“Mədəniyyət
20 manatla
ölçülmür”
“Biz bu sənətə pul
qazanmaq naminə gəlmədik, sənətin fədailəri
olduq”
“Çox təəssüf ki, indi sənətə
gələn gənclərin əksəriyyəti bunu dərk
etmir, eləmək də istəmir. Çünki onlar sənətdə
təsadüfi insanlardı. Onlar pul qazanmaq, məşhurlaşmaq
eşqində olublar”
"Adətən qərbdən sitat gətirməyi,
müqayisə etməyi sevirik. Daha demirlər ki, şərq mədəniyyəti
qərb mədəniyyətinin qabağına doqquz qoyar. Şərq
mədəniyyəti qərb mədəniyyətindən də
qat-qat zəngindir. Mənim şərq mədəniyyətimdə
ayaqqabı ilə evə daxil olmurlar. Mənim şərq mədəniyyətimdə
səhər üzünü yumadan yataqda yemək yeyilmir”
Bəzi müsahiblər təkcə müsahib
kimi yaddaşımızda qalmır. Eyni zamanda canlı karifeylərlə
həmsöhbət olmaq bir şans, bir qazanc hesab edilə bilər.
Müsahibim bu günün canlı karifey sənətkarı,
səhnəmizin təkrarsız gülüş ustası, fərqlənməyi
bacaran, səhnədə nə qədər komik obrazlarla yadda
qalmasına baxmayaraq həyatda bir o qədər də
ağır təbiətli bir xanım olan sənətkarlardandı.
O, bəzən bir gülüşü ilə
həm düşündürdü, həm ağlatdı, həm
də təsirləndirməyi bacardı. Elə onun sənətinin
böyüklüyü də burdadı. Gülərək
düşündürən sənətkar olmaq isə
heç də asan deyil. "Şərq”in qonağı Azərbaycanın
xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin professoru, gülüş ustası Afaq Bəşirqızı
oldu.
- Hər vaxtınınz xeyir. Adətən az
hallarda müsahib olursuz...
- Sadəcə sözə, sənətə dəyəri
görəndə danışmağa üstünlük verirəm.
- "Bəxt üzüyü 2”-də çəkildiniz.
Bu filmi "Bəxt üzüyü”ndən fərqləndirən
amillər oldumu? Nə ilə yaddaşınızda qala bildi bu
film? Tahir İmanov sizi necə razılaşdıra bildi?
Heç kimə sirr deyil ki, kifayət qədər sənətə
məsuliyyətlə yanaşan sənətkarsız...
- Əvvəla, "Bəxt üzüyü 2”
filmi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr
olunmuşdu. Bu, filmin rəmzi adıdır. Məhz buna görə
razılaşdım. Filmdəki 3-4 personaj bu filmdə də
çəkildiyinə görə bəlkə o film
haqqında danışılır. Bu filmin nə ssenarisi, nə
digər tərəflərinin "Bəxt üzüyü”nə
aidiyyəti yoxdur. Yeni film fərqli tərzdə, fərqli
ab-havada çəkilib. Ssenarisi tam fərqlidir. Tahir
İmanovla işbirliyinə gəlincə isə onlarla
çalışmaqdan zövq aldım. Çox məsuliyyətli
uşaqlardı. İşlərinə məsuliyyətlə
yanaşırlar. Məsləhətə qulaq asırlar.
Əlbəttə, artıq məsləhət də həddini
aşanda heç kimə xoş gəlmir.
Çalışdım ki, məsləhət verim, amma qədərində
ki, onların da xətrinə dəyməyim. Gəncdirlər.
Çalışmaq iddiaları böyükdü. Onlar gəncdirlər,
mənə inanıb filmə dəvət ediblər. Mən tərəf-müqabili
kimi də onlardan razı qaldım. Mənə elə gəldi
ki, onlar da məndən razı qaldılar. Bir daha qeyd edirəm
ki, "Bəxt üzüyü 1”-in "Bəxt
üzüyü 2”-yə heç bir aidiyyəti yoxdu.- Karifey sənətkarlarımıza
həmişə xüsusi bir sevgi, hörmət olub. Amma indiki
gənc aktyorlar o hörməti qazana bilmirlər. Əvvəlki
sənətkarların qazandıqları hörməti indikilər
qazana bilmirlər. Səbəb nədi?
