Əsl komediya aktyorları  azdır.

Tamaşaçı şit, bayağı komediyaya görə niyə kinoteatra getməlidir?!Arif Quliyev: “Kiminsə başqasını əvəz etməsi şərt deyil”

Valeh Kərimov: "Bizim zamanımızdakı gülüşü yaratmaq üçün yaxşı əsər, rejissor, aktyor lazım idi

Mərahim Fərzəlibəyov: "Bir var heç nə çəkilməsin, bir də var ki, zəif də olsa çəkilir. Zamanla qüsurlar aradan qalxacaqAyaz Salayev: "Sənətə daha ciddi şəkildə yanaşmaq lazımdır”

Bir müddət Azərbaycan kinoteatrlarının boşluğundan narazılıq edirdik. Kinoteatrların fəaliyyət göstərməməsindən gileylənirdik. Son illər paytaxtın bir çox kinoteatrları fəaliyyətlərini bərpa ediblər. Təqdim olunan yerli filmlərin əksəriyyəti komediya janrında çəkilib. Yeri gəlmişkən, komediya janrında televerilişlər, çıxışlar da çoxalıb.

İnsanları güldürməyə çalışan bir sıra aktyorlar müxtəlif səpkili proqramlarla efirə çıxır, böyük salonlarda əyləncələr təşkil edirlər. Komediya janrında fəaliyyət göstərən aktyorlar cəmiyyətin bir qismi tərəfindən bəyənilsə də, digər bir qisim qınanılır. Çoxları yeni nəsil komediyaçıları süniliklə, bayağı mövzular seçməklə günahlandırır və əvvəlki komediya ustalarının daha professional olduğunu bildirir.

Məşhur gülüş ustası, Xalq artisti Arif Quliyev bu mövzuda danışıb. O, yeni nəsil komediyaçıların işinə belə qiymət verib.

"Elməddin, Fərda, Rafael və Çoşqun çox yaxşı fəaliyyət göstərirlər. Yəni gənc nəsil bizi çox əla şəkildə əvəz edə bilir. Ona görə də mən rahat şəkildə istirahət edirəm. Hazırkı aktyorları çox bəyənirəm. Onlar insanların nəbzini tuta bilir, öz üzərlərində işləyirlər. Rəfael və Çoşqunun komediyalarını izləyirəm, onlar hər sözün üzərində işləyirlər, tamaşaçının üzündə gülüş yarada bilirlər. Elməddin və Fərdanın da fəaliyyətini çox bəyənirəm, onların çəkdiyi "Xoxan” filminə baxmışam və mənə ləzzət edib.

İlkin Həsənlinin rəhbərliyində olan "Bozbash picturesin çəkdiyi filmlər, komediyalar çox yaxşıdır. Adını unutduğum digər bir çox komediya ustaları var ki, onlar da insanların üzündə gülüş yarada bilirlər. Kiminsə başqasını əvəz etməsi şərt deyil, mən başqasını əvəz edə bilmərəm, məni də kimsə əvəz edə bilməz. Hərənin özünəməxsus tərzi var. Lütfəli bir dənə olub, onu əvəz edən yoxdur, amma teatr fəaliyyət göstərir. İndi teatrda olmayan, özəl sektorda olan o qədər gənc aktyorlarımız var ki, yetişirlər, kinolar çəkirlər, öz bacarıqlarını məharətlə göstərirlər”.

Xalq artisti Valeh Kərimov ("Moşu”) isə hamını bəyənmir. O bildirib ki, camaat kimi bəyənirsə, demək ki, onlar yaxşıdır.

"Bizim dövrümüz başqa idi, o zaman institutda dərslər keçirilirdi ki, komediyanı, faciəni və digər janrları necə oynayarlar. İndikilər özləri öyrənib gəliblər, yeni janr, üslub yaradıblar, yeni tamaşaçı yetişdiriblər. Tamaşaçılar da onları bəyənir. Mən özüm də tamaşaçı olaraq komediya janrında oynayan bəzi aktyorları bəyənirəm. Amma bəzilərinin komediyaları çox bayağı, şit olur, onlara baxan tamaşaçı da bunu bəyənir. Bizim zamanımızdakı gülüşü yaratmaq üçün yaxşı əsər, rejissor, aktyor lazım idi. Bunlar bir adamın işi deyil. Komediyanı yazan yazıçı olmalıdır, komediyanın janrlarına, tələblərinə qulluq edilməlidir. İndi yazan yoxdur, indiki komediyaçılar da anekdotları çevirib komediya edib oynayırlar. Komediya janrını yaxşılaşdırmaq üçün uzun müddətə ehtiyac var. Komediyanı oynayanlar gərək dərs keçələr, amma indiəllim də yoxdur. İndi öyrədən də yoxdur, öyrənən neyləsin?”.

 

Bu gün çəkilən komediya janrında ekran əsərlərinin bəsitliyi, qeyri-professional şit yumorlar bəzi tamaşaçıların zövqünə cavab versə də, bir çoxlarında qıcıq yaradır. Əslində komediya bayağı gülüş anlamı daşımır deyə, bu janrda olan ekran əsərində güldürməklə yanaşı, tamaşaçını düşünməyə vadar etməlidir. Amma çox təəssüf ki, komediya janrında olan ekran işlərində bəsit gülüş görünsə də, onların böyük qismi düşündürməkdən uzaqdır. Bu isə Valeh Kərimovun də təbirincə desək, bu gün çəkilən şit komediya eyni zamanda şit tamaşaçı kütləsi formalaşdırmış olur. Deməli, kinomuz kütlənin arxasınca getməklə uçuruma yönəlmiş olur. Sənət isə əslində o qədər böyük gücə malikdir ki, ciddi ekran əsəri, yaradıcılıq məhsulu kütləni arxasınca aparmağa qadirdi. Hər bir yaradıcılıq məhsulu tamaşaçı zövqünün formalaşmasına köklənməlidir. Nə yazıq ki, bu gün yerli komediya janrında olan ekran əsərləri zövqsüzlüyü və şit tamaşaçı auditoriyası yetişdirmiş olur.

