MUSTAFA
VƏKİLLİNİN PUBLİSİSTİKASI
Ömrünü Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına və istiqlal mübarizəsinə
həsr edən Mustafa Vəkillinin mühacirət mətbuatında
xeyli sayda publisistik yazıları, məqalələri
çap olunub. 1920-ci il 28 aprel işğalından sonra
Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə
mühacirət ömrü yaşayan M.Vəkilli
1896-cı ildə Qazax mahalının Salahlı kəndində
doğulub, əmisi Məmmədrza Vəkilovun köməyi ilə
təhsilini Bakıda alıb. 1912-ci ildə Bakı
gimnaziyasını qızıl medalla bitirən M.Vəkilli
sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini
bitirib Vətənə qayıdıb.
1917-ci ildən etibarən o, "Müsavat”
Partiyasının sıralarına qatılıb, bu
partiyanın Mərkəzi Komitəsinə üzv seçilib.
Zaqafqaziya Komissarlığında
çalışıb, Milli Müsəlman Şurasının
üzvü olub. 1918-ci ildən etibarən Azərbaycan Xalq
Cümhuriyyəti parlamentində "Müsavat”
fraksiyasının üzvü kimi maliyyə-büdcə
komissiyasına rəhbərlik edib. 1920-ci ilin fevralında Azərbaycan
Cümhuriyyətinin sonuncu daxili işlər naziri təyin
edilib. 1965-ci ildə Ankarada vəfat edib.
M.Vəkilli milli məfkurə
daşıyıcısı olaraq mühacirət mətbuatının
formalaşmasında da kifayət qədər əməyi var.
Onun "Yeni Qafqaziya”, "Odlu Yurd”, "Azəri Türk”,
"Mücahid” dərgilərində xeyli sayda publisist
yazıları, siyasi təhlilləri işıq üzü
görüb. Həmin yazıların bir qismini bu
sayımızdan etibarən "Şərq”in oxucularına təqdim
edirik.
Akif Aşırlı
* * *O il qış da ağır gəlmişdi.
İstanbulu qar və fırtınalar
bürümüşdü. Fəqət, Bəyoğlu
soyuğa baxmayaraq çalxalanırdı. Hər tərəfdə
şənliklər, şadlıqlar qurulurdu, hər kəs əylənir,
gülürdü.
Bir Türkdən başqa.
Hər guşədə cürbəcür
bayraqlar dalğalanırdı.
İstanbul işğal altında, türk milləti
yaslar, matəmlər içində idi.
1920-ci ilin bu soyuq qış günlərinin
birində Heydərpaşada Tibbiyənin yanından keçənlər
orada böyük bir sıxlıq müşahidə edir, hər
tərəfi bürüyən bir həyəcan
görürdülər. O gün orada türk tələbələrinin
böyük bir toplantısı vardı.
Bu sıxlığın arasından içəri
girdik, böyük bina sevinclə dolmuş, üzlər
gülür, atəşli nitqlər söylənilirdi.
Birdən gözümüz natiqin
başının üstündə dalğalanan iki bayrağa
sataşır.
Şanlı al türk bayrağı digər
bir bayraqla qucaqlaşmışdı.
O biri, hilala sarılmış üç rəngli
sevimli bayraq - Azərbaycan Cümhuriyyətinin bayrağı
idi.
Yenə eyni günlərdə
İstanbuldakı "Türk Ocağı”nda digər həyəcanlı
bir toplantı. Orada Yusuf Akçura bəyin, bu köhnə
imanlı türkçünün "qardaş Azərbaycan,
qardaş Azərbaycan” - deyə-deyə söylədiyi o
gözəl, unudulmaz nitqini unutmaq olarmı?
Matəmlər içində bu toplantılar,
bu sevinc, bu bayram nə?
İstanbul türk gəncliyi, türk
aydınları gənc Azərbaycan Cümhuriyyətinin Versal
konqresi tərəfindən rəsmən tanınmasını
bayram kimi qeyd edirdi. Yası unudub, bayram edirdik.
Xəzər sahillərində baş
qaldıran türk varlığını, yeni doğan
Türk Cümhuriyyətini candan salamlayırdıq.
Qara matəmə
bürünmüş, zəncirlərə vurulmuş digər
türk elləri əgər bu gün bayram edə bilsəydilər?
