Mətbuat  həm də cəmiyyətə  nəzarət funrsiyası daşıyır

Media ictimai qınağı formalaşdırmaqla tarazlıq yarada bilir

Amma KİV-in ictimai nəzarəti tam həyata keçirməsində müəyyən problemlər də qalmaqdadır"

Bu günlərdə Nərmin Şahmarzadə adlı bir gənc qızın Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib, onu "cinayətkar” adlandırması cəmiyyətdə ciddi narazılıq doğurub. Hadisə mətbuatda, xüsusən də sosial mediada müzakirə mövzusuna çevrilərək sərt şəkildə tənqid olundu.

İctimaiyyət üzvləri, deputatlar, ziyalılar belə psixoloqun məlum statusuna reaksiya verib, onun bu addımını tərbiyəsizlik kimi dəyərləndirdilər. Xalq kütləvi şəkildə onun üzərinə getdi, mətbuatda ictimai qınaq obyektinə çevrildi.

Bu yanaşmalardan sonra Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn N.Şahmarzadə Milli Qəhrəmanın valideynlərindən üzr istəyib.

Feysbukda canlı yayım vasitəsilə açıqlama yayıb. Nərmin şəhidi təhqir etmədiyini, onun fikirlərinin təhrif olunmuş formada yayıldığını söyləyib:

"Əgər bu xəbər onun valideynlərini incidibsə, pis təsir edibsə, şəxsim adına sırf Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm. Çünki onlara çatdırılan məlumat təhrif olunub. Mən "qatil” sözü işlətməmişəm”.

Qeyd edək ki, N.Şahmarzadə Azərbaycan xalqının dəyərini aşağıladığına görə üzr istəməyib, yalnız "sırf valideynlərini əgər incidibsə..." deyə, üzr istəyib.

Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir.

 

Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur.

Maraqlıdır, media nümayəndələri necə düşünür? Ölkəmizdə ictimai fikrin formalaşmasında mətbuatın rolunu effektiv hesab etmək olarmı?

 

"Sputnik Azərbaycan" beynəlxalq informasiya agentliyinin redaktoru Natiq Məmmədli deyib ki, sosial şəbəkə istifadəçilərinin bu hadisəyə birmənalı münasibət göstərməsi başadüşüləndir, çünki xalqın dəyərinə çevrilmiş şəxs barəsində xoşagəlməz fikirlər insanların heysiyyatına toxunduğundan qıcıq yaradır:

 

"Tarixdə yeri olan istənilən hadisə və şəxsiyyət müzakirə predmetinə çevrilə bilər, lakin burada təhqir elementinə və ya tarixi təhrif etməyə yol vermək olmaz. Sosial şəbəkə istifadəçilərinin və medianın reaksiyasını bir azərbaycanlı kimi başa düşürəm. O başqa məsələdir ki, hərə öz mədəni və təhsil səviyyəsinə uyğun münasibət sərgiləyir. Bu hadisə göstərdi ki, mətbuatımız o biri funksiyaları kimi ictimai qınaq və ya ictimai rəyi yönləndirmə missiyasını da lazımınca yerinə yetirmir. Mətbuat informasiyada təşəbbüsü ələ almalı, hadisələri jurnalistika prinsipləri baxımından operativ işıqlandırmalıdır, burada isə biz mətbuatın sosial şəbəkələrin yedəyində getdiyini görürük. İctimai fikrə yalnız onlayn formatda saytı və sosial şəbəkələrdə səhifələri olan medianın rolundan danışa bilərik. Elə buna görədir ki, media cəmiyyəti informasiya ilə təmin etməkdə, hələ üstəlik onu yönləndirmək sahəsində təşəbbüsü əldən verib və bir qayda olaraq müdafiə mövqeyində dayanır. Hər media öz adını, yəni brendini qorumalı və inkişaf etdirməlidir ki, internet istifadəçiləri də ona inansın. Köhnə qəliblər zamanın çağırışlarına cavab vermir. Mənim subyektiv qənaətim budur ki, ictimai rəyin nəbzi indi mətbuatdan kənarda döyünür”.

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camalın fikrincə, son illərdə bir tendensiya müşahidə olunur. Nədənsə, cəmiyyətdə hamının narazılıq etdiyi məsələlərin səbəbkarı kimi media hədəf götürülür:

 

 

"Media həm problemi yaradan, həm də problemi ortadan qaldırmalı olan institut kimi nəzərdən keçirilir.

 

Fikrimcə, mediaya qarşı qədərindən artıq suçlamalar və mediadan gözləntilər həddi keçir. Cəmiyyətdə mənəvi mühitin qorunması, sağlam tutulması üçün bir çox institutlar var. Bu gün məsələn, din cəmiyyət həyatında aparıcı rolda çıxış edir. Bundan başqa, Yazıçılar Birliyi kimi dövlət dəstəyi ilə fəaliyyət göstərən onlarla yaradıcılıq qurumları var. Nə üçün cəmiyyətdə bir qədər narahatlıq doğuran məsələlər ortaya çıxanda nəzərlər yalnız mediaya dikilir.

Ölkədə media ilə yanaşı üçüncü sektoru təşkil edən qeyri-hökumət təşkilatları ordusu var. Bu gün media xəbər istehsal edir və yayımlayır. O xəbərin informasiya yükünü formalaşdırmalı olan qurumlar da belə həssas dönəmlərdə ortada olmalı, öz missiyalarını yerinə yetirməlidirlər. Medianın vəzifəsi isə onların mövqelərinin cəmiyyətə çatdırılması olmalıdır.