 

Bayağı, qeyri-professional çəkilən filmlərimiz barədə peşəkarlar nə düşünür? Həqiqətənmi şit komediya filmləri şit tamaşaçı kütləsi formalaşdıra bilər? "Şərq”in suallarına Xalq artisti Mərahim Fərzəlibəyov cavab verdi:

"Ayrı-ayrı prodakşnlar filmlər çəkir. Bu prodakşnlar da kommersiya maraqlarına üstünlük verirlər. Deməli, bazarda onun satdığı mala tələbat olmalıdır. Bu gün də məhz belə komediya janrında olan kommersiya filmlərinə tələbat yaranıb. Bir var heç nə çəkilməsin, bir də var ki, zəif də olsa çəkilir. Zamanla qüsurlar aradan qalxacaq. Bir var ümumiyyətlə heç nə çəkilməsin. Bir də var zəif də olsa, bu sahədə addımlar atılır. Filmlər çəkildikcə, bu sahə püxtələşəcək. Çəkilməsə, daha acınacaqlı olacaq. Amma qüsurlara göz yummaq da düz deyil. Əlbəttə ki, bu komediyalarla yanaşı, psixoloji komediya filmləri də çəkilə bilər. Komediya bəsit gülüş demək deyil. Psixoloji düşündürücü ekran əsərləri yaratmaq olar. Misal üçün, Eldar Ryazanovun filmləri bu baxımdan maraqlı olub. Bu gün komediya janrında film çəkən rejissorlar günün nəbzini nəzərə almağa çalışıblar. Tamaşaçı bu gün belə komediya filmlərinə maraq göstərir. Amma sənət də unudulmamalıdır. Qaldı şit tamaşaçı yetişməsinə, əslində bəli, şit musiqi necə tamaşaçı zövqünü korlayırsa, şit bayağı komediya filmləri də şit tamaşaçı formalaşdıra bilər. Amma bu sahəyə ciddi yanaşılsa, kütləni sənətin arxasınca apara bilərlər. İstəməzdim ki, sənət, kino sahəsi kütlənin arxasınca getsin. Əgər bu sahədə olanlar qərb ədəbiyyatı ilə maraqlansalar, qərb kino tarixinin mahiyyətini araşdırsalar, onda dediyiniz bəsit və şit komediyaya üz tutmağa ehtiyac qalmayacaq. Amma bunu birmənalı şəkildə tənqid etməyək. Zaman bəzən qüsurların aradan qalxması üçün ən düzgün vasitə sayılır. Tamaşaçı seçimində sərbəst buraxılmalıdır. Zamanla problem həllini tapacaq.

Bir də bu gün mətbuatın da bu sahədə təbliği özünü göstərəcək. Kommersiya maraqları olmalıdır, amma sənəti birmənalı şəkildə maddiyyatın qurbanı etmək də düzgün deyil. Lirik psixoloji komediya filmlərimiz olub. Belə filmlərə bu gün də tələbat var. Ciddi lirik komediyalar çəkmək üçün kino sahəsində inkişaf getməlidir. Bu gün bir çox komediya janrında olan aktyor, aktrisaların oyununa da bayağı yanaşanlar var. Kimisi Afaq xanımı sevə bilər, kimisi onun oyununu şit qəbul edə bilər. Amma Afaq Bəşirqızı çox güclü aktrisadır. Oynadığı obrazlar həyatdan götürülüb. Qaldı Nəsibə Zeynalova kimi aktrisalar niyə bu gün yoxdu? Belə sənətkarlar əsrdə bir dəfə yetişir. Kimlər varsa, onların də qədrini bilməliyik. Mətbuatda çəkilən ekran əsərləri barədə fikirlər yazılmalı, obyektiv tənqidlər özünü göstərməlidir. Birmənalı şəkildə görülən işləri də tənqid etmək düzgün deyil. Bu gün çəkilən komediya filmlərimiz nə qədər şit görünsə də, onlar üçün əmək sərf olunub. Kütlə sənətin arxasınca getməlidir. Bu bir aksiomadır. Amma bu gün kommersiya maraqlarını da nəzərə almaq vacibdir. Kino dünyəvi mövzulara müraciət etməlidir. İstər komediya janrında, istərsə də lirik komediya filmlərində tamaşaçını düşündürmək lazımdır”.

 

Kinoşünas Ayaz Salayev də "Şərq”ə açıqlamasında bu məsələyə münasibət bildirdi:

"Düzünü desəm, bu gün çəkilən yerli komediya filmlərimizi izləməmişəm. Ona görə də onlar barədə fikir bildirmək istəməzdim. Kommersiya maraqları üstündə çəkilən filmlər barədə nə demək olar? Burada sənət ikinci planda dayanır. Amma ümumilikdə Azərbaycan kinosunda durğunluq, bəsitlik yaşanır. Bunu söyləmək mümkündür. Komediya kino sahəsində önəmli janrlardan sayılır. Amma bizdə çəkilən bugünkü filmləri sənət əsəri kimi qəbul etmək də düzgün deyil. Sənət tamamilə başqa bir mövzudur. Sənətə daha ciddi şəkildə yanaşmaq lazımdır. Kinoteatrlarda təqdim olunan və konkret olaraq kommersiya maraqlarına xidmət edən ekran işlərini kino adlandırmaq da əslində professionallıqdan uzaqdı”.

 

Tahirə

Şərq.- 2017.- 25 yanvar.- S.13