- Zəmanə çirkab suyuna bənzəyir.
Sən də Allahın yaratdığı saf , təmiz bir məxluq
olursan. O çirkab bir gün sənə sıçrayır.
Çünki sən o zəmanənin qaynayan qazanının kənarında
dayanmısan. Bir gün çirkab sənə də toxunacaq.
Bir də var, sən o çirkablı qazanda qaynayasan. Bunlar fərqli
tərəflərdi. Bir var müşahidə edəsən, kənarda
qalasan, bir də var o qazanı qaynadan, o qazanda qaynayan olasan.
İlahi, niyə bu zəmanəni biganələr buraxdı, divanələr
tutdu? Sənin daxili mədəniyyətin varsa, sən o mədəniyyətinə
sığınacaqsan. Sən o mədəniyyətə
sığınmasan, o çirkabda ləkələnərsən.
Bu tək sənətkarlara aid deyil. Hər bir insana aiddir.
İnsan güzgüdə özünü görməyi
bacarmalıdır. Qusurlarını görüb onu aradan
qaldırmağı bacarmalıdır. Soruşursuz ki, niyə
indiki sənətkarlara əvvəlkilər qədər
hörmət, izzət yoxdur? Biz məktəb gördük. Sənət
məktəbi. Tərbiyə gördük. Bizə sənətkarlar
dərs dedi. Biz istedadımıza və Allah vergisinə
inandıq. Bizi inandırdılar ki, siz istedada sahibsiz. Biz bu sənətə
pul qazanmaq naminə gəlmədik. Biz bu sənətin fədailəri
olduq. Bu sənətə gələn hər bir
insan artıq bu sənətin kəfənini boynuna salıb gəlir.
Çox təəssüf ki, indi sənətə gələn
gənclərin əksəriyyəti bunu dərk etmir, eləmək
də istəmir. Çünki onlar sənətdə təsadüfi
insanlardı. Onlar pul qazanmaq, məşhurlaşmaq eşqində
olublar. Sənət onları maraqlandırmır. Buna görə
isə narahat olmaq lazım deyil. Zamanın xəlbiri var. Gec, ya
tez, hərə öz yerini tutur. Xəlbirlənib hərə
yerini tutur. Yerdə dəyərlilər, istedadlılar
qalır. Amma ona da təəssüf edək ki, bu gün
keyfiyyətə kəmiyyətdən daha çox önəm
verilir. Hər hansı verilişi belə çox zaman qazanc
naminə açırlar. Elə-belə verilişlərə
də dəvət olunan hər ötəri insana sənətkar
deyə müraciət olunur. Bu, dəhşətdir. Elə ona
görə də sənət bu vəziyyətə
düşüb. Təsadüfi insanları dəyərləndirmək
yolunu seçmişik. Bilmirik o insana dəyər vermək
olar, ya yox. Belələrini tərifləməklə
inandırmışıq ki, sən sənətkarsan. Biz sənətkarların
da günahı var. Bəzən sənət adamlarımız
elə bayağı çıxışlar ediblər,
sözlər danışıblar ki, elə bəsit hərəkətlərə
yol veriblər, biri-birini təhqir ediblər ki, sənətkara
yaraşmayıb. Düşünməyiblər ki, etdikləri
bütünlükdə mədəniyyətə vurulan
ağır zərbədi. Sənətkarı gözdən
salıblar. O mədəniyyətə ki, baş tacı ola bilərdi.
Mədəniyyət 15-20 manatla ölçülmür. Mədəniyyət
onun daxilində olmalıdır. Mədəniyyəti qazanmaq hər
sənətkarın işi deyil. Tamaşaçı sevgisini,
hörmətini qazanmaq hər sənətkarın işi deyil.
Ona görə bəzilərinə "sənətkal” deyirlər.
Bir var sənətkal,
bir var sənətkar. Hər adama sənətkar demirlər.
Burda siz mətbuat işçilərinin də üzərinə
pay düşür. Reklam xatirinə mətbuatda
sənəti olmayanları sənətkar kimi təqdim edəndə
sənətə dəyər qalmır. Amma
hər şeyin həddi-hüdudu var. Adətən qərbdən
sitat gətirməyi, onları müqayisə etməyi sevirik.
