Araşdırma  jurnalistika  heç vaxt sıradan çıxmayacaq

Əslində peşəkar medianın üstünlüyü araşdırma yazılarda və müsahibələrdə özünü göstərir

Jurnalistika cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal rol oynayan, daim inkişafda olan fəaliyyət sahəsidir. Ona görə də, bu sferada çalışan kadrların peşə hazırlığı, onların nəzəri və təcrübi bilikləri çox vacibdir. Hazırda müasir jurnalistika media sahəsində illər boyu mövcud olmuş bir sıra metod və formalardan imtina edərək dövrə uyğun olaraq yeni tərzdə fəaliyyət göstərməyə başlayıb. Əvvəlki dövrlərə nisbətən bir qədər arxa planda qalan mətbuatın mühüm janrlarından biri də araşdırma jurnalistikasıdır.

Ekspertlər bu janra marağın itməsinin səbəbini internet medianın inkişaf etməsində və operativ informasiya siyasətinə daha çox üstünlük verilməsində görürlər. Medianın nisbətən cavan növlərindən sayılan bu janrın yaranma tarixi XIX əsrin ikinci yarısından başlayır. Ötən dövr ərzində janrın əsas xüsusiyyətləri və ona göstərilən tələblər formalaşıb. Bunlar araşdırma jurnalistikasının həm mövzu dairəsini, həm də aparılma metodikasını əhatə edib. Məsələ ondadır ki, jurnalist təhqiqatı onunəllifindən bəzən yaradıcı keyfiyyətdən daha çox təşəbbüs, iradə və ədalət tələb edir. Ona görə ki, bu janrın əsas predmeti heç də adi hadisələr deyil, birbaşa cəmiyyəti narahat edən, hətta bəzən dövlət orqanlarının üzə çıxarmaqda çətinlik çəkdiyi faktların aşkarlanması ilə əlaqədardır. Yaxın müddətə qədər "araşdırmaçı-jurnalist” ifadəsi jurnalistlər arasında birmənalı qarşılanmırdı və bəzi narazılıqlara səbəb olurdu. Məlumdur ki, hər bir materialın yazılması üçün araşdırma mütləqdir, çünki araşdırma bu peşənin ayrılmaz hissəsidir. Əslində jurnalistika özü peşə olaraq araşdırma fəaliyyəti deməkdir. Hər hansı xəbərin qələmə alınmasından əvvəl az və ya çox dərəcədə bir araşdırma fəaliyyəti dövriyyəyə girir. Artıq bu janrla bağlı ziddiyyət yoxdur və KİV nümayəndələri belə bir sahənin mövcudluğunu qəbul edirlər. Təbii ki, bütün gizli məqamları tam açıqlamaq hər zaman mümkün olan proses deyil. Bununla yanaşı, cəhdin özüəyyən gizli faktların açıqlanması və ya fərqli baxışların formalaşması üçün şərait yaradır. Hadisələri təfərrüatı ilə öyrənə bilmə, faktları ortaya çıxarma və buna bənzər məqsədlərlə araşdırma aparma jurnalistika fəaliyyətinin əsasını təşkil edir. Bu baxımdan hər jurnalistin araşdırmaçı-jurnalist olduğunu söyləmək mümkündür. Ancaq jurnalist araşdırması önəmli yenilikləri ehtiva etməsi və cəmiyyət üçün böyük əhəmiyyətə malik olması ilə digər janrlardan fərqlənir.

 

Ekspertlərin fikrincə, araşdırmaçı-jurnalist çox təcrübəli olmaqla, bir detektiv həssaslığı ilə detalları izləməyi bacarmalıdır. Araşdırma bir çox informasiya mənbələrinə əsaslanır ki, onların sırasında insanlar, sənədlər, arxiv materialları, şəxsi müşahidəni göstərmək olar.

