Mətbuatda  foto əsdas ifadə  vasitələrindəndir

Fotoda əks olunanları çox vaxt sözlə operativ qaydada demək olmur

Yazıçı-jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin "Foto və söz” kitabı çapdan çıxıb. Ş.Nəzərlinin təhsil aldığı BDU-nun 100 illik yubileyi münasibətilə hazırladığı kitabın nəşrini AMEA-nın rəhbərliyi reallaşdırıb. Kitab Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin elmi şurasının qərarı ilə metodik vəsait kimi nəşr olunan 18 fəsil və 228 səhifədən ibarət dəyərli əsər gələcəyin jurnalistləri, foto həvəskarları, peşəkar fotoqraflar, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Nəşrin məsləhətçiləri BDU-nun professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğludur. Kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm də əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu və yeri, redaksiyalarda fotoya münasibət və digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında və təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir, həmçinin ev tapşırıqları təqdim edir. Ən əsası isə foto ilə sözün uzlaşdırılması məsələsi misallar əsasında, müəllifin öz yaradıcılığı nümunəsində təqdim edilir.

Kitabın müəllifi - Şirməmməd Nəzərli Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, Jurnalistlər Birliyi İdarə Heyətində baş məsləhətçi kimi çalışıb. Uzun illərdir ki, imzası müxtəlif qəzet və jurnallarda, saytlarda maraqla oxunur. Bədii əsərlərindən və tərcümələrindən ibarət 14 kitabı bu günə kimi işıq üzü görüb, pyesləri ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulub. Jurnalist həm də peşəkar fotoqrafdır. İndiyə kimi Bakıda 5 fərdi foto-sərgisi olub. 2014-cü ilin dekabrında Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda təşkil edilən "Azərbaycan rəssamlarının foto portretləri" adlı sərgisində 55 rəssamın böyük ölçüdə fotoportreti nümayiş etdirilib və maraqla qarşılanıb. Azərbaycan Fotoqrafçılar Birliyi həmin il onu xüsusi mükafata layiq görüb. Uğurlu yaradıcılıq işlərinə görə "Humay" Milli Mükafatı qazanan Şirməmməd Nəzərli "Foto və Söz" adlı bu yeni kitabında sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi fotolar vasitəsilə təqdim edir.

 

Şirməmməd Nəzərlinin bu kitabında "Dünya fotoqrafiya tarixindən", "Azərbaycanda fotoqrafiya", "Yaxşı fotoqrafiyanın sirləri", "Foto nə verir?", "Fotoqrafiya aləmindən maraqlı faktlar" və s. bölmələr maraqla qarşılanır.

 

Müəllif milli fotoqrafiya tarixində iz qoyan Əzizbala Hacıyev, Mirfazil Mirmövsümov, Mircavad Axundzadə, Faiq Rəcəbli, Hüseyn Hüseynzadə, Akif Ağayev, Elxan Kərimov, Oqtay Məmmədov və başqaları haqqında da maraqlı məlumatlar verir. Ekspertlərə görə, kitabın fotojurnalistika sənətinin öyrənilməsində əhəmiyyəti böyükdür. Bildirilir ki, mətbuatda foto əsas ifadə vasitələrindəndir. Fotoda əks olunanları çox vaxt sözlə operativ qaydada demək olmur. Fotoqraflar, mobil telefon sahibləri, internetdə saysız-hesabsız foto mənbələri bu gün peşəkar fotojurnalisti əvəz edə bilmir. Azərbaycanda ayrıca fotojurnalistika sənətini tədris edən ali təhsil ocaqları hələlik yoxdur və həllini gözləyən məsələlərdəndir. Kitabda fotoqrafiyanın tarixi, inkişaf mərhələləri, dünyada fotoaparat istehsalı, fotonun həm də əmtəə kimi rolu, Azərbaycanda fotoqrafiyanın inkişafında rol oynamış şəxslər, jurnalistika janrında fotoqrafiyanın rolu və yeri, redaksiyalarda fotoya münasibət və digər məsələlər yer alıb. Müəllif öz təcrübəsi əsasında və təqdim etdiyi özəl fotoların timsalında gələcək fotojurnalistlərə tövsiyələr verir, həmçinin ev tapşırıqları təqdim edir. Ən əsası isə foto ilə sözün uzlaşdırılması məsələsi misallar əsasında, müəllifin öz yaradıcılığı nümunəsində təqdim edilir ki, bu da kitabın dəyərini artıran cəhətlərdən başlıcasıdır. Şirməmməd Nəzərli öz təcrübəsinə, dünya foto ustalarının irsinə, tanınmış fotojurnalistlərin əməyinə istinadla fotoqrafiyada sözün rolunu qabartmaq yollarını aydınlaşdırır. O, bir müəllifin digər yaradıcılıq sahələrinə yönələ biləcəyini əyani misallarla, yəni öz bədii yaradıcılığı timsalında göstərir. Həmçinin reportaj, portret, mənzərə və digər foto janrlarından bəhs edərkən özünün çəkdiyi foto nümunələrini əyani vəsait qismində təqdim edir.

