XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏNİN İTALİYADA KİTABI NƏŞR OLUNUB

 

Pompeyin Qafqaza yürüşü

 

 

Bu günlərdə Xalq şairi Nəriman Həsənzadənin ünvanına İtaliyadan bir bağlama göndərilib.

 

Şairin "Pompeyin Qafqaza yürüşü” mənzum pyesini tanınmış İtaliya şairi Françeska Tuskano öz dillərinə çevirib. Əsər İtaliyanın nüfuzlu Futura-Edızonı nəşriyyatında işıq üzü görüb. Dilşad Pənahovanın redaktorluğu ilə pyesi sətri tərcümə edən Aydan Əliyeva bildirib ki, Azərbaycan dilindən italyan dilinə tərcümə olunan əsərlər indiyə kimi üçüncü dil, əsasən də rus və ingilis dilləri vasitəsi ilə baş tutub. İlk dəfədir ki, İtaliya oxucuları Azərbaycan dilində yazılan bədii əsərin orijinaldan, əslindən tərcüməsi ilə tanış olurlar.

 

İtaliya şairi F.Tuskano əsərin müqəddiməsində yazır: "Qafqaz həm təbiəti, həm də mədəniyyətinə görə qeyri-adi gözəlliyə və cazibəyə malik bir məkandır. Azərbaycan isə onun mirvarisi hesab olunur. Məhz buna görə həmişə düşmənlərin və işğalçıların hədəf nöqtəsi olub. Antik sivilizasiyanın beşiyi (bunu arxeloji qazıntılar zamanı tapılan 1 milyon 800 min il bundan əvvələ aid əşyalar da sübut edir) hesab edilən və İpək yolu üzərində yerləşən bu region hər zaman böyük strateji rola malik olub.

 

Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşüəsəri mənzum tarixi dram olaraq qədim dövrlərdə Qafqazdan, onun əhalisindən, bu əhalinin xasiyyətindən səciyyəvi xüsusiyyətlərindən bəhs edir. Şairin əsərlərinin bir çoxu vətəninin tarixi barəsindədir. Bu dramda həmin ənənəsinə sadiq qalan şair Qafqaz xalqlarının həmrəyliyini ön plana çəkir.

 

Tarixi faktlara əsaslanaraq müəllif etnik və mədəni fərqləri özündə birləşdirən bir məkanı təsvir edir. Pompeyin bu əraziyə hücumu əsərin üslub və mövzu baxımından gedişatını əks etdirir. Beləliklə, müəllif Qafqaz xalqlarının reallığını və onlar arasında olan münasibəti (dostluq, münaqişə, həmrəylik, xəyanət) ustalıqla təsvir edir.

 

Əsərdə Pompey Senatın əmri ilə Qafqaza qoşun yeridir. Bu əraziyə gəldikdə latın məəli sərkərdə buranın gözəlliyinə vurulur. Ərazinin qədimliyi, uca dağları, burada yaşayan əhalinin, yəni iber, alban və gürcülərin qəhrəmanlığı, zəkası, vətənpərvərliyi və ləyaqəti onu heyran qoyur.

 

Albanlar və iberlər qəhrəmancasına Pompeyə qarşı döyüşürlər. Hətta qadınlar belə qorxmadan mübarizə aparır və əsərin qəhrəmanına çevrilirlər. Onlar öz sevgililəri ilə birlikdə vətənlərini qoruyur, öz vətənlərinə sadiq olduqları qədər öz ərlərinə də vəfalıdırlar və əsl qəhrəmanlıq nümayiş etdirirlər.

 

Azərbaycan həmçinin ən böyük monoteist dinlərin məkanı olub. Zərdüştlüyün banisi burada doğulub. Pompeyin salnaməçisi Feofan Pompeyə Zərdüşt haqqında məlumat verir və onun yazılarından bəhs edir. O, Zərdüştün əsasən xeyir və şərin mübarizəsi, ədalət, din və s. haqqında dediklərindən bəzi fikirləri Pompeyə nəql edir. Zərdüştün fəlsəfəsi və mistik düşüncələri, Qafqaz xalqlarının nümayiş etdirdiyi böyük qəhrəmanlıq Pompeyi geri çəkilməyə məcbur edir. Və o, qoşunlarını ger çağıraraq Romaya qayıdır. Zərdüştün sözləri Pompeyi dünyaya fərqli cəhətdən

 

baxmağa vadar edir. Həmçinin ermənilərin göstərdiyi yardıma baxmayaraq Pompey anlayır ki, Qafqazın və burada yaşayan xalqların gücünü qırıb onlara qalib gələ bilməyəcək. Çünki Zərdüştün fəlsəfi fikirləri bu xalqın gücündə öz əksini tapır. Lakin Pompey bu uca dağlardan enib öz vətəninə qayıdarkən bir daha anlayır ki, bu hərbi məğlubiyyətdə mənəvi bir qələbə əks olunur.

