JURNALİSTİKADA NƏSİR İMANQULİYEV MƏKTƏBİ...

Bu məktəbin yetirmələri indi də Azərbaycan media siyasətini formalaşdıran şəxslərdi

Ləpirçi, cığır açan - iz salan, insanları ardınca aparandır. Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələrində dərin izlər salan şəxsiyyətlərimiz olub, bu gün də var. Bu sırada milli mətbuatımız da özünəməxsus çəkiyə malikdir. Mətbuat tariximizdə üzü Həsən bəy Zərdabidən bəri məktəb yaratmış şəxsiyyətlərimiz milli qürur mənbəyimizdirlər. Azərbaycan mətbuatının inkişaf tarixindən danışarkən görkəmli maarifçi-ziyalı Nəsir İmanquliyevin adı daim hörmətlə çəkilir, onun rəhbərliyi ilə nəşr olunan "Bakı - Baku” qəzetlərinin jurnalistikamızdakı önəmi xüsusi vurğulanır.Yazıçı-publisist, millət vəkili, Əməkdar jurnalist Elmira Axundovanın AzərTAc-ın xahişi ilə hazırladığı və "Bakı” qəzetinin yarım əsrlik yubileyinə, onun yaradıcısı və uzun illər baş redaktoru olmuş Nəsir İmanquliyevə həsr etdiyi məqaləsi ilə tanış olduq və onu bir daha oxucuların ixtiyarına vermək qərarına gəldik.

Öz siması, dəst-xətti olan qəzet

"Əgər məndən soruşsaydılar ki, Nəsir İmanquliyevin şəxsiyyətini və yaradıcılıq kredosunu ən dəqiq və dolğun səciyyələndirən hansı sözdür, cavab verərdim ki, bu, "birinci” sözüdür.

Nəsir İmanquliyev "Döyüşən Krım” qəzetində hərbi publisistikanın ən yaxşı milli nümunələrini yaradan ilk cəbhə müxbirlərindən biridir. Müharibədən sonra o, Azərbaycan Dövlət Universitetinin ilk müəllimlərindən biri və jurnalistika fakültəsinin təməlini qoyub, Azərbaycan jurnalistikasının əsasları, nəzəriyyəsi və praktikasına dair ilk dərsliklərin və dərs vəsaitlərinin müəllifi, nəhayət, paytaxt sakinlərinin sevimlisi, sovet dövründə ilk "Bakı” və "Baku” axşam qəzetlərinin banisi və əslində əvəzsiz baş redaktoru olub.

İlk cığır açan olmaq çox çətin, ancaq son dərəcə maraqlıdır. Mən Nəsir müəllimi şəxsən tanımasam da, jurnalist həmkarlarımdan, ədib dostlarımdan onun həyatı boyu öz işinə sonsuz vurğunluğu haqqında çox eşitmişəm.

Mətbuatın senzuranın sərt buxovunda çırpındığı bir vaxtda o, Mətbuatda Dövlət Sirlərinin Qorunması üzrə Baş İdarənin bütün döngə-dalanlarını keçərək qəzetin səhifələrində xeyli cəsarətli tənqidi materiallar verir, mədəniyyət mövzusuna geniş yer ayırır, gənc yazıçı və şairlərin "ədəbi generallar”ın qalın jurnallarda dərc etmək istəmədikləri o dövr üçün novator şeir və nəsr nümunələrini dərc edirdi. Qəzetin öz siması, öz üslubu, öz dəst-xətti var idi. Bəlkə buna görə də bakılılar öz qəzetlərini çox sevirdilər. Xatirimdədir, balaca ikən atam, ya da böyük qardaşım məni köşkdən "Bakı” qəzeti almağa göndərirdilər. Mən isə üz-gözümü turşudurdum, çünki axşam qəzetinin təzə nömrəsinin oxucularından ibarət böyük bir növbədə dayanmalı olacaqdım.

