Əli Həsənov: Nə qədər
Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından
15 il ötür. Zaman bizi o ağır gündən
sürətlə uzaqlaşdırsa da, müasir Azərbaycan
dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin
xalqımız qarşısındakı misilsiz xidmətləri
yaddaşlara dərindən hopmuş, hər bir azərbaycanlının
qəlbində silinməz iz qoyaraq tariximizin ayrılmaz tərkib
hissəsinə çevrilmişdir. Heydər Əliyevin həyat
yolunun möhtəşəm salnaməsini vərəqləyərkən
göz qarşısında Azərbaycan tarixinin çətin
və şərəfli bir dövrünün dolğun mənzərəsi
canlanır. Xalqımızın yetişdirdiyi bu dahi şəxsiyyətin
bütün fəaliyyətinin Azərbaycanın inkişaf
yolu ilə sıx vəhdət təşkil etdiyini bir daha
aydın şəkildə görürük.
Azərbaycanın görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyev 1923-cü il mayın
10-da Naxçıvan şəhərində anadan olmuşdur.
O, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü
başlanmışdır. Íeydər
Əliyev ilk günlərdən respublikada xalq təsərrüfatına
və mədəni quruculuğa rəhbərliyin əsaslı
surətdə yaxşılaşdırılması, dövlət
və əmək intizamının möhkəmləndirilməsi,
kadrların məsuliyyətinin artırılması və
korrupsiyaya qarşı mübarizənin yeni xəttini müəyyən
etmişdir. Bu xətt sonrakı dövrdə
daha da təkmilləşdirilmiş, respublikanın
sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına mənfi
təsir göstərən meyillərin
qarşısının alınması, sağlam mənəvi-psixoloji
mühitin bərqərar olunması uğrunda fəaliyyət
proqramına çevrilmişdir. Onun bilavasitə rəhbərliyi
ilə Azərbaycanın iqtisadi inkişaf konsepsiyası
hazırlanmış, ənənəvi təsərrüfat
sahələrinin səmərəliliyi bərpa edilmiş, yeni
istehsal sahələrinin əsası qoyulmuşdur. Bu dövrdə neft-kimya, maşınqayırma,
energetika, metallurgiya, mədənçıxarma və digər
sahələr əhəmiyyətli dərəcədə
inkişaf etməyə başlamış, 400-ə yaxın
yeni sənaye obyekti yaradılmışdır. 1969-cu ildə sənaye
müəssisələrinin sayı 735-ə bərabər idisə,
1982-ci ildə bu rəqəm 1048-ə
çatmışdı.Heydər Əliyev kənd təsərrüfatı
istehsalının intensivləşdirilməsi, bu sahənin
daha da ixtisaslaşdırılması,
üzümçülük və şərabçılığın
inkişaf etdirilməsi, emal müəssisələrinin,
irriqasiya və meliorasiya obyektlərinin tikilməsini təmin
edərək, o dövrdə aqrar sektorda məhsul
istehsalını 2 dəfədən çox artırmağa
nail olmuşdur. Beləliklə, ölkənin
sosial-iqtisadi həyatında sürətli tərəqqi
baş vermiş, Azərbaycan geridə qalmış aqrar
respublikadan özünü təmin edən, qabaqcıl aqrar-sənaye
respublikasına və mərkəzi büdcənin donoruna
çevrilmiş, SSRİ miqyasında ilk üçlüyə
yüksəlmişdir. Həmin illərdə respublikada
buraxılan 350 adda sənaye və kənd təsərrüfatı
məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. O dövrdə yaradılmış iqtisadi potensial
müstəqilliyin ilk illərində Azərbaycan
iqtisadiyyatının yenidən qurulması üçün
baza rolunu oynadı.Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi ilk dövrdə (1969–82-ci illər) elm, təhsil və mədəniyyətin
inkişafı, xalqın tarixi yaddaşının özünə
qaytarılması istiqamətində
görülən işlər milli ruhun oyanmasına, azərbaycançılıq
məfkurəsinin zənginləşməsinə güclü
təsir göstərmiş və gələcəkdə
müstəqil dövlətçiliyin bərpası
üçün əsaslı zəmin
hazırlamışdır.Heydər Əliyevin təşəbbüsü
