“Tarix yalnız arxada qalmır,
həm də öndən gəlir...
Yunus Oğuzun
"Ovçu" romanı haqqında
Azərbaycan ədəbiyyatını
bir-birinin ardınca (və kifayət qədər böyük
istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş
Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə,
yəni müasir dövrün olaylarına müraciət etməsi,
fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona
daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə,
metafizikasına, mahiyyətinə daha dərindən varmaq və
nəticə etibarilə, tarixdə bu günü, bu gündə
isə tarixi anlamaq istəyindən irəli gəlir.
"Ovçu" romanı (və
onun müəllifi), ilk növbədə, bizim yaddaşımızdakı
belə bir məlum fəlsəfi müddəanı təzələyir
(və təfərrüatca zənginləşdirir) ki, tarix
özünəməxsus şəkildə təkrar
olunduğuna görə, onun gərdişindən dərs
almayan xalqlar çox tez-tez "sürprizlər"lə
qarşı-qarşıya dayanmalı olurlar. Ancaq,
görünür, müəllifin (və
"Ovçu"nun) əsas ideyası, tarixdən (istər
Alp Arslan, istərsə də Nadir şah dövrlərindən)
nə qədər tutarlı "misallar" gətirsə də,
həmin məlum fəlsəfi müddəanın
xatırladılmasından daha çox , 2016-cı ilin məşhur
aprel hadisələrinin tarixi məzmununun bütün
miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət
edir.
Azərbaycan ordusu 2016-cı ilin aprel
ayının ilk günlərində Ali Baş Komandanın
öndərliyi ilə, doğrudan da, tarixlərə
sığmayan bir Tarix yaratdı ki, Yunus Oğuz
"Ovçu"da həmin Tarixi yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə
bundan sonra hələ çox yazılacaqdır, Yunus
Oğuzun əsərinin dəyəri bir də onunla müəyyən
edilir ki, o, ilk böyük işi görmüş, ilk
uğurlu ideya-bədii təfsir modeli təqdim etmişdir.
Romanda üç Murad haqqında söhbət
gedir: XI əsrdə Alp Arslanın Ani
qalasının almasına öz yeni silah icadı ilə
kömək edən dəmirçi Usta Murad, XVIII əsrdə
Nadir şahın hərbi məsləhətçisi olmuş
Murad xan və bizim günlərin qəhrəmanı -
"Ovçu" ləqəbli hərbi kəşfiyyatçı
Murad Mirzəyev...
Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin
bir mənzərəsi digərilə əvəz olunur, ancaq dəyişməyən
iddialar, maraqlar, konyukturlar mövcuddur ki, onlardan ən mənhusu
ermənilərin hakimiyyət hikkəsidir. Və bu hikkə
bütün amansızlığı ilə Qriqoryan kilsəsi
tərəfindən körüklənərək hər
addımda çaxnaşmalar, münaqişələr, faciələr
törədir...İnsan mənəviyyatı, qadın ləyaqəti
tapdanır. Və ən dözülməzi də odur ki,
bütün bunlar hansısa mücərrəd, qeyri-müəyyən
məqsədlərə çatmaq üçün bir vərdişə,
peşəyə çevrilir... Romanda erməni xislətinin tarixin
hər mərhələsində üzə çıxa biləcək
yaramazlıqları birbaşa tarixdən alınmış
konkret faktlarla təqdim olunur; məsələn, yüz illər
boyu himayəsində yaşadıqları Bizansı imkan
düşən kimi Səlcuqlara satmaq istəyən erməni
heyətini Alp Arslan qapıdan qovur:
"Sultanın baxışlarından
keşiş özünü itirdi, sanki canına vicvicə
düşdü:
Sultan həzrətləri! Biz sizin qulunuzuq! Sizə,
- sakit səslə dilləndi, -
sədaqət andı içə bilərik.
O, istehza ilə soruşdu:
- Bizans imperatoruna içdiyiniz sədaqət
andı kimi, eləmi?
Alp Arslan qayıdıb taxtına oturaraq qərarını
verdi:
Ani alındıqdan sonra, yalnız müsəlman
olanlara əl vurulmayacaq. Qalanları qarət olunacaq. Qərarım
belədir. - Əli ilə söhbətin bitdiyini bildirdi. - Gedə
bilərsiniz..."
Yaxud başqa bir misal... Erməni
katalikosu Nadir şaha müraciət edir ki, Qafqazdakı
gürcü və Alban kilsələrini erməni kilsəsinə
tabe etməkdə onlara kömək göstərsin, ancaq
tamamilə təbiidir ki, öz hayasız təklifi (və qeyrətsiz
hərəkətləri) ilə şahın qəzəbinə
tuş gəlir:
"Katalikos bu sözlərdən zərrəcə
tutulmadı, ya da özünü o yerə qoymadı. Hiyləgərcəsinə
gülümsəyib cavab verdi:
Ey böyük şah, bu gözəl erməni
qızlarını ona görə gətirmişəm ki,
şəxsən sizə xidmət etsinlər, cariyəniz
olsunlar.
