“GƏNC İŞÇİ”DƏN “BAKI”YADƏK...

Yazıçı, publisist Cəmşid Əmirovun 100 yaşı tamam olur

Aslan Kənan

Azərbaycanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın təbiəti son dərəcə füsunkarlığı ilə bura gələn qonaqları, səyyahları qonaqpərvərliyi ilə qarşılaması heç kəsə gizli deyil. Qədim abidələri ilə hər kəsi heyrətə salan, Naxçıvana "Nəqşi-cahan” (Dünyanın bəzəyi) adı verənlərin özünə belə bir yerin nə vaxt yarandığı hələ də sirr olaraq qalır.

Geniş əraziyə, təmiz havaya, saf suya, buz bulaqlara, münbit torpağa, füsunkar təbiətə malik olan bu diyar ölkəmizdə nəinki qiymətli sərvətləri, hətta dünyanı heyrətə salan istedadlı insanları ilə də məşhurdur.Bəzən bu diyara qədimliyinə görə "Nuh peyğəmbərin vətəni” də deyirlər. Təsadüfi deyil ki, Azərbaycan rəssamlığının qüdrətli sənətkarlarından olan, 30 il ömür sürmüş Bəhruz Kəngərlinin qələmə aldığı "Nuhun qəbri” əsəri bu mülahizənin həqiqiliyinə bir daha işıq salır.

Vaxtı ilə Naxçıvanın mərkəzində memar Əcəmi Naxçivani tərəfindən yaradılmış "Möminə xatun” türbəsini dahi Nizami Gəncəvinin "Xəmsə”sinə tay hesab edənlər bəlkə də yanılmırlar. Çünki hər iki dahiyanə əsər dünya mədəniyyəti tarixində ən yüksəkdə duran sənət incisidir.Qədim Naxçıvan diyarında Əcəmi Naxçivanidən tutmuş Hüseyn Cavidə qədər neçə-neçə sayı məlum olmayan dühalar bu torpağda doğulmuşlar.Həmin tarixi şəxslərin həyata davamı 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasından sonra da öz axarı ilə getmişdi. Bu ildə Naxçıvan şəhərin "Şirvanlar məhəlləsi”nin aşağı hissəsində "Böyük bağ” deyilən səfalı yerdə "Kəblə Musa” çeşməsinin yaxınlığında Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq detektiv janrının banisi olan Cəmşid Əmirov dünyaya göz açıb...

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti "sapı özümüzdən olan” bolşeviklər tərəfindən devriləndə gələcəkdə onları nə gözləyəcəyi hələ bu zavallı xalqa məlum deyildi.Azərbaycan xalqını rus imperiyasının köləsinə çevirən xainlərin ağlına belə gəlməzdi ki, nə vaxtsa "sadiq dostları” tərəfindən ağır işgəncələrə məruz qalacaq, onlara da "xalq düşməni” damğası vuracaqlar.Çox gözləmək lazım gəlmir. İlk öncə Xalq Cümhuriyyəti dövründə işləyən məsul şəxslər, var-dövləti əlindən alınmış insanlar və yeni hökumətə etiraz edən ziyalılar həbslərə atılıb güllələnirdilər.

N.Nərimanov, Ə.Xanbudaqov kimi xalqın qeyrətli övladları olmasa idi, kim bilir qətlə məruz qalmış 48 minin əvəzinə, 100 minlərlə insanlar repressiyanın qurbanı olacaqdı. Onların müdaxiləsindən sonra bolşeviklər terrora bir müddət son qoymalı oldular. Lakin bu "sakitlik” çox da uzun sürmədi.

30-cu illərin ortalarında Stalinin göstərişi ilə hər bir müttəfiq respublikalarda "Üçlər” (Troyka) yaradılır. Onlar heç kimə tabe olmadan hər cür özbaşınalığa yol verməkdən çəkinmirdilər. Bunun nəticəsi idi ki, onminlərlə günahsız insanlar məhz bu "Üçlüy”ün yaratdığı repressiyanın qurbanı olurdu.

