ƏHMƏD BƏY AĞAOĞLUNUN ÖZ ƏLİ İLƏ YAZDIĞI HƏYATI - AKİF AŞIRLI YAZIR

 

Azərbaycanın Türk dünyasına və bəşəriyyətə bəetdiyi dühalardan olan Əhməd bəy Ağaoğlunun həyatı, mücadiləsi, fəlsəfi görüşləri, türkçülük duyğusu və çətinliklərlə ərsəyə gətirdiyi onlarla qəzetdə, məcmuədəki yorulmaz fəaliyyəti tam şəkildə öyrənilməyib. Böyük insanlar, fikir-əməl sahibləri özlərindən sonra mənsub olduğu millətə və bəşəriyyətə böyük miras qoyur. Bu mirasa sahiblənmək üçün də böyük qüvvə, əmək sərf etmək gərəkdir. 70 il ömür sürən Əhməd bəy Ağaoğlu Azərbaycanda və Türkiyədə tükənməz mənəvi sərvət qoyub. Zamanın elm-bilik sahiblərinin üzərinə düşən vəzifə isə bu sərvətə sahib çıxmaq, onu sərhədləri bir-birinə qarışan, ovcun içinə "sığışan", bu kiçilən, virtuallaşan, elektronlaşan dünyaya təqdim etməkdir. Təəssüf ki, belə möhtəşəm, dünyaya iki-üç əsrdən bir gələn və gəlişi ilə dünyanı sahmana salmağa çalışan şəxsiyyətlərə üz tuta bilmirik. Türkiyənin elm-bilik insanlarını bəlkə də anlamaq olar. O baxımdan ki, Əhməd bəy Ağaoğlunun doğuşu da, ilk mücadiləsi də burdan, Vətənin Azərbaycan hissəsindən başlayır. Gərək biz başlayaq ki, onlar da qələm götürüb arxivlərə üz tutsunlar, araşdırmalar aparsınlar.

 

Ə.Ağaoğlu milli şüurun, təfəkkür tərzinin formalaşmasında əvəzsiz xidmətlər göstərdi. Şərq ətalətinə bürünən iki-üç qəzetimizə yeni forma gətirdi, Qərb dəyərlərini Şərqin möhtəşəm minillik dəyərləri ilə cilaladı və o Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını formalaşdırmağa çalışdı. Həmkarı Əli bəy Hüseynzadə ilə çiyin-çiyinə buna nail də oldu.

 

Azərbaycan ictimai-siyasi fikir tarixində ermənizmə ilk cəbhəni Ə.Ağaoğlu cavan yaşlarında da ağsaqqal olan Əli bəy Hüseynzadə ilə birgə açdı. Ermənizmlə, Böyük Ermənistan xülyası ilə dünyanın asayişini, nizamını pozan zərərli daşnak ideologiyası ilə mübarizədən geri çəkilmədi. Azərbaycan ziyalılarının, mütəfəkkirlərinin, mütərəqqi din xadimlərinin, milli burjuaziya nümayəndələrinin "Difai" adlı anti-erməni koalisiyasını yaratdı. "Həyat"da, "İrşad"da ideoloji savaş apardı.

 

Azərbaycanın istiqlal savaşında Osmanlı Türkiyəsinin hərbi-siyasi dəstəyini təmin etdi. Azərbaycan Xalq Cümhuriyyətinin Qarabağdan millət vəkili oldu. Osmanlı Türkiyəsinin də, Atatürk Türkiyəsinin də millət vəkili seçildi və ömrünün sonunadək dəmir əqidəsindən dönmədi.

 

Bu gün bəzən Ə.Ağaoğlunun fəaliyyətini tədqiq edənlərin səhv faktlardan istifadə etdiyini görüb, təəssüflənməyə bilmirsən. Bütün bunları gözaltına alıb, bu böyük mütəfəkkirin ömrünün sonlarında qələmə aldığı və Türkiyə mətbuatında ölümündən sonra çap olunan həyatı barədə qısa-xronoloji məqaləni "Şərq"in oxucularına təqdim etməyi milli borcumuz hesab edir və lazım bilirik.

 

Akif Aşırlı

 

 

Əhməd bəy Ağaoğlunun öz əli ilə yazdığı həyatı

 

İki gün əvvəl həyata gözlərini qapayaraq aramızdan əbədiyyən ayrılan mütəfəkkir və mühərrir Əhməd bəy Ağaoğlu həyatının bəzi məqamlarını qələmə alıb. Mərhumun "Məşhur adamlar” ensiklopediyasına tərcümeyi-hal kimi yazdığı yazı bizə ensiklopediyanın müəllifi, İstanbul millət vəkili İbrahim Ələddin Kövsa tərəfindən verilib. Əhməd bəy Ağaoğlunun əziz xatirəsini təkrar yada salmağa əsas olan bu həyat notlarını eynən nəşr edirik.