Qaraginin yaltaq və qeyrətsiz olması
şahı acıqlandırdı, əsəbi şəkildə
dedi:
Mənim cariyələrə ehtiyacım yoxdur!
Mənim əsgərə ehtiyacım var. Ordumda gürcülər,
kürdlər, əfqanlar, bütün qızılbaş
tayfaları var, amma bir dənə də olsun tumluq erməni
yoxdur. Məgər ermənilərdə kişi
tapılmır? Əmr verdi. - Çıxarın bu qəhbələri
burdan, varınızdırsa kişi gətirin!"
Məsələ
burasındadır ki, bu düşük "mübarizə
üsullar"ı yalnız tarixdə qalmır, bu gün də
davam edir və müəyyən məqamlarda ermənilərin
müvəqqəti "uğurlar" qazanmasına da gətirib
çıxarmaqla bütöv bir millət miqyasında xəstə
təxəyyülün kütləviləşməsinə
rəvac verir.
"Ovçu" Murad ermənilərə
yalnız mənsub olduğu xalqın deyil, həm də
özünün birbaşa tərcümeyi-halı ilə
"borcludur". Onun babası Muradı ermənilər ona
görə öldürtmüşlər ki, öz doğma
yurdunu tərk etmək istəməmiş, müqavimət
göstərmişdi... Və
onların Göyçədən silah gücünə qovulan
ailəsi minlərlə digər ailələr kimi Kür-Araz
ovalığında, təbiətinə, ab-havasına adət
etmədikləri şəraitdə yaşamağa məhkum
olmuşdu.
Romanda Muradı peşəkar bir hərbçi
olaraq erməni cəbhəsinə gətirib çıxaran
hadisə- səbəbləri müəllif böyük
ustalıqla təsvir edib əsaslandırır. Sevdiyi qızla
nişanlanan Murad öz ailəsini də hərbi həyatın
gələcək çətinliklərinə,
ağrı-acılarına hazırlayır... Çünki
bu, onun taleyi idi...
Azərbaycan hərbçisinin həm
peşəkarlıq, həm də vətənpərvərlik
və ya mənəvi-psixoloji hazırlıq baxımından
daha mükəmməl bir şəkildə yetişməsində
milli mənbələrə, örnəklərə əsaslanılması
ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb önə
çəkilir... Müdafiə naziri komandası
altında olan zəbitdən tələb edir ki, Azərbaycan əsgəri
Suvorovdan yox, milli hərb tarixindən gətirilmiş nümunələrlə
formalaşsın...
"Nadir şah Suvorovdan düz altmış
yeddi il qabaq İraqda Yanqaz dağını aşaraq
düşmənə arxadan zərbə vurdu və bunun nəticəsində
bütün İraqı ələ keçirdi. Nəinki
İraqı, hətta Hindistanı, Orta Asiyanı, da
özünə tabe etdi. Nadir şah xristian olsaydı, o zaman
Suvorovdan deyil, ondan danışardılar, hərb tarixində
ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin
Napaleonuna bənzədirdilər. - Nazir fikirlərini bitirib əsas
məsələyə keçdi. - Bütün bunları
qısaca ona görə danışdım ki, biləsən.
Bizim də şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə,
zabitlərə aşılamaq lazımdır. Əsgər hərb
tarixi ilə qürur duyanda babalarına bənzəmək, qəhrəmanlıq
etmək istəyir".
Əlbəttə, 2016-cı ilin aprel hadisələrinin
təsviri müəllifdən yalnız bədii istedad deyil, həm
də ciddi siyasi-ideoloji hazırlıq, hərbi işə,
onun spesifik texnologiyalarına bu və ya digər səviyyədə
bələdlik tələb edir. Və romanda bu baxımdan maraq
doğuran, yazıçının istedadının çoxtərəfliliyini,
eyni zamanda aprel hadisələrinin gedişini dərindən izləyib
araşdırdığını göstərən məqam-detallar
kifayət qədərdir...
" - İrəli! İrəli aslan əsgərlərimiz!
İndi hər şey sizdən asılıdır. Lələtəpə
və Talış yüksəkliklərini almayana qədər
dayanmaq yoxdur. İrəli!
Zirehli texnikaların mühərrikləri
işə düşdü. Mühərriklərin uğultusu
hətta ermənilərin arxa cəbhəsindən eşidildi.
