“18 ildir efirdəyəm, bu gün yenə də məsləhət
alıram” – Saleh Bağırov
“Televiziyada
2-3 ildir olanlar deyirlər ki, mən hər şeyi bilirəm”
“"Efirdə
aparıcının qeyri-etik ifadəsi, hərəkəti
televiziya peşəkarlığına ziddir”
Maarifləndirmə, informasiya vermək və əyləndirmək
televiziyanın əsas tələblərindən
sayılır.
Bu üç funksiya arasında düzgün və
balanslı bölgü sistemi qurulsa, televiziya həm cəmiyyətin
qınaq obyektinə çevrilməz, həm də
tamaşaçının intellekt səviyyəsinin
inkişafına, zövqünün formalaşmasına, maarifləndirmə
və məlumatlandırma ehtiyaclarına hesablana bilər.
Bəs televiziyada çalışanların
üzərinə düşən missiya nədən ibarətdi.
Televiziyanın əsas simaları sayılan
aparıcılar bu günün teleməkanı barədə nə
düşünür? "Şərq”in budəfəki
suallarına İctimai Televiziyanın tanınmış
aparıcısı Saleh Bağırov cavab verdi.
- Azərbaycan
teleməkanı bir aparıcı və tamaşaçı
olaraq Saleh Bağırovu qane edirmi?
-
Sözsüz qane edir. Mən səmimiyyəti
sevən adamam. Və səmimi olsaq, deyə
bilərik ki, yerli kanallarımıza baxırıq. Əslində demək olar verilişlərin hər
birindən xəbərimiz var. Bu, düzgün münasibət
deyil ki, mən kanallarımıza baxmıram, bəyənmirəm.
Tam əksinə, baxmalıyıq, münasibət
bildirməliyik. Əl-ələ verib
çalışmalıyıq, qüsurlarımız varsa, onu
aradan qaldırmalıyıq. Yaxşıya
doğru birgə televiziyanın inkişafına dəstək
olmalıyıq. Çünki bizim bir
tamaşaçımız var - Azərbaycan
tamaşaçısı. Azərbaycan
teleməkanında maraqlı yaxşı proqramlar da var, zəif
verilişlər də.
- Siz bir
müddət Türkiyənin TRT telekanalında da
çalışmısız. Televiziya necə
olmalıdır? Müqayisə etmək
imkanınız olub?
- Bəli,
mən Türkiyənin TRT telekanalında bir müddət
çalışmışam. Onlarla
işbirliyində televiziya barədə daha çox bilgilər
əldə etməyə çalışmışam. Hətta orada olan peşəkarların da bizim kanallar
barədə fikirləri müsbətdi. Bildirirlər
ki, müəyyən məqamlar var ki, sizdə operativlik,
dinamika, mobillik çox sürətlidir. Bütün
bunlar məni istər bir televiziya işçisi olaraq, istərsə
də adi tamaşaçı olaraq sevindirir.
-
Televiziyada aparıcının üzərinə daha
böyük məsuliyyət düşür. Çünki
tamaşaçı onun təqdimatında verilişi, təqdim
olunan layihəni görə bilir...
- Tamamilə
razıyam. Televiziyada aparıcının üzərinə
böyük məsuliyyət düşür. Hesab edirəm ki, aparıcılar öz üzərlərində
ciddi işləməlidirlər. Burda ancaq
düzgün nitq qabiliyyəti önəmli deyil. Aparıcılıq çox çətin peşədir.
Aparıcıdan bir neçə keyfiyyət tələb
olunur. Savad, intellekt,
dünyagörüşü, mimikalar, jestika,
tamaşaçı ilə ünsiyyət yaratmaq
bacarığı, lazım gələndə doğru
baxış, kamera ilə işləmək bacarığı
aparıcıda yoxdusa, onun təqdim etdiyi tamaşaçı
üçün maraqsız olacaq. Nəzərə
almaq lazımdır ki, izləyicilər arasında bizdən də
savadlı, intellekti yüksək olan tamaşaçı
kütləsi var. Tamaşaçılar arasında hər
zümrədən olan insan var. Sən onların hər birinə
qarşı məsuliyyətli olmalısan. Bəzən deyirlər ki, dilimizdə kasıblıq
var, sözlərin sinonimini tapmaq olmur. Qətiyyən
bu fikirlə razılaşa bilmirəm. Yanlış
düşüncədir. Çox zəngin
dilimiz var. Mütaliəsi güclü olan aparıcı efirdə
söz kasadlığı yaşaya bilməz. Aparıcıların üzərinə daha
böyük məsuliyyət düşür. Çünki sonda nəticə olaraq bütün
komandanın birgə hazırladığı veriliş
aparıcının simasında təqdim olunur. Aparıcılarımızda görmək istədiyim
əsas keyfiyyət efir etikası, mədəniyyəti vacibdi.
