Qadın o zaman qocalır, kı özünü  sevmir”

Fərqanə Qasımova “Ruhunu itirən qadın, sevgisiz qalan qadın yaşarkən ölüdən fərqlənmir”

Onun ifasında bir rahatlıq tapmaq mümkündür. İlahi ifasıyla auditoriyaları fəth edən, Alim Qasımovun ecazkar musiqi dəryasından su içən əməkdar artist Fərqanə Qasımova ilə uzun müddətdir həmsöhbət olmaq istəyirdik. Demək ki, Tanrının məsləhət bildiyi məqamı gözləmək lazım imiş. Özünün də təbirincə desək, o, həyatın hər addımında ilahi bir işarəyə inanır. Elə bəlkə də bu səbəbdən müğənni ilahidən onu özüylə baş-başa buraxmamağı arzulayır. Biz Alim Qasımovun qızı, illərdir duet ortağı, dostu, sirdaşı olan Fərqanə Qasımova ilə söhbətə başladıq. Əslində maraqlı həmsöhbət olduğunu bir də aydınlaşdırdıq.

- Hər vaxtınız xeyir. Fərqanə xanım, mətbuata niyə az hallarda açıqlama verirsiniz?

- Xoş gördük. Mən mətbuatda görünməyi o qədər sevmirəm. Amma peşəkar mətbuat nümayəndələrinə, jurnalistlərə təbii ki, sonsuz hörmətim var. İnandığım, qələminə etibar etdiyim jurnalistlərlə həmsöhbət olmağa çalışıram.

- Alim Qasımovun qızı olmasaydınız, yenə sənətə gələrdinizmi?

- Bu çətin sualı cavablandırmaq üçün düşünməyə ehtiyac var. Belə suallar adamı çaşdırır həmişə. İnsan həyatı o qədər gözlənilməz anlar yaşadır ki, dəqiq söz demək mümkün olmur. İnsanın həyatı ilə bağlı proqnoz söyləmək əslində çox çətindi. Axı həyat sənin planların üstündə davam etmir. İnsan bəzən elə bilir ki, arzuladığı, əvvəlcədən planlaşdırdığı həyatı yaşaya bilər. Amma belə deyil. Hər bir insanın həyat çığırı olur. Su necə cığırını tapırsa, insan həyatı da öz çığırında davam edir. Düşünürəm ki, alın yazısını yaşamağa məhkumsan. Qaldı səhnədə varlığıma, mənim genimdə istedad var. Artıq dünyaya gələndə istedad mənim canımda, qanımda olub. Doğulanda istedadlı doğulmuşam. Təvazökarlıqdan uzaq səslənə bilər. Amma sadəcə olanı deyirəm. Körpə ikən ağlayanda artıq səsimdə o istedad hiss olunub. Ailədə bu baxımdan digər uşaqlardan seçilmişəm. Özümün içində sənətə olan sevgi ilə yanaşı, dizayn, modelyer kimi sahələrə də maraq olub. Bəlkə də Alim Qasımovun qızı olmasaydım, məşhur modelyer, ya da ev dizaynı sahəsində iş qura bilərdim. Nə bilim, bu gün belə düşünürəm. Amma qismət belə oldu ki, səhnəyə gəldim.

- Elə çıxır ki, məhz Alim Qasımovun qızı olmaq birmənalı şəkildə sizin səhnəyə gəlişinizə vasitə oldu...

- Bəli. Belə demək olar. Elə bilin ki, düşünmədən səhnəyə, sənətə gəlmişəm. Sadəcə istedadım olub.

- Bu gün necə, o məsuliyyəti dərk edə bilmək çətin deyil ki, mən Alim Qasımovun qızıyam və səhnədəyəm?!

- Əslində mən onu özümdə hələ kiçik yaşlarından, özümü tanımağa başlayandan dərk etməyə başladım ki, Alim Qasımovun qızıyam. Atamın adının məsuliyyətini, muğamın məsuliyyətini dərk etmişəm. Ağırlığını hiss etmişəm. Hələ kiçik yaşlarından məsuliyyət altında qalan uşaq olmuşam. Mənim çiynimə özümdən ağır yük düşüb. Bu yükü daşımağa məhkum olmuşam.

- Yəni bunu yükmü hesab edək?