Çox keçmədi ki, əsgərlərimiz
hər iki yüksəkliyi ələ keçirdilər.
İtki minimal idi. Düşmənin çoxlu silah-sursatı,
yaralısı, ölüsü ələ keçdi.
Hücum o qədər
ildırımsürətli idi ki, erməni əsgərlərinin
başılovlu qaçması onların əvvəlcə kəndlərdə
yaşayan əhalisini, sonra isə Xankəndində, daha sonra
da İrəvandakıları həyəcan, panika, təşvişə
saldı. Kəndlərin əhalisi bir-birlərinə xəbər
verirdilər ki, qaçın, türklər gəlir.
Əhali olub qalanını, kimin maşını vardı
maşınına, arabası olan arabaya, olmayanı isə
kürəyinə yükləyib Xankəndinə istiqamət
götürürdülər".
Romanda həm hərbi əməliyyatların
gedişi barədə aydın məlumatlar verilir, həm də
döyüşlərin hansı
strateji nəticələrə gətirib
çıxaracağı siyasi-publisitik baxımdan, yeri gəldikcə
(və mətnin bədii keyfiyyətinə xələl gətirmədən)
ümumiləşdirilir:
"Erməni komandanlığı başa
düşürdü ki, düşmən özünə gələn
kimi əldən verdiyi yüksəklikləri geri almağa
çalışacaq. Bunun da səbəbləri
vardı. Hesablanmışdı ki, əgər bu yüksəkliklər
geri alınmasa, birincisi Azərbaycan ordusunda ruh yüksəkliyi
qalxacaq, digər yerləri də azad etmək həvəsində
olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini
alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən
düşəcək, orduda rüşvətxorluğun,
korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə
olduğu aşkarlanacaq.
Üçüncüsü, Azərbaycan tərəfi
çox güclü beynəlxalq dəstək alacaq. Yalandan məsələni
guya sülh yolu ilə həll etmək istəyən dövlətlərə
ismarıc göndərəcək ki, mən torpaqları
müharibə yolu ilə azad edə bilərəm. Bir sözlə,
əgər mövqelər geri qaytarılmasa, Azərbaycan tərəfi
öz şərtlərini diktə edəcək.
Hər iki tərəf bunu gözəl
anlayırdı. Bir tərəf bu hücumun
qarşısını alıb, əks-hücumla itirdiyini geri
almaq, vəziyyəti əvvəlki halında saxlamaq, digər
tərəf isə bu uğurları davam etdirmək fikrində
idi".
Aprel döyüşləri yalnız hərbi-siyasi
xarakter daşımır, hər iki tərəfdən
mülki əhalinin də psixologiyasına, məişətinə,
həyatına, birbaşa təsir göstərirdi. Və bu təsir
azərbaycanlılarla ermənilərdə tamamilə fərqli
reaksiyalar doğururdu...
"Xankəndinə tərəf dəhliz
açıldı. Kənddə bir qışqırıq
düşmüşdü ki, səsdən az qalırdı
qulaq tutulsun.
Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına
normal baxa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də
əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi.
Hər ilin fevral ayında Xocalı
soyqırımı ilə bağlı keçirilən tədbirlərə
onlar da baxırdılar, hətta elələri vardı ki, bu
soyqırımla fəxr edirdilər.
İndi kənddə atışma imitasiyası
yaradılanda sakinlər elə bildilər ki, türklər
Xocalı soyqırımının qısasını alacaqlar. Odur ki, təşviş,
həyəcan, panika o həddə çatmışdı ki, ər
arvadı, ana balanı atıb qaçırdı.
Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl
vurulmadı, heç bir ev qarət edilmədi.
Hətta bölüyün bir çox əsgərləri,
heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq,
sakinləri açılan dəhlizlə kəndən tez
çıxmağa tələsdirmək idi".
Romanda
öz doğma torpağını azad etməyə qalxan,
ölümün gözünə dik baxan vətənpərvər
Azərbaycan əsgərinin əhvali-ruhiyyəsi
işğalçı erməni ordusunun (və xüsusilə onun zabitlərinin,
komandanlığının) işbazlığı, pozğun
(və çürük) mənəviyyatı realist boyalarla
qarşılaşdırılmış və tamamilə zəruri
olaraq müəyyən təfərrüatlara
varılmışdır...
"Döyüş yerini bir neçə saat durbinlə
izləmələrinə baxmayaraq heç bir hərəkətlilik
müşahidə olunmurdu. Onlar doqquz nəfərin
yerini tapmadıqca həyəcanları daha da
çoxalırdı. Çünki baş
Qərargahdan da hər yarım saatdan bir zəng edib məlumat
almaq istəyirdilər ki, kənd geri alınıb, ya yox?