 

Ş.Nəzərli qələmə aldığı kitabda vurğulayıb ki, fotoqrafiyada milli imzalar əsasən 1920-ci ildən sonra ortaya çıxıb. İlk fotoqrafiya "qaranquşları” Əzizbala Hacıyev və Mircavad Axundov olub. Məhəmməd Əmin Rəsulzadə xatirələrində yazır ki, Bayıl həbsxanasında olarkən hansısa azərbaycanlı fotoqraf onun şəklini çəkib. Fotoqrafın kimliyi isə bilinmir. Heyif ki, yüzlərlə azərbaycanlı ziyalısı kimi Əzizbala Hacıyev də 1937-ci il repressiyasına məruz qalıb. 1945-ci ildən sonra fotoqrafiya sənətimizdə milli imzalar çoxalmağa başlayıb. Sonrakı illərdə Kamal Babayevin imzası tanınmağa başlayıb. Hazırda onun 90 yaşına az qalıb. O, 50 il İncəsənət Muzeyində fotoqraf işləyib, televiziyada foto ilə bağlı verilişlər aparıb, tədris vəsaitləri tərtib edib.

 

Telekanalların fəaliyyəti gücləndikdən sonra fotojurnalistikada durğunluq yarandı. Televiziya böyük bir informasiya payını fotoqrafiyanın əlindən aldı. İnternet dünyasında isə fotoya tələbat daha da artıb. İndi problem peşəkar fotojurnalistikanın zəifləməyə doğru getməsidir. Əvəzində "həvəskar fotojurnalistika” geniş yayılıb. Bu da sosial şəbəkələrlə bağlıdır. Azərbaycan Fotoqraflar Birliyi 1999-cu ildən bəri hər il "İlin fotoqrafı” tədbirini keçirir. Məqsəd sadəcə uğurlarına görə bir neçə fotoqrafa mükafat vermək deyil, ardıcıl olaraq insanları fotoqrafiya ilə bağlı məlumatlandırmaqdır.

 

Bura qədər deyilənlərdən və yazılanlardan belə nəticə çıxır ki, Azərbaycanda fotojurnalist kadrlarının hazırlanması işinə ciddi yanaşmaq lazımdır. Ölkəmizdə son illər bütün sahələrdə irəliləyişə nail olunduğu təqdirdə fotoqrafiya sahəsini də irəli aparmağa, gənc oğlan və qızların fotojurnalist peşəsinə yiyələnmələrini stimullaşdırmağa böyük ehtiyac var. Səlahiyyətli qurumların da bu barədə düşünüb qərar çıxarmalarının vaxtı çoxdan çatıb. Amma bir faktı mütləq qeyd etməliyik ki, Azərbaycan KİV-də fotoqrafiya-fotoqraf mövzusu həmişə həvəslə işıqlandırılıb. Bunu, bir növ, həmkarlara mənəvi dəstək kimi də dəyərləndirmək olar”.

 

Müəllif qeyd edib ki, yaxşı fotoqrafiyanın sirləri çoxdur. Amma gələcəkdə fotojurnalist olmaq istəyən gənc həvəskarların bilməli olduğu nöqtələr də az deyil. Onlardan bəzilərini xatırlatmaq yerinə düşər: "Bir nüfuzlu xəbər agentliyinin fotoqrafı vacib tədbirdə foto lenti hazırlayıb. Redaksiyada həmin fotoların fərqinə varmadan dərc edilib. Demək, kadrda oturacaqlarda sıra ilə əyləşmiş insanların əksəriyyətinin əksi arxadan baş hissəsi, ya da yandan düşüb. Fotoqraf özünə əziyyət verməyib, yalnız eyni, yaxud oxşar rakurslarda işləyib. Halbuki oturanların bir-ikisinin üzbəüz şəklini çəkmək vacib idi. Həm də elə etmək olardı ki, yanlardan yenə oturanların olduğu bilinsin. Aktyorluq sənəti ilə yanaşı, həm də foto işi ilə tanınmış və bu barədə kitab nəşr etdirmiş Sergey Obrazsov yazırdı: "Tədbirdə çox insanın iştirakını göstərmək üçün bütün insanları kadra yerləşdirməyə ehtiyac yoxdur. Kadrın sağ-solunda yarımçıq düşmüş insanlar bu tədbir iştirakçılarının çox sayından xəbər verir...” Eyni sözləri diqqətə çatdırmaq istədiyin hər hansı əşya, canlı barədə də demək olar. İnsanların çıxış edənlərə göstərdikləri reaksiya, mimika fotonun canı, mənasıdır, yaxud "danışan” fotokadrıdır. Foto dərc edildikdə onun alt yazısı mətnin şriftindən ölçüsü və ya tündlüyü ilə seçilməlidir. Şəkilaltı mətndən fotoda əks olunanların kimliyi oxucunun ilk baxışdan anlamadığı məqamlar yazılmalıdır. Şəkilaltı mətn indiki zamanda yazılmalıdır.