və iştirakı ilə Bakıda və
keçmiş SSRİ-nin paytaxtı Moskvada Azərbaycanın
tanınmış ədəbiyyat, incəsənət və
elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti
yüksək dövlət mükafatları və fəxri
adlarla qiymətləndirilmiş, abidələri
ucaldılmışdır. Həmin illərdə
respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi
genişləndirilmiş, SSRİ-nin 170 qabaqcıl ali məktəbinə
3500 azərbaycanlı gənc göndərilmişdir. Heydər
Əliyev azərbaycanlı hərbçi kadrların
yetişdirilməsinə, respublikada hərbi təhsilin
inkişafına xüsusi diqqət ayırmışdır. O dövrdə hazırlanmış yüksək
ixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin
qurulması, möhkəmləndirilməsi və təhlükəsizliyinə
öz töhfələrini vermişlər.Heydər Əliyev
Azərbaycan dilinin respublikanın dövlət dili olması ilə
bağlı müddəanın 1978-ci il
Konstitusiyasına daxil edilməsinə nail olmuşdur. O, Azərbaycanın
bütün bölgələrinin sosial-iqtisadi və mədəni
inkişafına daim diqqət göstərmişdir. Heydər
Əliyevin məsələlərə kompleks və həssaslıqla
yanaşması, habelə çevik idarəçiliyi sayəsində
respublikada sosial və milli-dini zəmində heç bir problem
yaranmamış, sağlam ictimai-siyasi vəziyyət hökm
sürmüşdür.
Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə
Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilmişdir. O, həmin yüksək vəzifədə
çalışdığı dövrdə 60-dan çox
nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin
fəaliyyətinə rəhbərliyi həyata
keçirmişdir. Lakin 1987-ci ilin oktyabrında
Sov. İKP MK-nın Siyasi Bürosunun və
şəxsən baş katib M.S.Qorbaçovun yeritdiyi
yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə
etiraz əlaməti olaraq tutduğu vəzifələrdən
istefa vermişdir.
Sovet
qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda
törətdiyi qanlı qırğınla əlaqədar Heydər
Əliyev ertəsi gün, Kreml rejiminin təqiblərinə və
səhhətinin ağır olmasına baxmayaraq, ailə
üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı
Daimi Nümayəndəliyinə gedərək orada bəyanat
vermiş, SSRİ hakimiyyətinin Azərbaycan xalqına
qarşı həyata keçirdiyi kütləvi
qırğın əməliyyatını pisləmişdir. Mübariz mövqeyini qətiyyətlə davam etdirən
Heydər Əliyev Dağlıq Qarabağda
separatçıların qanunsuz əməlləri və
yaranmış kəskin vəziyyətlə bağlı mərkəzin
yürütdüyü ikiüzlü siyasətə etiraz edərək
1991-ci ilin iyulunda Kommunist Partiyasından
çıxmışdır.1990-cı ilin iyulunda Azərbaycana
qayıdan Heydər Əliyev Naxçıvana getmiş və
həmin ildə Azərbaycan Ali Sovetinə deputat
seçilmişdir. Bununla da yenidən ölkənin
ictimai-siyasi həyatında yaxından iştirak etməyə
başlayan Heydər Əliyev 1992-ci ilin noyabrında Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis konfransında təşkilatın sədri
seçilmişdir.Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü, xüsusilə onun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində
çalışdığı illər (1991–1993) muxtar
respublikanın siyasi, sosial-iqtisadi və mədəni
inkişafının çətin mərhələsi idi. Heydər Əliyev, ilk növbədə,
Naxçıvanı Ermənistanın silahlı təcavüzü
və işğalı təhlükəsindən xilas etdi.
Blokada şəraitində yaşayan muxtar
respublikanın ağır iqtisadi-sosial problemlərini həll
etmək üçün qonşu Türkiyə və
İranla iqtisadi əlaqələr yaratdı.
