“5 İLDİR
TELEVİZİYALARA MESAJLAR VERİRİK” - SEVİNC
ƏLİYEVA
“Aparıcıların
danışığında dil, üslub qüsurlarını
göstəririk, amma telekanal rəhbərləri onları yenə
efirə çıxarır”
“Azərbaycan
dilinin məlum leksik, qramatik qanunları var.
Hamımızın borcu və bir nömrəli vəzifəsi
dil qanunlarına riayət etməkdir”
Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına
Dilçilik İnstitutu televiziya verilişlərində ədəbi
dil normalarına hansı səviyyədə riayət
olunduğunu müəyyənləşdirmək
üçün növbəti monitorinqlərə
başlayacaq. Bu barədə Dilçilik
İnstitutunun monitorinq şöbəsinin müdiri Sevinc
Əliyeva məlumat verib. Şöbə
müdiri budəfəki monitorinqlərin region
televiziyalarını əhatə edəcəyini deyib. Yaxşı haldır ki, televiziyalarda monitorinqlərin
aparılması mütəmadi xarakter alır. Yaxşı olmayansa budur ki, monitorinqlərin əhəmiyyəti
televiziyalarda o qədər də hiss edilmir.
Sanki Dilçilik İnstitutu özü üçün
monitorinq aparır. Telekanallar və orada
çalışanlar monitorinqlərin nəticələrinə
laqeyd yanaşır, aparıcılarsa ümumiyyətlə,
qulaqardına vurur. Bizim telekanallarda
çalışan aparıcılar eyforiya xəstəliyinə
mübtəla olub. Belə zənn edirlər
ki, onlara heç kəs irad bildirə bilməz, nitqlərində,
danışıq üslublarında səhv tuta bilməz.
Yəni, onlara irad bildirilməməli, səhv,
qüsur tutulmamalıdır. Aparıcılar az qala özlərini nazir, məmur səviyyəsində
görür. Halbuki, ədəbi dilimizin
sınıq-salxaq vəziyyətə düşməsində
məhz teleaparıcıların suç yükü
hamıdan artıqdır. Təbii ki,
söhbət "müasir” aparıcılardan gedir. Saçını televiziyada ağartmış, illərini
aparıcılığa, diktorluğa həsr etmiş yüksək
intellekt, savad sahibi təcrübəli, qocaman
diktorlarımız, aparıcılarımız var. Müasirlər
heç onların da öyüd-nəsihətini dinləmir.
Azca tanınan kimi, özlərini "Bağdad
xəlifəsi” hesab edirlər.
"İldə
bir neçə dəfə monitorinqlər keçirilir”
Dilçilik İnstitutunun Monitorinq şöbəsinin
müdiri Sevinc Əliyeva ilə söhbətimiz monitorinqlərlə
bağlı oldu.
- Sevinc
xanım, ötən illərdə nə qədər
monitorinqlər keçirilib və hansı nəticələr
əldə edilib?
- Azərbaycan
Respublikası Prezidentinin 9 aprel 2013-cü il
tarixli sərəncamı ilə Montiorinq şöbəsi fəaliyyətə
başlayıb. O vaxtdan da dövlət proqramına uyğun
olaraq kütləvi informasiya vasitələrinin dili ilə
bağlı monitorinqlər keçirilir. İldə
ən azı 1-2 dəfə monitorinqlər keçiririk.
Monitorinqlər məhz informasiya saytları və
televiziyaları əhatə edir. Televiziyalarda
əsasən xəbər aparıcılarının dili
yoxlanıb.
- Niyə
məhz xəbər aparıcıları? Məsələn,
televiziyada çalışanlar bildirir ki, xəbər
aparıcılarının dilində qüsur tapmaq çətindir,
çünki onlar hazır materialları oxuyur. Ədəbi dilin normaları daha çox proqram, layihə
aparıcılarının, müxbirlərin dilində pozulur.
- Bəli,
bu belədir. Amma biz əvvəlcə əsasən
xəbər proqramlarının aparıcılarının dil
qüsurlarını araşdırırdıq. Çünki ciddi xəbəri məhz onlar ictimaiyyətə
ötürür. Xəbər
aparıcısının dilində heç bir qüsur
olmamalıdır. Xəbər
aparıcısı nitqində səhvə yol verməməlidir.
Amma son 2 ildə monitorinqlərin aparılma sahəsində
dəyişiklik etmişik və xəbər aparıcıları
ilə yanaşı geniş tamaşaçı
auditoriyası olan verilişlərin
aparıcılarının dili də monitorinq edilir. Hesab edirik ki, geniş tamaşaçı
auditoriyasına malik verilişlərin təsir qüvvəsi
daha böyükdür. Məsələn,
auditoriyası olan aparıcının nitqi onu izləyən tamaşaçının
nitqinə də təsir edir. Bəzən
aparıcıların nitqinin təsiri altında
tamaşaçılarda nitqin formalaşması prosesi gedir.