 

KİV rəhbərləri uğurlu foto sayəsində nəşrin, sayt və ya portalın oxucu sayının çoxalacağına ümid edir. Fotonun sensasiya yarada biləcək qüvvəsi məlumdur. Bir fotoya görə həmin KİV-in növbəti nömrələrini gözləyənlərin sayı çoxala bilər. Onun dərc olunduğu qəzet-jurnala və s. istinadların sayı çoxalar. Həmin fotonu dərc etmək üçün müraciətlər olunar. Foto müəllifi ilə razılaşma əsasında iş təklifi edilməsi də istisna deyil. Bəzən rekord sayda oxucusu olmayan yazılı mətbu növünün sensasion fotoya görə əlbəəl axtarıldığı faktı da məlumdur. KİV hər şeydən əvvəl istifadəçilərinə informasiya ötürür. Fotoda əks olunmuş şəxs və ya obyekt oxucunun tanış olduğu mətn məzmununu tam qavramağa, yadda saxlamağa vasitəçi olur. 2017-ci ilin ilk gecəsində İstanbulda baş verən terror hadisəsi milyonların hiddətinə səbəb oldu. Bu kədərli xəbər oxundu, qəzetlərin sonrakı nömrələrində axtarılıb tapılan terrorçunun şəxsiyyəti müəyyənləşdirildi və fotosu dərc olundu. Cəmiyyət yenidən qanlı terror hadisəsi xəbərinə qayıtdı və əli onlarla insanın qanına batmış bu insana və onun kimilərə yenidən nifrət etməyə başladı. Artıq həmin qatil də, onun yaxınları, himayədarları da insanlar və Allah qarşısında əbədi rüsvayçılığa məruz qaldılar. Bəlkə də planları olan hansısa terrorçu "edim-etməyim?” dilemması qarşısında qaldı...

 

Fotojurnalist üçün onun nəzərində tutduğu və planlaşdırdığı rakurs çərçivəsində ideyasını həyata keçirmək imkanı yaradır. Buna nail olmuş fotojurnalist, ilk növbədə mənəvi zövq alır, işindən razı qalır və peşəsinə vurğunluğu daha da artır. İşlədiyi redaksiyadan və ya müqavilə ilə çalışdığı yerdən əməkhaqqı alır. Yaxşı foto müəllifi kimi tanınır və daha perspektivli yerlərə işləməyə dəvət şansını qazanmış olur. Nəzərə alınsa ki, hər bir uğurlu fotoşəkil bir müddət sonra tarixi sənəd, sübut, istinad obyekti və s. ola bilər, onda müəllifin əsəri dəyər baxımından qiymətli əşya statusunu qazanır. Sərgilərə, kolleksiyalara, muzeylərə yolu açıq olur. Foto dalınca gedən fotojurnalist oradan mütləq yeni informasiya ilə qayıdır. Bu informasiya bir çox hallarda onun üçün təkcə məlumat yox, həm də yeni bilgi xarakteri daşıyır”.

Müəllif əsərində vurğulayıb ki, dünyagörüşü səyahət etmək, çox mütaliə yolu ilə genişləndirmək mümkün olduğu kimi, mətn müşayiəti ilə verilmiş foto və təsvirləri izləmək yolu ilə də artırmaq mümkündür: "Fotojurnalist öz sənətinə uyğun mətbu orqanlarını izləməyi, fotoqrafiya jurnallarını və kitablarını mütaliə etməyi vərdiş halına gətirməlidir. Qəzet və jurnallarda, həmçinin elektron KİV-də bədii nümunələr dərc edilərkən son zamanlar fotolardan istifadə edilir. Mütəxəssislərin rəyinə görə, bu fotolar nəsrə və ya poeziya nümunələrinə çəkilmiş illüstrasiyalardan bədiilik baxımından heç də geri qalmır. Amma deyilən ədəbi nümunələrə foto seçərkən mətnlə həmahəngliyi hər naşir bacarmır. Çünki rəssam mətnlə tanış olduqdan sonra ona uyğun illüstrasiya çəkə bildiyi halda, bu işi minlərlə fotonun içindən lazım olanı seçmək bir o qədər də asan deyil..

 

İsmayıl

Şərq.- 2018.-19 dekabr.- S.11