Alınıbsa kəndin içində gedən
bu döyüş, atəş səsləri nədir? Yox alınmayıbsa, düşmən niyə məhv
edilmir? Komandir deyə bilməzdi ki, atan
yalnız bizimkilərdir. O məruzə edə bilməzdi
ki, iki tankımız sıradan çıxarılıb. Belə olduğu şəraitdə onun İrəvanda
vəzifə pilləsinin qarşısına böyük sual
işarəsi qoyulardı. Əslində,
erməni komandiri bu torpaqlardan çoxdan getmək istəyirdi.
Bilirdi ki, onlar Azərbaycan torpaqlarını
işğal ediblər. Amma hara gedəcəkdi? Yaxşı bilirdi ki,
Qarabağdakı o biri komandirlər kimi, onun da ailəsi
İravanda demək olar ki, girovluqdadır. Düz bir
söz demədinsə, etiraz elədinsə, dərhal səni ailənin
başına hansı oyunları gətirəcəkləri
ilə hədələyirlər. Onun özü
də burada bir növ girov kimidir".
Azərbaycan
zabiti Murad Mirzəyev isə həqiqətən (Tarixin!)
timsalıdır, vətən uğrunda kişi
kimi döyüşür, kişi kimi həlak olur...
"Ayaq səsinə gözünü açdı. Erməni
çalanın başımda durmuşdu. Fikirləşmədən
tapancanın ucunu qaldırıb atəş açdı.
O, çalanın içinə, elə onun yanına
yıxıldı. Kənardakılar ermənicə
qışqırdılar:
Burda hələ biri ölməyib. Bəlkə də
"Ovçu" deyilən budur.
Muradı qan aparırdı. Bilirdi, bir qədər
keçsə huşunu itirəcək. O zaman ermənilər
onu əsr götürəcək, dindirəcəklər. Gözünün qabağına əsgərləri
gəldi. Bütün şəhidlər və
qazilər bir-bir gözünün önündə
sıralandı. Amma üzündən təbəssüm
çəkilmirdi. Generala verdiyi
sözü yadına düşdü. "Komandir,
mən əsir düşməyəcəm, son anda
başıma bir güllə çaxacam". -
Tapançanın lüləsini qaldırıb gicgahına dirədi.
Fikirləşdi: "Görən komandir Fizzəyə sms
göndərdi?" ayaq səsləri daha bərkdən
eşidilirdi.Güllə açıldı..."
"Ovçu"nun şəhid olması (və
dünyaya yenidən gəlməsi!) onun atasının,
anasının və həyat yoldaşının təhtəlşüuruna,
Vətənin isə əbədi yaddaşına (Tarixə)
çökür...
"... Xəbərin
ağırlığından Fizzənin üstünə elə
bil dağ yıxmışdılar. Özü özündən
gizlənmək istəyirdi. Sən demə, ürəyinin
içində bir ürək də varmış, bundan
heç xəbəri olmayıb. Sən demə, o ürək Muradınmış.
İndiyə qədər bunun heç fərqində
olmayıb. Öz ürəyi dayananda, sinəsində
döyünən ürək Muradın ürəyi olub. Ah, o bunun fəqini indi ayırd edə
bilib. Onu da bilirdi ki, özünün ürəyinin
yağı əriyib qurtarıb. İndi sinəsində
Muradın ürəyi döyünür...
Ona "Milli Qəhrəman" adı verilmişdi. Dəfninə
xalq yığılmışdı.
...Heç
kimin gözləmədiyi halda Fizzə dilləndi. "Vətən
sağ olsun! Dünənə qədər o mənim qəhrəmanım
idi, bu gündən xalqın qəhrəmanıdır! Vətən
sağ olsun!"
Əsərin sonunda verilmiş "4 aprel, Prezident
Administrasiyası" fəsli Azərbaycan ordusunun 2016-cı
ilin aprel qəhrəmanlıqlarının tarixi nəticələrini
dəyərləndirmək, dövlət
başçısının mürəkkəb beynəlxalq
siyasi münasibətlər kontekstində həmin nəticələrə
istinad edərək ondan xalqın, dövlətin gələcək
taleyi, mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə
(və diplomatik məharətlə) faydalanmaq əzmini təsvir
edir.
Və roman özünəməxsus ideya-məzmun
çoxqatlılığı, təhkiyə polifoniyası ilə
çox aktual olan bir mövzunun bədii təfsirini sənətkarlıqla
təqdim etməklə yanaşı, bu sahədə yeni
yaradıcılıq axtarışlarına, fikrimcə,
geniş imkanlar açır.
Şərq.-
2107.- 29 noyabr.- S.10.