Xüsusən, bu təsir kiçik
yaşlılara, məktəblilərə, hətta
böyüklərə də təsir edə bilir. Ona görə də proqram aparıcıları
danışıqlarında, nitqlərində Azərbaycan ədəbi
dilinin normalarına ciddi riayət etməlidirlər. "Mən aparıcıyam, mənə hər
şey olar, necə istəsəm danışa bilərəm”
kimi yanaşmalar kökündən yanlışdır və ədəbi
dilimizin getdikcə korlanmasına, dil normalarının itirilməsinə
gətirib çıxara bilər. Aparıcının
intellektual səviyyəsi yüksəkdirsə, verilişi də
yüksək səviyyədə tərtib edəcək və
yüksək səviyyədə aparacaq. Amma
aparıcı 3 cümləni ard-arda normal şəkildə
deyə bilmirsə, onu izləyən tamaşaçı
hansı nümunəni götürə bilər? Sizə deyim ki, biz monitorinqlərdə canlı
yayımı nəzərə alırıq. Çünki canlı yayım çətindir, hədsiz
məsuliyyətlidir və burada aparıcının hansısa
dil qüsuruna yol verməsinə biz güzəşt edirik.
İnsandır, birbaşa yayım zamanı
hansısa xətaya yol verə bilər.
"Biz
demirik ki, nitqində qüsur olan aparıcını işdən
azad etməlidirlər”
S.Əliyeva
dedi ki, artıq neçə ildir monitorinqlərin keçirilməsinə
baxmayaraq iradları hələ də qəbul etməyən,
qüsurlarını düzəltməyən aparıcılar
var və ən təəssüfləndirici də budur ki,
telekanal rəhbərləri də aparıcılardan səhvlərini
düzəltməyi tələb etmir:
- 5 ildir
biz telekanallara monitorinqlər vasitəsilə mesajlar göndəririk.
Aparıcıların
danışığında müəyyən etdiyimiz dil,
üslub qusurlarını göstəririk, iradlar bildiririk.
Amma telekanal rəhbərləri onları yenə
efirə çıxarır. Biz demirik ki,
nitqində qüsur olan aparıcını işdən azad etməlidirlər.
Xeyr. Heç vaxt bizim belə
bir məqsədimiz olmayıb. Monitorinqlərin
aparılmasında məqsəd kimisə işdən azad etmək
deyil. Məqsəd Azərbaycan ədəbi
dilinə xidmət etməkdir, ədəbi dilimizin
normalarını yada salmaq, dilin qorunmasını təmin etməkdir.
Əgər hansısa aparıcının dilində
leksik-qramatik, fonetik qüsur varsa, biz buna göz yuma
bilmərik. Məqsədimiz maarifləndirməkdir.
- Sevinc
xanım, xatırlayıram ki, bir neçə il
əvvəl ədəbi dil normalarının pozulması ilə
bağlı yenə də monitorinq olmuşdu və dil
qüsurları olan aparıcıların, qüsurların qeydə
alındığı teleproqramların adları
açıqlanmışdı. O zaman biz də adları
çəkilən həmin aparıcılardan bəzilərinin
rəyini öyrəndik. Heç biri iradları
qəbul etmədi. Hamısı
özünü təmizə çıxarmağa cəhd
etdi, monitorinqin səhv aparıldığını dedilər,
iradlarla heç cür razılaşmadılar.
- Bəli,
biz monitorinqin nəticələrini broşüra formasında
çap etdirmişdik. Orada konkret teleproqramlar və
aparıcıların adları, hansı səhvlərə yol
verdikləri qeyd olunurdu. İnanın,
monitorinqin nəticələri çap olunduqdan sonra həmin
aparıcıların hücumlarına məruz qaldıq.
Heç biri tənqidləri qəbul etmirdi.
Halbuki, iradlar konkret faktlara söykənirdi.
Hətta sizə deyim ki, o aparıcılardan
ikisi sonra başqa telekanalda çalışmağa
başladılar. Təsəvvür edin ki,
növbəti monitorinqlərdə biz məhz həmin
kanalın göstəricilərinin aşağı
düşdüyünü müəyyən etdik. Məhz
o aparıcılar həmin telekanala transfer olduqları
üçün. Deməli, həmin
aparıcılar hansı telekanalda işləyirsə, dil
qüsurlarını da özləri ilə
"daşıyırlar”.
- Daha
çox hansı dil qüsurlarını qeydə
alırsınız?