Əsir türklər Ankaranın yeni Kəbə, Qazinin milli qəhrəman
olduğunu həmən-həmən söyləyərdilər.
Hüriyyət və istiqlalları uğrunda
çarpışan bütün türklər
üçün Türkiyə inqilabının ən
böyük örnək və yaşadıcı işıq
qaynağı olduğunu anladırdı.
Bu nöqteyi-nəzərdən bugünkü
bayram türk aləmində yeni həyat, yeni mənlik, yeni
üfüqlər bayramıdır.
13 ildir bayramın, sevincin nə olduğunu
unudub azəri türkləri.
13 ildir Vətənimiz işğala məruz
qalıb, milli mənliyimiz qəddar düşmən
ayaqları altında can verir.
13 ildir üzümüz gülmür, qəlbimiz
qan ağlayır, ana və bacılarımızın göz
yaşları durmadan axır.
Fəqət, bu gün üçün
acılar və sızılar durdu. Üzümüz
gülür, qəlbimiz sevinclə vurur. Gələcəyə
ümid və inamımız artır. Böyük matəm
içində böyük bayram, böyük şadlıq
edirik və türk varlığının bu gözəl
bayramını bütün candan təbrik edirik.
Yaşasın Türkiyə Cümhuriyyəti!
Yaşasın Böyük Türk qəhrəmanı
- Qazi!
Vətəncüda bizlər - qardaş
Türkiyədə
İşğal kabusu bütün dəhşət
və vəhşiliyi ilə Azərbaycanın üzərinə
çökdükdən sonra milli qəlblərdə ilk
açılan ümid və inam yolu, təbii qardaş
Türkiyəyə doğru oldu.
Qaçmaq məcburiyyətində qalan məfkurəçi
gənclər və münəvvərlər Anadoluya doğru
üz tutdular və buraya sığındılar. Bu yalnız
coğrafi vəziyyətlə bağlı olan bir hərəkət,
tarixdə bənzərinə çox təsadüf edilən
bir hadisə deyildi.
Bu tarixdə görünməyən bir faciə
və fəlakətə uğramış kiçik
qardaşın böyük qardaşına doğru
qaçması idi.
Niyə?
Hər halda buraya doğru uzanan ümidlərin
"qanadları” vardı. Fəqət, nə edəsən ki,
tale bizə hər tərəfdə üz çevirmək istəyir.
Gəldik Anadolu qardaşlarımızı da atəş
içində tapdıq. Və öz dərdlərimizlə bərabər
yaralı qəlbimiz, buranın dərdləri ilə də
yanmağa başladı.
Əli silah tuta bilən gənclərimiz
istiqlal mücahidləri arasına qoşuldu. Və bu gün
sinələri istiqlal medalları ilə dolu bu gənclərimizi
hər gördükdə ən dərin bir sevinc və
qürur duyuruq.
Türkiyə Cümhuriyyətinin
bu qədər ağır və çətin şərait
içində başladığı inqilab və tərəqqi
yolunun hər müvəffəqiyyəti bizi candan sevindirir. 8
il əvvəl yeni nəşrinə
başladığımız jurnalımızın ilk nüsxəsində
"Lozandan sonra” sərlövhəli məqalədə:
"Yeni Türkiyə yeni əsaslar üzərində
qurulmaqdadır. Dövlət həyatı müasir hökumətlərə
layiq əsaslar və təməllər üzərinə təsis
edilməlidir” - deyilirdi.
Türkiyə Cümhuriyyətinin hər
cür çətinlik və maneələri aradan
qaldıraraq, siyasəti və iqtisadi inkişafı bizləri
birbaşa maraqlandıran məsələlərdən biridir.
Bu istiqamətdə hisslərimizin təbiiliyi ilə bərabər,
bu eyni zamanda həm də milli davamız naminədir.
* * *
Çevrilib geri baxanda arxada ağır, uzun,
bitməz, tükənməz bu sıxıntı dolu 11 illik
ömrümüz, vətəncüda həyatımız
dayanır. Mühacirlik - hər cür məhrumiyyətlər
deməkdir.
Bununla bərabər, bu 11 ildə burada -
qardaş Türkiyədə gördüyüm
qardaşcasına münasibət və
yaxşılıqları əbədi olaraq unutmarıq. Bu, qəlblərimizdə
və milli həyatımızda silinməz izlər
buraxmışdır. Və irəlidə türklük və
Türkiyə sevdalısı azərbaycanlıların
Türkiyəyə iltica keyfiyyəti haqqında çox
maraqlı səhifələr yaza biləcəkdir. Gənclərimiz,
millətimizin ümid və istiqbalı olanlar vətənlərində
dərs oxumaq haqqından belə məhrum olan zavallı gənclərimiz
hara qaçırlar?
