İçınin işığı üzündə güzgülənən adam

 

MİKAYIL BOZALQANLININ 60 İLLİYİNƏ

Ədəbiyyat üfüqlərində Mikayıl Bozalqanlı imzası internet səhifələrində ilk görünməyə başladığı andan diqqətimi çəkəcəkdi.Bu da səbəbsiz deyildi.Allahın sevdiyi bəndələri olduğu kimi sevdiyi yerləri də vardır.Belə yerlərdən biri də heç şübhəsiz Mikayılın özünə təxəllüs götürdüyü Bozalqanlı kəndidir. (Gerçi son zamanlarda Bozalqanlını Bozalla əvəz edib,amma fərqi yoxdu, kök birdir).

Bozalqanlı!!! Tovuzun aşıq-saz ocağı! Yalnızca Aşıq Hüseyin Bozalqanlının adını çəkmək yetərlidir ki,Bozalqanlı toprağının mayasında yatan isdedad qığılcımının miqyası bəlli olsun.Həqiqətən bu adda sirri açılmaz bir sehir gizlidir.

Doğrusu, yazı-pozuya Tovuzdan başlayan biri kimi içimdə hər zaman bir niskil vardı,nədən bu sehirli,sirrli torpaq günümüzdə adına layiq bir şair yetirməsin?!(Belə bir təsəvvür yaranmasın ki,mən aşıqlıq sənətinin arxa plana keçdiyini düşünürəm, əsla belə deyil)Bu fikrə ona görə gəlirəm ki, bu gün Azərbaycan ədəbiyyatında bu vəya başqa ölçüdə boy göstərən tovuzlu şairlərin hamısı hardasa Tovuzun başqa kəndlərindəndir.Bax, bu mənada Mikayıl Bozalqanlı adı ilk qarşılaşdığım andan diqqətimi çəkmişdi.

İndiyə qədər internetdə paylaşdığı şeirlərinin hardasa böyük çoxunluğunu oxumuşam.Bu şeirlərdə aşıq şeir ənənəsindən gələn bir mükəmməllik,şuxluq, ritm ovqat vardır.Fb-ni bürüyən şeir adına paylaşılan vəzinli, daha çox da vəzinsiz misra bozbulanlıq selində Mikayılın şeirləri bu forma ahəng mükəmməlliyi ilə seçiməkdədir.Həm bu şeirlər aşıq şeir ənənəsinə sonuna qədər sadiq qalaraq yazılan şeirlərdir. Tanımayan birisi üçün Mikayılın bu şeirləri günümüz şeir qarqaşasında bir az qəribə görünə bilər.Halbuki bilənlər bilir ki,Mikayıl Bozalqanlı çağdaş Avropa kültürü ədəbiyyatıyla iç-içə olan bir ziyalımızdır. Alman dili mütəxəssisi olan dostumuz bizim bir çoxumuzdan fərqli olaraq Götedən,H.Heynedən üzübəri bütün Alman şairlərini orijinaldan oxuyur Avropa şerini qasıb qovuran hətta onu ənənəvi şeir yolundan azdıran modernizm, postmodernizm ədəbi cəryanların nəliyini, necəliyini də birçoxlarından yaxşı bilir, elə isə bu bilgi nədən onun şeirlərində özünü biruzə vermir.Qənaətimcə bunun tək səbəbi doğduğu kəndin sənət aurası aşıq şeri ənənəsidir yenə qənaətimcə o bu yolu bilərəkdən davam etdirir.Hətta bu barədə onunla söhbətlərimiz olub.Dünya özü bir əbədi əzəli ənənə üstə köklənməmişmi? Təbiət ənənələrinə sadiq qalan il fəsilləri hər dəfə öz-özünü təkrar etmirmi? Bu təkrar təqlid deyil, tanrısal ənənənin zamaniçi yolçuluqda davamıdır. Cəmiyyət sənət qanunauyğunluqlarını təbiət qanunauyğuluğundan ayrı düşünmək yanlış olardı. Beləcə Mikayıl Bozalqanlının (Bozalın) şeirləri Tovuz aşıq-saz şerinin günmüzün şərtlərinə köklənmiş davamıdır. Onunla yaxından tanış olanlar yaxşı bilirlər ki,özünü bəyənmişlik duyğusu bu adamdan çox uzaqdır özündən üzündən müşdəbehlik yağan tərəzi ağıllarıyla qapanının yükünü çəkməyə çalışan çığırdaşlara təvazö örnəyi ola bilər.Adama demirlər tez gəldin, deyirlər gətirdin. Bəlkə yaşıdları ilə müqayisədə Mikayıl ədəbiyyata gec gəldi, amma gəlişiylə maraq doğurdu. Ərdəş adlı bir operator dostum vardı mənim kimi onun da həyatının birinci bölümü ağır şərtlər altında keçirmişdi, hərdən mənə (daha çox da özünə) təsəlli verməyi vardı:-Heç fikir eləmə, Allah bizə adam kimi yaşaya bilmədiyimiz illərin ömür əvəzini verecək! Bunu vurğulamaqda məqsədim onu qeyd etməkdir ki, Mikayıl Bozalqanlı indi çox, həm sanki uzunca itirlmiş illərin yerinə yazır.

O, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan az-az baxiyarlardan biridir. İçinin işığı üzünə, gözünə sözünə vurmuş bir adamla aradabir yol yoldaşı olmaq (Daha doğrusu dost olmaq) özəl bir duyğudur.Altmışını körpü salan dostumuza yeni həyat sənət uğurları diləklərimlə

 

Məmməd İsmayıl, Çanaqqala (Türkiyə)

Şərq.- 2018.- 22 dekabr.- S.10