“BİR
DƏFƏ MƏNDƏN TƏNQİD YAZILMIŞDI,
O GECƏ YATA BİLMİRDİM”
“İndi
isə vəziyyət başqa cürdü, tənqiddən zövq
alırlar, hətta təhqir olunduqca
sevinirlər, bunu reytinq
sayırlar”
“Sosial şəbəkələrdə
ən aşağılayıcı, ən sərt tənqidlər
görürsən ki, proqram kollektivlərini sevindirir. Müzakirə
olunduqlarını düşünüb bunu uğur kimi qiymətləndirirlər”
"Bunlar televiziya işi deyil, efir taktikası deyil. Məhəllə
söhbətinə, çəpər davalarına, məişət
qeybətlərinə bənzəyir”
Azərbaycan teleməkanına
həmişə fərqli baxışlar olub.
Televiziyanı bilən, burada
çalışanlar isə teleməkana bir
də peşəkar gözü ilə
baxırlar. "Şərq”in budəfəki qonağı
yazıçı-jurnalist, şair, tərcüməçi,
feminist, televiziyaçı, qadinkimi.com
saytının rəhbəri Aysel
Əlizadədir. Yeri gəlmişkən,
xatırladaq ki, Aysel
Əlizadə hələ çox gənc
yaşlarından bir çox
televiziya verilişlərinin
aparıcısı, müəllifi olub. Televiziya onun
tanıdığı cığırdı. O
cığırdan keçərək onun
bugünkü teleməkana baxışını
öyrənməyə çalışdıq.
- Azərbaycan
teleməkanı bu gün
necə görünür?
- Teleməkanımızda olan
qüsurların sayı o qədərdir ki, birini deyib,
digərini susmaq olmur.
Mən illər əvvəl Azərbaycan teleməkanında
çalışdığım dönəmdə hiss olunurdu ki,
televiziyalar getdikcə tamam
başqa mənzərə alacaq.
Artıq efirə ictimaiyyətə faydalı mesajlar
verən insanlar yox,
yalnız bayağı şou adamları və
arxasında heç bir
intellektual bazası olmayan
adamlar ayaq
açırdı. Bununla uzun
müddət mübarizə aparmağa da çalışırdım. Tutaq ki, verilişimə elə
bir müğənnini qonaq
çağırırdılar ki, onu sənətçi kimi
təqdim etməyə utanırdım. "Mən
tamaşaçını aldadıb bu
adamı sənətçi kimi təqdim
edə bilmərəm” deyirdim. Azərbaycan
televiziyası tamaşaçını aldatmağa
başladığı vaxtdan televiziya yaxşı istiqamətə doğru addımlamadı. Televiziyanın 3 vacib missiyasından biri
maarifləndirmədi. Maarifçilik televiziyadan uzaq
düşdü. Televiziya
illərdi heç nə öyrətmir, fərd
yetişdirmir, dibə batırır cəmiyyəti.
İntellektuallıq, xarizma və peşəkarlıq
üzərindən qurulan efir
hegemonluğu cəmiyyətə nüfuz edib onu düşdüyü
yerdən qaldıra bilər. Əks halda
TV və cəmiyyət qarşılıqlı uçuruma yuvarlanır. Televiziyaya qeyri-professionallar ayaq açdı. Bir çox sahədə
olduğu kimi. Maarifləndirmə funksiyası beləcə
yoxa çıxdı.
Gələk, məlumatlandırma missiyasına. Nə ilə
məlumatlandırır TV? Nə verir cəmiyyətə?
Biz ordan nə
alırıq? Heç
nə! Onsuz da elektroinformasiya
dönəmində hər
hansısa bir mətbuat orqanının,
media qurumunun öndə
olması çətin
məsələdi. Bir də
bu boyda dinamik rəqabətdə televiziyanın heç bir üstünlüyünün
olmaması görün
onu mexanizm olaraq hara, nə
qədər arxaya atır. Xəbərlərdən isə heç
danışmağa dəyməz.
Televiziyanın əsas funksiyalarından
biri də reklamdır. Televiziyanın maddi bazası reklam üzərində qurulur. İndi gəlin görək,
televiziyalarımızda baza
varmı, böyük
reklam büdcəsinin
olduğu hiss edilirmi?
Pul gətirirmi televiziyaların
fəaliyyəti onlara?
Ucuz şöhrət dalınca
qaçmaları, sosial
şəbəkələrdə söyülməkdən zövq
almaları onu göstərir ki, böyük pullar qazana bilmirlər. Baxılmırlar, izlənmirlər. Çünki baxıldığı zaman televiziyanın primitiv yollara əl atmasına ehtiyac qalmır. Ölkənin əsas şirkətləri,
firmaları hesabına
televiziyalar yaşayır.
Reklam büdcəsini formalaşdıran
da azad biznesdi.
