Mətbuatda  dil qüsuru  cəmiyyətə  öz Z mənfi  təsirini  göstərir

 

"Biz jurnalistin əl-qolunu bağlaya bilmərik ki, öz üslubunu tapmasın"

Muxtar İmanov: "Jurnalist söz manevri də etməli, mövzuya yanaşmanın da yeni-yeni yollarını axtarmalıdır"

 

Sona Vəliyeva: "Aparıcının ekrandan birbaşa üzümüzə hər dəqiqə "okey” sözünü oxuması dilimizə zərbə vurur"

Əflatun Amaşov: "Leksik istiqamətdə olan səhvlər getdikcə azalır, ən problemli məsələ qrammatik normaların pozulması ilə bağlıdır"

Kamal Abdulla: "Ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır"

Azərbaycan Dillər Universitetində "KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda "dəyirmi masa" keçirilib. Mövzu ilə bağlı tədbirdə çıxış edən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanovun sözlərinə görə, xalqın həyat tərzində inkişaf nə qədər yüksək səviyyədə gedirsə, dil də onunla paralel şəkildə inkişafını tənzimləyir.

Dilin qarşısını sədlərlə almağın mümkünsüz olduğunu vurğulayan akademik deyib ki, dil başqa dillərdən sözlər almalı, ünsiyyətə girməli və tərkibində müəyyən dəyişikliklər etməlidir: "Ədəbi dilimizdə qarşılığı olan sözlər əvəzinə, alınma sözdən istifadə doğru deyil. Eləcə də, dilimizə daxil olan alınma söz artıq bizim sözümüzdür, ədəbi dilimizdə hüquq qazanan sözü işlətmək borcumuzdur. Amma dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan vermək olmaz. Mətbuatda dil qüsuru cəmiyyətə öz mənfi təsirini göstərir. Gərək jurnalistlər imkanlarından istifadə edərək öz üslubunu ortaya qoysun. Biz jurnalistin əl-qolunu bağlaya bilmərik ki, öz üslubunu tapmasın. Jurnalist söz manevri də etməli, mövzuya yanaşmanın da yeni-yeni yollarını axtarmalıdır. Əlbəttə, dilin leksik, qrammatik qaydalarını pozarsa, üslub pərakəndəliyinə yol verərsə, dilə ziyan vuracaq. Biz istedadlı jurnalistlərin qayğısına qalmalı, onlara meydan verməliyik ki, öz üslublarını tapa bilsinlər”.

Muxtar İmanov Azərbaycan Prezidenti İlham Əliyevin dilin inkişafı, onun təmizliyi, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlara toxunub: "Ölkə başçısı tərəfindən imzalanan Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılmasını nəzərdə tutan sonuncu Sərəncam bu baxımdan çox əhəmiyyətlidir. Çünki bu mərkəz dilin bugünkü praktik vəziyyəti ilə məşğul olub, müəyyən nəticə və təhlillər aparıb, jurnalistlərə, qələm sahiblərinə öz tövsiyələrini verəcək”.

"Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva isə hesab edir ki, dilin saflığının qorunması ilə əlaqədar KİV-də aparılan monitorinqlər mütəmadi olmalıdır:

"Bir neçə il əvvəl KİV-də dilin təmizliyinin qorunub saxlanması istiqamətində işlərə başlanıldı. O vaxt ortaya belə məsələ çıxdı ki, türk cizgi filmləri və serialların Azərbaycan məkanını zəbt etməsindən irəli gələrək, dilimiz korlanmağa başlayıb. Bu məsələni həyəcan təbili kimi çaldıq və cənab Prezident İlham Əliyev bu məsələyə ən yüksək səviyyədə diqqət göstərdi. Serialların çəkilməsi üçün xeyli pul ayrıldı, hər televiziya üçün ayrıca məbləğ müəyyən olundu və televiziyaların özü seriallar çəkməyə başladı. Onun məzmununun tamaşaçını qane edib-etməyəcəyi başqa məsələdir. Çünki onların bəzilərinin səviyyəsi bizi qane etmədi. Seriallara pul ona görə ayrılmışdı ki, həm dilin saflığı qorunsun, həm də material olsun, bizim insanlar Azərbaycanın istehsal etdiyi seriallara baxsın. Birinci növbədə vətənpərvərlik mövzusunu, müstəqillik dövründə prokuror, müstəntiq, ailə xanımı, müəllim, neftçi obrazlarını əsas qoymuşduq. Bu məsələləri şou üzərinə yönəltsələr də, hər halda bir formalaşma oldu. Əsas problem ondan ibarət idi ki, Azərbaycan dili türk dilinin içində əriyib gedirdi. Biz çox basqı gördük, "niyə bizim dilimizi bizə tərcümə edirsiniz” kimi mesajlar, zənglər gəlirdi, məktublar alırdıq. Beynəlxalq Mətbuat Mərkəzində böyük tədbir keçirdik, məsələnin məğzinin nədən ibarət olduğunu izah elədik ki, dilimiz əriyib gedir”.