Bu günün tamaşaçısı bunlar
üçün çox acıyıb. Tamaşaçılar
da bizimlə söhbət edəndə bunları qeyd edirlər.
Bəzən aparıcılar
sözçülüyə çox yer verirlər. Söz qəribə bir gücə sahibdi, bəzən
insanı alıb aparır. Ona görə
də imkan qədər efirdə lakonik, aydın, mənalı
danışaraq tamaşaçıya fikir çatdırmaq
lazımdı.
- Efirlərimizdə
aparıcıların ləhcə problemlərinə də
rast gəlirik...
-
Aparıcının ləhcə ilə danışması
yolverilməzdi. Bölgələrimizə məxsus
ləhcələr var. Olsun. Bəzən
dostyana bu ləhcələrdən istifadə şirin
görünə bilir. Amma efirdə ləhcə
ilə danışmaq yanlışdır. Doğru
deyil. Efir bədii, ədəbi dili sevir.
Aparıcıların o dialektləri efirə gətirməsi
ən böyük qüsurlardan sayılır.
Bir aparıcı olaraq bunlar məni
düşündürən və narahat edən tərəflərdi. Şəxsən
özüm öz işimdə çalışıram ki, bu
qüsurlara yol verilməsin. İllərdi
televiziyadayam. Bu illər ərzində
yolumu düzgün qurmağa çalışmışam.
-
Televiziyada estetika nə qədər rol oynaya bilir?
-
Sözsüz ki, televiziya estetikası önəmlidir. İnsanlar efirdə gözəllik axtarırlar.
Kim istəyər ki, efirdə çirkin
görünsün. Televiziyada
studiyaların quruluşudur, rənglərin
harmoniyasıdı, ahəngidir, bunlar da teleməkanın
estetikasına təsirini göstərmiş olur. Bu sahədə təəssüf ki,
çatışmazlıqlar var. Amma aradan
qaldırılması mümkün olan qüsurlardı. Televiziyada rəssamların da üzərinə
böyük yük düşür. Rəssamın
qurduğu studiya, dekorasiya birbaşa tamaşaçının
zövqünə təsirsiz ötüşmür. İncə ştrix belə teleməkanda rol
oynayır.
-
Aparıcının tərzi, geyimi verilişin formatına
uyğun seçilmirsə, bu, çirkin görünə
bilirmi?
- Təbii.
Aparıcı, insan özü necədirsə,
onun apardığı veriliş də, onun təqdimatı da,
onun peşəkarlığı da o səviyyədədir.
Hər birimiz özümüzü daha
yaxşı tanıdığımız üçün
haraya qədər olduğumuzu yaxşı bilirik. Kim haraya qədərdisə, efirdə elə
görünür. Hər bir efirə
çıxan insan saç düzümündən tutmuş,
geyim tərzinə qədər öz xarakterini, səviyyəsini
göstərir. Aparıcı studiyadakı
qonağı ilə həmsöhbət olarkən öz
savadını da, intellektini də nümayiş etdirmiş
olur.
- Teleməkanlarda
proqramlaşdırma strukturuna nə qədər önəm
verilməlidir? Gündüz verilişləri ilə
gecə proqramları arasında olan fərqlər və digər
məqamlar nə qədər önəm daşıyır?
-
Proqramlaşdırma televiziyanın nəbzidir. Əgər
o nəbz düzgün hərəkət etmirsə, bu qüsur
mütləq özünü göstərəcək. Təəssüf
ki, burda axsıyan tərəflərimiz var. Gündüz
verilişini aparan aparıcı gecə qiyafəsində efirə
çıxa bilməz, axşam saatlarında ciddi veriliş təqdim
edən aparıcı çox dəbdəbəli geyimdə ola bilməz. Ya da əyləncəli
verilişin aparıcısı ciddi geyimdə estetik
görünə bilməz. Aparıcı
verilişin mövzusuna, saatına, quruluşuna uyğun tərzdə,
imicdə, formatda efirə çıxmalıdır. Siyasi debatda gecə qiyafəsində çıxmaq hər
halda yanlış olar. Hər bir
verilişin, proqramın öz tələbləri var.
