QƏHRƏMAN JURNALİST...
Salatın Əsgərova kimi vətənpərvər müxbirin gənc nəslə
tanıdılması çox vacib işdir
Dünən Jurnalist Qadınlar Assosiasiyası və Fransızdilli "Le Carrefour” (Yol qovşağı) qəzetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, ilk şəhid jurnalistimiz Salatın Əsgərovanın qəhrəmancasına həlak olmasının 26-cı ildönümü qeyd edildi. Salatın Əsgərovanın anım günü ilə əlaqədar onun Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olundu. Şəhid jurnalistin ruhu bir dəqiqəlik sükutla yad edildi, ruhuna dualar oxundu, məzarı önünə gül qoyuldu.
Anım mərasimində Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova Fransızdilli "Le Carrefour” qəzeti ilə birgə həyata keçirilən bu ideyanın məqsədinin Azərbaycanın qəhrəman jurnalisti, şəhid Salatın Əsgərovanın bugünkü nəslə tanıdılması olduğunu dedi. O bildirdi ki, orta nəsil jurnalistlər Salatın Əsgərovanı tanıyır və onun haqqında məlumata sahibdirlər. Müasir gənclərə, xüsusən gənc jurnalistlərə Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılması çox vacib işdir və bu, mühüm bir addım kimi qiymətləndirilə bilər.Fransızdilli "Le Carrefour” qəzetinin təsisçisi və baş redaktoru Zeynəb Kazımova bildirdi ki, "Molodej Azerbaydjana” qəzetinin müxbiri olan Salatın Əsgərova Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfərlər edərək, operativ və obyektiv xəbər və reportajlar hazırlayaraq həmin dövrdə Azərbaycan həqiqətlərinin yayılması, Qarabağ müharibəsi haqqında həqiqətin üzə çıxması, obyektiv məlumatların yayılmasına çalışırdı. Hazırda ölkəmizin təbliğatı naminə Azərbaycanın müxtəlif xarici dillərdə bilən jurnalistlərə ehtiyacı olduğu qədər həmin dövrdə də, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında məhz Salatın Əsgərova kimi rus dilini bilən, qəhrəman və vətənpərvər jurnalistlərə ehtiyac vardı. Salatın Əsgərova öz həyatını jurnalist peşəsinə qurban verdi.Həmin dövrdə Azərbaycanda cəbhədən yazan jurnalistlərin fəaliyyətindən söz açan, "Salatın Əsgərova mükafatı”na layiq görülmüş jurnalist Əntiqə Qonaqova ilk dəfə bu mükafatın məhz ona təqdim olunduğunu xatırladaraq, hər zaman bununla fəxr etdiyini bildirdi.
Azərtac-ın əməkdaşı, jurnalist Zərəngiz Mansurova öz çıxışında Salatın Əsgərovanın Vətənini sevən, mərd və cəsur Azərbaycan qadını olduğunu bildirdi. O, müəllifi olduğu və şəhidlərə həsr etdiyi şeiri səsləndirdi."Xalq qəzeti”nin əməkdaşı Zərifə Rəşidqızı tədbirin təşkilatçılarına təşəkkür edərək, Salatın Əsgərova kimi vətənpərvər jurnalistlərin tanıdılmasının vacibliyini dedi.
Digər çıxışçılar da tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər və bu kimi tədbirlərin davamlı olmasına ümid etdiklərini bildirdilər.
Tədbirdə ictimai fəal jurnalist qadınlar, QHT və KİV nümayəndələri iştirak edirdilər.
Salatın yolu
Salatın Əsgərovanın tərcümeyi-halında diqqətimi çəkən jurnalistlik fəaliyyəti dövründə heç bir mükafat almaması, yalnız ölümündən - Vətən uğrunda şəhidlik zirvəsinə ucaldıqdan sonra Milli Qəhrəman adı alması və buna müvafiq Milli Qəhrəman ordeni ilə təltif edilməsidir. Bu fakt çox düşündürücüdür. İndi hansı jurnalistin avtobioqrafiyasına baxsan, azından 2-3 təltif görərsən. "Qızıl qələm”lər "göydə uçuşur”, saysız-hesabsız diplomlar, fərmanlar, mükafatlar... Hansımız Salatın qədər Vətənə xidmət etmişik?! Demək ki, əsas mükafat almaq deyil, əsas öz peşəni, peşəndən irəli gələn vəzifəni yerinə yetirməkdir. Salatın kimi...
Salatın Əsgərovanın anım günündə onun keçdiyi yola bir daha nəzər salmaq məhz buna görə vacibdir.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.
Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vurmuşdu. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdu. Onun müəlliməsi Firəngiz Haşımovanın sözlərinə görə, Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Nəticədə 1984-cü ildə müqavilə ilə "Bakı” qəzetində, 4 il sonra isə "Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb. Onun toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşları ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.
Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "Omon”çular idi. O, "Molodyoj Azerbaydjana” qəzetinin 1991-ci il 3 yanvar tarixli sayında, təkcə azərbaycanlı döyüşçülərin igidliyindən yazmır, həm də imperiya nökərlərini kəskin tənqid edirdi. Yazı belə bir məntiqi yekunla bitir:
"... SSRİ prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə Mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevrilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz”.
