“Azərbaycan”ın Xəlil İbrahimi
Xəlil İbrahim
(Xəlil İbrahim oğlu İbrahimov) 1892-ci
ildə Azərbaycanın
dilbər guşəsi
Şuşada sənətkar
ailəsində dünyaya
göz açıb. Ailənin üçüncü
övladıdır. Qardaşı
Abışdan sonra Göyçək adlı
bacısı dünyaya
gəlib. Atası İbrahim Şuşanın
dəri istehsalı ilə məşğul olan, tanınan sənətkarı olub. Xəlilin 5 yaşı olanda dünyasını dəyişib. Xalça toxuyub satmaqla məşğul olan anası ailəni çox çətinliklə
dolandırıb, övladlarını
boya-başa çatdırıb.
İbtidai təhsilini
Şuşa realnı məktəbdə alan Xəlil yoxsulluq üzündən ailəsi
ilə birgə Bakıya köçüb.
Təhsilini burda davam etdirib. Lakin maddi imkansızlıq səbəbindən məktəbi
yarımçıq qoymalı
olub. 1909-1911-ci təhsil
illərində yaranan
boşluq, ailənin maddi imkansızlığı
Xəlili yenidən Qarabağa qaytarıb, o bir müddət burada fərdi müəllimliklə məşğul
olub, dövrün tanınmış şəxslərinin
övladlarına, xüsusən
Qasım bəy Zakirin nəvələrinə
evdə dərs deyib, onlara ilkin
bilgilər aşılayıb.
Ailəsinin maddi imkanlarını ödəməyə
çalışan Xəlil
bir qədər imkan qazandıqdan sonra təkrar Bakıya dönüb və realnı məktəbi bitirib.
1912-ci ildə "Nəşri-maarif” Cəmiyyətinin
Əmircandakı məktəbinə
müəllim təyin
olunan Xəlil İbrahim bu dövrdən etibarən yaradıcılığa başlayıb.
Bəzi mənbələrə
görə, onun ilk məqaləsi
1913-cü ildə "Səda”
qəzetində "Kənd
həyatından lövhələr”
sərlövhəsilə dərc
olunub. "Səda” qəzetinin yaradıcısı
Azərbaycan mətbuatı
tarixində böyük
iz qoyan, əslən Şuşadan
olan Haşım bəy Vəzirov idi. Güman etmək olar ki, Haşım bəylə Xəlil İbrahimin tanışlığı
da Şuşadan başlayır.
1910-cu ildən
sonra Bakının ictimai-mədəni mühiti
yetərincə rəngarəng
idi, xeyli sayda anadilli mətbuat orqanları nəşr olunur, cəmiyyətin inkişafında
ziyalıların rolu artırdı. Xəlil İbrahim belə bir dövrdə əliqələmli ziyalıların
cərgəsinə qatılır,
"Səda”, "Son
xəbər”, "Doğru
söz”, "İqbal”,
"Bəsirət”, "Tuti”,
Açıq söz” qəzetlərində və
müxtəlif jurnallarda
müntəzəm çıxış
edir.
1915-ci ilin 30 mayında Zaman bəy Abdullabəyovun müdir və sahibliyi ilə nəşrə başlayan
"Son xəbər” qəzetində çalışan
X.İbrahim və bu mətbuat orqanının səhifələrində
əsasən sosial mövzuları işıqlandırır.
I Dünya Müharibəsinin
insanların yaşayışına
ağır zərbə
vurduğunu, əhalinin
getdikcə pisləşən
vəziyyətini, təhsildəki
problemləri, tibbi çatışmamazlıqlarından yazır. "Son
xəbər”in 8 oktyabr
1915-ci il sayında
"Gündəlik həyatımızdan”
sərlövhəli məqaləsində
X.İbrahim Bakıdakı
sosial durum, ərzaq bahalığı,
əhali arasında yoluxucu xəstəliklərin
baş alıb getməsini qələmə
alır.
Bu məhsuldar
publisistin "Doğru
söz” qəzetində
də kifayət qədər maraq doğuran, dövrün problemlərini diqqətə
gətirən məqalələri
var.