Sona Vəliyeva vurğulayıb ki, dilimizin türk dilinin içərisində əriməsi müstəqillik dövründə aldığımız ən böyük zərbə ola bilərdi:

"Ona görə də bu addımı atdıq. Düşünürəm ki, çox doğru elədik. Bəzən telekanallarda dilimizin normalarının pozulduğunu eşidəndə dərhal televiziya rəhbərliyinə zəng edib məsələyə münasibətimi bildirirəm. Ötən gün eşidirəm ki, ədalı bir xanım "adapteyşn olunmuş” ifadəsini işlətdi. Bu, Azərbaycan dilinə bir ziyalının vurduğu zərbədir. İngilis dilindən çoxlu sayda sözlər var ki, dilimizdə işlənir. Aparıcının ekrandan birbaşa üzümüzə hər dəqiqə "okey” sözünü oxuması dilimizə zərbə vurur. Azərbaycançılığın qorunmasında üç əsas amil var – Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın, həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik.

Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslub səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq. Bəzən baxırsan ki, sözün Azərbaycan dilində gözəl ifadəsi olduğu halda, işlətmirik. Bir az ədalı, sanki daha "ziyalı” görünmək istəyirik kimi təəssüratlar olur. Həm də qəzet rəhbəri olduğum üçün hər planlaşdırmada deyirəm ki, alınma sözlərin dilimizdə heç bir qarşılığı yoxdursa, işlədə bilərik, qarşılığı varsa, dilimiz çox zəngindir, öz sözlərimizdən istifadə edək. Bəzən kimlərsə rusdilli olduqlarını deyir və bununla da qürur duyurlar.

 Rusdilli ol, rus dilini gözəl bil, amma birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən. Bu, sənin üstünlüyündür. Ölkə rəhbəri rus dilində təhsil alıb və ali məktəbi Moskvada bitirib. Dilimizdə elə arxaik sözlər var ki, cənab Prezident onları dilə qaytarır, fikrin qüvvətləndirilməsi üçün təkrirlərdən yerində istifadə edir.

Bir cümlədə eyni sözdən ikinci dəfə istifadə etməz, o sözün dilimizdəki başqa ifadəsinə müraciət edərək fikri qüvvətləndirir. Bu kimi keyfiyyətlər, dilin zənginliyindən istifadə etmək həm natiqin, həm də aparıcının, KİV rəhbərinin ziyalılığına və savadlılığına dəlalət edir”.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Azərbaycan dili dövlətimizin müstəqilliyinin əsas şərtlərindən biri, mənəvi varlığımızın təzahürüdür:

 

"Dünyadakı xalqların az hissəsinin dili dövlət dilidir, dövlətimizin dilinin Azərbaycan dili olması bizim üçün qürurvericidir. Dilimiz qədim, zəngindir, əcnəbi dildə elə bir kitab ola bilməz ki, onu Azərbaycan dilinə tərcümə etmək mümkün olmasın. Biz dilə məhəbbəti aşılamalıyıq, bir insan Azərbaycan dilinin nəyə qadir olduğunu bilsə, onda həmin insan dilimizi sevəcək”.

 

Əflatun Amaşov qeyd edib ki, dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir:

 

"Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə 30-a yaxın dövlət sənədi qəbul olunub. O sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunması, Azərbaycan dilinin işləkliyinin təmin olunması əsas şərt kimi qoyulub”.

Onun sözlərinə görə, Mətbuat Şurası yaranandan Dil Komissiyası, eləcə də Monitorinq Mərkəzi yaradılıb:

 "Mütəmadi olaraq KİV-də dil məsələsini gündəmə gətirdik, onu bir neçə istiqamətdə təhlil etdik. Bunlardan birincisi leksik istiqamət idi ki, dialektlərdən, yaxud kənardan gələn sözlərin vətəndaşlıq hüququ qazanıb-qazanmadığı istiqamətində müşahidələr apardıq. Söz vətəndaşlıq hüququ qazanmırsa, yaddan çıxıb gedir. Ən qorxulu məsələ qrammatik sahədə dilimizə olan təsirdir. O sayaq maneələr ədəbi dilin sistemini dəyişir. Üslub xətaları ilə bağlı da monitorinqlər aparırıq. Sonuncu tədbirimizi keçirdik, 15-ə yaxın qəzetin, təqribən 10 xəbər portalının monitorinqini apardıq, durğu işarələri ilə bağlı səhvlər on minlərlədir. İstənilən qəzetdə bu səhvlərin şahidi oluruq, hətta bir çox materiallarda şəxs əvəzliklərindən sonra vergül qoyulur. Apardığımız monitorinqlərin nəticələri göstərir ki, leksik istiqamətdə olan səhvlər getdikcə azalır, ən problemli məsələ qrammatik normaların pozulması ilə bağlıdır. Rus dilindən dilimizə kalkalar daxil olub, məsələn, "baxmayaraq”, "hansı ki” tipli sözlərdən çox istifadə olunur. Türk dili ilə bağlı müəyyən məqamlara toxunuldu. Azərbaycan dili də türk dilləri qrupuna daxildir və öz zənginliyi ilə seçilir. Dilimizə daxil olan sözü başqa söz əvəz etmirsə, onun Azərbaycan dilində qalmasının nə qədər məqsədəuyğun olması da ciddi məsələlərdən biridir”. Jurnalistikadakı problemlərə gəlincə, Əflatun Amaşov hesab edir ki, bu problem ailədən, orta məktəbdən, hətta universitetdən gəlir: "Qəzetdə işləməyə gələn ali məktəb məzunu sadalanan səhvləri edirsə, o zaman buna kifayət qədər ciddi yanaşmalıyıq. Öz dilimizi sevməsək, bu kimi səhvləri aradan qaldırmaq çətin olacaq”.