Naxçıvanı Türkiyə ilə birləşdirən
"Ümid körpüsü", İranla yük və sərnişin
daşınmasını genişləndirən
Şahtaxtı-Poldəşt körpüsü inşa edildi və
digər mühüm tədbirlər həyata keçirildi. Bu
illərdə həm də Heydər Əliyevin təşəbbüsü
ilə muxtar respublikanın Ali Məclisi onun adından “sovet”,
“sosialist” sözlərinin çıxarılması, Azərbaycan
Xalq Cümhuriyyətinin üçrəngli
bayrağının Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi təsdiq edilməsi, 31
dekabrın dünya azərbaycanlılarının həmrəylik
günü kimi təsis olunması haqqında qərarlar qəbul
etdi.Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri işləyərkən, eyni zamanda, Azərbaycan
Respublikası Ali Sovetinin sədr müavini olmuş və Ali
Sovetin sessiyalarında fəal iştirak etmişdir. O, Azərbaycan
Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991-ci il, fevral)
çıxışında Vətənin ağır
dövründə hər kəsi vətəndaşlıq
borcunu vicdanla yerinə yetirməyə, müstəqillik
uğrunda mübarizəyə qoşulmağa,
dağılmaqda olan Sovet İttifaqında, eləcə də
Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil
edərək, cəmiyyəti dərindən
düşündürən problemlərin, siyasi və iqtisadi
böhranın, Dağlıq Qarabağ münaqişəsinin
həllinə yardım göstərməyə
çağırmışdır. Heydər Əliyev Azərbaycan
Ali Sovetinin 1991-ci il 7 mart tarixli
sessiyasında Moskvanın müttəfıq respublikaları
yeni ittifaq müqaviləsinə sürükləyən siyasətinə
qarşı çıxmış və deputatları
respublika rəhbərliyinin anti-müstəqillik əhval-ruhiyyəsini
pisləməyə dəvət etmişdir. Həmin
dövrdə SSRİ-nin saxlanması məqsədilə
keçirilən referendum Heydər Əliyevin rəhbərliyi
ilə Naxçıvanda boykot edilmiş, sovet qoşun hissələri
muxtar respublikadan çıxarılmış, 20 yanvar faciəsinə
hüquqi-siyasi qiymət verilmişdir. Sovet
İttifaqının saxlanılmasını təbliğ edən
Kommunist Partiyasının Naxçıvandakı bütün
strukturları ləğv edilmiş, Azərbaycan Ali Sovetinin
1991-ci il sentyabrın 8-nə təyin etdiyi
prezident seçkilərinin muxtar respublikanın ərazisində
keçirilməsi dayandırılmışdır.
Həmin
dövrdə erməni millətçilərinin Azərbaycana
qarşı irəli sürdüyü əsassız ərazi
iddiaları, SSRİ rəhbərliyinin Dağlıq
Qarabağı Ermənistana birləşdirmək səylərinin
ağır nəticələri, 20 yanvar faciəsi və ondan
sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslər,
respublikanın kommunist rəhbərliyinin mövqeyi və s.
Heydər Əliyevin siyasi fəaliyyətinin başlıca
vektorunu milli dövlətçilik ideyasının əsas məqsədinə
- müstəqil demokratik dövlət uğurunda mübarizəyə
istiqamətləndirmişdir.
Hakimiyyət dairələrinin xəyanətkar və səriştəsiz
idarəçiliyi nəticəsində 1993-cü ilin may-iyun
aylarında ölkədə siyasi böhran son həddə
çatdı, respublika vətəndaş müharibəsi və
müstəqilliyin itirilməsi təhlükəsi ilə
üz-üzə qaldı. Belə şəraitdə xalqın
təkidi ilə Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, onun Azərbaycana rəhbərliyinin
ikinci dövrü başladı. Heydər
Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti
və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan
dövlətçiliyinin məhv edilməsi, vətəndaş
müharibəsi və ölkənin parçalanması təhlükəsi
aradan qalxdı. Həmin gün Azərbaycan
tarixinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.
1993-cü il oktyabrın 3-də ümumxalq
səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. Ümummilli lider
1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı
şəraitində keçirilən növbəti prezident
seçkilərində də böyük səs
çoxluğu ilə (76,1 %) möhtəşəm
qələbə qazandı.
Heydər
Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi, mədəni həyatında, xarici əlaqələrində
dönüş yarandı, beynəlxalq norma
və prinsiplərə uyğun olaraq müstəqil dövlət
quruculuğu prosesi başlandı. Bəzi daxili və xarici
qüvvələr tərəfindən hazırlanmış
1994-cü il oktyabr və 1995-ci il mart dövlət
çevrilişi planlarının, habelə şəxsən
Heydər Əliyevə sui-qəsd və terror cəhdlərinin
qarşısı qətiyyətlə alındı, silahlı
yolla hakimiyyətə gəlmək iddialarına son qoyuldu, Azərbaycan
dövlətçiliyinin iflası prosesi
dayandırıldı, ölkədə möhkəm
ictimai-siyasi sabitlik bərqərar edildi.