Salatın Əsgərova 1991-ci il yanvarın 8-də Laçının Ağanus kəndində olmuşdu. Kənd sakini Əbülfət Məhərrəmovun verdiyi müsahibədən:
"Söhbətdən sonra maraqla çiynimdəki "Kalaşnikov” avtomatına baxdı. Bir neçə atəş açmağa icazə verməyimi xahiş etdi. Razılaşdım. Salatın avtomatı götürdü. Kənd uşaqları təxminən 100 metr aralıda bir hədəf qurdu. Xanım jurnalist avtomatdan bir neçə sərrast atəş açdı... Sonda reportajın tezliklə qəzetdə dərc olunacağına və radioda veriləcəyinə söz verərək, sağollaşıb bizdən ayrıldı”.
Onun boğazında zob xəstəliyi vardı. Bu xəstəlikdən Salatın Əsgərova yaman əziyyət çəkirdi. Yaxın adamları və iş yoldaşları tez-tez ona cərrahiyyə əməliyyatını məsləhət görsə də, Əsgərova əməliyyat zamanı ölüm riskindn qorxurdu. Lakin atası Əziz Əsgərovun məsləhətindən sonra, cərrahiyyə əməliyyatının aparılmasına razılıq verdi. Əməliyyatın vaxtı təyin edilsə də, ezamiyyətdən sonra xəstəxanaya tələsmədi.
O, 1991-ci il yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyi qərara alır. Evdən hərbi forma geyinib çıxır. Batalyon komandiri pod-polkovnik Oleq Larionov Tayşet nəslindən idi, sibirli idi. O, 5 il batalyona rəhbərlik etmişdi. Həmin batalyon 1990-cı ilin yazında Qazaxın Bağanis Ayrım kəndini ermənilərin hücumlarından qorumuşdu. Buna görə də ermənilər Larionovun başına 10 min rublluq mükafat vəd etmişdilər. O, həm də Qazaxda Salatın Əsgərovanı ölümdən xilas etmişdi. Salatın Əsgərova Oleq Larionovla söhbət etdi.
1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus "UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutuldu. Ermənilər hərbi maşını iki istiqamətdən - həm avtomatdan, həm də snayper tüfəngindən qabaqdan, arxadan və soldan güllələdilər. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi saymışdılar. Hərbi maşının sürücüsü - serjant İ.Qoyek ölməzdən əvvəl əyləci basa bilir, mayor İqor İvanov dərhal ölür.
Pod-polkovnik Oleq Larionov isə ermənilərə avtomatdan atəş açmağa imkan tapır. O, beş güllə yarası almasına baxmayaraq maşından yerə düşə bilir, yolu keçib ermənilərdən xeyli uzaqlaşıb, silahındakı patronlar qurtarana qədər onlarla döyüşür. Sonda o yerə yıxılır və ermənilər ona yaxınlaşıb yenidən güllələyirlər. Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi.
Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi. Onların ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək, 1991-ci ilin mayında həbs olunmuşdu. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər. Lakin göstərilən şəxslərin hamısı 1996-cı il mayın 8-də birtərəfli qaydada Ermənistana təhvil verildi.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Oğlu Ceyhun Əsgərov anasının peşəsinin davamçısı, həm də layiqli davamçısı oldu.
Oğlu anası haqqında
Milli Qəhrəmanın oğlu telejurnalist Ceyhun Əsgərov:
- O elə bir insan idi ki, sonunda ölüm belə olsa, sözünü deyərdi. Nə xahiş, nə tapşırıq, nə rüşvət onu haqqı deməkdən çəkindirə bilməzdi. O, ədalətli insan və jurnalist idi. Düz bildiyi yolda heç nədən qorxmazdı. Elə buna görə də 1988-89-cu illərdə ölkədə baş verən ictimai-siyasi hadisələrdən sonra, belə bir çətin zamanda o, jurnalistikaya gəlib. Jurnalist cəsur olmalıdır, doğrunu deməlidir. Mən sualı dolayısıyla vermirəm, sözü sətiraltı demirəm. Anam kimi birbaşa, olduğu kimi, konkret müsahibə verirəm.
Qeyd edək ki, Kino Xidməti İdarəsi "Milli Qəhrəmanlar” sənədli filmləri layihəsi çərçivəsində Milli Qəhrəman Salatın Əsgərovaya həsr olunan "23” adlı sənədli film çəkib.
layiq görülüb. Yaxınlığında həlak olduğu kəndə Salatınkənd adı verilib. Onun Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub. Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İctimai Birliyinin təsis etdiyi mükafat onun adını daşıyır. 1993-cü ildə bəstəkar Elza İbrahimova "Salatın”ı onun xatirəsinə həsr etmişdi. Xalq şairi Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poema yazıb.
2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı "Vətən üçün gedirəm” filminin təqdimatı keçirilib.
Məlahət Rzayeva
Şərq.- 2016.- 10 yanvar.- S.11