”Teatra
gəlmək lazımdır”
Mərahim Fərzəlibəyov:
“Ən zəif tamaşanı belə tənqid edə bilmək
üçün onu izləmək lazımdır”
Teatr mədəniyyətin ən vacib
sütunlarından sayılır. Bu gün isə bu maraqlı
və müqəddəs məkana fərqli yanaşma
formalaşıb. Teatrı tənqid edənlər müxtəlif
səbəblə iradlarını dilə gətirirlər.
Amma bu o demək deyil ki, teatr maraqsız bir məkana
çevrilib. Teatrı sevənlər, teatra gedib
tamaşaları izləyənlər də yetərincədir.
Əslində teatr tamaşaçı fikrinə təsir edən
mədəniyyət ocağıdır. Bəs bu günün
Azərbaycan teatrına peşəkar rejissor baxışı
necədir? Elə bu suallarla xalq artisti, rejissor Mərahim Fərzəlibəyova
üz tutduq. Düşünürük ki, onun teatr barədə
söz demək haqqı başqalarından qat-qat çoxdu.
- Azərbaycan
teatrına bu gün maraq qalıbmı? Vaxtilə
tamaşaçılar teatra daha böyük həvəslə
gedərdilər. Bu gün o sevgi hiss olunmur...
- Teatra həmişə
böyük maraq var, olub. Çünki teatr
canlı sənətdi. Teatra yanaşma fərqli
olub. Teatr hər dövrdə cəmiyyətin
aynası olub, tamaşaçıya həm tarixi, həm də
müasir əsərləri təqdim etməyi bacarıb.
Ayrı-ayrı tamaşalarda teatr cəmiyyətə
mesajlar verməyə çalışıb. Problemləri aktyorların dili ilə
çatdırmağa maraqlı olub. Teatrın
məqsədi maarifləndirmək, fikir formalaşdırmaq, bədii
zövqü formalaşdırmaq missiyasını da üzərinə
götürür. Teatrlarda əsərlər
yaranır. Müasir düşüncələr
teatra gəlir. Biz də cavan olmuşuq.
Biz də səhnəyə gələndə fərqli
fikirlərimizi səhnədə tətbiq etməyə
maraqlı olmuşuq. Ona görə də
teatra gələn gənclərə imkan, şərait yaratmaq
lazımdır ki, onlar ideyalarını səhnədə tətbiq
edə bilsinlər. Mənə elə gəlir
ki, cavanlara imkan yaradılmalıdır ki, teatr inkişaf etsin.
Mən ali təhsilimi bitirdikdən sonra
Qrozno şəhərində müstəqil
çalışmağa başladım, sonra ordan Sumqayıt
Teatrına gəldim. Qısa müddət sonra
Akademik Milli Dram Teatrı qapısını mənə
açdı. O gündən yaradıcılıq
yollarım Akademik Milli Teatrla bağlandı. Öyrəndiklərimi
səhnədə tətbiq etməyə başladım. Bəlkə ona görə də bu sahədə nəsə
əldə edə bildim.
- Teatra gələn
gənc nəsillə sizin dövrün sənətçiləri
ara sında fikir fərqi nələrdi? Ümumiyyətlə, o dövrün sənətkarları
ilə indiki gənclər arasında fərq varmı?
- Teatr bədii
əsərdi. Bədii əsərin öz
yolları, üslubu, ona yanaşma tərzi var. Teatr bədii əsərdi.
Maraqlı və sehrli bir açarı var.
Rejissorlar dramaturgiyaya müraciət edəndə aktyorun da
yaradıcılığına təsir etmiş olur. Maraqlı dramaturji əsər olanda aktyor da potensialını
göstərə bilir. Nə qədər
böyük aktyor olursa olsun, o mütləq rejissorla işləməlidir
ki, səhnədə təqdim etdiyi obraz maraqlı
görünsün. Aktyorun
tanınmasında rejissor əməyi danılmazdı. 1980-ci ildən Akademik Milli Dram Teatrında
çalışıram. Bir çox
böyük aktyorlarla çalışmışam. Həsənağa
Turabov, Amaliya Pənahova, Yaşar Nuri, bu gün canlı sənət
əsəri sayılan Fuad Poladov kimi aktyorlarla işləyəndə
düşünürdüm ki, onlarla işləmək nə
qədər asandı. İndi artıq başa
düşürəm ki, onlarla işləmək ona görə
asan olub ki, adını çəkdiyim hər bir aktyor
ayrı-ayrılıqda böyük sənətkar olub.