Daha demirlər ki, şərq mədəniyyəti
qərb mədəniyyətinin qabağına doqquz qoyar.
Şərq mədəniyyəti qərb mədəniyyətindən
də qat-qat zəngindir. Mənim şərq
mədəniyyətimdə ayaqqabı ilə evə daxil olmurlar.
Mənim şərq mədəniyyətimdə
səhər üzünü yumadan yataqda yemək yeyilmir.
Amma təəssüf ki, biz bu dəyərləri
itiririk. Kiməsə oxşamağı,
köçürtməyi, bənzəməyi sevirik. Bunu bir-iki ziyalı danışmaqla həll edə
bilməz. Bunun üçün zaman
lazımdı. Adətən sel özündən
əvvəl çör-çöp gətirir. Bu suallarınıza cavab vermək mənim
üçün də çətindi.
- Həm
böyük sənətkarsız, həm də karifey sənətkarın
övladı olmusuz. Afaq Bəşirqızı
adını daşımaq sizin üçün çətin
olmayıb. Axı böyük məsuliyyətdi.
Bu ad sizə məhdudiyyət, çətinlik
yaratmayıb?
- Afaq Bəşirqızı
adını daşımaq məsuliyyətini 24 yaşına qədər
hiss etmişəm. Bu ağır yükü
daşımaq asan deyildi. Çünki o
ada layiq olmaq lazım idi. 24 yaşına qədər
mən Bəşir Səfəroğlunun qızı kimi
tanınırdım. 24 yaşından sonra
Afaq Bəşirqızı adını qazandım. Mənim özümün də xasiyyətimdə Bəşir
Səfəroğlu xasiyyətindən miras tərəflər
var. Mən feodal bir ailənin qızı olmuşam desəm, səhv
demərəm. Çünki saç
düzümümdən tutmuş, geyimimə qədər mənə
nəzarət edilib. O mənim özümdə qalıb.
Mənim karvanım 63 ildir gedir. Afaq Bəşirqızının karvanı artıq
itlərin hürməyinə dayanmır. Bəlkə
əvvəl hürküb, qorxub, dayanıb. Amma əvvəl də belə hürən yox idi.
Karvan öz axarı ilə gedirdi. Karvanın sarvanı var idisə, yolunu tutub gedirdi.
İndi karvana hürənlərin sayı da
çoxalıb. İnsan həyat yolunda səhvə
yol verməməlidir. Hər birimizin səhvi
olub. Amma ciddi səhv insanı yolundan
çıxara bilər. İnsan
özündən müştəbeh olmaz. Əgər
biganələik varsa, divanəliyin olması real və
qaçılmazdı. Ona görə də
həyatımızda olan bütün neqativləri biganəliyin
və divanəliyin payına yazaq.
- Əvvəllər aktirsa üçün səhnədə
duruş gətirmək asan idi, ya indi?
- Bu
gün çətindi. Tamaşaçı
zövqü özünü göstərir. Bu günün tamaşaçısının
seçim imkanları daha genişdi. Burda dramaturgiya
, əsərin mövzusu, əsərin səhnədə
quruluşu məsələsi özünü göstərir. Bu günün tələbinə uyğun tamaşa təqdim
etmək daha çətindi. Bu gün
tamaşaçı qarşısına çıxmaq daha
böyük məsuliyyət tələb edir. Əslində bu gün də mən sənətimə
məsuliyyətlə yanaşan insanam. Nə
qazanmışamsa, öz zəhmətimlə qazanmışam.
Bu gün sənətdə 35-40 yaşında
verilən mükafatı mən 60 yaşında
qazanmışam.
-
Ağır gəlib bu sizə?
- Hardasa
daxilimdə ağır gəlib. Amma bu mənim
gücümdə olan məsələ deyildi. Mən bir onu bilirdim ki, sənətdəyəm, səhnədə
gücümü göstərməliyəm. Gözləməmişəm ki, mənə ad verilər.
Mən işimi görmüşəm. Heç kimim olmayıb. Nə
dayım, nə əmim əlimdən tutub mənə dəstək
olub. Zərrə-zərrə
tamaşaçı sevgisi qazanmışam. Sənətkarla intriqa aparan məmurların hərəkətlərini
görəndə bir onu düşünmüşəm ki, bu,
sənəti boğmaqdı. Sənətkarı
boğmaq düzgün deyil.