Bu "Üçlüy”ün qarşısına qoyduğu məqsəd respublikanın məktəblərində, ali təhsil ocaqlarında, müxtəlif idarə və təşkilatlarında quruluşdan narazı qalanlar rəhbərləri xüsusi hazırlanmış adamlar vasitəsi ilə "ifşa etmək”, "danoslar” hazırlamaq, onlara qarşı hər cür vasitədən istifadə üçün təcili tədbirlər görmək tələb olunurdu. Həmin təcili tədbirlər Əmirovlar ailəsindən də yan keçmir...

 

Biz Təhlükəsizlik Xidməti İdarəsinin arxivində saxlanılan qovluqlarda Cabbar Əmirov haqqında müxtəlif "danos”lara rast gəldik. Həmin "danos”lara əsasən Cabbar Əmirovun həbsi üçün order yazılır və qərar çıxarılır. 05.08.1937-ci ildə təhlükəsizlik idarəsinin rəisi Sumbatovun imzası ilə verilmiş order əsasında Cabbar Əmirov həbs edilirNaxçıvanda müxtəlif vəzifələrdə işləyən Cabbar Əmirov bacarığı, istedadı nəticəsində ticarət sahəsində böyük işlər görür. Xalqın və hökumətin inamını, etimadını qazanan Cabbar kişi Bakıya işləməyə göndərilir. Bir müddət burada işlədikdən sonra Sabirabad rayonunda ticarətin, kənd təsərrüfatının geri qaldığını görən rəhbərlik Cabbar Əmirovu həmin rayona məsul vəzifəyə göndərir.

1936-cı ildə Cabbar Əmirov Sabirabad rayonunun ticarət təşkilatında müdir əvəzi, sonra isə müdir müavini təyin edilir. Burada o kənd təsərrüfatının, mal dövriyyəsinin, onların çeşidlərinin artırılmasında və inkişafında böyük irəliləyişlər qazanır. Lakin rayonun yuxarı dairələri "kənardan gələn” şəxsin bu nailiyyətlərinə qısqanclıqla yanaşır və nəticədə Cabbar kişi ilə "vidalaşmağı” qarşılarına məqsəd qoyurlar. Bu cür qabaqcıl mütəxəssisi işdən kənarlaşdırmaq o qədər də asan məsələ olmadığını bilən rəhbərlik, dövrün "ab-havasına uyğun” olaraq Cabbar kişiyə qarşı xüsusi hazırlanmış adamlardan istifadə edirlər.

Sənədlərdən aydın olur ki, təhlükəsizlik leytenantı, müstəntiq Zudenkov tərəfindən aparılan dindirilmə zamanı (əgər buna dindirilmə demək mümkünsə) Cabbar Əmirov ağır işgəncələrə məruz qalmasına baxmayaraq "şahidlər” tərəfindən ona ünvanlanan şər və böhtana, hədə-qorxuya xüsusi bir mərdliklə cavab vermişdi. Ümumiyyətlə repressiya qurbanları haqqında tanış olduğumuz sənədlər göstərir ki, müsavat hakimiyyəti dövründəki fəaliyyətini açıq şəkildə etiraf edənlərdən biri də Cabbar Əmirov olmuşdu. Həmin etirafdan sonra Cabbar Əmirov 10 il müddətinə azadlığdan məhrum olur. Beləliklə bu haqsız ittihamdan sonra Cabbar kişinin həyat yoldaşı Tərlan xanım dörd uşaq və "yolunu gözlədikləri”, dünyaya göz açandan ata həsrətində qalan körpəsi ilə birgə başsız qalır.Bu keçmiş günlərin acı bir xatirəsini kinolenti kimi göz önünə gətirən Cəmşid belə bir əyilməz kişinin övladı idi. Cabbar kişinin şərlənib həbs edilməsi, qundağda yatan uşağın həyat hadisələrindən xəbərsizliyi, həmçinin böyük qardaşı Əlinin "xalq düşməni”nin övladı adı daşıdığı üçün Moskvada gizli şəkildə təhsil aldığından ailənin ağırlığı Cəmşidin üzərinə düşürdü... Cəmşid nəşriyyat işində müxtəlif vəzifələrdə çalışab böyük bir ailəni dolandırmalı idi...Bakıda yeddi sinfi bitirən Cəmşid sənədlərini N.Nərimanov adına texnikuma verərək kimya fakültəsinə daxil olur. Tələbəlik illərində ədəbi yaradıcılığa maraq göstərən Cəmşid kiçik hekayə və məqalələr yazsa da, lakin onları çap etməyə tələsmirdi. O, texnikumu bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye institutuna daxil olur və müəyyən səbəblərdən oranı yalnız 1966-cı ildə bitirir.