- Əlbəttə ağır yükdü. Bəzilərinə kənardan asan görünə bilər ki, Allim Qasımovun qızı olaraq yaşamaq asandı. İnanın səmimiyyətimə ki, Alim Qasımovun qızı olaraq yaşamaq, görünmək həqiqətən o qədər asan deyil. Övladıyam deyə onun üstümdə hər zaman nəzarəti olub. Amma mən də övlad olaraq üzərimə düşən məsuliyyətimin fərqində olmuşam. Sənətə sevərək yanaşmışam. Atamın yolunu onun adına layiq davam etməyə cəhd etmişəm. Alim Qasımovun yanında olmaq, onunla eyni səhnəni paylaşmaq özü böyük bir sevincdir. Onunla eyni səhnədə olmaq, onunla həmdərd olmaq, yol yoldaşı olmaq hər insana qismət olmur. Onunla hər görüş bir yenilik öyrənmək deməkdir. Alim Qasımov bir canlı məktəbdi. Onun həm də çətin xarakteri, özünə görə "kapriz”ləri var. Atam çox şeyi sevməz, çox şeydən inciyər. Belə baxanda çox sadə insandı. Amma bu sadəliyin içində o qədər də mürəkkəblik var ki, mən onu kitab kimi oxuyuram.

- Nə zamandan Alim Qasımovun ruhunu oxumağı öyrəndiniz?

- Vallah, gözümü açandan onun dünyasında oldum, elə o gündən də onu dərk etməyi öyrənməyə başladım. Onunla illərdir yol yoldaşıyam, dostam. O təkcə mənim atam deyil axı. O mənim sirdaşım, dostumdur. 20 ildən artıqdır həm sənət yoldaşıyam atamla, həm yol yoldaşıyam, eyni məkanlarda oluruq, eyni səhnəni paylaşırıq, təyyarədən tutmuş bəzən xaricdə olan görüşlərə qədər hər addımında yanında olmuşam. O, yaradıcılığını mənimlə bölüşür. Bizim həyat tərzimiz Bakıya gələndə fərqli olur ancaq. O, Bakıya gəlir öz ailəsi, evi, mənim öz ailəm, evim, ev qayğılarım.

- Belə bir deyim var da, soruşurlar qardaşın kimdir, deyirlər yol yoldaşı olmamışıq...

- Burda mənlik də bir şey yoxdu. Bu, enerji məsələsidir. Ruhların yaxınlığı ilə bağlıdır. Mən demək Allaha xoş getməz. Mənim atamla enerjim demək olar ki, eynidir. Elə ata-bala var ki, yola gedə bilmirlər, ayrı-ayrı dünyaların adamları olurlar. Ata o demək deyil ki, mütləq biri-birini anlaya bilirlər. Bizim iç dünyamız birdir. Bu da Allahdan gələn bir xeyirdir. Ruhumuz biri-birinə oxşardı.

- Bəs Alim Qasımovla Fərqanəni biri-birindən ayıran, fərqləndirən nədir?

- Atam hər zaman mənə deyir ki, əslində sənin öz yolun, üslubun var. Heç vaxt Alim Qasımovu təkrarlamağa, ona oxşamağa çalışmamışam. Baxmayaraq ki, 3-4 yaşından onun musiqiləri ilə qidalanmışam, amma onu təkrar etməyə cəhd etməmişəm, buna cəsarət də etməmişəm. O, muğamda, səhnədə mənə elə bir sərbəstlik verib ki, bənzəməyə ehtiyac hiss etməmişəm. İfa edəndə dönə-dönə deyib ki, bir də oxu, bir də axtar, ifada özünü tap. Onun bu münasibəti məndə muğama fərqli bir münasibət yaradıb. Muğama özümün baxışım formalaşıb, münasibətim yaranıb. O baxışı da hər ustad tələbəsində formalaşdıra bilmir. Hər ustadın işi deyil, hər tələbənin də işi deyil ki, Alim Qasımovun yanında olub özünəməxsus bir yol tuta bilsin. Bilirsiz, Alim Qasımovla bu yolu bir yerdə keçməyi isə Allahın mənə verdiyi bir şans hesab edirəm. Alim Qasımovla yol yoldaşı olmaq, eyni səhnəni paylaşmaq nə qədər çətindisə, o qədər də şərəflidir. Atam olduğu üçün demirəm. Mən sənətdə olan insan olaraq xoşbəxtəm ki, Alim Qasımovla birgə dünyanı dolaşırıq, Azərbaycan muğamını təbliğ edirik.

