ANARIN “QOBUSTAN”I
Bu toplu mətbuat
tariximizdə yeni mərhələnin
başlanğıcı oldu
1970-ci illərin əvvəlində
Azərbaycanda müxtəlif dillərdə çap
olunan 118 qəzet, 128 jurnal
tipli mətbu orqanlar
arasında Azərbaycan dilində nəşrlər üstünlük təşkil edirdi. O zaman ana dilində 84 qəzet və 23 jurnal nəşr olunurdu.
1971-ci il noyabrın 19-da Aktyorlar
Evində Azərbaycan jurnalistlərinin IV qurultayı keçirildi. Nümayəndələr
kütləvi informasiya vasitələri
qarşısında duran vəzifələri
müzakirəyə çıxardılar. Tədbiri Azərbaycan
Jurnalistlər İttifaqı İdarə Heyətinin sədri
İ.Nəzərov açdı və ötən qurultaydan sonra ölkə
KİV-lərinin vəziyyətini konkret faktlarla təhlil etdi. Qurultayda jurnalistlərin peşəkarlığının
artırılması, onların biliyi, nəzəri
və praktik hazırlığı əsas
diqqət mərkəzinə gətirildi. Noyabrın 20-də
Azərbaycan Jurnalistlər İttifaqının yeni seçilmiş
İdarə Heyətinin plenumu keçirildi.
Plenum AJİ-nin 13 nəfərlik rəyasət heyətini seçdi, İ.Nəzərov yenidən İdarə Heyətinin birinci katibi kimi təsdiqləndi. 70-ci illərin jurnalistikasının qarşısında duran problem və vəzifələr barədə İ.Nəzərov "Ədəbiyyat və incəsənət" qəzetinin 5 may 1973-cü il tarixli sayında geniş məqalə ilə çıxış etdi. Müəllif məqalədə göstərirdi ki, dövri mətbuatda jurnalistikanın nəzəri məsələlərinə aid məqalələr az verilir, qabaqcıl təcrübə məqsəd və aydınlığı ilə işıqlandırılmır. Bəzi qəzet və jurnalların yaradıcılığına toxunan müəllif yazırdı:
"Bir çox qəzet redaksiyaları öz çıxışlarının təsiri və nəticəsi uğrunda zəif mübarizə aparırlar. Qəzet hadisələrin passiv qeydçisi deyil. Yazıların təsiri uğrunda mübarizə qəzetin hörmətini yüksəldən, ona mübarizlik ruhu verən və onun təşkilatçılıq məharətini təmin edən vacib şərtlərdən biridir. Dərc olunmuş yazı cavabsız, nəticəsiz qaldıqda qəzet öz müəllifinin də, öz oxucusunun da nəzərində gücsüz görünür". 70-ci illərin ortalarından başlayaraq Azərbaycan mətbuatının tarixi ənənələr əsasında inkişafına diqqət artırıldı. Azərbaycan Dövlət Universitetinin müəllimi, 10 ilə yaxın "Sovet kəndi" qəzetinin baş redaktoru işləmiş Nəriman Zeynalovun 1973-74-cü illərdə iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitabı nəşr olundu. İctimaiyyət tərəfindən maraqla qarşılanan kitablar jurnalistika fakültəsi tələbələrinin və mətbuat tarixi ilə maraqlananlar üçün yeganə vəsait idi. Azərbaycan milli mətbuatının bünövrədaşı olan "Əkinçi" qəzetinin 100 illiyi ilə bağlı verilən qərar mətbuat tarixinin araşdırılması sahəsində aparılan işləri sürətləndirdi. "Əkinçi"nin 100 illiyinin geniş keçirilməsi respublikanın ədəbi həyatında və mətbuat tarixində mühüm rol oynadı. Həmin dövrdə nəşr olunan nüfuzlu mətbu orqanlardan biri də "Qobustan” jurnalı idi.
Mətbuat tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuat tarixi, II hissə - (1920-1990)” adlı əsərində "Qobustan” toplusunun nəşri haqqında ətraflı məlumat verilib.