Əflatun Amaşovun fikrincə, bəzi redaksiyalarda korrektura sisteminin olmaması ciddi fəsadlar yaradır:

"Bəzi redaksiyalarda yazılar redaktə olunmur. Cizgi filmlərinin, kinoların tərcüməsində qüsurların şahidi oluruq. Təbii ki, bunlar maliyyə tələb edir. Rus dilinə tərcümə olunan filmlər daha peşəkar olur. Çünki rus dilinə tərcümə olunan filmlər daha çox maliyyə tələb edir və bu maliyyə ödənilir. Azərbaycan dilinə tərcümə edilən filmlərdə isə müəyyən nöqsanlar olur. Dilimizə tərcümə olunan filmlər maliyyəsizlikdən keyfiyyətsiz alınır. Bunların da müəyyən rolu var. Bu problemləri çözüb, ədəbi dil normalarına əməl olunması üçün çıxış yolları axtarmalıyıq. Problemlərin həlli üçün Dilçilik İnstitutunun nəzdində yaradılacaq Monitorinq Mərkəzinin üzərinə böyük yük düşəcək”.

ADU rektoru, akademik Kamal Abdulla da qeyd edib ki, ölkə başçısı öz fəaliyyətinin böyük hissəsini Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin, Azərbaycan həqiqətlərinin qorunması və yayılmasına sərf edir: "Onun son dərəcə düşünülmüş, müdrik qərar və sərəncamları məhz dilimizin inkişafına xidmət edir. Dilimizin inkişafı dilin dəyişməsi deməkdir. Dil dəyişirsə, deməli, o, yaşayır. Dil yaşayırsa, inkişaf edir. Əsas məsələ dilimizin dəyişərkən hər hansı süni müdaxilə və pozuntuya yol verilməməsi ilə bağlıdır. Mənə həmişə elə gəlir ki, dilimizə olan təhlükə xaricdən alınan sözlərdə deyil, dilimizin öz sözlərinin başına gətirilən müsibətlərdədir. Əcnəbi sözlərin dilin özünəməxsusluğuna ziyanı yoxdur. Dilin korlanması ancaq Azərbaycan dilinin içində baş verə bilər”.

Kamal Abdullanın sözlərinə görə, dil şüurumuzda mövcud olan strukturdur və ona təsir etmək mümkün deyil:

 

 "Nitqimiz başqa məsələdir. Danışanda rusca sözlər işlədirəmsə, bu, mənim nitqimin zəifliyidir, deməli, həmin məqamda uyğun söz tapa bilməmişəm. Bu isə onu göstərir ki, mütaliəm azdır. Azərbaycan dilində pis nitqini ört-basdır etmək istəyənlər deyirlər ki, rus dilində düşünüb Azərbaycan dilində danışıram. Bir dildə düşünüb başqa dildə danışmaq mümkün deyil. İnsanlar hamısı təfəkkürün dilində düşünür, amma səsli danışığa keçərkən, o, artıq başa düşdüyümüz dilə, nitqə çevrilir. Öz içimizdən buraxmamışıqsa, o, daxili nitqimizdir”.

ADU rektorunun sözlərinə görə, ədəbi dilin normalarını pozan televiziya aparıcılarını Azərbaycan dilində kitab oxumağa məcbur etmək lazımdır:

"Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Cəlili, Hüseyn Cavidi oxumadan çıxıb televiziyada danışmaq ayıbdır. Heç olmasa, ayda bir dəfə kitab oxusunlar. Güman edirəm ki, elə aparıcılar var ki, axırıncı dəfə məktəbdə əlifba kitabını oxuyublar”.

Kamal Abdulla da korrektorlar nəslinin itib-batmaqda olduğunu deyib.

Şəymən

Şərq.- 2018.- 20 dekabr.- S.6