“HƏKİMLƏRİN SÖZÜNƏ BAXIRAM, AMMA BU QOCALIQ AĞRISIDI” - MUSA YAQUB

 

Sevimli şairimiz Musa Yaqub bu günlərdə mətbuata səhhəti ilə bağlı açıqlama vermişdi. Demişdi ki, daha iynə-dərmanlardan da bezib, müalicənin təsiri yoxdur...

"Nə qədər müalicə olunsam da, xeyri yoxdur, sağalmıram. Həkimə gedirəm, dava-dərman yazırlar. Nə deyirlər, hamısını edirəm. Dəqiq diaqnoz qoyan da yoxdur. Deyirlər boğazında faringit var. Amma bu faringitin müalicəsi niyə bu qədər uzanır, özüm də bilmirəm. Xəstəlik məni əldən salıb” - deyən 81 yaşlı şairin səhhəti ilə biz də maraqlandıq. Fürsətdən istifadə edib, bir az da ədəbiyyatdan, şeirdən, gənc yazarlardan da söz açdıq...

Musa müəllim deyir ki, səhhəti o qədər də yaxşı deyil, ağrıları var. Amma müalicə olunur...

 

- Səhhətim indi babatdı. Kardioloji müalicə alıram. İstirahət edirəm demək olar ki.

- Bakıdasız, yoxsa rayonda?

- Bakıdayam. Mən qış vaxtı adətən Bakıda oluram. Yay boyu da İsmayıllıda, Buynuzdayam. İndi Bilgəh sanatoriyasında dincəlirəm. Həm də müalicə prosesindəyəm. 5-6 gündü burdayam, görək necə olacaq.

- Həkimlər nə deyirlər, səhhətinizlə bağlı?

- Heç nə demirlər. Yazıq həkim nə deyəsidi. Qoca adamam, çox yerlərim ağrıyır. Həkim nəsə demir, dərman yazır (gülür). Deyir bunları et, yaxşı olacaqsan. Dərmanları içirəm, həkimlərin sözünə baxıram. Düzünü deyim, dərmanlardan da iyrənmişəm. Bezdiricidi, yorucudu. İndi nə deyim, ağrıyanda gərək müalicəni etdirəsən. Amma özüm də bilirəm ki, qocalıq ağrısıdı məndəki.

- Yaradıcılığınızda nə yenilik var?

- Şairin işi yazmaqdı. Amma gərək şeir doğulsun. Hiss edəndə ki bunu yazmalıyam, günün hansı saatı olur-olsun, gələndə yazıram. Əlyazmalarım var bir az. Bilmirəm tamamlaya biləcəmmi. Nikbin olmaq lazımdı, Allah imkan versə, yenə yazacam. Amma bəzən ömür vəfa etməyə də bilər. Heç bir şair "daha bitdi şeir yazmağım” deyə bilməz. Mən də demirəm. Bala, siz yazın, yaradıcılıqla məşğul olun. Sözünüzü düz yazın, əməliniz düz olsun. Əskiklərinizi də taleh özü düzəltsin. Mən yaradıcı adamları, şairləri, yazıçıları, jurnalistləri çox istəyirəm. Həmişə dua eləmişəm ki, xalqımın yaradıcı insanlarını Allah qələmdən uzaq salmasın.

- Qarşıdan doğum gününüz gəlir. Hansısa tədbir keçiriləcəkmi?

- Yox, elə də böyük tədbir nəzərdə tutulmayıb. Düzü, özüm də istəmirəm. Belə allı-güllü, bər-bəzəkli konfranslardan xoşum gəlmir. Ötən il 80 illik yubileyim idi. Sağ olsun dostlarım, keçirdilər. Oturduq, yedik-içdik. Sonra Yazıçılar Birliyi konfrans keçirdi. Aktyorlar evində böyük tədbir düzənləndi. Onlara da təşəkkür edirəm ki, yaddan çıxarmadılar, dəyər, qiymət verdilər. Bir ədəbiyyat adamı üçün nə lazımdır. Mən medal, fəxri ad hərisi olmamışam, indi də deyiləm. Dəyər verilirsə, sevilirəmsə, bu bəsimdir. Bu il 81 yaşım olur. Yubiley yaşım deyil ki, yenə də keçirilsin. Adətən yaradıcı adamların yubileyləri qeyd olunur. Bu il də yəqin ki, yaxınlarım, dostlarım balaca bir məclis düzəldərlər, qeyd edərik.

- Yazıçılar Birliyinə gedirsizmi?