"İqbal” və "Yeni iqbal” qəzetlərində
müntəzəm publisistik
yazılarla çıxış
edən X.İbrahim bu mətbuat orqanlarında sosial problemlərlə yanaşı,
həm də siyasi təhlillərlə
çıxış edirdi.
Rus dilinin incəliklərini gözəl
bildiyindən Çar
Rusiyasının mərkəzi
qəzetlərini izləyir,
dünyada baş verən hadisələri ümumiləşdirir və
müqayisələr aparırdı.
I Dünya Müharibəsi ərəfəsində
bəşəriyyətin dəhşətli
yanğın qarşısında
olduğunu, slavyançılıq
və almançılığın
toqquşmasından törənəcək
bu yanğının insanlara gətirəcəyi
fəlakətin miqyasının
böyüklüyünü təbliğ edir, anti-savaş mövqeyi sərgiləyirdi:
"Toplar doldurulmuş, qılınc və nizələr itiləşmiş,
milyonlarca əsgər
ölümü ilə
rubəru durmuş və gəmilər müharibəyə hazır
olaraq buxar altında durur”. Müharibənin bir gün gec, bir
gün tez başlayacağını hamının
əvvəlcədən gözlədiyini
yazan müəllif qeyd edir ki,
bu savaşda qalibin kim olacağının
əhəmiyyəti yoxdur.
Bu müdhiş müharibə
dünyanın siyasi, iqtisadi həyatına öz mənfi təsirini göstərəcək,
savaşdan uzaqda qalan bölgələrdə
də böhran hiss olunacaqdı. Tarixdə bütün müharibələrin böyük
maliyyə itkisi yaratdığı faktı
da X.İbrahimin diqqətindən kənarda
qalmır, yeri gəldikcə bu faktları yazıya çevirirdi. Məqalələrinin birində
1904-cü il rus-yapon müharibəsi zamanı bir il altı
ay müddətində
iqtisadi zərəri hesablayan İngiltərə
iqtisadçısı Edqard
Qrammondun məlumatlarına
əsasən müəllif
yazır: "... Qrammondun
hesabına görə,
Yaponiya üçün
bu müharibə 135 min əsgər ilə 4 milyard markadan yuxarı paraya başa gəldiyi halda, Rusiyada 350 min adam ilə məqbul-məcruh.
Əsirlər ilə bərabər 6 milyard marka bahasına tamam olmuş imiş”.
X.İbrahim Türkiyənin İtaliya
və Balkan müharibələrində hələ
yaralarının sağalmadığı
halda I Dünya Savaşına qatılmasını
məqbul görmürdü.
Elə bu səbəbdən də
"İqbal”ın 1914-cü il 696-cı sayındakı
bu mövzudan bəhs edən məqaləsinin adını
"İnanmaq istəmirik”
qoyaraq Türkiyənin
bu müharibədən
kənar durmasını
təbliğ edirdi. Almaniya və müttəfiqlərin
Türkiyəni bu müharibəyə cəlb
etməsinə diqqət
çəkən X.İbrahim
yazır: "Əlqissə
indiyə kimi dostluq maskası altında ədavətkaranə
fəaliyyətdə bulunmuş
olan Almaniyanın və onunla bərabər ittifaqi-müsəllitin
niqabı artıq götürüldü. Əsil
simalarını gördük. İndi dəxi Türkiyəyə
qarşı bu həriflərin nə olduğunu duymaq üçün gözləri
qapalı, qulaqları
örtülmüş və
hissə batmış
olmalıdır”.
Müəllifi qayğılandıran əsas
problem Türkiyənin
Rusiyaya savaş açmasından sonra yaranacaq vəziyyət idi. Müsəlman dövləti olan Türkiyənin sərhədləri
daxilində 30 milyon müsəlman-türk xalqları
yaşayan Rusiya ilə cənginin xalqı parçalayacağı
isə şübhəsizdir.
Məhz buna görə, X.İbrahim dərin təəssüf
hissi ilə Türkiyənin bu savaşdan uzaq durmasını daha əlverişli, məqbul hesab edirdi.
X.İbrahim "İqbal”, "Yeni iqbal” qəzetlərində
təkcə sosial, siyasi məsələlərə
toxunmur, mədəniyyət,
teatr və ədəbi tənqidi yazılarla da çıxış edərək
diqqətçəkən mövqe
ortaya qoyurdu. Təəssüf ki, dövrün nəbzinə
uyğun, siyasi mənzərələrlə zəngin
olan bu publisistik
irs hələ tədqiq edilib ictimaiyyətə çatdırılmayıb.