 

***

 

1869-cu ildə Azərbaycanın Qarabağ vilayətində doğuldum. Atamın adı Haşım bəy, nəsil adımız Ağaoğludur. Babam torpaq sahibi idi. İlk və orta təhsilimi rus gimnaziyasında aldım. Eyni zamanda, evimizdə fars və ərəbcəni də öyrəndim. 1888-ci ildə gimnaziyanı bitirərək, Peterburqa getdim. Amma Peterburqun havası mənə düşmədi, buna görə Parisə yollandım. Parisdə 1889-cu ildən etibarən Sarbon Universitetinin tarix və filologiya şöbəsində təhsilimi davam etdirdim və həmçinin, hüquq fakültəsinə daxil oldum. Bu əsnada ilk kərə osmanlı fikir insanları ilə təmaslarım yarandı və Əhməd Rza bəylə aramızda sıx bir əlaqə quruldu.

 

1891-ci ildə "Nouvelle Revue”lə və "Revue Bleu” adlı Paris məcmuələrində Şərqə aid məqalələr yazmağa, həmçinin, Qafqazda, Tiflis şəhərində nəşr olunan "Kavkaz” adlı rusca nəşr olunan qəzetə şərhlər göndərməyə başladım. 1892-ci ildə Londonda keçirilən Şərqşünaslar Konqresində (Konqres des Orientalistes) iştirak etdim və orada şiə məzhəbinin tədqiqinə, mənbəələrinə aid məruzə oxudum (Les Crijiunes de la Religion Şiite). Bu əsər Kembric Universitetində nəşr edildi.

 

1894-cü ildə təhsilimi bitirərək, məmləkətimə döndüm, amma İstanbulda 6 ay qaldım və bir çox mümtaz şəxslərlə görüşdüm. Əsasən də Münif paşa və Murad bəylə təmaslar, şəxsi əlaqələr qurdum.

Qafqaza döndükdən sonra Tiflisdə yerləşdim. Yenə də "Kavkaz” qəzetinə məqalələr yazmağa davam etməklə bərabər, Tiflis gimnaziyasında fransız dilindən dərs dedim. 1896-cı ildə Şuşa gimnaziyasına fransız diliəllimi təyin olundum, lakin Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev Bakıda rusca nəşr olunan "Baku” qəzetini satın alaraq, məni baş redaktorluğa dəvət etdi. (Görünür, bu tərcümeyi-halı Ə.Ağaoğlu xəstələndiyi bir vaxtda qələmə aldığından səhvə yol verir. H.Z.Tağıyev "Bakudeyil, "Kaspi” qəzetini satın alıb və Şuşadan Ə.Ağaoğlunu Bakıya dəvət edib - A.A).

 

Bu vaxt eyni zamanda Bakı gimnaziyasına fransız diliəllimi təyin olundum. Bakıda bu vəzifələrdə çalışaraq, həmçinin Bakı bələdiyyə üzvü seçildim. O vaxtlar Azərbaycan-türk ləhcəsində "Axund və islam” adlı ilk əsərimi yazdım. Bu əsərin mövzusu türk ictimai həyatının tədqiqindən, sünni-şiə məsələlərindən bəhs edirdi. Digər tərəfdən isə dini-əxlaqi məsələlərə toxunulurdu. Mollalar bundan məmnun olmadılar. Məni təhlükə hesab etdilər. Bütün bunlara rəğmən, mənim israrımla Hacı Zeynalabdin rus hökumətindən türkcə yeni qəzet çıxarmaq xahişi etdi. Fəqət, 1904-cü ildə, yəni Yaponiya hərbi əsnasında hökumətin mövqeyi zəiflədiyindən türkcə qəzet nəşr etmək imkanı yarandı.

 

Bu ilk türkcə qəzetin adı "Həyatidi. Mənimlə bərabər, qəzetin baş redaktorluğunda İstanbul tibb fakültəsinin əllimi Hüseynzadə Əli bəy də bulunurdu. Fəqət, mən ikinci sənə bu qəzetdən ayrıldım. (Burada da yanlışlıq var. Ə.Ağaoğlu "Həyatqəzetinin 100-cü sayından sonra Əli bəy Hüseynzadədən ayrılıb, elə həmin 1905-ci ilin dekabrından "İrşadqəzetini çıxarmağa başlayıb - A.A). Özüm ayrıca türkcə "İrşadvə rusca "Proqressadında iki qəzet çıxarmağa başladım.

 

"İrşad”a Misir və Parisdəki bəzi türk yazarlar da məqalələr göndərirdi. Amma Əbdülhəmid buna mane oldu. Qəzetçilik fəaliyyətimi davam etdirməklə bərabər, əhali arasında maarifi yaymaq üçün "Nəşri-maarifcəmiyyəti təsis etdim. Eyni zamanda, əməli-siyasi mücadilədə iştirak etmək üçün "Difaiadında bir siyasi cəmiyyət quraraq, xalqı rus və erməni təcavüzündən müdafiəyə başladım. Bir neçə dəfə həbs edilsəm də, qorunmağa müvəffəq oldum.