Burda artıq daha dərin məsələlər
yatır. Reklam verən şirkət bürokratik əngəllər,
təzyiqlər, "şapka”
tələbləri olmasın
gərək... Diqqət
yetirsəz özünə
hörmət edən şirkətlər bu gün televiziyada yer alan
verilişlərə reklam
vermir. Çünki təqdim olunan
proqramlar çox bayağıdır. Hər ciddi
və maliyyəsi böyük olan şirkət bu bayağılığın içində
görünmək istəmir.
Onlar öz imiclərini saxlamağa çalışır.
Bir az
bürokratik əngəllər
də oldu. Yaxşı şirkətlər ki, əvvəllər reklam verirdilər, televiziyaları
ayaqda saxlayırdılar,
onlar artıq efirlərdən çəkinməyə
başladılar. Böyük şirkətlər
hər bayağı layihənin içində
adlarının hallanmasını
istəmirlər.
- Bu gün sosial mesajlı, sosial yüklü layihələri də efirlərdə az
görürük. Sosial layihələrdə
də əsasən ağlaşmaq, hay-küy üstünlük təşkil
edir.
- Azərbaycan teleməkanı
bu gün çox ciddi problemli dönəmini yaşayır. Dünya televiziyaları ilə
rəqabətdən söhbət
gedə bilməz.
Bu gün Azərbaycan
tamaşaçısı xarici
kanalları, bir az daha intellektli tamaşaçı
Avropa kanallarını
izləməyə üstünlük
verir. Bizdə maraqlı, düşündürən,
cəmiyyətə sosial
mesaj verən layihələri teleməkanlarımız
təqdim edə bilmirlər. Bunun obyektiv
və subyektiv səbəbləri var. Efirdə
olan sosial layihələrdə də
ağlaşma göstərməyə
məcburdular. Çünki reytinq məsələsi
var.
- Təəssüf ki, reytinq professional televiziyaçıları
belə bəsit intriqalardan, ağlaşmalardan
istifadə etməyə
məcbur edir.
- Bəli. Efirdə yalançı ağlaşma təqdim etməyə məcbur olanlar var. Bizdə bəzən sərbəstlik adı altında bəsitlik təqdim edilir. Qaldı professional televiziya aparıcılarının da yalandan ağlaşma yaratmaq taktikasına, onlar istəyərəkdən bunu etmirlər. Sadəcə başqa çıxış yolları yoxdu. Bu gün sosial layihələrdə həmin o yalançı, süni ağlaşmalar, göz yaşları, səhnələr olmasa, o görüntülər yaradılmasa, o verilişlər izlənməyəcək. Çünki bir televiziya verilişinin tamaşaçıya təqdim olunması üçün onun üzərində ciddi, peşəkar komandanın işləməsi vacibdi. Televiziyanın öz qaydaları var. Efir tələbləri var. Bu gün təqdim olunanlara nəsə ad qoymağa da çətinlik çəkirəm. Çünki bunlar televiziya işi deyil, efir taktikası deyil. Məhəllə söhbətinə, çəpər davalarına, məişət qeybətlərinə bənzəyir. Televiziya bununla ayaqda qala bilməz. Mümkünsüzdü. Heç bir ciddi şirkət elə verilişləri olan kanala pul yatırmaz, heç bir ciddi tamaşaçı ona baxmaz. Nəticədə yenə deyirəm, baxılmaq üçün ən pis üsullara əl atılar. İntellektual verilişi tamaşaçıya təqdim etmək üçün maddi və mənəvi baza olması önəmlidi. Şou belə bir bazaya söykənəndə uğurlu alınır. Ən xırda detal belə həlledici olur. Savaddan başlayaraq, estetikaya, səhnə danışığına, nitq qabiliyyətinə, görünüşə qədər hər nüans vacib amllərdən sayılır. Tamaşaçı bütünlükdə efirdən həm məlumat əldə etsə, həm maariflənsə, həm informasiya alsa, həm estetik zövqü formalaşsa, həm də əylənsə, bu, televiziya işinin öhdəsindən gəlir deməkdi. İllər əvvəl biz efirdə olanda bu qədər texniki imkanlar yox idi, amma efirə daha böyük auditoriya baxırdı, izləyirdi, təsirlənirdi. Hətta bu gün bəyənmədiyimiz, "şou-veriliş” deyib intellektual kəsimə uyğun tərz saymadığımız format belə o kəsimin izləyəcəyi şəkildə təqdim edilirdi. İnsanlar sevə-sevə izləyirdilər. Televiziya çox məsuliyyətli sahədir. Aparıcılıq ayrıca bir peşədir, ona təcrübə, zaman, istedad, savad, xarizma qatılmasa, alınmır.