- Məsələn,
Azərbaycan əlifbasındakı "t” kar samitinin cingiltili,
rus dilindəki səsləniş formasında deyilməsi,
tutalım, proses sözündəki "s” hərfinin yenə
də rus dilindəki qarşılığı ilə deyilməsi.
Rus sözlərindən istifadə. Jarqon sözlərdən istifadə. Bakı
dialekti (dağlı məhəlləsi), Qarabağ ləhcəsi
ilə danışıq, sözlərin düzgün tələffüz
edilməməsi... Cümlə quruluşundakı
səhvlər, xəbərin əvvəldə, mübtədanın
sonda işlənməsi. Bəziləri
bunu bir növ özünün "yeni stili” kimi təqdim
edir. Lakin Azərbaycan dilinin məlum leksik,
qramatik qanunları var. Hamımızın borcu və bir
nömrəli vəzifəsi dil qanunlarına riayət etməkdir.
O aparıcılar evlərində, dostlarının,
tanışlarının əhatəsində istədikləri
kimi danışa bilər, amma efirə - minlərlə
tamaşaçının önünə
çıxırlarsa, buyurub, dilimizin qaydalarına hörmətlə
yanaşmalı və riayət etməlidirlər.
Monitorinqlərdən
sonra böyük fərqlər görürük
-
Monitorinqlərin nəticələrini hara təqdim edirsiz? Milli Teleradio Şurasına?
- Biz əvvəlcə
monitorinqləri Milli Teleradio Şurasının sifarişi ilə
aparırdıq. Bayaq dediyim kimi, ayrıca
broşüra halında da çap edirik.
- Niyə
bunu soruşdum, bilmək istəyirəm ki, MTRŞ monitorinqin
nəticələrindən kanallar nəticə
çıxarırmı?
- Biz öz işimizi görürük, vəzifəmizi
yerinə yetiririk. Hər bir qurum da şübhəsiz ki,
öz vəzifəsinin nədən ibarət olduğunu bilir.
Amma bunu deməliyəm ki, müsbət nəticələr
çoxdur, müsbət təsir də çox olur. Buna
çox sevinirik. İradları qəbul etməyənlərlə
yanaşı, tənqidlərə obyektiv yanaşanlar da var. Məsələn,
biz bir telekanal rəhbərinə treninqlərdə iştirak
etmək üçün aparıcı təyin etməsini istəmişdik,
amma o, bir yox, 3 aparıcı göndərdi. Hesab etdi ki,
aparıcıların bizim treninqlərdə iştirakı
faydalıdır.
- Ötən dəfə də məlumat
vermişdiz ki, şöbənin əməkdaşları bir
neçə televiziyada treninqlər keçirib.
- "Xəzər TV” və "Lider” televiziyasında
treninqlər keçirilib. "Xəzər TV”dəki
treninqləri professor Sayalı Sadıqova ilə Müasir Azərbaycan
dili şöbəsinin aparıcı elmi işçisi Sevinc
Məmmədova aparıb. Mənimlə
birlikdə Monitorinq şöbəsinin aparıcı elmi
işçisi Nəzakət Qaziyeva isə Tovuz və Gəncənin
region televiziyalarında treninq keçirmişik. Məlumdur ki, region televiziyalarında dialekt, şivə
problemləri gözləniləndi. Amma sizə
deyim ki, region televiziyalarında dialekt və şivələrə
o qədər rast gəlinmir, nə qədər ki, mərkəzi
telekanallarda. Regionlarda keçirdiyimiz
treninqlərə aparıcılar, müxbirlər çox həvəslə,
şövqlə qatılırdılar. Bu
iki rayon televiziyalarında olduqca savadlı, zəngin dilə
malik, səviyyəli müxbirlər çalışır.
Bununla belə onlar böyük həvəslə
treninqlərdə iştirak edirdilər. Bu
cür öyrənmək həvəsini biz Bakıdakı
telekanallarda görməmişik. Özünü
məşhur sayan aparıcılar treninqlərə
qatılmırlar. Yəqin, belə hesab
edirlər ki, onların nitqində kimsə qüsur tapa bilməz,
amma tam əksinədir, dilləri, nitqləri qüsurlarla
doludur. Televiziya aparıcısı,
reportyor, müxbir daim öz üzərində
çalışmalıdır. Hər
sözü dəqiqliklə öyrənməlidir. Bilmədiyini soruşmalıdır. Nahaq demirlər ki, əvvəllər düzgün
danışığı cəmiyyət televiziya
diktorlarından, aparıcılardan öyrənirdi. İndi əksinədir; cəmiyyət
televiziyalardakı bəzi aparıcılar ucbatından
düzgün danışığını itirir.
Məlahət Rzayeva
Şərq.-
2018.- 8 fevral.- S.5.