MUSTAFA
VƏKİLLİNİN PUBLİSİSTİKASI - AKİF
AŞIRLI YAZIR
Ömrünü Azərbaycan Xalq
Cümhuriyyətinin qurulmasına və istiqlal mübarizəsinə
həsr edən Mustafa Vəkillinin mühacirət mətbuatında
xeyli sayda publisistik yazıları, məqalələri
çap olunub. 1920-ci il 28 aprel işğalından sonra
Türkiyədə, Polşada, Almaniyada, İsveçrədə
mühacirət ömrü yaşayan M.Vəkilli
1896-cı ildə Qazax mahalının Salahlı kəndində
doğulub, əmisi Məmmədrza Vəkilovun köməyi ilə
təhsilini Bakıda alıb. 1912-ci ildə Bakı
gimnaziyasını qızıl medalla bitirən M.Vəkilli
sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsini
bitirib Vətənə qayıdıb. 1917-ci ildən
etibarən o, "Müsavat” Partiyasının sıralarına
qatılıb, bu partiyanın Mərkəzi Komitəsinə
üzv seçilib.
Zaqafqaziya Komissarlığında
çalışıb, Milli Müsəlman
Şurasının üzvü olub. 1918-ci ildən etibarən
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində
"Müsavat” fraksiyasının üzvü kimi maliyyə-büdcə
komissiyasına rəhbərlik edib. 1920-ci ilin fevralında Azərbaycan
Cümhuriyyətinin sonuncu daxili işlər naziri təyin
edilib. 1965-ci ildə Ankarada vəfat edib.
M.Vəkilli milli məfkurə
daşıyıcısı olaraq mühacirət mətbuatının
formalaşmasında da kifayət qədər əməyi var.
Onun "Yeni Qafqaziya”, "Odlu Yurd”, "Azəri Türk”,
"Mücahid” dərgilərində xeyli sayda publisist
yazıları, siyasi təhlilləri işıq üzü
görüb. Həmin yazıların bir qismini bu
sayımızdan etibarən "Şərq”in oxucularına təqdim
edirik.
Akif
Aşırlı
Parisdə
bir məzar
Köhnə
nəslimizin qiymətli vətənpərvərlərindən
Hacıbəyli Ceyhun bəyi də itirdik.
Üç ay əvvəl Münhen hava
limanında qucaqlaşıb vidalaşdığımız
vaxt onun bir aya qədər qısa zaman içində
aramızdan qəfil və əbədiyyən
ayrılacağını heç düşünərdikmi?
Əcəl, amansız əcəl heç fərman
dinlərmi? Paris qəbiristanlığında bir xeyli vətəncüda
azərbaycanlının məzarı var. Milli
istiqlal və dirçəliş hərəkatımızın
ilk imanlı öndərlərindən böyük dövlət
adamı Əlimərdan bəy Topçubaşının məzarı.
Yanındakı həyat yoldaşı Pəri xanımın və
oğlu Rəşidin məzarları...
Bir az o tərəfdə Əkbərağa
Şeyxülislam yatır. Yurdunun qurtuluşu uğrunda gənc
yaşlarından bir çox məşəqqətlərə
sinə gərən, cəfakeş idealist Əkbərağa.
Yetər, daha bəsdir artıq, biz burada uzaq ellərdə
yatan qərib ölənlərimizin bir-bir məzar
daşlarını oxuduğumuz - hüzün,
ağrı-acı duyur qəlbimiz, yaralı qəlbimiz...
Nə yazıq ki, bütün türk ellərinin
xalq nəğmələrində nədənsə ən
çox qürbət tərənnüm edilir, bu nəğmələrin
əsas motivini təşkil edir bunlar. Həqiqətən də,
türklərin bu qürbət acısını dilə gətirən
türküləri çox ağırdır çox...
Baxın, nə deyir Azərbaycan xalq şairi:
Uludur, ulu dağlar,
Çeşməli sulu dağlar.
Burda bir qərib ölmüş,
Göy kişnər, bulud ağlar.
