“ZİYAYİ-QAFQAZİYYƏ”NİN
183 NÖMRƏSİ ÇIXIB
Axırıncı
11 nömrə Şamaxıda buraxılıb, bununla da qəzet
bağlanıb
"Əkinçi”nin
bağlanmasından iki il sonra milli mətbuatdakı
boşluğu Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə” qəzeti
ilə aradan qaldırdı. Məlumdur ki, "Əkinçi”
bağlandıqdan sonra bir müddət Zaqafqaziyada Azərbaycan
dilində qəzet çıxmayıb. Bakıdakı real
gimnaziyanın müəllimi Mirzə Məhəmmədbəy
"Camcahannüma və ayineyi - bədənnüma” adlı
bir qəzet çıxarmaq istəsə də, öz məqsədinə
nail ola bilməyib. Çünki qəzetin nəşrinə
icazə verilməyib. Bakıda rus dilində nəşr edilən
qəzetlər Azərbaycan şöbəsi yaratmağa
çalışsalar da, bu niyyət də reallaşmayıb.
Nəticədə Azərbaycan dilində mətbu orqanın nəşr
olunmasında məcburi iki illik fasilə yaranıb.
Həftədə bir dəfə çıxan ədəbi, ictimai və siyasi qəzet - "Ziya”da Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, S.Vəlibəyov, A.Çernyayevski və başqalarının mütərəqqi ruhlu məqalələri ilə yanaşı, islam ideologiyasını təbliğ edən yazılar da dərc olunub. Qəzetin redaktoru və naşiri Səid Ünsizadə 1876-cı ildə Tiflisə köçüb. 1884-cü ilin əvvəllərinədək orada ruhani idarəsində işləyib. Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunan Səid Ünsizadə iki aya yaxın orada çalışıb. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır. Tiflis mühitində Hacı Səid əfəndi çoxdan nəzərdə tutduğu qəzet çıxarmaq işinə başlayır.
"Ziyayi-Qafqaziyyə” qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı sayında bu istək lakonik şəkildə təsvir edilib: "Neçə vaxt idi ki, mətbəə və mətbuat əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətailibin pinerəftinə şayistə yer yoxdur”.
Səid Ünsizadə 1878-ci il dekabr ayının 4-də qəzetin nəşrinə icazə almaq üçün Qafqaz Senzura Komitəsinə ərizə ilə müraciət edir. O, öz müraciətində yazırdı ki, şərqlilər də qərblilər qədər işığa və həqiqətə can atırlar, onları bir-birlərinə düşmən edən cəhalətdir. Səid əfəndi "Ziya” qəzetinin məram və məqsədini açıqlayır və bildirirdi ki, nəşr öz qarşısına ölkənin daxilində, xarici ölkələrdə baş verən yenilikləri oxuculara çatdırmaqla onların inkişafına kömək etmək istəyir. Səid əfəndi tərəfindən təqdim olunan sənədləri təftiş edən Senzura Komitəsi Qafqaz Canişinliyinin baş idarəsinə belə bir məzmunda təqdimat göndərir:
"Senzura Komitəsi mətbuat haqqında qanuna əsasən Hacı Səid əfəndi Ünsizadənin ərizəsini, habelə "Ziya” qəzetinin məramnaməsini nəzərdən keçirib. Belə qərara gəlir ki, onun xahişi senzura əsasnaməsində tələb olunan bütün şərtlərə uyğundur. Bu səbəbdən qəzetin tatar (Azərbaycan) dilində nəşri xüsusi fayda verə bilər. Məhz buna görədir ki, Hacı Səid Ünsizadənin arzusunun yerinə yetirilməsini Siz zati-alilərindən xahiş edir”.
Ünsizadənin səyləri, nəhayət, 1878-ci ilin axırlarında baş tutdu. Beləliklə, qəzetin 1879-cu il yanvar ayının 1-dən etibarən nəşrinə icazə verildi. Senzura Komitəsi "Ziya”nın nəşrinə icazə verərkən qəzetin siyasətinin Qafqazdakı müsəlmanlar arasında geniş təbliğ olunmasına, yerli hakimiyyət orqanlarına, çenovniklərə dəstək olacağına bel bağlayır, ümid edirdi. Təbii ki, qərarın qəbulunda Səid Ünsizadənin ruhani zümrəsinə mənsubluğu, keçib-gəldiyi yol və fəaliyyəti, çar siyasətinə zidd mövqe tutmaması nəzərə alınıb. Nəşrinin ilk vaxtlarında "Ziya”ya yaxşı münasibət göstərilməsinin başlıca səbəbləri də bu idi.
"Ziya”nın nəşrinə icazə alındıqdan sonra Səid Ünsizadə çap və yaradıcılıq prosesinin normal şəkildə aparılması üçün hazırlıqlara başlamış, kiçik qardaşı Cəlalı, övladları Əbdürrəhman və Ağanı, bacısı uşaqlarını bu işə cəlb edib. Nəhayət, 1879-cu il yanvar ayının 14-də "Ziya”nın ilk nömrəsi işıq üzü görüb. Qəzetin 1-ci nömrəsi "Ziya” adı ilə çıxıb. Qəzet həftədə bir dəfə, daşbasma üsulu ilə nəşr edilib. 7 şöbədən ibarət olan "Ziya”da aşağıdakı şöbələr fəaliyyət göstərib: Dövlət sərəncamları, beynəlxalq agentliklərin elanları, xarici xəbərlər, daxili xəbərlər, yerli xəbərlər, məlumat göstəricisi və elanlar, felyetonlar.