11 ildir bu ayrılıq faciəsi davam edir. Hər il
oradan, qanlar içində boğulan vətənimizdən
yeni-yeni karvanlar gəlir. Gənclər, məsum uşaqlar
karvanı! Niyə, haraya gəlirlər?
-
Türkiyədə məktəbdə oxumağa gəlirlər.
Hətta, uzaq deyil, bir ay əvvəl qaçıb gələn
iki uşağı görmək istəyirsinizmi? Ailə
qayğısı və məhəbbətindən məhrum
qalan, minbir cür məşəqqətə tab gətirən,
İranı-Turanı dönüb, dolaşıb buraya məktəb
üçün gələn o uşaqların yanıq ürəklərindəki
dərdlərini dinləmək istəyirsinizmi? Onda "Türk tələbə yurdu”na müraciət
edin.
Bu gələnlər üçün burada məktəblərin
qapıları açıqdır. Hansı məktəbə
getsəniz - darülfunda, liseylərdə, orta və ibtidai məktəblərdə
bir neçə azəri gəncinə təsadüf edərsiniz.
Tələbələrimizin məktəblərdə
gördükləri hər cür münasibət və
qarşılaşdıqları qardaş hissi bu acı həyatımızın
ən şirin xatirələrindəndir. Baxın, liseylərdə
gənc qızlar:
Dağlarda
otlar ceyran,
Baxışı heyran-heyran.
Cənnət
kimi yurdumuz,
Yaşasın
Azərbaycan -
deyə
bizim nəğmələri oxuyaraq azəri dostlarının
yaslı könüllərini oxşayırlar.
Bu qədər münəvvərlərimiz, tacir və kəndlilərimiz
Türkiyənin hər tərəfinə dağılıb
yaşayır, o və ya bu surətlə həyatlarını
davam etdirirlər.
Türkiyə, bu gözəl qardaş ölkə bizim
üçün ikinci vətəndir.
Dost və düşmən bilir ki, azəri millətçiləri
vətənlərinin məruz qaldığı işğal və
zülmlərə qarşı səslərini ilk dəfə
Türkiyədə yüksəltdilər.
8 il əvvəl, 1923-cü ilin 26 sentyabrında
bir neçə azəri mücahidinin cəhdləri və fədakarlıqları
ilə İstanbulda Azərbaycan milli davasını müdafiə
edən ilk məcmuə "Yeni Qafqasya” çıxdı.
Və 8 ildir Türkiyə Cümhuriyyəti hüriyyət
və qanunlarına sığınaraq nəşriyyatımız
vasitəsilə bütün mədəni dünyaya milli
davamızı tanıdır, vətən və millətimizin
bolşevik-rus ayaqları altında çeynənən
haqlarını xaricdə müdafiə edirik.
Dumanlı günlərin
işıqsızlıqlarından bilavasitə ətrafımızda
çevrilməkdə olan hər çeşid intriqaları və
onu idarə edən əlləri bilməmiş deyilik. Fəqət nə
edək? Buludlar, dumanlar dağılıb
Günəş doğana qədər səbr etməliyik.
11 ildir zavallı Azərbaycanda hələ qan axır,
zülm ərşə çıxıb, orada ağlamayan nə
bir göz, nə gülən bir üz qalmışdır. Əlaqədar
insanlar, nəşrlərimizi izləyənlər bilirlər
ki, millətimizə edilən bu zülm və vəhşiliklərə
qarşı 11 ildir qışqırırıq.
Səsimizə səs, fəryadımıza əlac tapa
bilirikmi? Ümumi vəziyyətin bütün çətinliklərinə
baxmayaraq, Türkiyə əfkarı və mətbuatı bu
keçən illər ərzində Azərbaycan faciəsinə
laqeyd qalmadılar. Acılarımızın
ən çox "Türk ocaqları” daxilində
duyulduğunu hiss edirik.