Rəhmətlik Ceyhun bəy bu gənc
yaşlarından milli savaşın sıralarına
qatılıb və ömrünün sonlarına qədər
də bu yolun yolçusu olub.
O dövrdə də milli işlərdən
və dərdlərdən uzaq duran, şəxsi maraq və mənfəətlərini
hər şeydən üstün tutan, öz
rahatlığından başqa bir şey düşünməyən
nə qədər səfeh ruhlu münəvvərlərimiz
var. Belə düşüncəli insanlarımız bu
gün də yoxmu?
Ceyhun bəy 1891-ci ildə Qarabağda,
Şuşa şəhərində doğulmuş, orta məktəbi
orda bitirdikdən sonra da Sarbonda və Paris Siyasi Elmlər Məktəbində
ali təhsil alıb. Rus inqilabından sonra 1917-ci ildə Ceyhun
bəy Bakıda milli hərəkata qatılıb, mətbuat
aləmində fəaliyyət göstərib. "Kaspi”,
"İrşad” və "Tərəqqi” qəzetlərində,
dövrün digər ciddi mətbuat orqanlarında
C.Dağıstani imzasıyla çıxış edir, məqalələri
dərc olunurdu. Daha sonra o, hökumətimizin "Azərbaycan”
qəzetində baş redaktor oldu.
1919-cu ildə Azərbaycan hökumətinin
Paris Sülh konfransına göndərdiyi nümayəndə
heyətinə Ceyhun bəy də daxil edilir və o tarixdən
bu yana Avropada yaşayır, yurduna dönməyir. Neçə
illərdir ki, qurtuluşunu həsrətlə gözlədiyi
Vətənini bir daha görmədən qürbət ellərdə
bu fani dünyadan gözüaçıq ayrılır.
40 ildir ki, rəhmətlik Ceyhun bəy xaricdəki
milli işlərimizlə durmadan
çalışıb-çabalayırdı. Parisdə
yaşadığı müddətdə "Le Figaro”, "La
Revue”, "Le Jurnal Asiafic” adlı fransızca qəzet və dərgilərdə
mərhumun zaman-zaman yazıları çıxırdı.
Təbiət etibarı ilə Ceyhun bəy
çox sadə, göstəriş və sifarişlərdən
xoşlanmayan həssas bir adam idi.
Münhendə ilk görüşlərimizdə
onu xeyli üzüntülü və kefsiz gördüm. Səbəbini
soruşdum. "Heç sormayın” - dedi: "Sizdən 4-5
gün əvvəl burada bir toplantıda bizim azərbaycanlılardan
"filan bir şəxs”in heç gözləmədiyim
ağır, çirkin hücumuna məruz qaldım.
Toplantını tərk etməyə məcbur oldum. Otelə gəldikdə
birdən fənalaşdım. Dostlarımız İslam bəy
və Məcid bəy həkim çağırdılar. Doktor
infarkt keçirdiyimi və 2-3 gün heç bir hərəkət
etməməyimi ciddi tapşırdı. İndi,
şükür bir az yaxşıyam”.
Bu hadisəni xatırlayarkən hələ də
bu ağrının təsir altında olduğu hiss edilirdi. Təskinlik
verməyə çalışdım:
- " Ceyhun bəy, belə şeylərə
çox da əhəmiyyət verməyin” - dedim və əlavə
etdim: "Bu hər şeydən əvvəl tərbiyə,
siyasi-ictimai əxlaq məsələsidir. Nə edəsən,
bəzən bizdə də hər yerdə olduğu kimi
sözünü və yerini bilməyənlər olur”.
Şübhəsiz ki, Ceyhun bəy kimi
böyük həyat məktəbi keçən dəyərli
bir vətənpərvərə qarşı bu münasibət
aşağılıq əlamətidir. Ortada zaman-zaman siyasət,
yoxsa başqa bir məslək həyata keçirən
yalançı pəhləvanlar vardı. İndi bu insanlardan
biri Ceyhun bəyə haqsızlıq etmişdi. Bir ay sonra
Parisdə ikinci ürək krizisi Ceyhun bəyi bizlərdən
alıb apardı.