Onlar peşəkar olduqları üçün onlarla
işləmək çətin görünməyib. Rejissor nə
qədər güclü olsa da, onun səhnəyə
qoyduğu əsəri aktyorun ifasında tamaşaçı
görmüş olur. Ona görə də
rejissorla aktyorun vəhdəti vacibdi. Onlar
biri-birini yaradıcılıq sahəsində tamamlamasa, ortaya
keyfiyyətli yaradıcılıq məhsulu çıxa bilməz.
Aktyorun şəxsiyyəti olmalıdır.
Ən güclü əsəri belə rejissorla
aktyor tamaşaçıya maraqsız təqdim edə bilər.
Bu baxımdan rejissorun quruluşu və aktyorun
plastikası, ifası tamaşaya birbaşa təsir etmiş
olur. Əgər onlardan biri zəifdisə,
tamaşaçı bunu hiss edəcək. Ən
maraqlı əsər maraqsız tamaşa olaraq təqdim edilər.
Ya da ən maraqsız əsər belə rejissor
işi mükəmməl qurulubsa, aktyor ifası
güclüdürsə, səhnədə
tamaşaçını maraqlandıra bilər.
- Səhnə
həm də estetikanı, yeniliyi, müasirliyi sevir...- Tam
razıyam. İstedadlı gənclərimiz var.
Təbii ki, səhnədə görünüş, estetika
vacibdi. Çox istərdim ki, teatra gələn
gənclərin görünüşü maraqlı olsun,
ucaboy olsunlar, yaraşıq, xarizma tamaşaçının
axtardığı elementlərdi səhnədə. Teatr estetik görünüşü və gözəlliyi
sevir əslində. Aktyorun zahiri
görünüşü da tamaşada önəm
daşıyır. Hamı Hamleti,
Culyettanı, ya da digər rolları oynamağa qadir deyil.
Bunun üçün aktyorun potensialı ilə
yanaşı, zahiri görünüşü də önəm
daşıyır. Aktyorun zahiri
görünüşü ona həvalə olunan obrazı
oynamağa imkan verməlidir. Səhnədə
qəhrəmanı oynamaq əsas deyil. Sənə
həvalə olunan istənilən obrazı peşəkar
oynamalısan. Vacib olan budur. Sadə rolları oynamaq üçün də
istedad önəmlidir. Bu gün hər bir
rejissor sual verməlidir ki, gənc nəslin sənətçilərindən
Romeonu, Hamleti kimə həvalə etmək olar? Bu sual vacibdi. Bu suala cavab
teatrın gələcəyini həll etmiş olur. Hər bir teatra yaradıcılıq uğurları
arzulamaq istəyirəm. Teatrı sevmədən
burda çalışmaq mümkün deyil. Ən zəif tamaşadan belə
tamaşaçı nə isə öyrənə bilir. Teatra gəlmək lazımdı.
- Onda tənqidlər,
teatra ünvanlanan iradlar sizi bu sahədən küskün
salmır?
- Qətiyyən.
Tamaşaçı teatra gəlməlidir.
Ən zəif tamaşanı belə tənqid edə
bilmək üçün onu izləmək lazımdır.
Teatra gəlmədən onu tənqid etmək
haqsızlıqdı. Teatra gəlib onu tənqid
etmək isə gözəl hal sayıla bilər. Əsas odu tamaşaya baxırsan, səndə fikir
formalaşır. Pis, ya da yaxşı,
tamaşa haqqında səndə təəssürat
yaranır. Tamaşaçı var
tamaşanı izləyir, deyir əladır, digər
tamaşaçı bu tamaşanı bəyənmir. Hər tamaşaçının da zövqü ilə
tamaşa qurmaq olmaz. Teatr yaşayır.