- Əlbəttə gedirəm. Ora bizim evimizdir. Dostlarla görüşürəm, müzakirələr aparırıq, söhbətləşirik. Yeni yazdıqlarımızı biri-birimizə göstəririk. Ora bizim ocağımızdı, ata evimiz kimidir. Bəziləri indi o təşkilatı ittiham edirlər, iş görmür deyirlər. Mən razı deyiləm. Yazıçılar Birliyi təkcə təşkilati məsələləri, problemləri həll etmək yeri deyil ki. Əlindən gələni edir qurum, yazıçılara imkanları daxilində köməklik edir. Birlik üzvlərinin kitablarından çıxarırlar, tədbir keçirirlər. Bəs bunlar iş deyil?! Nə etməlidir ki, Yazıçılar Birliyi? Ora təkcə bu məsələlərə görə bağlanmamışıq. AYB həm də dostlarımızla görüş yerimizdir, dərd-sərimizi bölüşdüyümüz yerdir, mənəvi dəyəri var.

- Amma bir çox gənclər deyir ki, Yazıçılar Birliyi sovetlərdən qalma təşkilatdır, mənasız qurumdur, ləğv edilməlidir...

- Heç də yaxşı fikir deyil. Çox pis düşünürlər o gənclər. Hələ mən istəyirəm, arzulayıram ki, yazıçıların, şairlərin ikinci bir təşkilatı da olsun. İndi cavanlar gəlirlər yanıma. Məcbur olub, onları evə aparıram. Bir başqa təşkilat da olsa, ora yığaram, söhbət eləyərik, yaradıcılıqları ilə tanış olaram, özləri ilə tanış olaram. Yaradıcı adamların bir təşkilatda birləşməsinin nəyi pisdi? Birlik ləğv olunsun deyənlər, hansı düşüncə ilə deyirlər bunu, anlamıram. Sovetlərdən qalmadı, lap yaxşı. İndi ki sovet sistemi ilə idarə edilmir. Məsələn, dəmiryol, metro sovet zamanında düzəldilib. İndi biz metronu uçuraq, dəmiryol reyslərini söküb ləğv edək ki, sovetdən qalıb? Bu, düzgün yanaşma deyil axı. Razıyam, yenilənməlidir, modernləşməlidir. Amma olanı, qurulanı dağıtmazlar, inkişaf etdirərlər. Bu yenilənmə də gedir, rəhbərlik həyata keçirir. Mən görürəm, ora gənclər gəlir, üzv olurlar, kitablarını çıxartdırmaq üçün gənclərə təqaüd verilir. İndi mənim başım çıxmır, internetdən, kompüterdən. Amma uşaqlar danışırlar ki, internetdə yazıçıların şeirləri dərc edilir, dünyanın hər yerində oxunur. Bunun ziyanı nədir axı, onu başa düşə bilmirəm. Tutaq ki, sabah AYB-ni ləğv etdik, sonra?! Mən hesab edirəm ki, AYB saxlanmalıdır, hələ bir təşkilat da yaradılmalıdır.

- Azad Yazarlar Ocağı adlı alternativ bir təşkilat var. 15 ildən çoxdur fəaliyyət göstərir. Belə deyək ki, AYB-ni istəməyənlər, orda təşkilatlanıblar...

- Var, lap gözəl, sevindim. Mənim o təşkilatdan xəbərim yox idi. Qurublar, Allah canlarını sağ eləsin. Hansı gənclərdir onlar, nə iş görürlər?

- Ordakı gənclər AYB-ni istəməyən, xoşları gəlməyən gənclərdir. Fəaliyyətləri də, jurnalları var internet sayt kimi, yazdıqlarını dərc edirlər, ədəbi müzakirələr aparırlar...

- Lap gözəl, sevindim həqiqətən. Bəs onlar niyə AYB-ni bəyənmirlər, ləğv olunsun deyirlər. Təşkilat lazım deyildisə, bəs niyə təşkilat yaradırdılar? Demək ki, o gənclər də bilirlər ki, yaradıcı adamların toplaşdığı bir yer olmalıdır. Sabah onlar çağırsalar, onların da bir ağsaqqal kimi tədbirlərində iştirak edərəm. Burda qəbahətli bir şey yoxdu. Mənim xəbərim yox idi, siz dediyiniz təşkilatdan.

- Deyirsiz gənc şairlər, yazıçılar gəlirlər yanınıza, söhbətləşirsiz. Bir ağsaqqal kimi, onlara hansı tövsiyələri verirsiz?

- Gəlirlər, poeziyadan danışırıq, müzakirə edirik. Keçmişlə bağlı xatirələrimi qurdalayırlar (gülür). Yaxud da hansınınsa təzə şeri varsa, oxuyur, soruşur ki, Musa müəllim, necədi. Mən də fikrimi deyirəm. Bəzən hansısa cavanın kitabı çıxıb, gətirir, təqdim edir, baxıram. Hər zaman da onlara deyirəm, əsl ədəbiyyatla məşğul olun, çalışın dünya ədəbiyyatına çıxasız, yazdıqlarınız dünyada da oxunsun. O vaxt biz, bizdən əvvəlkilər oxunurduq. Ən azı 15 respublikada yayılırdı kitablarımız. İndi müstəqilik, 15 yox, 135 ölkədə yaymaq olar. Yəni hər bir yaradıcı adam çalışmalıdır ki, yaratdığı ilə bəşəriyyətə töhfə vermiş olsun. Başqa nə məsləhət verə bilərəm ki. Canları sağ olsun hamısının.

