“Televiziyalarımızda səmimiyyət çatmır”

 

Baba Vəziroğlu: “Bizim efirlərdə olan aparıcılar efirə çıxanda olurlar tamamilə başqa bir insan

Ən dəhşətlisi odur ki, efirdə aparıcıların əksəriyyətinin psixologiyası o qədər korlanıb ki, o düşünür ki, efirdə oluram olum, bir özüm olmayım

 

"Televiziya nədirsualına cavab tapmaq yəqin ki, çətin olar. Bu sehrli "qutu”nun mahiyyətini izah etmək əslində o qədər asan deyil. Həyatımızın ayrılmaz bir qüvvəsinə çevrilən televiziya barədə isə bu gün müxtəlif fikirlər səslənir. Cəmiyyətin ziyalı təbəqəsindən tutmuş ən sadə tamaşaçısına qədər hərənin televiziyaya fərqli yanaşması var. Sadə insanı maarifləndirə bilər, cahilləşdirə . Bu gün Azərbaycan teleməkanının ümumi görünüşü müzakirə mövzusuna çevrilib. Əməkdar incəsənət xadimi, yazar, şair Baba Vəziroğlu teleməkanımıza olan münasibətindən danışdı.

- Baba müəllim yazardı, şairdi. Amma eyni zamanda həm sizi məsuliyyətli tamaşaçı olaraq tanıyırıq. Efirlərdə tez-tez qonaq olursuz. Bu gün Azərbaycan televiziyasına baxışınız, münasibətiniz necədi?

- Dağlar müəyyən məsafədən daha aydın dəqiq görünür. Əgər sən dağların qoynundasansa, dağın əzəmətini , dağın ümumi görünüşünü seyr etməyə çətinlik çəkirsən. Mən televiziyaların içində olduğum üçün ona kənardan düzgün baxa bilmirəm. Özüm bütün televiziyalarda oluram deyə münasibət bildirə bilmirəm.

- Hər halda sizin tamaşaçı mövqeyiniz olmamış deyil.

- İçində olduğum üçün o mövqeyim yoxdu. Kənardan televiziyalarımızı aydın görə bilmirəm.

- Azərbaycan teleməkanlarından gözləyirsiz?

- Daha çox səmimiyyət gözləyirəm. Bizim televiziyalarımızda səmimiyyət çatmır. Bizdə səmimi ünsiyyət yoxdu teleməkanda. Tamaşaçıya səmimiyyət yoxdu, qonağa qarşı səmimiyyət yoxdu. Ən böyük qüsur bəlkə budu. Səmimiyyət yoxdusa, sən özün olmursan. Deyəsən az desəm ağır sərt bir ittiham etdim.

- Sizcə, səmimiyyətin olmamasının günahkarı, efirlərdə artistlik etməyin səbəbkarı televiziyada olan aparıcılar, televiziya işçiləridi, ya elə qonaqlar da səmimi olmağı sevmirlər.

- Televiziya haqqında belə bir fikrim var. Soruşurlar ki, televiziyaya niyə baxmırsan? Baxıram. Niyə özümüzə baxmayaq ki? Teleməkan cəmiyyətin güzgüsü sayılırsa, biz bu güzgünü görməyə məcburuq. Başqa ölkədən bura televiziya işçiləri gətirəsi deyilik ki? Heç başqa ölkədən bizimkiləri aparıcı olaraq dəvət etməzlər. Bizim efirlərdə olan aparıcılar efirə çıxanda olurlar tamamilə başqa bir insan. Daha doğrusu, "kitayski mal”. Özündən heç qalmır. Bəziləri elə bilir ki, efirdə özü kimi olsa primitiv, sadə, loru görünər. Mən gərək mütləq efirdə hoqqa çıxarım, danışanda filosof kimi görünüm, ya da çox şit hərəkətlər edim.

 

Ya da çadır toyunda olan palatka təfəkküründə insanlara özlərini şirin satmağa məcbur qalan aparıcı kimi görünməyə çalışanlar var. Bizdə teleməkan bu gün bu durumdadı. Ən dəhşətlisi odur ki, efirdə aparıcıların əksəriyyətinin psixologiyası o qədər korlanıb ki, o düşünür ki, efirdə oluram olum, bir özüm olmayım. Özüm olsam, sadə görünərəm. Özüm olmamaq sindromu bizim televiziyaları bədbəxt edib. Yenə bir az dövlət televiziyalarında, bir az-çox onlara bənzəyən ictimai televiziyada sovet ənənələri qalıb.

 

- Biz bu gün sovet ənənələrini bəyənməsək , əslində o zamanlar televiziya məsuliyyəti daha güclü idi.

 

- Elə bax məsələ ordadı. O zamanlar məsuliyyəti var idi. 50 il içində yaranmış bir televiziya ənənəsi formalaşıb. İndiki müstəqil telekanallar dünənki ənənələri qəbul etmirlər, yeni ənənələri formalaşdıra bilmədilər. Yeni televiziya ənənəsini yarada bilməyiblər. Bu mənada televiziyada bir xaos yarandı. Bizim televiziyalar bu gün ya efirdə şıllaq atmağa, ya meymunluq etməyə, ya da ağlatmağa meyillidirlər. Ağlatmaq isə bizim televiziyaların stereotipinə çevrilib. Heyvani hisslər yaranıb efirdə. Bunların üzərinə köklənirlər. Bəzən bunların yanında ciddi danışmaq da olmur.

