Ömür
yollarından Cavid qoxusu gəlir
Hüseyn
Cavid varlığına bir köynək yaxın ADAM – Polkovnik
Həmid Cəfərov
Əslində o, nə filoloq, nə də ki, cavidşünasdır.
Amma Hüseyn Cavid varlığına bir köynək yaxın adamdır. Ömrünün 80-ci ilini
arxada qoyan Həmid Cəfərovun ömür yollarından Cavid qoxusu, Cavid
ətri gəlir. Yubilyarla bu günkü
söhbətimizdə nə
qədər kənara,
ailə, məişət,
cəmiyyət mövzularına
toxunmaq istəsəm də, söhbətimiz yenə də Hüseyn Cavid ruhunun üzərində köklənir.
Qısa tanışlıq:
Həmid Qara oğlu Cəfərov
1938-ci ildə Naxçıvanda,
Qaraxanbəyli kəndində
anadan olub. O, orta təhsilini
Naxçıvanın Qaraxanbəyli
kənd, Naxçıvan
Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom -
indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərdə
alıb. 1958-ci ildə
həqiqi hərbi xidmətə çağrılıb.
Əsgəri xidmətindən
sonra Artyomda neft mədənlərində çilingər
kimi əmək fəaliyyətinə başlayıb.
Fərqli bir gənc kimi Artyom rayon komsomol
təşkilatında komsomol
komitəsində təlimatçı
vəzifəsinə irəli
çəkilib. Daha sonra Həmid Cəfərov Azərbaycan
Dövlət Universitetində
( indiki BDU ) ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra respublikanın ayrı-ayrı rayonlarında
komsomol və partiya orqanlarında çalışıb. Bacarığı,
işgüzarlığı nəzərə alınaraq
Həmid Cəfərov
1976-cı ildə Naxçıvan
Vilayət Partiya Komitəsinə işləməyə
göndərilib. O, 1976-1978-ci illərdə təbliğat
və təşviqat,
partiya işi şöbələrinin müdiri
vəzifələrində çalışıb.
Həmid müəllim
bu ərəfədə
təhsilinini də artıraraq Moskvada Sov.İKP MK-nın yanında İctimai Elmlər Akademiyasının
dinləyicisi olub. Məhsuldarlığı, iş
keyfiyyəti nəzərə
alınaraq Həmid Cəfərova daha yüksək vəzifələr
həvalə edilib. O, 1980-ci ildə X çağırış Naxçıvan
MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP
Naxçıvan Vilayət
Partiya Komitəsinin büro və plenum üzvü, ideoloji iş üzrə vilayət partiya komitəsinin katibi seçilib.Həmid Cəfərovu bütün
fəaliyyəti dövründə
fərqləndirən cəhətlər
olub. Məlum dövrdə ideologiya sahəsində bütün
tövsiyələr, proqram
xarakterli göstərişlər
bir mərkəzdən,
Moskvadan ünvanlandığı
vaxtlar, Həmid müəllim bu göstərişlərə, fəaliyyət
proqramına öz əlavələrini də
edib. Bu riskli əlavələrdə
əsasən millilik, azərbaycançılıq öz
əksini tapıb. Həmid müəllim bütün fəaliyyətində
milli dəyərlərə
üstünlük verib.
Təbii ki, bu da onun
vətənə bağlılığı,
Azərbaycana sevgisi ilə bağlı olub. Və bütün
bunlar Azərbaycan rəhbərliyinə, həmin
dövrdə Azərbaycan
KP MK-nın birinci katibi olan Heydər
Əliyevə də məlum idi. Bəlkə də elə bunun nəticəsi idi ki, Heydər
Əliyev uzaq Sibirdən Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsinə
çox çətinliklə
nail olduqdan, Kreml kabinetlərində razılıq aldıqdan sonra bu məsələnin
icrasını məhz
Həmid Cəfərova
etibar etmişdi...
Sibir səfərini ömrünün
ən şərəfli
və dəyərli cağları kimi dəyərləndirən Həmid
müəllim yubiley görüşümüzdə bir daha həmin
günləri xatırladı:-
1982-ci il oktyabrın 3-də Heydər
Əliyev Naxçıvanda səfərdə
olarkən şərəfli
bir işə xeyir-dua verdi. Cavidsevərlərin müqəddəs
bir arzusunun reallaşmasına geniş
imkanlar açıldı.
Belə ki,
1956-cı il
martın 6-da Azərbaycan
SSR Ali Məhkəməsinin
hökmü ilə Hüseyn Cavid bəraət aldıqdan sonra onun cənazəsinin
qalıqlarının Azərbaycana
gətirilməsinə bir
neçə dəfə cəhd göstərilsə də, sovet ideologiyasının hökm
sürdüyü SSRİ məkanında
belə bir məsələnin reallaşması müşkülə
çevrildiyindən, soyuq
Sibirdəki dəmir seyflərin açılması,
“sovsekretno” sənədlərin
öyrənilməsi, Cavidin
məzarının ucsuz-bucaqsız
Sibirdə axtarılıb-tapılması
və nəhayət, onun Azərbaycana gətirilməsi üçün
müvafiq icazələrin
alınması o dövrdə
həllini tapmamışdı.