- Atanız səhnədə verdiyi sərbəstliyi həyatda necə, qızı Fərqanəyə verə bilibmi? Mühafizəkar insan olduğunu bilirik, maraqlıdır, ata olaraq nə qadağaları olub?

- Mən sanki Alim Qasımovun adının dəyərini uşaq ikən dərk etdiyimdən uşaqlıq etməmişəm. Uşaq ikən böyüməyi öyrənmişəm deyə mənə bu olar, bu olmaz deyə nəsə deyilməyib. Atamı həm də insan kimi sevə bilmişəm. İlk solo konsertimdə atama səhnədən söylədiyim fikirlərim oldu. Səhnədən atama müraciət edəndə bildirdim ki, mənə həyatda tək inanan insandı. Düşüncələrimə hörmət edən, ağlıma etibar edən yeganə insandı atam. Baxmayaraq bu qədər ata-bala münasibətində yaxınlıq var, eyni zamanda çərçivə, hörmət də var. Qəribədir ki, bizim dünyamızda sərbəstlik qədər pərdə də var, dostluq qədər inam-etibar, güvən də var. O mənə heç vaxt deməyib ki, bunu etməməlisən. Bu günə qədər elə bir qadağa eşitməmişəm. Mən özüm bilirəm ki, bunu edə bilərəm, bunu yox. O yalnız məsləhət verib ki, bax, elə et ki, sənə rahat olsun. Elə et ki, sənə ağırlıq düşməsin.

- Bir az da özəl danışıq bəlkə... Qadın olmaq çətindimi?

- Biz yaranışımızdan qadın olaraq dünyaya göz açmışıq. Dəyişmək kimi bir seçimimiz yoxdu. Nəyi dəyişə bilərik? Amma qadın olmaq əslində çətindi. Bu bizim missiyamızdı. Qadın olmaq əslində həm də şərəflidir. Qadın olaraq dünyaya gəldiyimizlə qürurlanmalıyıq. Qadının o qədər gözəllikləri, özəllikləri var ki, şükür etməliyik. Allaha şükür etməliyik ki, Allahım, sən məni özünə nə qədər yaxın hiss etmisən ki, məni qadın yaratmısan. Qadın zəif deyil, sadəcə həssas, zərif bir varlıqdı.

- Deyirsiz qadın güclü qüvvədir...

- Bəli, qadın zərif olduğu qədər də güclü varlıqdı. Kişilərdən də bəlkə güclüyük. İnanın.

- Güclü qadın olmağınızı özünüzə xatırlatdığınız anlar olubmu?

- Çox olub. Təbii ki, insanın çətin anları ola bilir. Həyatda hər bir insanın bəzən səbəbli, bəzən səbəbsiz hisslərə qapıldığı anlar olur. Bu məqamlarda təbii ki, özümə bir xatırlatmam olub ki, mən güclüyəm. Bir qadının ki, arxasında ona dəstək olan, ona dayaq olan insanlar olur, o həqiqətən özünü güclü hiss edir. Heç vaxt sınmır. Yaxınlarından, doğmalarından dəstək görməyəndə sına bilirsən. Bəzən insanın yaxınları belə qısqanc olurlar. Uğurlarına, həyatına qısqanc yanaşırlar. Qısqanclıqlar mənə həyatda çox mane oldular, həm də məni güclü etdilər. O qısqanclıqlar, o sınaqlar məni gücləndirdi. Məndə iradə yaratdı ki, sən yıxıla bilməzsən. Ayaq üstə durmağı öyrənməlisən.

- Hicablı xanımsız. Qastrol səfərlərində, səhnədə hicablı olmaq sizə maneçilik yaratmayıb ki? Sirr deyil ki, bu gün Avropada hicaba birmənalı yanaşılmır...