 

Onu da qeyd etmək lazımdır ki, məlumat işçisinin araşdırması ilə müxbirlik fəaliyyəti arasında fərq də var. Bir məmurun xarici ölkəyə səfəri haqqında ekspertlərlə görüşmək və onların rəyini üz-üzə və ya telefon vasitəsilə öyrənmək jurnalistin apardığı və aparmaq məcburiyyətində olduğu araşdırmalardandır. Araşdırmaçı-jurnalistlər onlara informasiya çatdıran, şübhəli motivləri olan hər insanın sözünə etibar etməməli, səbr və təmkinlə problemin kökünə enməyə çalışmalıdır. Ümumən jurnalist araşdırması yorucu və əziyyətli bir işdir. İstər jurnalist araşdırmasında, istərsə də məlumat toplama prosesinin hər hansı mərhələsində jurnalistləri bu yorucu və əziyyətli gözləyir. Dünya jurnalistika tarixində araşdırma mediaya aid edilən ilk nümunələr məhz peşəkar yazarların qələminin məhsuludur. Amerika jurnalistikasında Mark Tvenin məqalələri, fransız jurnalistikasında isə Emil Zolyanın "Dreyfus işi” ilə bağlı publisistik yazıları araşdırma jurnalistikasına nümunə çəkilir. Rus jurnalistikasının ilk araşdırma məhsulu isə A.S.Puşkinin "Puqaçov üsyanı” əsəri hesab olunur. Türkiyə mediasında da araşdırma yazılar xüsusi önəm daşıyır. Hazırda Azərbaycan jurnalistikasında araşdırma dedikdə, kriminalla bağlı materiallar ön plana çıxır. Onun digər qolunu isə tarixi araşdırmalar təşkil edir.

 

Sözügedən janrla bağlı "Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli deyib ki, yeni formalaşan internet mediada ən ciddi tələb olunan amil operativlikdir. Ona görə də saytlarda adətən kiçik həcmli xəbərlərə yer verilir:

 

"Amma bu o demək deyil ki, yeni medianın tələbləri ciddi jurnalistikanı, araşdırma yazıları, analitik mövzuları, müsahibələri və reportajları sıradan çıxarmalıdır. Bütün dünya mediasında mövcud olan vəziyyət budur ki, əvvəlcə hansısa məsələ ilə bağlı kiçik informasiya yayılır. Daha sonra isə həmin mövzu dərindən araşdırılır, xırda detalları ilə birlikdə cəmiyyətə təqdim olunur. Məncə, xəbər janrının öz oxucu kütləsi olduğu kimi, araşdırma yazıların da öz auditoriyası var. Hətta deyərdim ki, hadisənin təfərrüatları ilə maraqlananların sayı daha çoxdur. Təəssüflər olsun ki, Azərbaycan mətbuatında araşdırma jurnalistika sahəsində vəziyyət qənaətbədeyil. Bu da ilk növbədə mediamızın iqtisadi problemləri ilə bağlıdır. Həm də burada zaman amili böyük rol oynayır. Araşdırmalar üçün çox vaxt tələb olunur və əlavə pul lazım olur. Məsələ burasındadır ki, araşdırma yazılara verilən qonorar kiçik xəbərlərə nisbətən fərqli olmalıdır. Amma mövcud vəziyyət bunun qarşısını alır. Ona görə də jurnalistlərin çoxu araşdırmalardan qaçır. Təbii ki, bu hal yolverilməzdir. Janrlar arasında balans gözlənilməlidir”.

 

Ekspert deyib ki, indiki saytların çoxu xəbərləri biri-birindən kopyalayıb yaymaqla məşğuldur: "Konkret xəbər əsasında araşdırma yazı hazırlayan, özünəməxsus məqalə ortaya qoyan media orqanlarının sayı azdır. KİV-lər bilməlidir ki, oxucu onların öz məhsullarına daha çox diqqət yetirir. Bəllidir ki, araşdırma məqalələr xüsusi peşəkarlıq tələb edir. Məncə, hər jurnalistdən bu sahə ilə məşğul olmağı tələb etmək doğru olmaz. Ona görə də araşdırma janrına önəm verən tək-tük müxbirlərə stimul vermək, onları həvəsləndirmək lazımdır”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, araşdırma jurnalistikanın hər zaman mediada xüsusi yeri olub və indi də var:

