MEDİA HƏR DÖVRDƏ
GÜCLÜ SİLAHDIR
Ekspertlər hesab edir ki,
KİV istənilən cəmiyyətdə ictimai rəyə və
ictimai əxlaqa təsirini qoruyub saxlayır
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən
medianın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik
olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha
dolğun, ölkənin bu günü və gələcəyi
üçün daha önəmli məsələlərin
müzakirəsinə və həllinə xidmət edən yazılar
ortaya çıxar. Müasir dövrdə kütləvi
informasiya vasitələri cəmiyyətin kamilləşməsində,
maariflənməsində, ictimai rəyin formalaşmasında
misilsiz rol oynayır və bu vəzifələri çox
müxtəlif üsullarla gerçəkləşdirir.
Media cəmiyyətin aynası olmaqla yanaşı,
həm də onun maarifləndirilməsi işində
yaxından iştirak edən bir sahədir.
Çünki jurnalistika fərdləri deyil,
kütləni, cəmiyyəti kamilliyə
çağırır. Yaranışından
sözü sərbəst, azad ifadə etmək hüququ
uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə
girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini,
onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini
istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək,
bütövlükdə sənətin, xüsusilə bədii
sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin
böyük karifeyləri cəmiyyətin kamilləşməsi
yolunda min bir zillət çəkib.
Jurnalistikanın, kütləvi informasiya vasitələrinin
cəmiyyətə təsiri çox güclüdür və
geniş radiusu təşkil edir. Belə bir möhtəşəm
gücə malik ictimai, kütləvi institut ictimai həyatın
kamilləşməsi üçün öz üzərinə
öhdəliklər götürür. Bu öhdəliklərdən
biri və başlıcası onun nöqsanları aşkar etmək
və göstərmək işi ilə bağlıdır.
Jurnalistikanın "dördüncü hakimiyyət” rolunda
çıxış etməsi bu vəzifədən irəli
gəlir.
Kütləvi İnformasiya Vasitələri cəmiyyətin
inkişafına ciddi təsir göstərən, onun vəziyyətini
və mahiyyətini müəyyənləşdirən siyasi
sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə
baş verən reallıqlara münasibət
formalaşdırır, ictimai-siyasi təsir göstərir.
KİV təkcə informasiya ilə kifayətlənmir, o həm
də yeniliklərə şərh verir, ayrı-ayrı
ideyaları, təlimləri, siyasi proqramları təbliğ və
təşviq edir. Media insanlarda ictimai fikirlər, inam və
sosial fəallıq formalaşdırmaqla, onları müəyyən
fəaliyyətə istiqamətləndirir.
Hər nə qədər ictimaiyyətin
bir kəsimi hazırkı reallıqda Azərbaycan
mediasının cəmiyyətə təsir imkanının
olmamasını iddia etsə də, media nümayəndələrinin
əksəriyyəti onların bu fikirləri ilə qəti
şəkildə razılaşmırlar. Ekspertlər
hesab edir ki, media bu gün də cəmiyyəti öz arxasınca
aparmağı bacarır. Yəni "medianın təsir
imkanları yoxdur” kimi fikirlər absurddur. Peşəkarlara
görə, mətbuatın cəmiyyətdə baş verən
proseslərə ciddi təsiri var. Media gündəm yaradır
və müxtəlif problemlərin həllinə nail olur.
KİV-lərin maarifləndirici funksiyası bir xeyli axsasa da,
medianın güclü silah olduğunu etiraf edirlər. Hesab
edirlər ki, hətta ən zəif halda belə cəmiyyəti
informasiya ilə təmin etmək, yönəltmək
imkanına malikdir.