Müəllif əsərində qeyd edib ki, 1969-cu ilin yanvarında çapı planlaşdırılan "Qobustan”ın ilk sayında nəzərdə tutulan mövzular, toplunun ideyası, formatı, yaradıcılıq əlaqələri barəsində məlumatı məsul katib Vidadi Paşayev "Ədəbiyyat və incəsənət" qəzetində açıqlayıb. Azərbaycanda bu biçimdə dərginin olmadığını diqqətə çatdıran V.Paşayev üz qabığının toplunun adına uyğunlaşdırıldığını qeyd edərək yazıb: "Bizlərdə bu biçimdə dərgi olmayıb. Üz qabığında Qobustan qaya şəkillərindən olan yallı rəqsinin fotosundan biri bəzəyəcək. Bu, gərək təsadüf sayılmasın, göydəndüşmə görünməsin. Qobustan qaya rəsmi qədimlik rəmzidir”. Akif Aşırlı kitabında bildirib ki, ilkin olaraq on çap vərəqində nəşri planlaşdırılan toplunun il ərzində dörd sayının işıq üzü görməsi - qış, yaz, yay və payız nömrələrinin çapı nəzərdə tutulurdu: "Qobustan"ın yaradıcılıq istiqamətlərini konkretləşdirən V.Paşayev bu barədə oxucuları məlumatlandıraraq yazır: "Toplunun səhifələrində bədii yaradıcılığın bir çox sahələri - musiqi, opera və balet, təsviri və tətbiqi sənət, kino, memarlıq estetika, sənət tarixi və nəzəriyyəsi əksini tapmalıdır. Belə bir genişliyin, mövzu bolluğunun öz çətinlikləri var. Gərək ögey-doğmalıq olmasın, ölçü hissi itirilməsin, hər nömrədə tənasüb saxlanılsın”. Əslində məsul katib kimi işə başlayacaq V.Paşayevin proqram və məlumat mahiyyətli bu məqaləsi oxucuların diqqətini toplunun nəşrinə cəlb etmək məqsədi daşıyırdı. V.Paşayev "Qobustan"ın beynəlxalq yaradıcılıq əlaqələrinə toxunaraq, Almaniya Demokratik Respublikasında çıxan "Təsviri sənət" qəzeti ilə qurulan yaradıcılıq ilişkilərindən də söhbət açırdı: "Xarici qəzet və jurnallarla birbaşa körpü yaratmaq, yazılar, səhifələr dəyişmək o qədər də çətin deyil. Demokratik ölkələrin mətbuatı Azərbaycan incəsənəti ilə yaxından maraqlanır. Biz hələlik Almaniya Demokratik Respublikasında çıxan "Təsviri sənət" qəzetinin əməkdaşları ilə əlaqə yaratmışıq. Yeni yetişən cavan tərcüməçilərin köməyi ilə başqa ölkələrlə də əlaqə saxlamağa imkanımız var".
"Qobustan"ın dissertasiyalardan çıxarışlar və quru elmi məqalələr məcmuəsi kimi nəşr edilməyəcəyini, hər bir yazını anlaşılan dildə hazırlamağı, oxunaqlı forma, biçim tapılacağını qeyd edən müəllif oxuculara vəd verirdi: "Heç kəsdən gizli deyil ki, sənət terminolojimiz hələ ibtidai vəziyyətdədir. Sənətşünaslar ciddi elmi-nəzəri məsələlərdən anlaşılan dildə yazmağa çətinlik çəkirlər. İkinci nömrədən başlayaraq sənət terminləri sözlüyü verib, geniş müzakirə etməyi nəzərdə tutmuşuq".
Toplunun dizaynının, materialların yerləşdirilməsinin də fərqli olacağını qeyd edən V.Paşayev yazırdı: "Toplumuz biçim cəhətdən də rəngarəng olacaq. Fotolar, rəngli şəkillər, rəsmlər, tez-tez dəyişən şriftlər, arakəsmələr gərək "gözəllik ondur, doqquzu dondur” prinsipinə cavab versin”.
A.Aşırlı bildirib ki, verilən vədlərə uyğun 1969-cu ildə toplunun dördüncü sayı, qış buraxılışı işıq üzü gördü: "Azərbaycan Sovet Bəstəkarlar, Memarlar, Kinematoqrafçılar İttifaqlarının və Teatr Cəmiyyətinin nəşri kimi çap olunan "Qobustan"ın ön sözü esse janrında işlənmişdi: "Qayalar əcaib heykəllərə bənzəyir. Onları gün vurub, külək döyüb, yağış oyub, vaxt yonub. Stun qaya. Lay-lay "qatlama" qaya. Bütöv qaya. Parçalanmış qaya. Tikə-tikə. Dik-dik. Hamar. Yastı. Dik. Yatmış qaya, şahə qalxmış qaya. Bura Qobustandır - qaya rəsmləriylə dünyada tanınmış Qobustan". Təkcə bədiiliyinə görə deyil, ictimai-siyasi məzmun daşıyan baş məqaləni əvəz edən essedə Azərbaycanın klassikləri, böyük şairləri, ictimai-siyasi xadimləri xatırlanırdı: "Tarix səhifələrində Hadinin diliylə desək, "övraqi-həyatda imza atan, iz qoyan millət bəxtiyardır. Dünyanın bu ölümsüzlük kitabında azəri millətinin xətti var".