"Hər zaman peşəkar oxucular, konkret sahə ilə maraqlanan insanlar araşdırma jurnalistikasının ortaya qoyduğu faktlara, məsələlərə ciddi yanaşıblar. Azərbaycanda vəziyyət isə bir qədər fərqlidir. Məsələ burasındadır ki, araşdırma jurnalistika ölkəmizdə populyar olduğu dövrdə belə azərbaycanlıların böyük əksəriyyəti oxumağı sevmirdilər. Elə indinin özündə də oxuma sevgisi böyük deyil. Hətta elə adamlar var ki, ancaq xəbərlərin başlıqlarına baxırlar. Bir çox hallarda xəbərin içində söhbətin nədən getdiyinin fərqinə varmırlar. Təbii ki, belə məqamda geniş və ciddi araşdırma yazıların oxunmasını gözləmək mümkünsüzdür. Dünyanın bir çox ölkələrində internet media populyarlıq qazandıqdan, informasiya bazarında üstünlüyü ələ aldıqdan sonra araşdırma jurnalistikaya diqqət artıb. Adətən ciddi resurslar və çap mediası araşdırma mövzulara üstünlük verirlər. Amma Azərbaycanda bu proseslər bir qədər ləng inkişaf edir. Lakin prosesin tamamilə ciddi narazılıq yaradacaq həddə gəlib çatdığını düşünmürəm. Bu, zamanla öz yoluna düşə biləcək bir məsələdir”.

 

Baş redaktor bildirib ki, araşdırma jurnalistikası heç vaxt sıradan çıxmayacaq. Nə qədər ki, cəmiyyət var, problemlər və neqativ hallar var, araşdırma jurnalistika da mövcud olacaq: "Məsələnin digər tərəfi medianın özünün strukturları, imkanları və potensialı ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, araşdırma yazılarda kifayət qədər vaxt tələb olunur. Bəzən bir araşdırma məqalə hazırlamaq üçün jurnalistə günlər, aylar lazımdır. Jurnalist çalışmalı, faktın üzərinə getməli, hətta hansısa faktı əldə etmək üçünəyyən imkanlara sahib olmalıdır. O zamanəyyən resurslar xərclənməlidir. Lakin əksər hallarda medianın bu işi görməyə imkanları çatmır. Bu, həm peşəkarlıqla, həm maddi resurslarla bağlı məsələdir. Cəmiyyətin bütün institutlarının cəmiyyətə açıq olmaması ilə bağlıdır. Problemlər çoxdur, amma bu problemlərin aradan qaldırılması istiqamətində işlərin görüldüyünü deyə bilərəm. İndi görülən işlər nə qədər sürətlidir, intensivdir, bu, başqa müzakirə mövzusudur. Prinsip etibarı ilə düşündüyümüz qədər acınacaqlı vəziyyət yoxdur”.

 

E.Mirzəbəylinin sözlərinə görə, internet mediada elə saytlar var ki, onlar ciddi araşdırma yazılar ortaya qoyurlar: "Sadəcə xəbərə söykənən siyasət yürütməyən saytlar var. Ad çəkmək istəməzdim. Ölkədə barmaqla sayılan informasiya agentlikləri araşdırma yazılara daha çox diqqət yetirirlər. Şübhəsiz ki, geniş araşdırma yazıların oxucuları xəbər oxucularından sayca çox azdır. Çünki siyasi və iqtisadi proseslərlə bağlı dərinə getmək çox adamda maraq doğurmur. Sosial şəbəkələr də bir tərəfdən insanları daha tez və ucuz xəbərlə təmin edirlər. Bu şəbəkələr oxucuları daha bayağı məlumatlara alışdırıblar”.

 

"Yeni Müsavat” qəzetinin əməkdaşı, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu isə düşünür ki, internet medianın inkişafı ilə araşdırma jurnalistikanın önəmi daha da artıb: "Çünki artıq xəbər daşıyıcısı yalnız jurnalistlər deyil, xəbərlər müxtəlif vasitələrlə sürətlə yayılır. Məsələn, həvəskar bir bloqçu öz səhifəsində istənilən mediadan daha operativ xəbər servis edə bilir. Ancaq jurnalistikanın əsas üstünlüyü odur ki, araşdırma yazılar, müsahibə və şərhlər kimi bloqçuların əli çatmayan sahələrdir. Peşəkar medianın üstünlüyü araşdırma yazılarda və müsahibələrdə özünü göstərir. Bu mənada müasir zaman əslində yaxşı araşdırmaçıların, peşəkar sahə üzrə ixtisaslaşmış jurnalistlərindir”.

(davamı var)

İsmayıl

Şərq.- 2017.- 26 yanvar.- S.11