 

"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli isə həmin qızın mediada psixoloq kimi təqdim olunmasının doğru olmadığını deyib:

 

 "Psixoloq deyil, sadəcə, 19-20 yaşlarında bir tələbədir. Problem həm də onu psixoloq kimi cəmiyyətimizə sırıyanlardadır.

 

Qaldı qızın məsələsinə, "Overton pəncərəsi" deyilən bir nəzəriyyə var.

 

Bu, Qərbdə hazırlanmış bir layihədir və əsasən müsəlman cəmiyyətlərinin dəyərlərini yox etməyə yönəlik bir proyektdir

 

Məncə, bu qızın söylədikləri də bu planın tərkib hissəsidir. Xədicə İsmayıl, NİDA kimi elementlər də bu planın içindədir. İstər media olsun, istərsə də cəmiyyətin ayrı-ayrı fərdləri, çox diqqətli olmalıyıq. Milli Qəhrəman Mübariz İbrahimov haqqında söylənən aşağılayıcı sözlərə medianın reaksiyası adekvat oldu. Eləcə də cəmiyyətimizin. Düşünürəm ki, hər zaman diqqətli olmalıyıq".

 

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli medianın ictimai qınaq funksiyasının yetərli olmasının, belə bir təsirə malik olmasının arzuolunan olduğunu deyib:

 

"İstər yazılı, istər elektron KİV. Çox təəssüf ki, belə deyil. Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq doğrudur, sonra üzr istədi. Ancaq onun geri addım atmasında medianın ciddi rol oynadığını düşünmürəm. Məncə o, sosial şəbəkələrdə təhqir olunduğu üçün bu addımı atdı. Medianın ictimai qınaq funksiyası 90-larda, 2000-lərdə var idi. Lakin indi o qədər də güclü deyil. Çünki insanlar xəbəri sosial şəbəkələr vasitəsilə əldə edir. Sosial şəbəkələrdə 1 və ya 2 blogerin işlətdiyi bəzi səhifələrin xəbəri yayma imkanları bəzi saytlarınkından çoxdur. Qəzetlərdən heç danışmağa dəyməz. Qəzet çapa gedincə adam təhqir də edir, üzr də istəyir. Deməyim odur ki, bəzən saytlar da xəbərin çevikliyinə, operativliyinə görə sosial şəbəkələrə uduzurlar. Ancaq mənim fikrimcə, xəbərin peşəkar və keyfiyyətli təqdimatı çox vacibdir. Hesab etmirəm ki, bütün insanlar aldadıcı başlıqların, çığırqan xəbərlərin arxasınca qaçır. İndi yetərincə sanballı araşdırma, analitik məqalə, maraqlı müsahibə axtaran oxucular da var. Mənim fikrimcə, Milli qəhrəmanı təhqir edən psixoloq qıza yönələn ittihamlar hansısa ciddi KİV-də səslənirsə, bu, daha effektli olur”.

 

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə deyib ki, özünü psixoloq adlandıran o qızın Mübariz İbrahimov haqqında dediyi sözlər sosial şəbəkələrin indiyə qədər müzakirə etdiyi neqativlərindən biridir:

 

"Adətən sosial şəbəkələr sərbəst düşüncə platforması kimi təqdim edildiyindən hər istifadəçi istədiyi təklifi, fikri yazır və buna görə də heç bir məsuliyyət daşımır. Amma bu adam öz düşüncəsini yox, düşüncəsizliyini nümayiş etdirmiş oldu. Azərbaycanda milli qəhrəmanlara, şəhidlərə, vətən uğrunda canlarından keçən insanlara qarşı bu qədər qayğı, sevgi fonunda bir azərbaycanlı Mübariz haqqında bu cür xoşagəlməz düşüncələrə sahibdirsə, bu bizdə ancaq təəssüf doğurur. O qız psixoloq olduğunu iddia edir, amma atdığı addım cəmiyyətdə gedən proseslərdən necə də xəbərsiz, anlayışsız olduğunu göstərir. Onun milli-mənəvi dəyərlərə, ümumi maraqlara qarşı çıxış etməsi heç cür qəbul olunan hal deyil”.

 

M.Ələsgərlinin sözlərinə görə, N.Şahmarzadəyə qarşı ənənəvi KİV-in və internet medianın reaksiyası normal idi. Tanınmış imzaların əksəriyyəti bu məsələyə münasibət bildirib Nərminin yanlış düşündüyünü və bu düşüncəsinin kökünün hara bağlı olduğunu təhlil edərək cəmiyyəti məlumatlandırdılar:

 

"Hətta bu yazılarla peşəkar imzalar aqressiv kəsimi ona qarşı sərt addımlar atmaqdan, linç etməkdən də çəkindirməyə çağırdılar. Ictimai qınaq funksiyasını düzgün yerinə yetirdilər və sadə vətəndaşları bu cür yararsız insanlara qarşı emosional hərəkətlər atmaqdan çəkindirdilər. Əks halda Nərmin və onun arxasında dayananlar öz məkrli məqsədləri üçün bu aqressiyadan istifadə edəcəkdilər”.

 

Şəymən

(Davamı olacaq...)

Şərq.- 2018.- 21 dekabr.- S.11