“HƏR
BƏSTƏM RUHUMUN MƏHSULU OLUB”
Eldar Mansurov: “Mən
pul qazanmaq üçün mahnı yazmamışam”
“Bir çox bəstələrim
üçün ümumiyyətlə qonorar, pul
almamışam, dostlarıma mahnılarımı hədiyyə
etmişəm”
Azərbaycanın xalq artisti, bəstəkar
Eldar Mansurov yay mövsümündə dincəlməyə
üstünlük verməyib. Belə ki, bəstəkar
hazırda böyük bir layihə üzərində
çalışdığını, simfonik orkestr
üçün layihə hazırladığını
bildirdi. "Şərq”ə açıqlamasında Eldar
Mansurov bildirdi ki, üzərində
çalışdığı proyekti Azərbaycanda deyil,
xaricdə təqdim etməyi düşünür.
Eldar
Mansurovla söhbətimiz zamanı maraqlandıq ki, əvvəllər
bir çox populyar müğənnilər məhz Eldar Mansurov
bəstələrinə müraciət ediblər. Bir çox
sənətçilərin populyarlaşmasında məhz Eldar
Mansurovun mahnılarının rolu olub. Bu barədə təvazökarlıqla
danışan bəstəkar "Mən deyə bilmərəm
ki, mənim bəstələrim kimlərisə məşhur
edə bilib. Ancaq çalışmışam ki, sənətçinin
repertuarında olan bəstələrim onlara uğur gətirsin.
Bəli, bir çox sənətçilər vaxtilə mənə
müraciət edib, xahiş edirdilər ki, heç olmasa
repertuarlarında bir dənə bəstəm yer alsın.
Mən
də istedadı, səsi olan müğənnilərə dəstək
olmuşam. Bircə onu deyə bilərəm ki, mən pul
qazanmaq üçün mahnı yazmamışam. Hər bir bəstəm
ruhumun məhsulu olub. Mahnılarımı pul xatirinə satmamışam.
İmkan qədər istedadı olanlarla əməkdaşlıq
etmişəm. Çünki bəstələrim mənimçün
bala qədər əzizdir.
Məqsədim, istəyim o olub ki, mahnılarım səslənsin, tamaşaçı bu bəstələrdən zövq alsın, yazdığım mahnılar yaşasın. Əgər pul xatirinə mahnı yazsaydım, hər mahnı üçün müraciət edənə bəstələrimi etibar edərdim. Amma çalışmışam ki, peşəkar, musiqinin ruhunu bilən ifaçılara bəstə verim.
Bir çox bəstələrim üçün ümumiyyətlə qonorar, pul almamışam, dostlarıma mahnılarımı hədiyyə etmişəm. Brilyant Dadaşova, Mübariz Tağıyev, Aygün Kazımova, Manana ilə illərin dostluğu var. Mən onlarla işbirliyimdən zövq almışam” söylədi.
Eldar Mansurov bu gün səhnədə, efirlərdə səslənən bayağı musiqilərlə bağlı da eyham vurdu: "Əslində mən bu barədə danışmaq istəmirəm. Çünki mənim iradım nəyisə dəyişmir. Əvvəllər səhnəyə gələn hər bir müğənni çalışırdı ki, peşəkar bəstələri repertuarına daxil etsin, peşəkar bəstəkarlarla işbirliyi qursun. Bu gün stereotiplər dəyişib. Peşəkar bəstələrə müraciət edənlər azalıb, bayağı musiqilər efirlərə yer alıb. Bir az bu məsələlər musiqiçi olaraq məni də, elə musiqini sevən hər kəsi də narahat edir. Ümid edək ki, zamanla bu qüsurlar aradan qalxacaq, səhnəyə təsadüflər ayaq açmayacaq”.
Tahirə
Şərq.- 2018.- 16 avqust.- S.13.