- İstedadlı gənclər varmı?

- Var əlbəttə. Həm də sayları çoxdu. İndi məndən ad soruşmayın, deyə bilməyəcəm. Birinin adını yadıma salıb deyərəm, o birisini demərəm, inciyər. Amma ədəbiyyatın ruhunu tutub, şeirin ruhunu tutub yazan cavanlar çoxdu.

- Bəzi gənclər var ki, klassik şairlərimizi bəyənmədiklərini deyirlər, yazdıqlarının mənasız olduğunu söyləyirlər...

- Mən də eşitmişəm, deyirlər mənə də bu haqda. O dəfə eşitdim ki, Xəlil Rzanı təhqir edib Kəramət (yazar Kəramət Böyükçöl - A.B). Çox xətrimə dəydi. Mənim Kəramətə, onun da həmişə mənə hörməti olub. Amma bu düzgün deyil. Mən keçən yazıçılarımızı gənclərin yox, ümumiyyətlə, yaşlı nəslin də ittiham etməsi ilə razı deyiləm. İnkarçılıq pis bir şeydi. Onlar inkarçılıq edib nə qazana bilərlər ki... Məsələn, Səməd Vurğunu tənqid etməklə nə qazanırlar? Vurğun yazdığını yazıb, möhürünü vurub, dünyadan köçmüş adamdır. Xəlil Rzanı təhqir etməklə, qazanc olmaz. Xəlil Rza dəyərdir, Azadlıq şairidir, imzasını yazıb dünyadan köç edib, Allah rəhmət eləsin! Onun haqqında pis danışanda, qazanc heç nə olmur. Onların yazdıqlarına lağ eləmək, hərzə danışmaq kiməsə başucalığı gətirmir. Əksinə, xalqın sevimlisini təhqir etdiyi üçün, adam həmin xalqın gözündən düşür.

- Bu inkarçılığın kökündə nə dayanır? Sizin gənclik dövrünüzdə də vardımı özünüzdən böyükləri inkar etmək, bəyənməmək?

- Bəli, var idi. Amma indiki kimi açıq formada deyildi. Düzünü deyim ki, mən heç vaxt heç bir klassikimizə qarşı inkarçılıq etmədim, məndən böyük yazıçıların, şairlərin yaratdığına mız qoymadım. Heç məndən yaşca balaca ədəbiyyat adamlarının da yazdıqlarına kinayə etmədim. Çünki hər kəsin bir çəkisi var, oxucusu var. Amma bəzi yoldaşlar vardı ki, bəyənmirdi, tənqid də edirdi. Açıq formada olmasa da, sətiraltı sözlərini deyirdilər. Amma qətiyyən təhqir yox idi. Fərq bundadır. Hər zaman cavan-yaşlı arasında intriqalar olub. Lakin o intriqalar yaradıcılıqla bağlı idi. Məsələn, biri deyə bilərdi ki, filankəs filan əsərini zəif yazıb, filan şair filan şeirdə ədəbi normanı pozub. O filankəs də, qarşı tərəfin cavabını verirdi, arqumentlərini ortaya qoyurdu və s. Amma qətiyyən təhqir yox idi. İndiki gənclər isə tənqidin dalınca da təhqirə keçirlər. Çox vaxt da heç tənqid eləmirlər, birbaşa təhqir edirlər. Bir də onu deyim ki, o vaxt inkarçılıq az idi. Daha çox sevinc vardı, sevgi vardı. Məsələn, mənim bir kitabım çıxanda, dostlar sevinirdilər, sevə-sevə şeirlərimi oxuyurdular. Mən də onların uğurlarına sevinirdim. Bir xalqın övladlarıyıq, niyə sevinməyək qardaşımızın uğuruna?

- O dövrün inkarçıları uğur qazana bildilərmi ədəbiyyatda?

- Nə uğuru qazanacaqdılar ki... İnkarçılıqla nə uğur qazanmaq olar. Kim ədəbiyyatda uğur qazanıbsa, buna kimisə bəyənməməklə deyil, yazdıqları ilə nail olub. Ola bilsin ki, həmin vaxt klassikləri bəyənməyən kimlərsə, ədəbiyyatda uğur qazandılar. Amma bu uğur inkarçılıqlarına görə deyil, yazdıqlarına görə qazanılıb. Kimsə məni bəyənmirsə, bəyənməsin. Bununla nə qazana bilər ki? Yaxud da hansısa gənc şair məni bəyənirsə, hansı uğuru qazanacaq, hansı nailiyyəti olacaq ki... Mən şeiri yazıb, onun adı ilə dərc etdirmirəm ki, mənim hesabıma da nailiyyəti olsun. Ədəbiyyat bir meydandır, yaradıcılıq meydanıdır. Yaxşı yazan, oxucuları tərəfindən sevilən şəxs uğura da nail olacaq...

Anar Bayramoğlu

Şərq.- 2018.- 3 fevral.- S.7.