 

Nəriman Həsənzadənin qələmə aldığı "Pompeyin Qafqaza yürüşüxüsusi bir teatral əsərdir. Bu, İtaliyada müasir teatr ənənələri çərçivəsində istifadə oluna biləcək bir mənzum tarixi dramdır. Əsrin dili vəəllifin üslubu cəhətləri qorunub saxlanılaraq dram nəzm formasında tərcümə olunub. Mətndə istifadə olunan və bəzən tərcüməsi mümkün olmayan realilərin aydın başa düşülməsi üçün qeydlər qoyulub. Bütün milli və mədəni konsertlər italyan dilinə düzgün formada tərcümə edilib və əsərdə milli ruh qorunub saxlanılıb. Əsər teatrda səhnələşdirilərsə, dil və üslub baxımından yenidən bəzi dəyişikliklər edilə bilər. XX əsrin ənənəsinə uyğun olaraq, qeyd etmək lazımdır ki, əsəri səhnəyə qoyan rejissor dramaturq qədər əsərin müəllifi sayılır”.

 

"Pompeyin Qafqaza yürüşünün İtaliya Respublikasındakı nəşri Azərbaycan ədəbiyyatının coğrafiyasının genişləndirilməsinin təzahürü olmaqla tariximizin də düzgün təbliğinin nümunəsidir. N.Həsənzadənin sözləri ilə desək;

 

Tarix bizim oldu

 

tarix yazan özgələr.

 

Tarixə düşməyibdir

 

Bizim tarixi hünər

 

Bizim tarixi kədər.

 

Nəriman Həsənzadə təkcə bu çağırışı ilə kifayətlənmir, əqidəsinə sadiq bu düşüncələrini əsərlərində həyata keçirir, özgələrin yazdığı tariximizin yanlışlıqlarını, yalanlarını üzə çıxarır, islah və ifşa edir, xalqımızın hünərini və kədərini qələmə alır. Təsadüfi deyil ki, onun dram əsərlərinin hamısı tarixi mövzudadır. Tarixin külü altında boylanan keçmişimiz şair qələmi ilə cilalanır, bədii obrazlarda canlanır, millətdə qürur və fərəh oyadır. "Pompeyin Qafqaza yürüşü” də bu qəbildəndir. Əsərdə Pompey Qafqaza işğalçı kimi gəlir, amma burada gördükləri onun düşüncəsində dönüş yaradır, xalqımızın ənənələrindən və mənəviyyatından bəhrələnərək paklaşır, "katarsis” prosesindən keçərək müdrik bir insan kimi geri dönür. Əsərin bu qayəsi F.Tuskanonun da diqqətini çəkib.

 

"Pompeyin Qafqaza yürüşünün italyan dilinə tərcüməsi təkcə bu ölkədə deyil, Azərbaycanda da maraq doğurub. Kitabın Azərbaycan Dillər Universitetində təqdimat mərasimi keçirilib. Tədbiri Universitetin rektor əvəzi Dünyamin Yunusov açaraq Xalq şairinin yaradıcılığı haqqında məlumat verib. Tədbirdə xalq artistləri - Pompey rolunun ifaçısı Ramiz Novruz, rejissor Mərahim Fərzəlibəyov, İranda yaşayan soydaşımız şair Aqşin Ağkəmərli, yazıçı Atababa İsmayıloğlu, professorlar Rüstəm Kamal, Fəxrəddin Veysəlli, Fikrət Cahangirov, başəllimlər Aydan Əliyeva, Xədicə Əyyubova Nəriman Həsənzadənin tarixi dramlarının qayəsindən, "Pompeyin Qafqaza yürüşünün səhnə təcəssümündən söhbət açıblar. Çıxışçılar bildiriblər ki, pyesin italiyalı oxuculara təqdimatı iki xalq arasında ünsiyyəti daha da artırır.

 

Tədbirdən sonra Nəriman Həsənzadə İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillonun qonağı olub. Səfir Romanın tarixi qəhrəmanının obrazını Azərbaycan ədəbiyyatına gətirdiyi üçün Nəriman Həsənzadəyə təşəkkürünü bildirib. O qeyd edib ki, ilk dəfə olaraq orijinaldan birbaşa tərcümənin nümunəsi olan bu bədii əsər onun doğma dilində rahat oxunur, rəvan səslənir. Eyni zamanda iki dövlət arasında mədəni əlaqələrin inkişafının təzahürüdür.

 

Xatırladaq ki, müəllifin seçilmiş əsərlərinin 4-cü cildində dərc olunan bu pyes 1997-ci ildə Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uğurla tamaşaya qoyulub. Rollarda Azərbaycanın tanınmış səhnə ustaları Ramiz Novruz (Pompey), Laləzar Mustafayeva (Məleykə), Məleykə Əsədova (İlkcan) və başqaları çıxış ediblər. Sonralar bu pyes Gəncə, Tbilisi, Naxçıvan dövlət teatrlarında da uzun müddət oynanılıb.

 

Bu tarixi pyesdəki milli və dini ayrı-seçkiliyə qarşı çağırış, təmənnasız məhəbbət, ülvi hisslərin tərənnümü İtaliya xalqına da doğmadır. Ümid edirik ki, bu ölkənin teatrları bu ali hissləri tərənnüm edəne, səhnə sənətinin tələblərinə cavab verən, şərikli və şərəfli tariximizi əks etdirən bu mənzum pyesə biganə qalmayacaqlar.

 

Atababa İsmayıloğlu

Şərq.- 2017.- 10 yanvar.- S.6