1924-cü
ilin aprelində İstanbul qəzetlərində Amasya
"Türk ocağı” tərəfindən göndərilən
bu teleqramı oxuyuruq:
"Qardaş azəri türk aydınlarının
Bakı həbsxanalarında məruz qaldıqları
qeyri-insani təzyiq və işgəncələrdən cana
doyub aclıq aksiyası keçirmələrinə məcbur
olduqlarını xəbər alan "Amasya Türk
ocağı” rəva görülən bu məzalimi aləmi bəşəriyyət
və mədəniyyət hüzurunda kəmali şiddətlə
qınamağı özü üçün milli bir vəzifə
bilir”.
1924-cü ildə bu məşum 27 aprel günü
münasibətilə bir çox qəzetlər Azərbaycanın
işğalı haqqında bir çox məqalələr
yazdılar.
Budur bəzi parçalar:
"Bu gün, 27 aprel, dərin bir acı ilə
qarşılanacaq bir gündür. Qardaş Azərbaycan
Cümhuriyyətinin milli istiqlalına bu gün nəhayət
verilmişdir. Dördüncü
ildönümünə qədəm qoyan tarixi işğal
üçün bu bir hadisə olmuşdur. 27 aprel 1920-ci
il tarixinə təsadüf edən o məşum
gündən etibarən "Kiçik Türkiyə”
adıyla yad edilən sevgili Azərbaycan artıq bütün
milli istiqlalını itirərək, minbir cür zülm və
vəhşiliklə qızıl Rusiya imperatorluğuna daxil
edilmişdir. Fəqət, azəri
qardaşlarımız heç bir zaman məyus olmasınlar, onlardakı
milliyyət və istiqlal eşqi davam etdikcə bir gün yenə
bu istiqlala qovuşacaqlar”.
Amasyada çıxan "Əməl” qəzeti o gün
üçün qara çərçivə içində
xüsusi guşə nəşr etmişdi və baş məqaləsində
yazırdı ki:
"Bolşeviklərin zülmü altında inləyən
azəri türkləri hələ bu günün unudulmaz
acılarını dərk edərək matəm edirlər. İşğalçıların
zülm və vəhşiliyi isə gündən-günə
artır”.
Yenə eyni tarixdə "Axşam” yazırdı ki:
"Azərbaycanın bu matəm günündə
bütün türklər iştirak edirlər. Bu münasibətlə
keçən gecə yazdığımız bu sətirləri
təkrar edirik: - Mavi, al, yaşıl Azərbaycan
bayrağı qırmızı - ağ
türk sancağı kimi bir gün bütün endirildiyi yerlərdə
təkrar yüksələcəkdir. 1924-cü ilin
oktyabrında Əhməd Cövdət bəy "İqdam”da
deyirdi ki:
"Türk olmaq” həvəsilə kamal olanlara söyləyəcəyik
ki, həm irqimiz olan azərbaycanlıların düçar
olduqları faciələr bizi son dərəcədə məyus
edir. Bolşevik idarəsinin şiddətlə Azərbaycan
türklərinin uğradıqları faciə tüklərimizi
ürpəşdirir. Tökülən
qadın, uşaq qanının acısı ilə ölkə
idarə edənlərə lənət oxuyuruq. Sərhədlərimizin o biri tərəfində
baş verən o faciəli hadisə bizi titrədir”.
Bu qəsdən
bir az uzatdığım və yaralı qəlblərimizə
soyuq su kimi səpilən yazıları yenə "Türk
ocaqları”nın həyəcanlı səsilə bitirirəm:
"Türk
ocaqları”nın mətbu orqanı olan "Türk Yurdu”nda
(1925 ¹9) Yaqub Qədri bəy səmimi bir həyəcanla ətrafa
xitabən deyirdi ki:
"Böyük türk irqinin bir qolu milli
istiqlalını itirmiş, öz vətənindən vətəncüda
qalmış, dili, hissi və başı daimi bir təhlükə
altında, qorxu, əzab və işgəncə içində
qıvrılır. Bu bədbəxt millətin adı - azəri
türkləri və bunun yurdu Azərbaycandır. Fəqət, bu ölkədə yaşayanların
iztirabını hansı əl təsbit və təhdid edə
bilər?
Fəqət, nə yazıq ki, bunların səsləri
bizim, biz Türk milliyyətçilərinin qulağına belə
çatmır.
Budur bu qara günlərimizdə qardaş məmləkətdən
gələn mənəvi yardım səsləri!
Akif
Aşırlı
İki
sahil.- 2017.- 12 oktyabr.- S.11.