Günün saatına uyğun televiziya strukturu
hazırlanır. Televiziyanı öyrənmək
üçün Azərbaycan televiziya məktəbi var.
Peşəkar televiziyanı bilən peşəkar mütəxəssislərimiz
var. Onlara müraciət etmək, onlardan öyrənmək
lazımdı. Mən özüm belə
lazım gələndə məsləhət almağa
üstünlük verirəm. Məsləhət
almaq üçün tanınmaq lazım deyil. İşdə keyfiyyət əldə etmək
üçün bəzən lazım gələndə məsləhət
almağı özümüzə
sığışdırmağı bacaraq. Efirdə 2-3
il olanlar deyirlər ki, mən hər
şeyi bilirəm. Televiziyada hər gün
öyrənmək, maariflənmək lazımdı. Mən 18 ildi efirdəyəm, bu gün də məsləhət
alıram, soruşuram, öyrənirəm, öyrədirəm.
-
Aparıcının verilişə, proqrama
hazırlığı da vacib məqamdı. Bəzən
aparıcılır verilişində olan qonağı
tanımır, onun barədə yetərli məlumata sahib olmur
deyə bunu tamaşaçı hiss edir.
-
Çox vacib, əslində həm də maraqlı məqama
toxunduz. Mütləq aparıcı verilişə
hazırlaşmalıdır. O, neçə ilin
aparıcısı olsa belə hər veriliş
hazırlıq, məsuliyyət tələb edir. Mən hər dəfə qonaqlarım barədə məlumat
almağa çalışıram. Baxmayaraq
ki, o qonaq mənim verilişimdə bir neçə dəfə
iştirak edib. Amma yenə maraqlanıram, düşünürəm
ki, bu müddət ərzində yenilik ola
bilər ki, mən xəbərsiz qalmayım. Aparıcı
təkcə verilişini sual-cavab səpkisində
qurmamalıdır. Bəzən
aparıcılar qarşılarına 5-6 sual qoyurlar, ondan kənara
çıxa bilmirlər. Halbuki sənin
qonağın elə bir maraqlı fikir bildirə bilər ki,
yeni bir mövzuya ehtiyac yaranar, fərqli bir sual
ünvanlamağa səbəb yaranar. Belə
veriliş də, belə müsahibə də maraqlı
görünər. Tamaşaçı
çox həssasdı. Tamaşaçılarımız
bəzən televiziya ilə bağlı o qədər gözəl
təhlil verirlər ki, mən məəttəl qalıram.
Hətta bəzi məqamlarda televiziya tənqidçiləri
qədər məsələləri düzgün analiz edə
bilirlər.
- Bəzi
aparıcılar verilişindən, studiyadan şəxsi tribuna
kimi istifadə edirlər. Qonaqlarına
qarşı kobudluğa yol verir, onları təhqir etməyi
bacarıq hesab edirlər.
-
Aparıcı verilişindən, efirdən şəxsi tribuna
olaraq istifadə edə bilməz. Bu, qeyri-peşəkar
yanaşmadı. Təbii ki, hər birimiz
insanıq, robot deyilik, hisslərimiz var. Ancaq münasibətlərdə
gərginlik varsa, onu kameradan kənarda həll etmək
mümkündü. Bəli, elə
aparıcılar var ki, studiyaya gələn qonağına
hörmətsizlik edir. Əgər qonaq sənin
səviyyənə uyğun deyilsə, niyə verilişinə
dəvət edirsən. Burda digər tərəfin
də münasibəti vacibdi. Bəzən
qonaqlarımız digər aparıcılardan gileylik edir ki,
verilişə getdik, bizə hörmətsizlik oldu. Əgər sənə bir verilişdə, bir
aparıcı hörmətsizlik edirsə, niyə yenidən
onun efirində görünməyə razı olursan? Burada qonağın öz şəxsiyyətinə
verdiyi dəyər də önəmli faktordu. Amma istənilən halda aparıcı qonaqlarına,
müsahiblərinə qarşı maksimum dərəcədə
hörmət etməyə borcludu. Efirdə
aparıcının qeyri-etik ifadəsi, hərəkəti
televiziya peşəkarlığına ziddir. Efirdən şəxsi münasibətlərdə
silah olaraq istifadə etmək cinayətə bərabərdi.
Tahirə Məmmədqızı
İki
sahil.- 2018.- 17 fevral.- S.11