 

- Yəni "kitayskiaparıcıların yanında ciddi danışmaq çətin olur deyirsiz?

 

- Nadir hallarda bizim televiziyalarda normal veriliş aparan aparıcılar olur. Mən efirlərdə tez-tez olan insan kimi bunu deyirəm. Bəzən aparıcılar o qədər məni öz səviyyələrinə salır ki, mən o efirdən çıxanda özümü tanıya bilmirəm ki, bayaq orda danışan mən idim? Hətta özümə sual verirəm ki, görən bir az əvvəl palatka səviyyəsində danışan mən idim? Amma bir görürsən aparıcı o qədər səviyyəli, intellektual baxımdan yüksək fikirli insan olur ki, sən orda özünə bir hörmət hiss edirsən. Misal üçün, Az.TV- Nərgiz Cəlilovanın "Sevilənlərverilişinin qonağı oldum, inanın, yaxşı mənada təəccübləndim. Aparıcı verilişə o qədər məsuliyyətlə hazırlaşıb ki, mənim bütün avtobioqrafiyamı bilir, hətta mənim belə unutduqlarımı mənə xatırladır.

 

Bəlkə ən böyük qüsurlarıdan biri odur ki, bizdə aparıcılar efirə hazırlıqsız çıxırlar, bəzən qonağın kimliyindən xəbərsiz olurlar. Nərgiz xanımın verilişindən çıxandan sonra özümü tanıya bilmədim. Dedim o danışan ağıllı adam mən idim. Hərtərəfli, səmimi danışan insan olmaq hissi inanın xoş gəlir. Fərqli insan olursan sanki.

 

- Deyirsiz kanallar qonaqlarını bəzən obrazdan-obraza sala bilirlər?

 

- Obrazdan-obraza da düşmürük. Sadəcə, sükan aparıcının əlində olur. aparıcı o an naşı sürücünü xatırladısa, səni uçuruma aparır. Naşı aparıcı səni öz səviyyəsinə salır. Sən dünyanın ən ağıllı insanı belə olsan, o verilişdə səni öz səviyyəsində göstərir.

 

- Yəni aparıcı bir verilişi ilə səni gözdən sala bilər, ucalda da bilər.

 

- Əlbəttə. Bir verilişdə qazanan nüfuzunu itirə bilərsən, əksinə, bir dəfə qonaq olduğun verlişdə böyük hörmət qazana bilərsən. Aparıcı səni verilişində elə bir duruma salar ki, sən tamaşaçı gözündə cılız görünə bilərsən. Sonra o səhvi düzəltmək qeyri-mümkündü. Sən televiziyada bir dəfə qeyri-normal fonda, sənə yad təqdimatda tamaşaçıya tanıdıldınsa, sonra 10 verilişə getsən, tamaşaçının yaddaşını silə bilməzsən. O səni elə tanıdığı kimi qəbul edəcək. Bu baxımdan televiziya təhlükəli bir vasitədir. Tamaşaçının xəyalında buraxdığın obraz heç vaxt unudulmaz.

 

- Bəlkə televiziyanın gücü budu.

 

- Gücü böyükdü. Bu güc naşı əllərdə olanda bu bir bəlaya çevrilir. Amma bu güc peşəkar, savadlı, millətinə bağlı insanın əlində olanda gələcəyimizə xeyir verər. Biz müharibə şəraitində yaşayan dövlətik. Bu, danılmaz həqiqətdi. Ona görə bizim televiziyalarımızın üzərinə böyük məsuliyyət düşür. Televiziyalarımız bu gün palatka toyunu xatırladırsa, deməli, bəladı. Bir var ki, ölkənin intellektual səviyyəli, savadlı insanlarından televiziyada düzgün istifadə edilsin. Televiziyanın gücü böyükdü. Bir bıçaqla çörək kəsmək olur, baş da kəsmək olur. Həmin məntiqdi.

 

- Aparıcıların danışıq səviyyəsi sizi qane edirmi. Sözlə oynayan, sözün dəyərini bilən, Azərbaycan dilini dərindən tanıyan insan kimi münasibətiniz maraqlıdı. Sanki bizim televiziyalarda dil problemi yaranıb.

 

- Bilirsiz, əslində ən önəmli problemə toxunduz. Bu məsələ o qədər aktuallaşıb ki, artıq müzakirə mövzusuna çevrilib. Televiziyalarımızın da, radiolarımızın da dili bərbaddı. Azərbaycan radiosunda veriliş aparan akademik Rəfael Hüseynov da var. Televiziyada Nərgiz Cəlilova da var. Amma ümumi mənzərədən söhbət gedirsə, həqiqətən bu gün efirdə dil problemi var. Televiziyada ləhcə, şivə ilə danışmaq yolverilməzdi. Televiziyada "gələjəm”, "gedəjəmdeyən aparıcılar, əlifbasında "ç”, "c” Hərfi olmayan aparıcılar daha çoxdu. Amma onlara qarşı mübarizə gedir. Bu qüsurlar aradan qaldırılmalıdı. Sadəcə o qədər zəif gedir ki, biz bunu hiss edə bilmirik. Bir televiziyanın rəhbərinin televiziyaya təsiri böyükdü. Onun xarakteri necədirsə, kanal da o xarakterdə olur. Televiziyanı tanımayan insan onu idarə edə bilməz. Televiziya rəhbəri öz maraqları dairəsində kanaldan istifadə etməməlidir.

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

Tahirə Məmmədqızı

Şərq.-.2017.- 13 sentyabr.- S.11