"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri
Arif Əliyev də medianın təsir gücünün hələ
də qaldığını düşünür. Onun
sözlərinə görə, hətta sovetlər zamanı,
totalitar rejim dönəmlərində belə mətbuatın
cəmiyyətə təsir imkanı qalırdı:
"Sözsüz ki, bu təsir imkanları
qalır, sadəcə ictimai rəy institutu zəifdir deyə,
biz onun nəticələrini görmürük. Amma
medianın özü müsbət və ya mənfi
olmasından asılı olmayaraq təsir imkanlarını
saxlayır. Bu gün millətin
zövqünün pozulması, onun ictimai-siyasi hadisələrdən
kənarda dayanmasının bir səbəbi də
telekompaniyaların yürütdüyü "dambadurub” siyasəti,
ucuz seriallar və səhərdən axşama qədər
çalıb-oynamaq siyasətidir. Hətta pis nəticə
də göstərir ki, media istənilən cəmiyyətdə
ictimai rəyə və ictimai əxlaqa təsirini qoruyub
saxlayır”.
Tanınmış jurnalist Jalə Mütəllimova
isə deyir ki, gəlin, sahib olduğumuz peşənin əhəmiyyətini
azaltmayaq. Onun fikrincə, jurnalistika "4-cü
hakimiyyət”dən belə üst səviyyədə
dayanır, sadəcə sıralamada dördüncü yerə
təsadüf edib: " Şəxsən mənim
üçün media ən böyük hakimiyyətdir.
İstənilən dövlət məmurunu, hökumət adamını
media bir yazı ilə göyün yeddinci qatına da
qaldıra bilər, həmin yüksəklikdən üzü
üstə yerə də endirə bilər. Jurnalistlərin əlində
bu "2x2=4”dür. Son 4 il ərzində belə bir fikir
formalaşıb ki, Azərbaycanda mətbuatın fəaliyyəti
sıfır səviyyəsindədir. Kəmiyyəti artsa da,
keyfiyyətini itirib, söz demək qabiliyyətləri zəifləyib,
cəmiyyətə təsir imkanları azalıb. Bunu da
sırf maliyyə problemləri ilə əlaqələndirdilər
ki, jurnalistlərdə asılılıq yaranıb. Amma bu
iddialarla qəti şəkildə razılaşmıram.
Sözünün kəsəri olan jurnalistlərimizin sayı
kifayət qədərdir, onlar var olduğu müddətdə
də medianın cəmiyyətə təsir imkanları daim
olacaq. Bir neçə il əvvəl müəyyən
büdrəmələr olsa da, artıq elə deyil! Mediada yer
alan ictimai-siyasi proseslərə, hətta məişət problemlərinə
belə ölkənin birinci şəxsi tərəfindən
reaksiya verilir. Əksər hallarda da həmin problem öz həllini
tapır. Bütün bunlar fonunda medianın təsir
imkanları zəifləyib, "dördüncü hakimiyyət”
statusunu yerinə yetirə bilmir kimi fikirləri iddia etmək
doğru deyil. Bizi bu mövqedən çəkindirəcək,
gücümüzü aşağı salacaq elə bir
qüvvə yoxdur. Müəyyən təzyiqlər, təsirlər
vasitəsi ilə bəzi media orqanlarının
gözünü qorxutmaq olar, amma bunu bütünlükdə
Azərbaycan mediasının ayağına yazmaq olmaz. Müəyyən
illərdə büdrəmələr olsa da, Azərbaycan
mediasının gücü, qüvvəti və qüdrəti
hər zaman olub. Bütün həyatını bu sənətə
qurban verən, jurnalistikanın inkişafı
üçün var gücü ilə çalışan
insanlar var. Bizim ən böyük uğurumuz və
qazancımız da elə belə insanlara sahib olmağımızdır”.