Televiziya kriteriyalarına cavab verən adamların bu sahədə işləməsi xilas edə bilər efiri. Bizim zamanda tənqidə xüsüsi önəm verilirdi. Aparıcı haqqında bir tənqidi yazı insanı narahat edirdi. Bir dəfə məndən tənqid yazılmışdı, o gecə yata bilmirdim. Tənqidi qəbul edirəm, sağlam tənqidə açığam. Amma məsuliyyət hiss edirdim. Niyə tənqid olunduğumu təhlil edirdim. İndi isə vəziyyət başqa cürdü. Tənqiddən zövq alırlar. Hətta təhqir olunduqca sevinirlər. Bunu reytinq sayırlar. Kimlərin səni tənqid etməsi də çox incə məqamdı. Buna önəm verməsən, boşluqları görməsən, batacaqsan. Sosial şəbəkələrdə ən aşağılayıcı, ən sərt tənqidlər görürsən ki, proqram kollektivlərini sevindirir. Müzakirə olunduqlarını düşünüb bunu uğur sayırlar. Halbuki ölkənin ən ciddi mütəxəssisləri tənqid edir onları, ən tələbkar tamaşaçılar irad bildirir. Bunu nəzərə almaq yerinə bir az da üstünə qoyub daha betər hərəkətlər edirlər. Daha acınacaqlı üsullardan istifadə edirlər. Nədi bu reytinq deyilən şey? Harda hesablanır, kimin evində reytinq ölçən qurğular qoşulub? Bu, bəlli deyil. Nəzərə alınmır.
- Dünya televiziyalarında sosial yüklü, ciddi xəbər verilişləri əsasən yaşı 40 üstündə olan aparıcılara həvalə edilir. Burada tamaşaçının inam məsələsi vacib sayılır. Gənc yaşda olan aparıcının təqdim etdiyi xəbər verilişi ilə oturuşmuş yaşda olan aparıcının xəbəri ötürməsində fərq var.
- Çox önəmli bir məqama toxundunuz. Həqiqətən dünya televiziya praktikasında aparıcının, xüsusilə xəbər aparıcısının, sosial yüklü layihənin, analitik veriliş aparıcısının daha yaşlı olmasına önəm verilir. Proqramın sambalını artıran onun tematikasına uyğun aparıcının olmasıdı həm də. 20-22 yaşlı aparıcı dünya siyasəti ilə bağlı nə xəbər verə bilər? 22 yaşlı gəncin şou verilişləri aparması daha doğru olar. Amma bu o demək deyil ki, şou verilişi aparan aparıcının savadı olmamalıdır. Sadəcə hər yaşın öz yükü olur. Şou verilişi aparan aparıcının da intellekti yoxdursa, o tamaşaçı ilə təmasda çətinlik yaşayacaq, özünü təqdim edərkən vulqar görünməyə məcbur qalacaq. Dünyanın ən məşhur şou aparıcılarından biri ABŞ-da yaşayan Opra o qədər bilgilidi ki, hər adam onunla söhbət edə bilməz. Amma o, hər sahədən olan qonaqla onun sahəsi ilə bağlı danışa bilir. Kitablar yazır, seminarlar keçir.
Televiziya həqiqətən maraqlı olduğu qədər də məsuliyyətli bir məkandı. Televiziya eyni zamanda ideoloji silahdır. O silahdan ehtiyatla, düzgün istifadə etmək vacibdir. Televiziya aparıcısı hər verilişə hazırlıqlı olmasa boş görünəcək. Üzərində gecə-gündüz işləməsi lazımdı. Çox təəssüf ki, mən bu gün Azərbaycan teleməkanında güclü aparıcı ordusu görə bilmirəm. Hətta 10 il əvvəl televiziyaya gələnlər var idi ki, əslində istedadlı olsalar da üzərlərində çalışmadılar. On il əvvəl necə efirə gəliblərsə, elə də qaldılar. Televiziya axtarışı, yeniliyi, maraqlı göstərişi sevir. Televiziyalara rəhbərlik edənlər böyük bir məsuliyyəti hiss etməyə məcburdular. Mən əvvəllər bir neçə televiziyada çalışmışam. O dönəmlərdə televiziya həyatı coşğulu idi, qaynayırdı. İndi həmin telekanallara qonaq kimi dəvət alıb gedəndə, təəssüflənirəm. Əvvəlki abu-hava, yaradıcılıq ruhu görünmür. Dəhlizlər boş, qarqnlıq, otaqlar buz kimi, qaynaşma yox, sanki hamı ora sadəcə bir tikə çörək üçün gəlir. Halbuki televiziya yaradıcı sferadır. Özündən böyük görəvi, öhdəliyi var. Cəmiyyəti tonusda saxlamaq gücü var. Fərqli bir dünyadır. Orada sakit həyat ola bilməz. Televiziyalamızın sükut dönəmi məni tamaşaçı kimi də ağrıdır, bir vaxtlar bu sahədə çalışan insan kimi narahatlıq keçirirəm. Televiziya öz rolunu, funksiyasını itirib demək olar. Amma hələ də gec deyil. Televiziyalar yatıblar. Oyatmaq, yeniləmək, ayağa qaldırmaq mümkündü. Vulkanik bir püskürməyə, qəflət yuxusundan oyatmağa təkan vermək gərəkdi. Yalnız professionalların vasitəsi ilə etmək olar.
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan
Respublikası Prezidenti yanında KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb
Şərq.- 2018.- 17 avqust.- S.6.
0