Düşünürəm, əcəba indi bu
adam etdiyi bu üzüntülü hərəkətindən
vicdan əzabı duyurmu? Yoxsa, məsləyindən dolayı
burada mərhuma mərsiyə oxuyacaq?
Əziz Ceyhun bəyə Haqdan qəni-qəni rəhmət
diləyir, bütün milləti qardaşlarımıza da
başınız sağ olsun deyirəm.
Əkbərağa Şeyxülislamzadə
Böyük bir təəssüflə öyrəndiyimizə
görə, Azərbaycanın keçmiş siyasət
adamlarından Əkbərağa Şeyxülislamzadə mart
ayında Parisdə vəfat edib. Mərhum Azərbaycanın
köklü, tanınmış bir ailəsinə mənsub
idi, İrəvanda doğulub. Peterburq politexnikumunu bitirmişdi.
İxtisasca mühəndisdir. Ana dilindən başqa rusca və
fransızcanı çox yaxşı bilirdi.
Gənc yaşlarında siyasi həyata
atılan rəhmətlik Əkbərağa ömrünün
sonuna qədər çox sevdiyi vətəni Azərbaycanın
milli, siyasi davaları ilə durmadan illərlə
uğraşdı.
Rus inqilabından sonra Tiflisdə qurulan
üç Qafqaziya millətindən təşkil olunan
parlamentdə, seymdə Əkbərağa millət vəkillərindən
biri idi. Bu dövr Əkbərağanın ən hərarətli,
siyasi fəaliyyəti dövrüdür.
Daha sonra Əkbərağa siyasi fəaliyyətini
Azərbaycan Milli Məclisində millət vəkili olaraq davam
etdirdi. Bu sırada Birinci Dünya müharibəsindən
sonra böyük dövlətlərin Versalda təşkil
etdikləri Sülh konfransında Azərbaycan nümayəndə
heyətinin göndərilməsi qərarlaşdırıldı.
Yeni qurulan Azərbaycan Cümhuriyyətinin böyük
dövlətlər tərəfindən rəsmən
toplanmasını təmin etmək üçün mərhum
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə
Parisə göndərilən nümayəndə heyətində
Ələkbərağa da üzv olaraq seçildi.
O zamanlardan bəri Əkbərağa Parisdə
yaşamaqdaydı. 42 ildir ki, Əkbərağa xaricdəki Azərbaycan
təşkilatlarının qurulması uğrunda
çalışmalarda ta ölüm döşəyinə
düşənədək aktiv iştirak edib. Rəhmətliyin
xəstəliyi çox uzun sürdü və bütün cəhdlərə
baxmayaraq təəssüf ki, mübtəla olduğu xəstəlikdən
qurtara bilmədi.
Bu qiymətli dostumuz gözüaçıq
getdi bu fani dünyadan. Vətəni görmədən getdi.
Son zamanlar mərhumun maddi sıxıntısı çox olub
və bu idealist, fədakar Azərbaycan patriotu maddi çətinlik
içində ölüb.
Son illərdə qürbət ellərdə
bir-bir dünyasını dəyişən Azərbaycanın əski
siyasət və dövlət adamlarının hamısı da
bu dünyadan beləcə yoxsulluq, kasıblıq içində
köç edib gedib.
Əkbərağa
Şeyxülislamzadənin cənazə törənində
Parisdəki bütün azərbaycanlılardan başqa Quzey
Qafqaziya, İdil-Ural, Türküstan, Gürcüstan, Ermənistan,
Ukrayna və sair kimi əsir millətlərin Fransadakı
siyasi təşkilatlarına mənsub heyətlər də
iştirak edib.
Mərhumun ailəsinə və bütün
mücadilə dostlarımıza bu böyük itkidən
dolayı başsağlığı verir, dünyasını
dəyişən əzizimizə də Cənabi Haqqdan rəhmət
diləyirik.
Akif Aşırlı
Şərq.-
2017.- 21 oktyabr.- S.7.