- Həyatımda baş verən hər məqamı Allahla bağlayıram. Bəlkə açıq olsaydım, səhnədəki Fərqanə daha fərqli olardı. Amma hicabda olmaq mənə heç vaxt mane olmayıb. Belə bir olmuş hadisəni sizə danışım. Amerikada Alim Qasımovla "Leyli və Məcnun” əsərini səhnəyə qoymuşduz. Hətta xaricdə bu məsələyə toxunulub da. YoYoma bizə bir neçə dəfə təklif etdi ki, səhnəyə qoyaq. Bir müddət əvvəl müsəlman-terrorçu məsələsi çox qabardı. Bu vaxt düşündüm ki, bu əsəri mütləq səhnəyə qoymalıyam. Bu, müsəlmanın bir mesajı olar dünyaya. Müsəlmanlara, hicablı xanımlara münasibətdə yanlış yanaşma var. O yanaşmanı dəyişmək üçün Avropa tamaşaçısına bir mesaja ehtiyac duydum. Əslində açıq geyinən qadının hansı əqidəyə qulluq etdiyini təyin etmək mümkün deyil. Amma hicablı qadının müsəlman olduğunu deməyə belə ehtiyac qalmır. Hicab qadının sanki pasportudur. Hicablı olduğum üçün də qürur duyuram. Mən dövlətimə minnətdaram ki, hicabla səhnəyə gəlişimə mane olmayıblar.

- Qadın nə zaman qocalır? Nə zaman qocaldığını hiss edir?

- Qadın elə sehrli, maraqlı bir varlıqdır ki, onu çözmək, tam öyrənmək mümkün deyil. Qadın nə zamana qədər özünü sevə bildisə, o qədər gəncdir. Qadın o zaman qocalır ki, özünü sevmir, özünü sevməkdən yorulur. Özünü qadın kimi unudanda, özünə sevgisi qalmayanda qocalır. Ruhunu itirən qadın, sevgisiz qalan qadın yaşarkən ölüdən fərqlənmir. Bitmiş bir ruh olur. Canlı ölüyə dönə bilir.

- Bəzən belə bir misra yada düşür. - Dəli bir ağlamaq keçir könlümdən. Fərqanə Qasımovanın ruhundan dəli ağlamaq keçibmi?

- Elə anlar olur ki, insan çətinlikdən ağlayır, bəzən də ruhu dolur deyə ağlayır. Bulud dolanda necə sel olub yağırsa, insanın da ruhu dolanda dəli bir ağlamaq köməyinə çatır. Sən ağladıqca ruhun sakitləşir, paklaşır. Bəzən kiməsə deyə bilmədiyim sözü ruhuma deyib, göz yaşıma tökürəm, sanki o adama şillə vururam, ürəyimi boşaldıram, o insana şikayətimi bildirirəm. O zaman sakitləşirəm.

- Göz yaşlarınız şikayətlərinizi yuyub apara bilir?

- Bəli. Bəzən xoşbəxtlikdən, sevincdən də ağlaya bilirəm.

- Xoşbəxtlikdən ağlayan zamanınız da olub?

- Olub. Elə bu yaxınlarda da sevincdən ağlamışam. İnsan hisslərini bəzən göz yaşı ilə ifadə edir. Mən şükür etməyi sevən insanam. İnsan həyatın gözəlliyini dəyərləndirməyi bacarmalıdı.

- Fərqanənin daha çox nəyə ehtiyacı olur?

- Artıq heç nəyə. Riyakarlıqlar, qısqanclıqlar, həyatın sınaqları məni elə bərkitdi ki, artıq heç nəyə ehtiyac duymuram. Allaha sevgidən başqa heç nəyə ehtiyacım yoxdu. Allahımı sevirəm. İnsanlardan o qədər pislik görmüşəm ki, sevgimi tək Allahıma vermişəm. Mənə Allahla təmasda olmaq daha rahatdı.

- Həyatdan küskünmü düşmüsüz?

- Yox, həyatdan küskün deyiləm. Sadəcə insanların ruhu çirkinləşir. Bu məni narahat edir.

- Evdar xanımlığınız maraqlıdır. Mətbəxlə münasibətiniz necədir. Yemək bişirməyi, mətbəxdə olmağı sevirsinizmi?

- Əslində evdə olmaq, mətbəxdə ailəm üçün yemək hazırlamağı sevirəm. Əgər vaxtım varsa, çalışıram ki, ailəm, övladlarım üçün isti yeməyim olsun. Evim, eşiyim səliqəli olmalıdır, yeri gələndə öz əlimlə ev şirniyyatı hazırlamalıyam, uşaqlarımı gəzintiyə aparmalıyam. Təbii ki, səhnədə olan xanım deyə bilməz ki, köməkçisi olmadan bütün bunları çatdıra bilir. Köməkçim var. Amma imkan qədər çalışıram ki, yeməyimi özüm bişirim. Amma çəkilişlər, tədbirlər hər gün bunu etməyə imkan vermir.