Sadəcə teatrı bu gün də
yaşatmaq üçün teatrda çalışanlarla
yanaşı, elə tamaşaçıların da üzərinə
böyük məsuliyyət düşür. Tamaşaçı teatra gəlməli, izləməlidir,
tənqid sonrakı prosesdir. Misal
üçün, Musiqili Teatrda bu yaxınlarda İlyas Əfəndiyevin
"Mənim günahım” tamaşasını fərqli
versiyada, daha fərqli quruluşda hazırlayıblar. İzlədim, çox bəyəndim. Tam başqa bir səpkidə quruluş verilib. Mən İlyas Əfəndiyevin bir çox əsərlərinə
quruluş vermişəm, onun yaradıcılığı mənə
doğmadır. Fərqli bir üslubda bu
tamaşanı izləmək mənə maraqlı gəldi.
3 aktyorun ifasında tamaşaya quruluş verilib.
Çox maraqlıdır.
- Adətən
teatr sahəsində səslənən tənqidlərdə
dramaturgiya tənqid olunur. Bu sahədə boşluğun
olduğu qeyd edilir...
- İlyas Əfəndiyevin əsərləri
klassikadır. Bu gün Elçin Əfəndiyev, Elçin
Hüseynbəyli, Əli Əmirlinin dramaturgiyasına
müraciət etmək olur. Dramaturgiya ədəbiyyatın ən
çətin janrı sayılır. Təbii ki, müasir həyatımızda
dramaturgiyaya diqqət yetirmək lazımdı. Maraqlı
tamaşa təqdim etmək üçün mənə elə
gəlir ki, dramaturqla rejissor əməkdaşlıq etməli,
əsər yaranarkən müəllif rejissorla işləməlidir.
Mənim səhnəyə qoyduğum tamaşaların
uğurunun bir sirri də İlyas Əfəndiyevlə bir yerdə
çalışmağımız olub. O, hər obrazı məsləhət
edərək yazırdı. Rejissor fikrini nəzərə
alırdı, rejissorun həmin tamaşaya baxışı
onun üçün vacib idi. Ona görə də tamaşalar
maraqlı alınırdı. Rejissorla dramaturq birgə
çalışsa, onda səhnəyə qoyulan əsər də
tamaşaçıda maraq oyada bilər. İlyas Əfəndiyev
mənim bütün məşqlərimə gəlirdi, maraq
göstərirdi. Dramaturgiya rejissorla müəllifin vəhdətidir.
Necə ki, mahnıda bəstəkarla şairin birgə vəhdəti
önəmli sayılır, burda da elədir. Necə ki,
rejissorla aktyor birgə çalışmalıdırsa, müəlliflə
rejissor arasında təmas, ruh yaxınlığı
olması vacibdi. Onlar ilkin mərhələdə bir
çalışdıqdan sonra rol bölgüsü aparılmalıdır
ki, bu obraza hansı aktyor daha uyğundur. Dramaturq əsəri
yazıb təhvil verdi, getdi. Bununla iş bitməməlidir.
İlyas Əfəndiyev bütün əsərlərini
teatrda işləyirdi. Aktyorların hərəsinə
uyğun rol hazırlayırdı. Hər aktyora adla rol
yazırdı.
- Teatra diktə edən aktyorla rejissor
arasında işbirliyi olduğu kimi dramaturq da bu prosesdə
bilavasitə iştirak etsə, daha uğurlu əsər səhnəyə
qoyula bilər...
- Bəli.
Elə bir laboratoriya qurulsun. Dramaturqla
rejissor işləsin, səhnəyə qoyulmazdan əvvəl
fikir mübadiləsi aparılsın. Bu
laboratoriya Teatr Xadimləri İttifaqında da yaradıla bilər.
Belə bir emalatxana yaransa, rejissorla, rəssamla
işləyən dramaturq sonda istədiyi əsəri meydana
çıxara bilər. Bu, daha maraqlı
yaradıcılıq prosesi ola bilər. Çünki tamaşada təkcə aktyorun ifası
məsələni həll etmir. Burada
tamaşanın rəssamından tutmuş bəstəkarına
qədər, biri-biri ilə bağlı yaradıcılıq
telləri var. Onu düzgün qurmaq tamaşanın uğurunun
50 faizini əldə etmək deməkdir.
Tahirə Məmmədqızı
Şərq.- 2018.- 11 aprel.- S.13.