“MƏNİM GÜCÜM
GÖZ ÖNÜNDƏDİR”
Amaliya Pənahova:
“Zəif insanlar paxıl olurlar. Ona görə də özümdən zəiflərə cavab verməyə ehtiyacım olmayıb”
“Yaradıcı ruhlu insan qapılar
döyüb, pul axtarmamalıdır”
Teatrda hər zaman diktə edən aktrisalar olub. Uzun illər Akademik
Milli Dram Teatrının
aktrisası olan Amaliya Pənahova da repertura diktə edən ən maraqlı, güclü aktrisa sayılıb.
Zamanında teatrın repertuarı
onun rolları üzərində daha çox qurulmuş olub. Sonralar aktrisa Bakı
Bələdiyyə Teatrını
yaradaraq teatra rəhbərlik etməyə
başlayıb. Aktrisanın saysız
rolları tamaşaçıların
yaddaşında iz qoyub. Xalq artisti Amaliya
Pənahova son illər
mətbuatdan uzaq olsa da, "Şərq”ə
danışdı.
- Teatrın repertuarına diktə edən aktrisa olmusuz. Bu gün belə
aktrisaları niyə tamaşaçı görə
bilmir?
- Xoş fikirlər üçün təşəkkür.
Mən hər zaman işimi peşəkar şəkildə təqdim
etməyə çalışmışam.
Diktə
etməmişəm, sadəcə
rolumu oynamışam.
Amma bütün rollarımın
üzərində ciddi
əmək olub.
Elə-belə Amaliya Pənahova
formalaşmayıb. Mən illərin
zəhməti ilə xalq artisti olmuşam.
Düzdü, bu adı
da ucuzlaşdıranlar olur.
Amma səhnə mənim üçün müqəddəs
bir məkandı.
Rejissorlar məndən tələb
etdiyini aktrisa olaraq ala biliblər
deyə bir çox böyük rolların ifaçısı
kimi görüblər.
Əgər bu, diktə
sayılırsa, buna sevinirəm.
- Azərbaycan səhnəsində
nə görmək istərdiz?
- İlk əvvəl inkişaf
görmək istərdim. Keyfiyyətli
tamaşalar görmək
istər bir tamaşaçı kimi, istərsə də bir aktrisa olaraq
teatrdan gözləntim
ola bilər.
Mən çox istərdim ki, bizim teatr
tamaşaları da, çəkilən
filmlər də dünyaca məşhur səhnələrdə, ekranlarda
görünə bilsin.
- Sizə yəqin ki, zamanında paxıllıq edənlər
olub...
- Bilirsiz, bu sahədə
paxıllıq və rəqabət hər zaman olub. Təbii ki,
çoxları Amaliya
olmaq arzusunda olublar. Mən həmişə öz işimlə fərqlənməyə çalışmışam.
Mənə paxıllıq edənlər
demək ki, səhnədə məndən
zəif olublar. Mən belə düşünürəm
ki, özünə əmin aktrisanın paxıllıq etməyə
ehtiyacı olmur.
Yaxşı mənada
həmkarına qibtə
hissi ola
bilər. Bu, yaradıcılıqda
normaldı. Amma paxıllıq
acizliyin əlamətidir.
Həyatda zəif insanlar
paxıl olurlar. Mənə elə gəlir ki, səhnə hər kəsin statusunu, istedadını, gücünü göstərə
bilir. Mənim gücüm səhnədə
göz önündə
olub. Ona görə də
özümdən zəiflərə
cavab verməyə ehtiyacım olmayıb.
- Arzuladığınız obrazlar,
çəkilmək istədiyiniz
ekran əsərləri
yəqin ki, bu gün də
var...
- Sözsüz ki, arzular yoxdusa, demək ki, həyat bitir. Arzular da var, planlarımız da.
Səhnədə tamaşaçıya təqdim etmək istədiyim rollar bu gün də
var.
- Bəs nə mane olur?
- Ən böyük
maneə maliyyə çətinliyidir. Mənə elə gəlir
ki, yaradıcı ruhlu insan qapıları
döyüb maliyyə
axtarmamalıdır. Bizdə
yaxşı iş görmək üçün
gərək qapı-qapı
gəzib maliyyə tapasan ki, iş
ortaya çıxsın.
Bunu da hər sənətçi,
yaradıcı insan özünə sığışdırmır.
Bu, ayrı bir
istedaddı.
- Yaş sizi qorxudurmu?
- Təbii ki, gəncliyin verdiyi imkanlar daha fərqlidir.
Hər yaşın öz gözəlliyi olsa da, gənc ikən yaradıcı insan daha böyük layihələrə, yaradıcılıq
uğurlarına imza ata bilir. Qaldı yaş məsələsinə,
şükür, mən
yaşlanmışam ki?
(Gülür) Mənə elə
gəlir ki, sənətçinin ruhu qocalmayıbsa, onu yaşlı təqdim etmək günahdı.
Elə gənclər var ki, ruhən bizdən daha qocalmış görünürlər.
Mənə elə gəlir
ki, ruh qocalmayıbsa,
sənin iddiaların,
istəklərin, arzuların
da çoxalmış olur.
Mənim
ruhum çox cavandı. İnsan
90 yaşında özünü
20 yaşlı gənc
olaraq hiss edə bilər.
- Keyfiyyət üçün
istedad, ya maliyyə önəmlidir?
- Bilirsiz, burda əslində hər ikisi vacib amildi.
Amma bir incə nüansı
unutmaq lazım deyil. Təbii ki, sənət,
istedad olmasa, maliyyə köməyə
gələ bilməz.
Amma istedad, yaradıcılıq varsa,
maliyyə bunu bir az
da mükəmməl şəkildə
təqdim etməyə
imkan yaradar.
Tahirə .
Şərq.- 2017.- 18 oktyabr.- S.13.