"Lent.az” saytının redaktoru Səbinə
Əvəzqızı da hazırda bütün dünyada cəmiyyətlərə
ən çox medianın təsir etmək imkanı
olduğunu deyib və əlavə edib ki, bu Azərbaycanda da
belədir: "Son aylarda bəzi məmurların və
onların övladlarının özbaşına davranışları,
gizlətməyə çalışdıqları qanunsuz əməlləri
yalnız Azərbaycan mediasının hesabına öz layiqli
qiymətini alıb. Bunun kimi, xeyli misallar da çəkə
bilərik. Təəssüf ki, bəzən media "4-cü
hakimiyyət” statusunda tamamilə çıxış edə
bilmir. Məsələn, bəzi sosial qaz, təmirsiz yollar və
s. kimi problemlərin həllində bu kimi məqamlarla
rastlaşa bilirik. Məsələnin bir tərəfi də
xüsusi diqqət çəkir. Hansı qayğı, problemlə
bağlı media ümumi çıxış edirsə,
birlik nümayiş etdirirsə, bu zaman təsir imkanları
daha da effektli olur. Amma medianın təsir gücünün əvvəllər
daha böyük olması ilə tam razılaşmıram.
Əvvəllər bu qədər media orqanı yox idi.
Azsaylı qəzetləri hamı oxuyurdu və hamının
bildiyi işin də təsir imkanları daha çox olur. Təəssüflənərək
deyirəm ki, indi özlərini media adlandıran bir çox
qurumlar var ki, işləri yalnız öz şəxsi problemlərini
həll etməkdir. Bu cür qurumların hesabına
"medianın təsir imkanları azalıb”sa deyirlərsə,
bu doğru deyil.
Cəmiyyətin intellektual səviyyəsi ciddi
dərəcədə artıb, indi onlara təsir etmək
heç də əvvəlki kimi sadə deyil. Bu mediadan daha
böyük qabiliyyət tələb edir”.
Jurnalistlərin Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli
də hesab edir ki, Azərbaycan mediasının ictimai rəyə
təsir imkanları var və ciddidir. Bu təsir ötən illərlə
müqayisədə nəinki azalmayıb, əksinə, bir az
da artıb: "Prezident İlham Əliyevin bu mövzuda
maraqlı bir tezisi də var. Qeyd edir ki, internet medianın
inkişafını nəzərə alsaq deyə bilərik
ki, indi media 4-cü yox, 2-ci hakimiyyətdir. Həqiqətən
də, Cənab Prezident medianın son durumunu, təsir
imkanlarını çox dəqiq, lakonik ifadə edib.
Müasir media və
"haylı-küylü” mövzular məsələsinə
gəlincə, burada, həqiqətən də, dəyişiklik
var. Əvvəllər sarı media dəbdə idi:
yalançı sensasiya, dəqiqləşməmiş, cəmiyyətdə
ajiotaj yarada biləcək informasiyalar, əsasən, orada
yayılırdı. Sonra baş vermiş və ya qondarılmış
bu məsələlər barədə ciddi KİV-lərdə
materiallar yayılırdı və cəmiyyətə
düzgün informasiya çatdırılırdı. Bir
zamanlar sarı mətbuatın oynadığı rolu bu gün
daha çox sosial şəbəkələr ifa edirlər.
Sensasiya xarakterli, qərəzli, qeyri-dəqiq və
qeyri-obyektiv informasiyalar daha çox sosial şəbəkələrdə
paylaşılır, peşəkar media qurumları isə yenə
əvvəlki funksiyalarını yerinə yetirirlər. Ciddi
KİV-lər sensasiya dalınca qaçmırlar, amma, sensasiya
doğuracaq mövzulara müdaxilə edəndə, prosesi
başa çatdırırlar. Son illərdə peşəkar
medianın gündəminə gəlmiş istənilən
ajiotajlı mövzuları təqib etsəniz görərsiniz
ki, bu mövzu üzrə olan problemlər medianın
müdaxiləsindən sonra öz həllini tapıb.
Qısası, sosial şəbəkələrin
inkişafı ciddi medianın imkanlarını daraltmayıb,
ciddi, peşəkar media yenə də öz funksiyasını
icra edir və ona olan inam, ehtiyac hələ də aktualdır.
Sadəcə medianın "sarı” adlanan hissəsi öz
yerini sosial şəbəkələrə verib ki, belə
"itkinin” faydası ziyanından daha çoxdur”.
(Davamı olacaq...)
Şəymən
Şəhər.-
2017.- 3 oktyabr.- S.11.