Ancaq Heydər Əliyev bütün imkanlardan istifadə edərək bu məsələnin həllinə
nail oldu.Beləliklə, onun göstərişi ilə
1982-ci il oktyabrın
12-də Naxçıvan Vilayət
Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması,
cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi və bu işin
icrası Naxçıvan
Vilayət Partiya Komitəsinin katibi kimi mənə həvalə olundu. Naxçıvan Vilayət
Partiya Komitəsinin qərarından sonra muxtar respublikanın daxili işlər nazirinin sabiq müavini, polkovnik Telman Əliyev və o zaman SSRİ-nin ən cavan
deputatı olan Zakir Nəsirovla Sibirə yollandıq...Qərarın icrası
məsuliyyətli və
çətin olsa da, məhz onun arxasında Heydər Əliyevin adı durduğu üçün
heç bir müşküllükdən söhbət gedə bilməzdi. Əksinə, ulu öndərimizin adı, şərəfli bir işə dəstək durması Cavidin mənəvi övladları olaraq bizə qol-qanad verirdi. Çünki bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyevin özü rəhbərlik
edirdi. Heydər Əliyev “Bakinski raboçi” qəzetinə verdiyi müsahibələrin birində
qeyd edirdi ki, o, Cavidin cənazəsinin qalıqlarının
uzaq Sibirdən Azərbaycana gətirilməsi
üçün SSRİ kimi
nəhəng bir dövlətin “birinci şəxsinə” - Sov.İKP
MK-nın Baş katibi Brejnevə, həmçinin, SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin
sədri Andropova müraciət etmişdi. Bəli, bu məsələni
həll etmək üçün SSRİ kimi
böyük bir dövlətin rəhbərliyi
yanında yüksək
nüfuza sahib olmaq və onun
icazəsini almaq vacib idi. Təbii
ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi.Sibirə
səfərimizin ilk günündən başlayaraq
Cavidlə bağlı bir sıra arxiv sənədləri öyrənildi.
Müəyyən edildi ki, Hüseyn Cavid 1941-ci il dekabrın 5-də İrkutsk
vilayəti Tayşet rayonunun əlillər xəstəxanasında vəfat
edib, Şevçenko kəndindəki qəbiristanlıqda
59 saylı qəbirdə
torpağa tapşırılıb.
Üç gün sonra isə Sov.İKP İrkutsk Vilayət
Partiya Komitəsində
görüş zamanı
Cavidin məzarının yerinin müəyyən edilməsinə,
bununla əlaqədar İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndini,
1940-cı illərdə burada
yerləşən 21 saylı
kaloniyanı və əlillər xəstəxanasını
tanıyan adamların
tapılmasına sərancam
verildi.Sibirdə olarkən Cavidin
“sakini olduğu” əlillər evinin
1956-cı ildə dağıdılması,
Sibirin sıx meşələrindəki Şevçenko
kəndinin itib-batması,
orada indi heç kimin yaşamaması haqda məlumatlar bizi sarsıdırdı. Eyni zamanda bildirirdilər ki, 30 dərəcə şaxtada həmin yerlərə getmək həm mümkünsüzdür, həm
də təhlükəlidir.
Lakin bu məlumatlar bizi yolumuzdan döndərə
bilməzdi. Məzarlıq tapıldı. İki saat axtarışdan sonra isə Şevçenko rayon prokuroru Yelena Xaritinova 59 saylı qəbiri tapdı və qəbrin açılması
üçün sanksiya
imzalandı və nəhayət, Cavidin qəbri qazıldı…Heç nə hədər getməmişdi,
Hüseyn Cavid “59”-da uyuyurdu. Hüseyn Cavid “tapılmışdı...”Həmid müəllim
söhbətində daha
maraqlı bir məqamı xatırladır:- Əvvəlcədən
planlaşdırdığımız kimi Hüseyn Cavid Şevçenko-Tayşet-
İrkutsk- Moskva-Yerevan-Naxçıvan
marşrutu ilə doğma yurduna “qayıtmalı” idi. İrkutskdan Moskvaya uçarkən stüardessa
mənə Bakıdan
gələn tapşırığı
çatdırdı:
“Heydər Əliyevin göstərişi ilə
siz oktyabrın 26-da 861-ci reyslə
Moskvadan birbaşa Bakıya uçmalısınız”.
Azərbaycan rəhbərinin
- Heydər Əliyevin
bu tapşırığı
ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq
deyildi və bir tale yazısı
idi. Cavidin “ayağı” İrəvana
dəyməməliydi, Cavid
Bakıdan getmişdi,
Bakıya da qayıtmalıydı…”.
Həmid müəllimin söhbətlərini, Hüseyn Cavid sevgisini bir həmsöhbət kimi qibtəediləcək dərəcədə qəbul edirəm. Bütün varlığına Cavid sevgisi hopan polkovnikin ali hisslərini qiymətləndirməyə heç gücüm də çatmır. Əlavə suallara cavab verməyə də həvəs göstərmir. Çünki onun həvəs göstərdiyi başqa mənalar, başqa məqamlar var. Polkovnik ömrünün 80-ci aşırımında rahatlığını, mənəvi zövqünü Hüseyn Cavid parkında, Cavidlə bağlı tədbirlərdə tapır...Ömrünüzün Cavid ətirli 80-ci ili mübarək, cənab polkovnik..
İlham
Cəmiloğlu
Şərq.-
2018.- 8 fevral.- S.10.