Ədəbi yaradıcılığa böyük həvəs göstərən yazıçı "Azərbaycan idmançısı”, "Gənc işçi” və bir çox mətbu orqanlarında ədəbi işçi, məsul katib, redaktor müavini vəzifələrində çalışır. Vətən müharibəsi başlayanda C.Əmirov "Əzizbəyovneft” trestində mühəndis-geoloq işlədiyinə görə ona verilən brondan (xüsusi şəxslərə verilir) istifadə etməyərək könüllü cəbhəyə yollanır. Vətən müharibəsinə sıravi əsgər kimi gedən yazıçı ön cəbhədə Almaniya, Polşa, Çin, Avstriya, Çexoslovakiya ölkələrində şücaət göstərərək orden və medallarla vətənə qayıdır.Müharibədən sonra C.Əmirov bir çox qəzet və jurnallarda məsul vəzifələrdə işləyir. O eyni zamanda bədii yaradıcılıqla da məşğul olmağı unutmur. Yazıçının ilk mətbu əsəri 28 avqust 1946-cı ildə "Azərbaycan gəncləri” qəzetində dərc etdirdiyi "Dəqiqələr, saniyələr” oçerkidir.

Bundan sonra C.Əmirov ədəbi yaradıcılıqla bərabər "Bakı” və "Baku” qəzetlərində əvvəl xüsusi müxbir, sonra isə şöbə müdiri vəzifəsinə irəli çəkilir. Yazıçı qəzetdə əsasən idman xəbərləri haqqında yazılar dərc etdirirdi. Maraqlı budur ki, C.Əmirov başqaları kimi saatlarla masa arxasında oturub məqalə yazmırdı. O yalnız "obyektlə” tanış olduqdan sonra makinaçı qıza yazını bədahətən diqtə edərdi. Yazıçı yalnız geniş həcmli əsərlər yazanda masa arxasına keçərdi. O həmçinin redaksiyaya rus dilində təqdim edilmiş yazıları peşəkarlıqla dilimizə çevirərdi.

 

O, "Bakı” və "Baku” qəzetlərinin daha da maraqlı və oxunaqlı olması üçün respublikada olan cinayətlər haqqında məlumat rublikası açmaq təklifini verir. C.Əmirov məhkəmədə baxılmış cinayətlərə aid oçerklər, müxtəlif bölgələrdə olan kriminal hadisələr barədə yazılar hazırlayırdı. C.Əmirovun həmin məhkəmə sənədləri ilə tanışlığının, hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlığının nəticəsi idi ki, 50-ci illərin hadisəsi sayılan, geniş oxucu marağına səbəb olan "Sahil əməliyyatı” povestini yazır.

Təsadüfi deyil ki, respublikadan kənarda da oxucu marağına səbəb olan bu əsər kinematoqrafçıların diqqətini cəlb etməyə bilməzdi. Məhz buna görə də əsərin ssenarisinin yazılması üçün yazıçıya müraciət olunur və nəticədə həmin povest əsasında "İstintaq davam edir” filmi çəkilib, nümayişə buraxılır. Düzdür ssenarini yazmaq üçün C.Əmirova Moskvadan M.Maklarovski soyadlı bir müəllif də göndərilir. Bu da təbii idi. Çünki müttəfiq respublikalar tərəfindən kəşfiyyat və əks-kəşfiyyat haqqında sərbəst çəkiləcək filmə Moskva heç bir vəzhlə razı ola bilməzdi.

