Bu gün Rəsulzadənin doğum günüdür.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Sherg.az xəbər verir ki, M.Ə. Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Rəsulzadə ömrünün son günlərində Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib. M.Ə. Rəsulzadənin ömrünün son illərini harada, necə yaşaması və hansı işlərlə məşğul olmasını öyrənmək üçün tarixçi alim, M.Ə.Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu ilə əlaqə saxladıq. O, Sherg.az- a açıqlamasında qeyd etdi ki, Rəsulzadə ömrünün son günlərini Türkiyənin böyük şəhərlərindən olan Ankarada keçirib: "

O, 1948-ci ildən başlayaraq Ankarada yaşayıb və orada "Milli Kültür" kitabxanasında çalışıb. Bu müddəti də Rəsulzadə məhsuldar yaşayıb. Türkiyəyə gəldikdən qısa müddət sonra 1949 - ilin fevral ayında orada Azərbaycan Kültür Dərnəyi yaradıb. Bütün mühacirətdə olan azərbaycanlıları bir aray gətirib və bir təşkilat ətrafında birləşdirib. Bir qədər keçəndən sonra isə 1952-ci ilin aprel ayından başlayaraq Rəsulzadə "Azərbaycan " adında jurnal çap etdirib və Azərbaycanın tarixi və mədəniyyətini jurnaldakı yazılarda əks etdirib. Eyni zamanda M.Ə. Rəsulzadə özünün çox dəyərli əsərlərini yazıb, yaradıb. Rəsulzadənin gördüyü ən böyük işlərdən biri onun "Azərbaycan şairi Nizami" adlı böyük bir əsərini yazmasıdır. Bu əsəri ilə o, Nizamişünaslıq elminə böyük töhvə verib. Bununla yanaşı M.Ə.Rəsulzadə o dövrdə Almaniyada fəaliyyət göstərən Azadlıq və Amerikanın səsi radiolarında çıxış edib. Azərbaycan xalqına müraciət edərək onları azadlığa, istiqlala çağırıb.

N. Yaqulblu diqqətə çatdırıb ki, Rəsulzadə fəaliyyətinin bir sahəsi də o dövrdə Almaniyada fəaliyyət göstərən SSRİ-ni Öyrənmə İnstitutunun keçirdiyi konfranslarda iştirak etməsi olub: "

Rəsulzadənin həyatında elə bir məqam olmayıb ki, o, Azərbaycanla bağlı olmasın. Dünyadan köçəndə də son nəfəsində 3 dəfə Azərbaycan, Azərbaycan, Azərbaycan sözlərini işlədib. Bunu mənə onun yanında olan silahdaşları Məhəmməd Kəngərli (Azərbaycan Kültür Mərkəzinin əsas simalarından) və Əhməd Qaraca ( Azərbaycan jurnalında uzun müddət baş redaktor vəzifəsində çalışıb) deyiblər. Rəsulzadə bütün həyatını Azərbaycana sərf edib".

Rəsulzadənin ölüm səbəbinə toxunan tarixçi onu da əlavə edib ki, onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir:

"Bu da, təbiidir. Çünki o, ağır bir ömür, həyat yaşamış bir insan olub. Amma o sağam insan olub. Onun bir neçə məqaləsini tapmışam ki, həmin məqaləni vəfatından bir neçə ay öncə qələmə alıb. Bu da, deməyə əsas verir ki, Rəsulzadə ömrünün son günlərində də sağlam həyat yaşayıb".

Rəsuzladənin zəngin bir irs qoyub getdiyni söyləyən N.Yaqublu vurğulayıb ki, onun 5 cildli kitabını çap ediblər. Orada 1907-ci ilə qədər olan hadisələr yer alıb:

"Hazırda biz onun 10 cildlik əsərlərini çap edirik. Artıq birinci cild çap olunub başa çatıb. Burada onun Almaniya, Polşa, Fransa, Ruminiya və Türkiyədə keçirdiyi mühacirət dövrü və yazdığı əsərlərin hamısını toplamışıq. Onları çap edirik. Onun ikinci cildini -"Rəsulzadənin mühacirətdəki əsərləri II cild" - çapa hazırlayırıq. Sonra isə 3 və 4-cü cildlər gələcək. Sonuncu iki cildi isə onun şəxsi yazışmaları və məktublaşmaları olacaq. Rəsulzadə çox zəngin bir irs qoyub gedib. Bizim də borcumuz bu irsi toplayıb, gələcək nəslə çatdırmaqdır".

 

Ayyət Əhməd

Şərq.- 2017.- 31 yanvar.- S.5