İşğalçı Ermənistan ilə müharibənin
gedişində ciddi dönüşə nail olundu. Azərbaycan qoşunları Füzuli rayonu istiqamətində
uğurlu əməliyyat keçirərək Horadiz qəsəbəsini
və ətraf kəndləri işğalçılardan azad
etdi. Beləliklə, erməni silahlı
qüvvələrinin işğalı genişləndirmək
planlarının qarşısı alındı, Ermənistan
1994-cü ilin mayında cəbhə xəttində atəşkəs
elan edilməsinə və danışıqlar masasına
qayıtmağa məcbur oldu.
Heydər
Əliyev Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın ərazi bütövlüyünün
pozulması, torpaqlarının 20%-dən çoxunun
işğalı, 1 milyondan artıq yerli sakinin didərgin
salınaraq çadırlarda yaşaması və digər
dövlət əhəmiyyətli məsələlər barədə
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, yaranmış problemlərin həlli
sahəsində çox gərgin və genişmiqyaslı fəaliyyət
göstərmişdir. Heydər Əliyevin fəal
diplomatik səyləri nəticəsində dünyanın
böyük dövlətlərinin və aparıcı beynəlxalq
təşkilatlarının Azərbaycana, onun zorla cəlb
olunduğu silahlı münaqişəyə münasibəti əsaslı
surətdə dəyişdi. BMT TŞ-də, ATƏT-in
Budapeşt (1994) və Lissabon (1996) sammitlərində,
İƏT-in üzv dövlət
başçılarının zirvə toplantılarında
Ermənistanın işğalı pisləndi və
Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq
normaları, Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllinə dair sənədlər
qəbul edildi.
Heydər Əliyevin tarixi nailiyyətlərindən biri də
Azərbaycan dövləti və xalqı qarşısında
duran strateji vəzifəni - bir ictimai-iqtisadi sistemdən digərinə,
yəni iflasa uğramış sosializmdən bazar
iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə
əsaslanan sistemə keçidi təmin etməsidir. Xüsusi
mülkiyyətə geniş meydan açılması, sənaye
və xidmət müəssisələrinin özəlləşdirilməsi,
aqrar islahatlar, torpağın əvəzsiz olaraq kəndlilərə
verilməsi və digər fundamental transformasiya proseslərini
reallaşdırmaq kimi çətin vəzifələrin həlli
Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər
Əliyevin yeritdiyi yeni neft strategiyası nəticəsində
Azərbaycanın karbohidrogen ehtiyatlarının
dünyanın ən qabaqcıl neft şirkətləri ilə
birlikdə hasil olunması və xarici bazarlara nəqli məqsədilə
1994-cü il sentyabrın 20-də Bakıda
“Gülüstan” sarayında Xəzərin Azərbaycan
sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin birgə işlənilməsi haqqında
müqavilə imzalanmışdır. "Əsrin müqaviləsi"
bağlandıqdan az sonra Xəzərin digər
karbohidrogen yataqlarının işlənməsi ilə əlaqədar
30-dan artıq saziş imzalandı ki, bu da Azərbaycana
böyük həcmdə xarici sərmayənin qoyuluşuna
imkan yaratdı. İlk beynəlxalq neft
müqaviləsi çərçivəsində
Bakı-Novorossiysk boru kəməri əsaslı təmir və
bərpa olundu, Bakı-Supsa boru kəməri inşa edildi.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikilməsi
haqqında saziş imzalandı və onun təməli qoyuldu.Heydər
Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan
öz geosiyasi, geoiqtisadi və mənəvi-mədəni
potensialından səmərəli istifadə edərək
Şərqlə Qərb arasında etibarlı körpü
yaratmağa çalışmış və bununla da ölkənin
gələcək dinamik inkişafı üçün əlverişli
imkanlar açılmışdır. Heydər
Əliyevin təşəbbüsü ilə tarixi
Böyük İpək Yolunun bərpasına yönəlmiş
beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan
aparıcı rol oynamışdır. 1998-ci ilin
sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın
yüksək səviyyəli rəhbər şəxslərinin
iştirakı ilə Bakıda İpək Yolu konfransı
keçirilmiş, layihənin icraçı katibliyinin Azərbaycanın
paytaxtında yerləşməsi haqqında qərar qəbul
edilmişdir.Heydər Əliyev demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu sahəsində
ardıcıl siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin
bərqərar olması üçün əsaslı zəmin
yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi
yolu ilə demokratik dəyərləri özündə əks
etdirən Azərbaycan Respublikası Konstitusiyasının qəbul
edilməsi, 1995-ci və 2000-ci illərdə
çoxpartiyalılıq əsasında parlament seçkilərinin
keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili,
ölüm cəzasının ləğv olunması, mətbuatda
senzuranın aradan qaldırılması, yerli
özünüidarəetmə orqanlarının-bələdiyyələrin
yaradılması kimi köklü islahatlar məhz Heydər
Əliyevin siyasi iradəsi və məqsədyönlü fəaliyyəti
sayəsində mümkün olmuşdur.
