“Dözə bilmədim, içimdə
çəkdim”
Rəfael Dadaşov: “Bəlkə də ürəyimin
xəstə olması elə bu dərdlərdən oldu”
“Susduqca, bəziləri elə bilir
danışmağa sözümüz yoxdu. Amma
danışmağa o qədər sözümüz var ki. Sadəcə
təmkinlə həyatı yaşamağa üstünlük
vermişəm”
Azərbaycan teatr və kino səhnəsində
möhürünü vuran, hər obrazı ayrıca bir sənət
əsərinə çevrilən xalq artisti Rəfael
Dadaşov "Şərq”in budəfəki qonağı oldu.
Mətbuata nadir hallarda açıqlama verən, ancaq
müsahibələrində kifayət qədər səmimi
olan Rəfael Dadaşovla söhbət etdikcə, sanki sənətkarı
yenidən kəşf etmiş oldum. Həyatından rahat
danışan, fikirlərini bəzəksiz, pafossuz ifadə edən
xalq artisti ilə elə əvvəl uşaqlığından
danışdıq.
- Rəfael müəllim,
uşaqlığınız necə keçib? Səhv etmirəmsə,
sizi valideynləriniz deyil, nənəniz böyüdüb...
- Bəli, Naxçıvanda nənəmin
yanında böyümüşəm. Valideynlərimin hər
ikisi sənətkar idi, hərənin öz həyatı olub.
Ona görə də mən nənəmin yanında
yaşamalı olmuşam. İmkansız, sadə bir həyatım
olub. Nənəmi çox sevirdim. O mənə qayğı
göstərib.
- Yəni valideyn nəvazişindən məhrum
uşaqlıq yaşamısız...
- Bəli, yalan necə deyim ki, çox
qayğı ilə böyüyən uşaq olmuşam?!
Ata-ana nəvazişindən uzaq böyümüşəm.
Anam atamdan ayrılandan sonra başqa bir insanla ailə qurub. Onun
4 övladı var idi. Atamın öz həyatı. Ona görə
də məni nənəm saxlayıb. Onun nəvazişini
görmüşəm. Qayğılı
uşaqlığım olub. Kasıb bir uşaqlıq
yaşamışam. Bəzən nənəmə kömək
edim deyə qonşu bağlardan üzüm yığıb
satırdım ki, ona maddi köməyim dəysin.
- Bəs valideynlərinizə qarşı bir
qırğınlığınız olmadı ki, hər
ikisindən uzaq yaşamağa məhkum qalmısız?
- Uşaq yaşlarında bəlkə də
valideyn qayğısına, sığalına ehtiyac duysam da,
bunu hiss etdiyimi dərk edə bilmirdim. Amma müəyyən
yaşdan sonra təbii ki, başa düşürdüm. Qəlbimdə
bir incikliyim də olub. Anamdan, atamdan qəlbim qırıq olub.
Amma bir az da dərindən düşünəndə illər
məni öyrətdi ki, onlar sənətkar olublar, hərənin
öz həyatı olub. Anam mənə analıq etməsə
də, 4 övladına ana ola bilib. Nə bilim, hər halda o
qayğıdan məhrum olmaq insanın qəlbində nisgil
saxlayır. Anam Sofya xanım kifayət qədər
istedadlı, o zamanlar sözünü deyən aktrisa olub. Elə
atam Məlik Dadaşov da nəhəng aktyor idi. Mən taleyimlə
barışa bilənlərdənəm.
- Bəs belə böyük sənətkar nəslindən
olan Rəfael Dadaşov niyə teatra gec gəldi? Səhv etmirəmsə,
30 yaşında teatra gəlmisiz?
- Bəli, teatra çox gec gəlmişəm.
Gec gəlişimin səbəbi atamın adı idi. Məlik
Dadaşovun oğlu olduğum üçün gec gəlmişəm.