 

Nəhayət, Rusiyada irtica qüvvətləndiyindən, fəaliyyət və qurtuluş imkanları qalmadığından, Qafqazı tərk etdim və Türkiyəyə qaçmağa qərar verdim. Həmin zamanlar ailə qurmuşdum, üç uşağım da vardı. Türkiyəyə 1909-cu ilin mayında gəldim. Burada tanıdığım "İttihad”çılar məni maarif müfəttişi təyin etdirdilər. Həmçinin, "Süleymaniyyəklubuna başqan seçdirdilər. Türkiyədə jurnalistlik fəaliyyətimə o zaman İstanbulda fransızca nəşr olunan "Jeune Turcqəzeti ilə başladım. Bir müddət sonra "Tərcümani-həqiqətqəzeti baş redaktorluğa dəvət etdi. Eyni zamanda da əvvəlcə mənim evimdə qurulan "Türk yurduməcmuəsinin başlıca yazarlarından oldum.

 

 Maarif müfəttişliyində çox az qaldım. 1909-cu ilin təşrini-əvvəl ayında universitetə rusca əllim, eyni zamanda, ilk dəfə təsis edilən "Türk-moğoltarix əllimliyinə təyin olundum. Balkan hərbi əsnasında "Böyük kabinətərəfindən həbs edildim. Fəqət, üç ay həbsdə qaldıqdan sonra azad edildim, 1912-ci ildə həm "İttihadcəmiyyətinin məclis üzvlüyünə, həm də Karahisardan vilayət vəkili seçildim. Hərbi ümumidə (yəni I Dünya savaşında - A.A.) çıxarılan fransızca qəzetin baş redaktorluğuna gətirildim. Hərb ümumi əsnasında Almaniyaya bir heyətin tərkibində göndərildim (Turan heyəti nəzərdə tutulur - A.A.). 1917-ci ildə Azərbaycana gedən türk ordusunun siyasi müşaviri təyin olundum (Ə.Ağaoğlu 1917-ci ildə deyil, 1918-ci ildə Azərbaycan istiqlal savaşına hərbi yardıma gələn Qafqaz İslam ordusu komandanının siyasi müşaviri olub - A.A.).

 

 

1918-ci ildə Azərbaycana yollandım. Sonra Fərid paşa hökuməti tərəfindən tutularaq ingilislərə təslim edildim. 1919-cu ildən 1921-ci ilə qədər Maltada əsir oldum. 1921-ci ildə həbsdən qurtarıb, Ankaraya getdim. Orada əvvəl məni Qaradəniz vilayəti sahillərinə və Şərq vilayətlərini öyrənməyə göndərdilər, həmin yerləri dolaşdım. Sonra mətbuat ümumüdiri təyin olunduğumdan Ankaraya geri döndüm. Burada həmçinin "Hakimiyyəti-milliyyəqəzetinin rəhbərliyinə gətirildim. Zəfərdən sonra millət vəkili oldum. Eyni zamanda da Ankara hüquq fakültəsində "Hüququn əsaslarıfənnindən dərs dedim. Bu vəzifələrim 1931-ci ilə qədər davam etdi. 1931-ci ildə qurulan "Sərbəst firqə"yə daxil oldum. Bu firqə dağıldıqdan sonra İstanbul Universitetinə "Hüquq tarixifənni üzrə müdir təyin edildim. Fəqət, universitetdəki dəyişikliklərə görə işdən azad olundum.

 

Yazdığm əsərlər:

 

Fransızca

 

1) "Societe Orientale” ("Nouvelle Revue” de neşr)

2) "Les Origines de la Religion Chite

 

Rusca:

 

3) "İslamiyyətə grə qadın və islamiyyətdə qadın

 

Türkcə

 

Azərbaycan ləhcəsində:

 

4) "İslam və axund

5) "Üç mədəniyyət

6) "Təşkilati-əsasiyyə qanunu şərhi

7) "Hüquqi-əsasiyyə nəzəriyyəsi

8) "Təşkilati-əsasiyyə qanununun tarixçəsi

9) "Sərbəst insalar ölkəsində

10) "Hüquq tarixi” (I cild)

11) "Dövlət və fərd

12) "İranda XV əsrdən bəri türk hökumətləri

13) "Etrusk mədəniyyəti

14) "İlk Roma ailəsi və ilk türk ailəsi arasında müqayisə

Bundan başqa müxtəlif qəzetlərdə və məcmuələrdə bir çox etüdlər və məqalələr çap etdirmişəm.

Şərq.- 2017.- 14 yanvar.- S.7