Peşəsini heç nəyə dəyişməyən insan

Nəsir müəllim haqqında istedadlı Azərbaycan jurnalistlərinin bütöv bir nəslini yetişdirmiş müəllim kimi də çox danışmaq olar. O, nəzəriyyə ilə təcrübəni bacarıqla uyğunlaşdırırdı. Nümunə üçün heç uzağa getmək lazım deyil. Onun tələbələri "Bakı” qəzetində təcrübə keçir və elə oradaca ştatdankənar müxbirlik edirdilər ki, sonradan maraqlı publisistik yazıların müəllifləri kimi tanınsınlar, qəzet, radio və televiziya redaksiyalarına, informasiya agentliklərinə başçılıq etsinlər ("Bakı” və "Baku” qəzetlərinin baş redaktoru vəzifəsində Nəsir İmanquliyevi əvəz etmiş Ağahüseyn Hüseynov, hazırda müstəqil Azərbaycanın baş informasiya agentliyi - AzərTAc-ın baş direktoru Aslan Aslanov, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, tanınmış telejurnalist Mailə Muradxanlı, yazıçı-publisistlər Yusif Kərimov, Ələkbər Abbasov, habelə müxtəlif vaxtlarda respublikanın çap nəşrlərinə başçılıq etmiş AzərTAc-ın keçmiş baş direktoru Şamil Şahməmmədov, AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılov və bir çox başqaları). Bütün bu insanlar Nəsir İmanquliyevin əsas nəsihətini yaxşı yadda saxlamışlar: jurnalist şərəfini və ləyaqətini gənclik illərindən qoru və heç vaxt var-dövlətə satma.

Nəsir müəllim partiya xətti ilə parlaq karyera qazana bilərdi, çünki artıq 50-ci illərin əvvəllərində partiyanın Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini kimi məsuliyyətli vəzifə tuturdu. İndiki gənclər hətta təsəvvür edə bilməzlər ki, bu məsul vəzifə inzibati-komanda sistemi dövründə partiya işçisinin karyerası üçün necə geniş imkanlar yaradırdı. Sonralar Nəsir müəllim özü etiraf edirdi ki, yüksək vəzifə tutsa da, daim jurnalistikaya, xüsusilə sevimli qəzet işinə qəlbən bağlı idi. Buna görə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənc rəhbərinə sıfırdan başlamaq və iki dildə gündəlik axşam qəzeti buraxmağa qadir kollektiv formalaşdırmaq təklif olunanda Nəsir müəllim tərəddüd etmədən razılıq verdi.Qəzetçiliyin nə peşə, nə də ixtisas deyil, istedad, həyat tərzi, qəlbin harayı olduğunu, onu heç bir vəzifəyə və ya imtiyaza dəyişməyin mümkünsüzlüyünü söyləyənlər necə də haqlıdırlar...”

Yarım əsrlik qəzet

E.Axundova yazır ki, "Bakı” - "Baku” qəzetlərini yenidən dirçəltmək həm də Nəsir İmanquliyevin xatirəsinə ən gözəl töhfə olardı:

"Tam əminəm ki, ötən əsrin 60-cı, 70-ci illərində və sonralar, onun ailəsi respublika rəhbərinin ailəsi ilə qohum olduğu vaxtlarda da Nəsir İmanquliyevə yüksək vəzifələr təklif olunmuşdu. Ancaq öz övladı qədər sevdiyi işinə-peşəsinə xilaf çıxmadı. Təəssüf ki, bizim senzurasız müstəqil Azərbaycandakı keyfiyyətcə yeni şəraitdə sovet jurnalistikasının nailiyyətlərini qoruyub saxlamalıvə inkişaf etdirməli olan nəslimiz bu vəzifənin öhdəsindən layiqincə gəlmədi. Nəsir İmanquliyevin ömrünün 30 ilini bəxş etdiyi qəzet indi bir sıra obyektiv və subyektiv səbəblər üzündən çıxmır. Nəsir müəllimin varisi Ağa Hüseynov "Bakı” və "Baku” qəzetlərinin nəbzinin vurması üçün əlindən gələni edir, bakılıların bu sevimli nəşrini heç olmasa ayda bir dəfə buraxmağa çalışır. Ancaq 30 gündə bir dəfə çıxan qəzet dövri nəşr sayıla bilməz. Nəsir müəllim sağ olsaydı, qəzeti xilas etmək üçün aləmə car çəkərdi. Ancaq biz, mətbuat nümayəndələri, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi ilə məşğul olan adamlar çox laqeydik. Bakılıların yarım əsrlik tarixi olan sevimli qəzetinin yavaş-yavaş tarixdən necə silindiyini sakitcə müşahidə edirik.