**** ****
1917-ci ilin fevralında Rusiyada çar rejiminin süqutundan sonra 1911-ci ildə yaradılan "Müsavat” partiyası gizli fəaliyyətdən
çıxaraq açıq
siyasi mübarizəyə
qatıldı. "Açıq
söz”ün 15 mart tarixli sayında Müsəlman "Müsavat”
firqəsindən xalqa
müraciət dərc
olundu. İntibahnamə
barədə xəbər verərək xalqları əsarətdə
saxlayan rejimin çökdüyü və
siyasi səhnədən
çəkildiyi yazılırdı:
"Hürriyyət bayramı
martın 14-də yuxarıda
məfkur firqə tərəfindən ittihamnamə
nəşr olunmuşdur:
Müsəlmanlar! Vətəndaşlar!
Millətin bütün
sinif və təbəqələri! Uzun
Rusiya istibdadı, o məlum idarə uçuruldu!”
"Müsavat”ın ideoloji xəttini həyata keçirən
"Açıq söz”çülərin
böyük əksəriyyəti
ilə birgə X.İbrahim bu tarixdən etibarən M.Ə.Rəsulzadənin liderlik
etdiyi partiyanın sıralarına qatılır.
Həyatı Qarabağla
bağlı olan X.İbrahim "Müsavat”ın
Şuşa özək
katibi seçilir.
Qafqaz Müsəlmanlarının
1917-ci ilin aprelin 15-də
Bakıda keçirilən
I qurultayında iştirak
edən X.İbrahim qələmlə apardığı
mübarizəni siyasi
müstəvidə, ayrı-ayrı
mərkəzlərdə davam
etdirir, fəallıq göstərirdi. 1917-ci ilin
iyulun 3-də "Müsavat”la
Nəsib bəy Yusifbəylinin liderlik etdiyi "Türk Ədəmi-mərkəziyyət” partiyası birləşdi.
Bu birləşmədə
də X.İbrahim yaxından iştirak etdi. Yeni partiya "Türk
Ədəmi Mərkəziyyət
"Müsavat partiyası”
adlandırıldı. Çap
etdiyi bəyannamədə
partiya özünü
"Əməkçi kütlələrə,
habelə Rusiyanın türk və digər müsəlman xalqlarının milli mədəni istəklərinə
arxalanan demokratik partiya” kimi təqdim
edirdi.
1917-ci ilin oktyabrın
25-dən 31-dək Bakıda birləşmiş "Müsavat”
partiyasının I qurultayı
keçirildi. Qurultay
"Müsavat”ın Mərkəzi
komitəsinin tərkibi,
proqramı və iqamətgahı haqqında
qərar qəbul etdi. (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. Bakı
2005-ci il II cild. səh. 223). Qurultayda M.Ə.Rəsulzadə, N.Yusifbəyli, H.Z.Tağıyev,
Ə.Topçubaşov, İbrahim
bəy Heydərov, Bəhram bəy Axundov, Sənətulla İbrahimov, Mirzə Məhəmməd Axundov, Şəfiqə xanım Əfəndizadə ilə
yanaşı Xəlil
İbrahim də söz alaraq partiyanın təşkilatlanması,
taktikası , bölgədə
və dünyada baş verən proseslər barədə çıxış etdi.
Qurultay sənədlərindən
aydın olur ki, X.İbrahim "Açıq söz” qəzetinin əməkdaşı
kimi çıxış
edərək, partiyanın
proqramı və görəcəyi işlər
barədə təkliflər
səsləndirib. (AFDA. fond
894. siyahı 10. sax. vahidi 60. vərəq 4.)
"Müsavat”ın I qurultayında
böyük siyasi nüfuza malik şəxsiyyətlərlə yanaşı
X.İbrahimə də
çıxış imkanı
verilməsi ona olan hörmət və ehtiramdan doğurdu.
Məqalə Azərbaycan Respublikası
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Akif
AşırŞərq.
Şərq.-
2018.- 7 aprel.- S.5