Yuxarıda qeyd edildiyi kimi əsərin mövzusu kəşfiyyat və əks-kəşfiyyatdan söhbət açıldığına görə onun çəkilişinə ciddi nəzarət var idi. Məhz bu çəkilişə nəzarəti isə respublikanın dövlət təhlükəsizlik idarəsinə tapşırılmışdı. Həmin vaxtlar respublikanın təhlükəsizlik idarəsinə Sviqun soyadlı general rəhbərlik etməsinə baxmayaraq, filmin çəkilişinə nəzarət Azərbaycanın ümummilli lideri, o zaman komitənin sədr müavini olmuş Heydər Əliyevə həvalə edilmişdi.Həmin filmin yaradıcı heyəti və çəkilişə kənardan müşahidə edənlərin fikrincə H.Əliyevin şəxsi nəzarəti olmasaydı "İstintaq davam edir”in müvəffəqiyyəti şübhə altında olacaqdır. Hərbi katerlərin, vertolyotların və bu kimi ağır heyətin çəkilişə cəlb olunması nəinki o dövr üçün, hətta indiki dövrdə də asan məsələ deyil. Lakin H.Əliyevin şəxsi təşəbbüsü və səyinin nəticəsi idi ki, filmin yaradıcı heyətinin işini kifayət qədər asanlaşmasına şərait yaranırdı.Film sona çatanda artıq C.Əmirovun "Brilyant məsələsi”, "Qara volqa” romanları oxucuların stolüstü kitabına çevrilmşdi. Respublikamızın hər yerində C.Əmirovun əsərlərindən danışılır, disputlar, oxucu görüşləri keçirilir, müzakirələr aparılırdı. Bir sözlə həmin dövrlərdə artıq C.Əmirov bir milli qəhrəmana çevrilmişdi.Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə macəra janrına müraciət edən görkəmli yazıçı Cəmşid Əmirovla "tanışlığım” 1963-cü ildən başlamışdı. Bu "tanışlığı” yaradan, yazıçının "Brilyant məsələsi” əsəri o vaxtlar mənim uşaqlıq yaddaşımda silinməz izlər buraxmışdır. "Brilyant məsələsi”nə maraq o qədər güclü idi ki, artıq əl-əl gəzən bu əsər öz "məcrasından” çıxmışdı. Artıq həmin dövrdə bu kitabı əldə etmək bir müşkülə çevrilmişdi. Nəinki kitab köşklərində əsəri tapmaq qeyri-mümkün idi, hətta kitabxanalardan alıb oxumaq belə oxucular arasında böyük bir növbə yaranmışdı. Oxucular bu kitabı əldə etmək üçün hər gün kütləvi kitabxanalara müraciət edir, növbəsinin nə vaxt çatacağını səbirszliklə gözləyirdilər. Əsəri yalnız kitab alverçilərindən əldən etmək olardı. Onlar da "Brilyant məsələsi” əsərinin qiymətini fantastik dərəcəyə çatdırmışdılar."Brilyant məsələsi” oxucular tərəfindən necə sevinclə qarşılandığı, əsərdə olan surətlərin həyatdan götürülüb-götürülmədiyi haqda C.Əmirova gələn məktublarda, onunla keçirilən görüşlərdə öz əksini tapıb.Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivində yazıçıya müxtəlif bölgələrdən gələn məktublar saxlanmaqdadır. Məhz həmin məktublarda oxucular əsərdə olan Yədullanın, Klaranın şəxsiyyəti ilə maraqlanır, həmin cinayətkarların doğrudan da həyatdan götürülüb-götürülmədiyini bilmək istəyirdilər. Oxucular həmçinin bu cinayətkar dəstə ilə mübarizədə fədakarlıq göstərən kapitan Əli Rüstəmov haqqında da məlumatlandırılmalarını xahiş edirdilər.Bu suallara cavab verməzdən öncə qeyd etmək istərdik ki, yazıçı görüşlərində qələmə aldığı insanları həyatdan götürdüyünü etiraf etmiş, lakin həmin şəxslərin bəzilərinin adlarında müəyyən dəyişikliklər etdiyini də bildirmişdi.

 

(Davamı gələn sayımızda)

Aslan Kənan

Aslan Kənan

Şərq.- 2018.- 23 fevral.- S.11.