“Sükutdan
sitat” Elçin Şıxlı nəşr olunan
kitabından danışdı
Kitab
müzakirələrinin, yaradıcılıq gecələrinin
regionlarda unudulduğu bir vaxtda Masallı rayonunda maraqlı tədbir
keçirilib. Belə ki, ölkənin dəyərli ziyalısı,
"Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı
Masallıda oxucularla görüş keçirib.
"Cənub” Kitab Evindən start verilən görüşdə
Elçin Şıxlının
"Sükutdan sitat” kitabının təqdimatı
baş tutub.
Maraqlı
məqam odur ki, müəllifin həm də 60 illik yubileyi ilk
kitabının təqdimatı ilə üst-üstə
düşüb. Doğum gününü təbrik
etmək və kitabın təqdimatı ilə bağlı təəssüratlarını bölüşmək üçün
Elçin müəllimin
özü ilə əlaqə saxladıq.
"Sherg.az"a ilk kitabının ərsəyə gəlməsindən
danışan E.Şıxlı
qəribə səslənsə
də, "Sükutdan
sitat”ı özü hazırlamadığını deyib:
"Dostlarım – Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu və naşir Rafiq İsmayılovun birgə təşəbbüsüdür.
Onlar məndən xəbərsiz bu kitabı hazırlayıblar
və son anda kitabın adını mənimlə
məsləhətləşdilər. Məndən olsa idi, bu kitab
da çap edilməyəcəkdi”.
- Dostlarınızın bu təşəbbüsü
sizə necə təsir bağışladı?
Mənim üçün
gözlənilməz, müasir
dillə desək sürpriz idi. Maraqlı oldu. Dostlar "Ayna” qəzetinin bağlanmasından
əvvəl məhz bu qəzet üçün
yazdığım sırf
müəllif yazılarını
və saytımızı
bərpa etdikdən sonra yazdığımız
yazıları bir araya gətiriblər. Düzdür, bütün
yazılar dərc edilməyib, xırda istisnalarla kitab toplanılıb. Mənim üçün çox xoş məqam oldu.
Hazırladığım ilk kitab 1986-cı ildə işıq üzü görüb. Amma mənim imzam deyildi, Oskar Uayldın ingiliscədən tərcümə
etdiyim "Sehrli nağıllar” kitabı idi. Daha sonra
da tərcüməsində
və hazırlanmasında
iştirak etdiyim kitablar oldu. Bundan başqa elə ciddi kitab fəaliyyətim olmadı.
"Ayna” qəzeti
təsis edildikdən sonra yenə mən, tanınmış
jurnalist Arif Əliyev və professor Qulu Məhərrəmli Rafiq İsmayılovun nəşriyyatının
köməyi ilə
"Jurnalistika terminləri
lüğəti”ni işləyib,
hazırladıq. Lakin
sırf öz adımla dərc olunan ilk kitab
"Sükutdan sitat”dır.
Sağ olsun, dostlar! Çox sevindim ki, mənim
belə məsləkdaşlarım,
dostlarım və mənə bu cür qiymət verən insanlar var.
- Kitabın təqdimatının
Masallıda keçirilməsi
özünüzün seçim
idi ?
-Masallıda "Cənub Xəbərləri”
qəzeti fəaliyyət
göstərir. Bu qəzetin baş redaktoru Zahir Əmənov çox unikal insandır. Biz Bakıda dözməyib, qəzetləri
bağlamışıq. Lakin
o qəzetini yaşadır
və işlədir, saytını da təsis edib.
Bir neçə
il əvvəl bəlkə də həmin bölgədə
yeganə olan "Cənub” Kitab Evinin açılışında
iştirak etdik. Kitabın təqdimatı da həmin mağazada
oldu və Zahir müəllim təqdimatdan sonra rayonun qabaqcıl məktəblərindən biri
olan 1 nömrəli məktəbdə görüş
keçirməyi təklif
etdi. Məktəbdəki
tədbirdə də məni təbrik etdilər, kitabımın
imzalanması baş tutdu.
- Bu addımdan
sonra digər yazarların da kitab təqdimatını rayonlarda keçirməsi ənənə halını
ala bilərmi?
- Bunun üçün
biz özümüz təşəbbüs göstərməliyik.
Masallıda və o bölgədə
təqdimatı bir qədər geniş etmək də olardı. İnanıram ki, əvvəlcədən
hazırlıq görülsəydi,
Lənkərandan, Yardımlıdan,
ətraf rayonlardan gələnlər olacaqdı.
Kitab təqdimatlarını
bölgələrdə də
keçirmək olar.
Amma bunun üçün özümüz
təşəbbüs göstərməliyik.
Yerlərdə Zahir Əmənov kimi bunu dəstəkləyən,
istəyən insanlar olmalıdır. Belə olmasa, çətinlik aradan qalxmaz. Bu istiqamətdə iş görməliyik. Qəti əminəm ki, rayonlarda kitab sevənlər çoxdur.
Kitabımın əslində ilk təqdimatı Yevlax rayonunda, ARB studiyasının təşkilatçılığı ilə baş tutdu. Veriliş hazırlanıb bu barədə, montajı aparılır və efirə hazırlanır. Yevlaxda Mingəçevirdən, Beyləqandan, ətraf rayonların əksəriyyətindən insanlar yığışmışdı.
Bundan sonra Ağsu rayonunda da kiçik təqdimat baş tutdu.
- Bakıda necə? Kitabınızı təqdim edəcəksinizmi?
Bəli, sentyabrın 28-30-da Bakıda
böyük kitab sərgisi keçiriləcək. Bakı İdman
Sarayında baş tutacaq beynəlxalq sərginin ikinci günü – sentyabrın
29-da "Sükutdan sitat”ın
imza mərasimi və təqdimatı baş tutacaq.
Aysel ASLAN
Şərq.-
2017.- 28 sentyabr.- S.7.