Təkcə yazıların məzmunu deyil, tərtibat baxımından da fərqlənən "Qobustan"a ilk sayının nəşri ilə bağlı xeyli sayda təbriklər ünvanlanıb, bu təbriklər də müxtəlif səhifələrdə müəllif imzalarıyla dərc olunub. Xalq yazıçısı Mirzə İbrahimovun təbriki daha yığcam idi: "İncəsənət məcmuəsinin nəşr olunacağını eşitdikdə nə qədər sevindim. Belə məcmuəyə bizim ehtiyacımız var". SSRİ Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Fikrət Əmirov təbrik məktubunda xalqımızın mədəniyyətinin qədimliyini önə çəkirdi: "Xalqımızın mədəniyyəti həm qocadır, həm də dedikcə cavandır. Musiqimizin həm dünəni, həm də bu günündən ürək dolusu, alnıaçıq danışa bilərik. Ümid edirəm ki, yeni toplu xalqımı, xalqımızın oğul və qızlarının sənətini respublikamızdan uzaqlarda yayılmasına kömək edəcəkdir. Həsən Seyidbəyli, Qəmər Almaszadə, Niyazi, Rauf Hacıyev, Rəsul Rza, Mikayıl Hüseynov da toplunun nəşrini incəsənətimizin, mədəniyyətimizin inkişafı və təbliği üçün atılan ən mütərəqqi addım hesab edirdilər. Süleyman Rüstəmin təbriki də digər həmkarlarından fərqlənmirdi: "Mən "Qobustan" toplusunun nəşr olunmasını sənət aləmi üçün böyük hadisə hesab edirəm. Yeni toplunun hər nömrəsini hazırlamaq, yeni roman, poema və başqa əsər yazmaq kimi çətindir. Bu iş hamımızdan məhəbbət tələb edir". Qocaman şairin yazdığı kimi, "Qobustan" ilk sayından etibarən, Anar başda olmaqla kollektivin məhəbbəti ilə hazırlanıb, çap edildi. Mövzuların işlənməsi, problemin cəmiyyətə təqdimi digər mətbu orqanların yaradıcılıq işindən seçilirdi. "Azərfilm-69" reportajı sanki kino ssenarisi təsiri bağışlayırdı. Rasim Əfəndinin "Azəri sənət nümunələri Avropa muzeylərində" tədqiqatı tarixin müxtəlif mərhələlərində Azərbaycan sənətkarlarının hazırladıqları sənət əsərlərinin xaricə aparılmasından bəhs edir. Maraqlı tarixi faktlarla zəngin olan araşdırma oxucunu qədim mədəniyyətimizin dünyada etirafı üstündə kökləyir.
Jurnalın mündəricatının ana dilimizlə yanaşı, ərəb əlifbasında və ingilis dilində çap olunması da kollektivin yeniliklərindən sayıla bilər.
Müəllif əsərində qeyd edib ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə, kino sənətinə yeni milli baxış ortaya qoyan, ölkənin qədimliyini, milli-mənəvi dəyərlərini təbliğ edən və ən əsası da müasir jurnalistikanın formalaşmasına çalışan "Qobustan"çılar Mərkəzin təqibi, təzyiqi ilə üzləşməli oldu: "Baş redaktor Anarın topluya yeni milli nəfəs verməsi, ortaq türkcənin imkanlarından yararlanması barəsində mərkəzə ötürülən danoslar yaradıcılıq işinin keyfiyyətinə təsir edirdi. "Qobustan"ın nəşrinə əngəllər yaradılır, uzun-uzadı senzor çəkişmələri, qadağalar çox çətinliklə aradan qaldırılırdı. Xalq yazıçısı Anar "Qobustan"a baş redaktorluq etdiyi illərdə özünün və redaksiya işçilərinin, o cümlədən toplunun müəlliflərinin qarşılaşdığı çətinlikləri xatırlayaraq bu işdə "sapı özümüzdən olan baltaların" xüsusi canfəşanlığını qeyd edirdi: "Qobustan"ın bir nömrəsində Qubad Qasımovun Üzeyir Hacıbəyli haqqında xatirələrini vermək istəyirdik. Yazının bir yerində Üzeyir bəyin də iştirak etdiyi qonaqlığın iştirakçıları sırasında Əli bəy Hüseynzadənin də adı çəkilmişdi və yalnız buna görə materialın dərc olunmasına icazə verilmədi. Mənə "Qobustan"da yenə pantürkistlərin təbliğiylə məşğul olursunuz" ittihamı verildi. "Qobustan"ın üçüncü sayında Anar Parisə etdiyi səfərdə Ə.Hüseynzadənin oğlu rəssam Səlim Turanın yaradıcılığından danışır, bu böyük şəxsiyyətin oğlunu Vətəni Azərbaycanda görməyi arzulayırdı”.
İsmayıl
Şərq.- 2018.- 28 avqust.- S.11.