Zənnimcə, Bakı Şəhər İcra Hakimiyyəti və paytaxtın digər icra qurumları ciddi surətdə düşünməlidirlər ki, çoxmilyonlu meqapolisin, müstəqil dövlətin paytaxtının həyatını əks etdirən heç bir mətbu orqanı yoxdur. Əminəm ki, "Bakı” və "Baku” qəzetlərinin nəşrinin bərpa edilməsi Bakı ictimaiyyətinin görkəmli Azərbaycan ziyalısı Nəsir İmanquliyevin xatirəsinin əbədiləşdirilməsi işinə ən yaxşı töhfəsi olardı”.

Operativ və dəqiq

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin doktorantı Leyla Rəşid isə Nəsir İmanquliyevi əzmkar ziyalı, baş redaktoru olduğu qəzeti isə dövrün salnaməsi kimi xarakterizə edir:

"Milli mətbuatımızın tarixində xüsusi tipoloji xarakter daşıyan "Bakı” və "Baku” qəzetlərinin təməlini qoyub, bu nəşrlərə 30 il fasiləsiz rəhbərlik edərək peşəkar kollektiv formalaşdırıb, dövrünün, zamanının salnaməsini yaradıb. Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolundakı yaradıcılıq əzmkarlığı olub. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən redaktor xüsusən "Bakı” və "Baku” qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq edib ki, istənilən mətbu orqanın simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Sovet dövründə, ağır senzura şəraitində xəbərin tərəfsizlik, qərəzsizlik, dəqiqlik prinsiplərini reallaşdırmaq böyük cəsarət tələb edirdi. Nəsir müəllim hər zaman peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi: "Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”. Peşəkar jurnalistin, nəzəriyyəçi alimin vaxtilə söylədiyi sözlər bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.Ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış "Bakı” və "Baku” qəzetlərinin səhifələrində respublika həyatının bütün sahələri - iqtisadiyyat, mədəniyyət, təhsil, sosial problemlər və s. ilə bağlı dərc olunan materiallar bu gün də öz aktuallığını qoruyub saxlayır. Kütləvi informasiya vasitələrində obyektivlik və operativlik, forma və məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı” - "Baku” təcrübəsi” xüsusi yer tutur.Böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Jurnalistika fakültəsində çalışan müəllimlərimizin, respublika ziyalılarının, görkəmli şəxslərin Nəsir İmanquliyev haqqında xatirələrindən bu qənaətə gəlirik ki, Nəsir müəllimi bir jurnalist, pedaqoq, ictimai-siyasi xadim kimi xalqa sevdirən onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqətidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, kütlənin rəğbətini qazanmaq və onları öz ardınca aparmaq kimi yüksək insani və təşkilatçılıq xüsusiyyətləri ilə hər zaman fərqlənib.

"Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəviatalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”. Professor Nərgiz Paşayevanın söylədiyi bu fikir Nəsir İmanquliyev insani keyfiyyətlərini bir daha xarakterizə edir. Onun nəcib insan, xeyirxah bir ziyalı olduğunu aydın ifadə edir.

 

Məlahət Rzayevava

Şərq.- 2017.- 17 yanvar.- S.7