- Sizi necə,
boğublar?
- Məni
boğmaq asan olmazdı. Mən qadın kimi də
güclü olmuşam, insan kimi də, sənətçi
olaraq da gücümə güvənmişəm. Bəlkə də istəyiblər. Açıq etiraf edim ki, boğmaq istəyiblər.
Amma gücləri çatmayıb. Bəlkə də həmin insanlara qəribə gəlib
ki, bu necə dözə bildi. Mənim
güclü olmağım bəzən kimlərisə narahat
edib, bunu çəkinmədən deyirəm.
- Həyatda
kifayət qədər ciddi xarakterli xanımsız. Amma yaratdığınız obrazlar satirik, komediya
janrında olub. Bunu siz özünüz istəmisiz,
ya bir aktrisanın "alın yazısı” kimi qəbul edək.
Bəlkə hələ də sizə xas Afaq Bəşirqızı
obrazını yaratmaq arzusundasız...
- Bu,
alın yazısıdır. Son dediyiniz mənə
elə gəlir ki, daha uyğun cavab olar. Çünki
mənim şəhər teatrlarına yollarım açılıb
dəvət olunandan sonra Musiqili Komediya Teatrına deyil, Milli
Akademik Dram Teatrına gəlsəydim, bəlkə də
arzularımın bir çoxu həyata keçərdi. Musiqili Komediya Teatrının adında böyük
bir məsuliyyət var idi. Sən burda
komediyadan başqa heç nə oynaya bilməzsən. Sənətkarın ampluaya düşməsini həmişə
pisləmişəm. Sənətçi
çərçivəyə salınmamalıdır.
- Amma
Musiqili Komediya Teatrına qədəm qoymaq sizi çərçivəyə
saldı...
- Əslində məni o ampluaya sala bilmədilər. Çünki
Musiqili Komediya Teatrına qədər mən qurdumu
öldürmüşdüm. Mən
Sumqayıt Teatrında bir çox ciddi, xarakterik obrazlar
oynamışam. Bax, mənim bəxtim bu
baxımdan gətirmişdi.
- Akademik
Milli Dram Teatrından sizə təklif gəlsə ki, qonaq
aktrisa kimi bir tamaşada oynayın, razı olarsız?
- Bu
gün üçün deyə bilmərəm. Əvvəllər
təklif gəlsəydi, bəlkə də razı olardım.
Tofiq Kazımovun fikri var idi ki, məni Kavanixaya dəvət
etsin. O zaman gənc idim. Qismət
olmadı. Qəzaya düşdü. Bu arzunu reallaşdıra bilmədik. Bu gün getmirəm. Əslində
mən gənclərə dəstək olmağı sevirəm.
İrad bildirməyi o qədər sevmirəm.
Çünki sənətdə olan insanın
ruhu həssas olur. Ona görə də zəif
aktyorun üzünə heç vaxt bunu demərəm. Bu aktyorun ruhu əzilə bilər, mən onun
dünyasını dağıda bilərəm. Bunu eşitmək onun üçün faciə olar.
Sənətçiyə "sən zəifsən”
deyilirsə, bu onu məhv edə bilər. Ona
görə də gənclərin könlünün
qırılmasının tərəfdarı deyiləm. Əksinə, məsləhət verərək onlara
stimul vermək lazımdı. Mən
güclü qadınam. Amma heç vaxt gücümü
zəiflərə hiss etdirməmişəm. Heç
vaxt mən böyük sənətkaram deməmişəm.
Mənim yaradıcılığıma da, şəxsiyyətimə
də tamaşaçı qiymət verib. Mən
səhnədə olanda tamaşaçı məni
alqışlayırsa, bu məni yaşadır, bu məni
ruhlandırır.
- Deyirlər
teatrın dönəmi bitib. Bununla
razılaşmaq istəyirsiz?
- Qətiyyən.
Teatr bitə bilməz. Mən
hər zaman səhnəni filmdən daha çox sevmişəm.
Çünki teatrda tamaşaçı ilə canlı
ünsiyyət var. Mən tamaşaçı
qıtlığını heç vaxt hiss etməmişəm.
Tamaşaçılarım mənə sevgilərini hər
zaman hiss etdiriblər. Bu məni sənətkar
olaraq yaşadır.
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 21 fevral.- S.7.