Heydər
Əliyevin "İnsan hüquq və azadlıqlarının
təmin edilməsi haqqında" 1998-ci il
22 fevral tarixli Fərmanı insan hüquq və
azadlıqlarının təmin edilməsini dövlət siyasəti
səviyyəsinə qaldırmışdır. Azərbaycan
1996-cı ilin iyununda Avropa Şurasında "xüsusi
qonaq" statusu almış, 2001-ci il
yanvarın 25-də isə onun tamhüquqlu üzvü
olmuşdur.
Heydər Əliyev dünyanın ayrı-ayrı ölkələrində
məskunlaşmış azərbaycanlıların birlik və
həmrəyliyinin yaradılmasına xüsusi əhəmiyyət
verirdi. O, Azərbaycan
Respublikasının Prezidenti kimi xarici dövlətlərə
rəsmi səfərləri zamanı orada yaşayan azərbaycanlıların
nümayəndələri görüşlər keçirir,
Azərbaycan diasporunun formalaşması və təşkilatlanması
üçün ardıcıl və səmərəli tədbirlər
görürdü. Heydər Əliyevin təşəbbüsü
və bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9–10-da Bakıda dünya azərbaycanlılarının
ilk tarixi qurultayı keçirilmiş, Azərbaycan diasporunun fəaliyyətinin
canlandırılması və gücləndirilməsi sahəsində
çox mühüm qərarlar qəbul edilmişdir.
Heydər
Əliyevin Azərbaycanda latın əlifbasına
keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi,
Azərbaycan əlifbası və Azərbaycan dili
gününün təsis edilməsi haqqında 2001-ci ildə
imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin
qorunub saxlanması çağırışı ilə Azərbaycan
xalqına müraciətləri və bir sıra digər sahələrdə
coşqun fəaliyyəti milli-mədəni inkişafda və
mənəvi birliyin möhkəmlənməsində
böyük rol oynamışdır.
Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti
tarixinin dərindən öyrənilməsi və fəaliyyətinin
obyektiv qiymətləndirilməsi məsələsinə
xüsusi diqqət göstərmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin 80 və 85 illik yubileyləri ölkədə
geniş qeyd olunmuş, Bakı şəhərində Xalq
Cümhuriyyətinə abidə ucaldılması haqqında qərar
qəbul edilmişdir.
Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində,
fərqli ictimai-siyasi, iqtisadi, mədəni və ideoloji şəraitdə
xalqına və Azərbaycana sədaqətlə xidmət
göstərmiş, istedadını, bilik və
bacarığını milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə sərf
etmişdir.
Azərbaycan xalqı Heydər Əliyevin xidmətlərini
daim minnətdarlıqla xatırlayır. Unudulmaz liderimiz Heydər
Əliyevin miras qoyduğu zəngin irs,
ölməz ideyalar bu gün də yaşayır və bizi
inamla gələcəyə aparır. Ulu öndərin
özünün də dediyi kimi, nə qədər ki Azərbaycan
var, o da olacaqdır. Əminliklə demək
olar ki, hazırda Azərbaycanın taleyi etibarlı əllərdədir.
Ölkəmiz Heydər Əliyev yolu ilə qətiyyətlə
irəliləyir və Prezident İlham Əliyevin rəhbərliyi
altında müasir inkişaf tariximizin yeni salnaməsi
yaranır.
Azərbaycan
Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi-şöbə müdiri
Əli Həsənov
Şərq.-
2018.- 13 dekabr.- S.2.