Çox ehtiyat edirdim. Çünki atam da, anam da
tanınmış sənətkarlar idi. Teatra gəlməmişdən
əvvəl qərar vermişdim ki, ilk sınağım
uğurlu olsa, bu sahədə qalacam, əgər uğursuz
olsa, birdəfəlik uzaqlaşacam. Bilirsiniz ki, teatrda premyeradan
əvvəl baxış tamaşası olur. Burada oynanılan
obrazlara fikir bildirən peşəkarlar əyləşir. Mənim
ilk rolum Tofiq Kazımovun quruluş verdiyi Maqsud İbrahimbəyovun
"Ümid” ("Mezazoy əhvalatı”) psixoloji
dramının tamaşasında "Zaur” rolu olub. Baxış
tamaşasından sonra mərhum aktyorlar İsmayıl
Dağıstanlı və İsmayıl Osmanlı mənə
yaxınlaşaraq müsbət fikir bildirdilər. Onların
söylədiyinə görə, bu obraz məndə təbii
alınmışdı. Sonra anam da bunu təsdiqlədi. Və
beləliklə, oynadığım neçə-neçə
rollarla populyar oldum, tamaşaçılar məni bəyəndi.
- Gec gəlsəniz də
sözünüzü deyə bildiniz. Teatrın ən
yaraşıqlı aktyorlarından sayılırdız. Tərəf-müqabillərinizlə
sevgi münasibətiniz olubmu?
- (Gülür). Deyilənə görə,
yaraşıqlı oğlan olmuşam. Təbii ki,
tanınmış olmaq, yaraşıqlı görünmək
xanımların diqqətini tez çəkirdi. Qaldı tərəf-müqabili
olan xanımlarımıza münasibətimə, biz
yaradıcı ruhlu insanlarıq. Sevgi, gözəllik,
münasibət bizim üçün önəmlidir. Sevmədən
obraza girmək mümkün deyil. Səhnədə sevməsəm,
oynaya bilmərəm. Hər tərəf-müqabilimə məhz
səhnədə vurulmuşam. Səhnədən enəndən
sonra, tamaşa qurtararkən hər şey bitib. Amma obraza o qədər
daxil olmuşam ki, rol xətrinə deyil, həqiqətən
sevmişəm sanki. Tamaşaçılar da həyatda sevdiyimə
inanıblar. O qədər ürəkdən oynamışam.
Ümumiyyətlə, mənim saysız obrazlarım olub. Hər
biri də bir-birindən dəyərli və üstün idi.
Obrazlarımı saysam, görünər ki, bu, bütün aktyorların
arzusu ola bilər. Ancaq ürəyimdə qalan rol da olub. Düzdür,
azdır, amma var.
- Məlik
Dadaşovun oğlu olmaq sizə nə qədər səhnədə
kömək ola bildi?
- Səmimiyyətimə
inanın ki, Məlik Dadaşovun oğlu olmaq əksinə, mənə
səhnədə çətinliklər yaratdı. Nə mənada deyirəm? Məlik
Dadaşova gücü yetməyənlər məni hədəf
seçməyə başladılar. Məlik
Dadaşovun sənəti o qədər güclü idi ki, ona
toxuna bilmirdilər. Çarə ailə, məişət
zəminində onu vurmaq idi. Rəfaelin gəlişi
bir çoxlarını narahat etməklə yanaşı, Məlik
Dadaşova qarşı məni hədəf seçmək
oldu. Başladılar məni vurmağa.
Məni sevənlər qədər, inanın ki, sevməyənlər
də az deyildi. Mənim
üzərimə ikiqat məsuliyyət düşürdü.
Çünki mən Məlik Dadaşovun
adını daşıyırdım. O məsuliyyət mənim
gənc ikən çiyinlərimə daha böyük yük
qoymuş oldu. Bir də o zamanlar atamın səhnədəki
uğuru bəzilərini narahat edirdi. Ona
görə də onunla mübarizə aparanlar da çox idi.
Sonralar məni vurmağa başladılar.
- Necə
vururdular ki?
