbu irsə münasibətinin
göstəricisidir. Rəsmi xəbərə
münasibət, müstəqil
Azərbaycan dövlətinin
apardığı siyasətin
rəsmi dövlət
qəzetlərindən fərqli
təqdimatı gələcək
tədqiqatçıların ən çox diqqətini çəkəcəyi
mövzu olacağına
şübhə yoxdur.
Jurnalistika tariximizə
öz möhürünü
vuran "525-ci qəzet"
yaradıcılıq və
peşə fəaliyyətinin
stimullaşdırılması baxımdan bu illər ərzində bir neçə örnəklə yadda qalıb. Bu örnəklərdən ən
əsası isə sayı o qədər də çox olmayan mobil yaradıcı
heyətlə peşəkarlıq
nümunəsi olan, səviyyəsini hər sayında qoruyan qəzet nəşr etməyin mümkünlüyüdür.
Bəzən 16, bəzən
32 səhifədə işıq
üzü görən
"525" barədə heç
kəs "yaradıcılıq
enerjisi tükənib"
ifadəsi işlətməyib.
Bir ara hətta
64 səhifədə çap
olunan "525"in çoxalan
səhifələrində Rəşad
Məcid mobil bir heyətlə böyük yaradıcılıq
nümunəsi ortaya qoymağı çoxdan sübut edib.
Azərbaycan mətbuat tarixində Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun,
C.Məmmədquluzadənin, N.Nərimanovun, M.Ə.Rəsulzadənin
yaratdığı jurnalistika
məktəbləri sırasında
müstəqil Azərbaycan
dövründə R.Məcidin
yaratdığı məktəb
də gələcək
tədqiqatçıların araşdıracağı mövzu
olacaq.
"525-ci qəzet" təkcə cəmiyyətimizə,
milli jurnalistikamıza,
ictimai düşüncə
sisteminə, mədəniyyətə,
ələlxüsusda ədəbiyyatın
inkişafına böyük
töhfələr verən
qəzet deyil, ictimai fikir mərkəzidir.
Qəzetin üzərinə
götürdüyü və
şərəflə yerinə
yetirdiyi bu fəaliyyət istiqamətlərinin
hər biri barədə məqalə
yox, bəlkə də kitab yazmaq
olar.
Sadəcə, ümumi baxışı ortaya qoymaqla "525-ci qəzet"in keçib-gəldiyi
yola nəzər yetirmək istədim. Həm də bu yazı
bir-iki ay öncə yazılmalıydı.
Başımızın "çörək ağacı"na
qarışdığı vaxtda bu kiçik
qeydlərlə kifayətlənir,
gələcəyə boylanıram.
İnşallah, hələ
irəlidə çox
yubileylər var.
"525"in səhifələrində qocalan Rəşad Məcidi, Yusifi, Seyfəddini, Aydını, Pərvini və özünü
"525-çi"lər adlandıran hər bir kəsi
təbrik edir, "nə yaxşı ki, varsınız" deyirəm.
Şərq.- 2017.- 16 noyabr.- S.5.