Səid Ünsizadə "Ziya”nın nəşri üçün xüsusi mətbə yaradıb. Bu barədə "Ziyayi - Qafqaziyyə”nin 1881-ci il 2-ci nömrəsində deyilir: "Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə olan "Ziya” Tiflisdə Zailov soyadlı şəxsin mülkündə yerləşirdi”. Mətbəə bir qədər sonra, 1879-cu ilin iyun ayının 21-dən Voronsov küçəsindəki 35 saylı evə - Ağa Ələsgər Məşədi İsmayıl oğlunun evinə köçürüldü. Bir müddət sonra Səid Ünsizadə mülk alır və mətbəəni daimi olaraq öz evinə köçürür. Azərbaycan dilini bilən mütəxəssislərin, mətbəə işçilərinin olmaması "Ziya”nın nəşrini çətinləşdirirdi.
Ortaya çıxan problemlərə baxmayaraq, qəzet "Ziya”adı ilə 76 nömrə çıxdıqdan sonra "Ziyayi-Qafqaziyyə” başlığı ilə nəşrini 1880-cı ilin dekabrından davam etdirir. "Ziyayi-Qafqaziyyə” adı altında qəzetin cəmi 107 sayı işıq üzü görür. "Ziya”nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməyib, yalnız texniki məqsəd daşıyıb.
Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək "Ziyayi-Qafqaziyyə”nin birinci nömrəsində bu barədə yazmışdı: "Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız "Ziya”dan ötrü nəqş və nikar eylədikləri "Ziyayi-Qafqaziyyə” sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan "Ziya” qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu”.
Səid Ünsizadə "beş aydan bəri qiyami ətalətlə məsdər qalan” dedikdə heç də "Ziya”nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi "beş ay” dedikdə bunu nəzərdə tuturdu. Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı.
Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra "Ziyayi-Qafqaziyyə” bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirməsi barəsində də məlumatlar var. Həmçinin, bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstəriblər. 1883-cü ildə "Ziyayi-Qafqaziyyə” mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürülüb. Qəzetin "Şamaxı dövrü” başlandı.
Ümumiyyətlə, qəzetin 183 nömrəsi çıxıb. Axırıncı 11 nömrə Şamaxıda buraxılıb. Bununla da "Ziyayi-Qafqaziyyə” qəzeti bağlanıb. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən "Ziyayi-Qafqaziyyə”nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə "Ziyayi-Qafqaziyyə”də bəhs etmişdi. Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə "Ziyayi-Qafqaziyyə”ni bərpa etməyə çalışıb. 1900-cu ildə bu istəklə Bakı qubernatoruna ərizə vermişdi. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib.
Vurğulamaq lazımdır ki, Dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu. Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ildə Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə "Qurban bayramı” başlıqlı məqalə dərc edən "Ziya”nın ruhanilərlə uzun bir çəkişməsi başlayır.
Mərasimdə xütbə oxuyan Əhməd əfəndi barəsində məqalədə əksini tapan "pis, xoşagəlməz səsə malik olub, özünü xoş avaz sayır” ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn əfəndi Qayıbova şikayət etməklə kifayətlənmir. Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş edir. Əhməd əfəndi "Qurban bayramı” məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə edib. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı danoslarında qeyd etdiyi kimi, ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşıb, Səid Ünsizadə cəzasız buraxılıb.
Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq "Ziya” qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanı yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını "qara xidmətlə” bağlayırdılar. Son araşdırmalar nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. "Ziyayi-Qafqaziyyə” qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır. Qafqaz Senzura Komitəsinin "Şərq və yerli dillər” üzrə baş senzoru V.Bezabrazov "Ziya”nın yaradıcılıq mühitinə ciddi mənfi təsir göstərib. Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin "dövrü çatmadığını” iddia edib, Səid Ünsizadə kimi ziyalıların əməyini "izafi iş” adlandırıb.
Səid Əfəndi Ünsizadə çar rejiminin əleyhinə idi. Buna görə də rejim tərəfindən təhdidlərə məruz qalıb. Bu barədə türk dünyasının böyük şəxsiyyəti, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçuralı "Türkçülüyün tarixi” əsərində məlumatlar verib. Yusuf Akçuralı türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına "Ünsizadələr mətbuatı” başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Akçuralı Səid və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd olub. Ünsizadənin Tiflisdən sonra Şamaxıya döndüyü bəlli olsa da, onun sonrakı taleyi, fəaliyyəti ilə bağlı dürüst məlumatlar yoxdur. Bəzi müəlliflər "Ziyayi-Qafqaziyyə” qəzetinin başlanmasına Səid Ünsizadənin 1884-cü ilin sonlarında vəfatı ilə əlaqələndirirlər ki, bu da yanlış məlumatdır. Yusuf Akçuralının "Türkçülüyün tarixi” əsərində Səid və Cəlal Ünsizadələrin "Ziyayi-Qafqaziyyə” qəzeti və "Kəşkül” dərgisi bağlandıqdan sonra Qafqazdan Osmanlı dövlətinə mühacirət etdikləri əksini tapır. Y.Akçuralı yazır: "Alimlərdən Hacı Səid əfəndi Məclisi-Kəbiri-Maarif və Məclisi tədqiqata üzv təyin olunub. 1912-ci ildə ölüb”. Səid Ünsizadənin "1900-1901-ci ildə pasportsuz, yəni qaçaq surəti ilə İstanbula getməyə məcbur olması” barədə Ömər Faiq Nemanzadə də öz xatirələrində məlumat verib.
İsmayıl
Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə hazırlanıb
Şərq.- 2018.- 1 avqust.- S.12.