- Mənimlə
eyni vaxtda səhnəyə gələnlər bir müddət
sonra xalq artisti adına layiq
görüldülər. Mənə isə Məlik
Dadaşovun oğlu olduğum üçün fəxri ad
vermirdilər. O vaxtlar mədəniyyət naziri atamla
müharibəsinə görə mənim fəxri ad
almağıma imkan vermədi. Ad almamağım
üçün kişi əməlli-başlı
əziyyət çəkdi. Məni hardasa xalq
artisti kimi təqdim edəndə, deyirdim ki, mən xalq artisti
deyiləm, qəribə gəlirdi insanlara. Deyirdilər ki, sən xalqın artistisən, niyə
ad vermirlər sənə? Mən 2006-cı ildə xalq
artisti adına layiq görüldüm. Əbülfəz Qarayev gələn kimi mənim sənədlərimi
fəxri ad almaq üçün hazırladı. Cənab
Prezidentin sərəncamı ilə xalq artisti adına
layiq görüldüm. Bilirsiz, aktyorun ruhunu
incitməzlər. Bizdən əvvəlki nəslin
aktyorlarını bu gün tapa bilməzsiz. Bizim nəslin
də aktyorlarından az qalıb. Hərdən tamaşaçılar bizi hardasa görəndə
deyirlər ki, sizdən yoxdu.
Nəyə görə belə deyilir? Çünki
gənc nəsildə bizdəki qədər səhnəyə,
teatra böyük sevgi yoxdu. Bayaq dedim ki, anam Sofya
xanım mənə analıq edə bilməyib. Niyə? Çünki o, səhnə
fədaisi idi. Onun üçün səhnə
müqəddəs idi. Elə atam
üçün də səhnə bəlkə də ailədən
dəyərli idi ki, o, bütün sevgisini səhnəyə
vermişdi. İndi belə aktyorlar tapa bilməzsiz.
Elə böyük qonorar, pul da
almırdılar. Amma səhnəyə
aşiq idilər. Bizim dövrün də
aktyorlarında səhnəyə böyük sevgi olub. İndikilərdə bu yoxdu. Ona
görə deyirlər ki, sizdən yoxdu. Az
qalmışıq. Barmaqla sayılacaq qədər
az. Vallah, bizim kimi sənətçilərin qədrini bilmək
lazımdı. Bir az keçəcək,
hər birimiz sənət aləmində bir tarixə dönərik.
Nə qədər ömrümüz qalıb ki?
Sənətçinin qəlbi uşaq kimi
kövrək olur. Bəzən sənətdəki
laqeydlik, bəzən övlad dərdi bizi içərimizdən
yeyib parçalayır. Bir sözü deyəndə
o birini demirik. Susuruq. Susduqca,
bəziləri elə bilir danışmağa
sözümüz yoxdu. Amma
danışmağa o qədər sözümüz var ki.
Sadəcə təmkinlə həyatı
yaşamağa üstünlük vermişəm. Bəlkə də ürəyimin xəstə
olması da elə bu dərdlərdən oldu. Dözə bilmədim, içimdə çəkdim.
Sonda ürəyimdən əməliyyat olundum.
Mənim ailəmə nə qədər
böhtan, çirkab atdılar. Qızım
Səidənin ünvanına nələr demədilər?
Atayam da. Təsir etdi. Qəlbimi silkələdi. Bir az
insanların həyatını müzakirə edəndə
Allahdan qorxmaq lazımdı. Müvəqqəti
həyatdı. Bu gün varıq, sabah
yox. İnsanlarda mərhəmət hissi itib.
Bax, bəlkə də ən qorxulusu budu.
- Sizə
olan haqsızlıqları, pislikləri unuda bilmisiz?
- Mən kinli adam deyiləm. Mənə olunan
pisliyi unutmasam da, eyni cavabı vermirəm. Yeri gələndə
sadəcə sözlə cavabını verib oturduram yerində.
Amma heç vaxt pislik etmərəm. Bir misal da var ki, pisliyə
yaxşılıq et. Mən bu atalar sözünü
düzgün hesab etmirəm. Hər halda özüm də
atayam və hər hansı sözü deyəcək gücdə
hiss edirəm özümü. Pisliyə yaxşılıq etmək
qeyri-səmimilikdir. Mən amma deyərdim ki, pisliyə
qarşı pislik etmə. Yəni düşmə o adamın
yanına, onun tayı olma. Pislik edəcək qədər zəif
xarakterli insan deyiləm.
Tahirə
Məmmədova
Şərq.-
2017.- 20 sentyabr.- S.13.