- Özünüzə baxmağa, qulluq etməyə necə, vaxtınız olurmu?

- Düzünü desəm, elə də özümə qulluq etmirəm, buna vaxtım olmur. Səliqə, təmizlik təbii ki, vacibdi. Amma bəzi səhnədə olan xanımlar qədər də özümə qulluq etməyə vaxtım çatmır. Özümün də buna marağım olmur bəlkə. Mən evimin gözəlliyindən zövq almağa çalışıram. Ailəmə diqqət göstərməklə gözəl görünməyə üstünlük verirəm. Təbii ki, qadın özünə qulluq etməlidir. Biz özümüzü sevməliyik ki, övladlarımız da, ailə də gözəllik görsün.

- Səhnə və ailə arasında seçim qarşısında qaldığınız məqam olubmu?

- Düzün desəm, belə bir seçim qarşısında heç vaxt qalmamışam. Əksinə, həyat yoldaşım bu baxımdan mənə dəstək olub.

- Gözəl xanımsız, səhnədə pərəstişkarlarınız çoxdu. Qısqanırmı sizi?

- İnanın ki, belə bir problemlə ailədə rastlaşmamışam. Ailə qurduğum gündən bu yaşa qədər qısqanclıqla bağlı problemim olmayıb. Bu günə qədər olmayıbsa, yəqin ki, daha olmayacaq da. Kişilərdə müəyyən yaş dövründən sonra fikir oturuşmuş olur, baxış dəyişir, qadına münasibət kamilləşə bilir. Əgər cavan vaxtı bu problemi ailədə yaşamamışamsa, daha o çətinliyim ola bilməz.

- Həyat yoldaşında güvən qazanmaq, mənasız qısqanclığa əsas yaratmamaq üçün qadının özünün necə, rolu varmı?

- Əlbəttə var. Hərdən həyat yoldaşıma deyirəm ki, bir az reaksiya göstər ki, qısqanırsan (gülür). Deyir ki, sən mənim gözümdə o qədər mükəmməl qadınsan ki, səni qısqanmağı, qara niyyətli düşüncəni özümə ayıb bilirəm. Mən onu sənin adına yaraşdırmıram. Amma hərdən istəyirəm soruşsun ki, "hardan gəlirsən”, "hara getmişdin” kimi suallar versin. Amma bu suallar olmur.

- Belə rahat olsa da, sadəcə qadın kimi belə sözlərə ehtiyac yaranar bəlkə sizdə...

- Təbii, qadınam da. Hərdən eşitmək istərdim. Sadəcə onu da bilirəm ki, bizim ailədə qarşılıqlı hörmət, ehtiram elə yaranıb ki, mənasız qısqanclıqlara səbəb olmur. Bunlar da bəlkə həyatın, ailənin düsturu, qanunlarıdır. Ailədə bu quruluş düzgün qurulubsa, sən ailə ola bilirsən.

- Sevərək ailə qurmusuz. Sevgiyə münasibətiniz necədir?

- Sevərək ailə qurmuşam. Sevgi Allaha olan sevginin bir qığılcımıdır. Bir insanı sevmək Allahın sənə göndərdiyi işarədir. Sən onunla sevməyi öyrənirsən. Zamanla o sevgi kamilləşir, Allaha sevgiylə dolur. Bir rəvayət var. Bir dərvişin yanına bir gənc gəlir. Deyir ki, mürşüd, dərviş olmaq istəyirəm. Dərviş soruşur ki, sən nə vaxtsa aşiq olmusanmı? Deyir ki, yox. Deyir ki, nə zaman aşiq olarsan, o zaman gələrsən. Yəni dərvişliyə, Allahın sevgisinə gedən yol aşiqlikdən başlayır.

- Allaha olan aşiqlik bəndəyə olan aşiqlikdənmi başlayır?

- Ondan başlayır. Sevginin nə olduğunu sevərək hiss edib dərk edirsən.

- Onda Fərqanəni aşiq qadın adlandırmaq olar?

- Bəli, Fərqanə aşiq qadındı (gülür). Mən sevməyi bacarıram. Ailəmə aşiqəm, Allahıma aşiq qadınam.

 

Tahirə Məmmədqızı

Şərq.- 2018.- 7 aprel.- S.13.