Azərbaycan kinosu 120: tarixi,
bu günü və gələcək inkişaf perspektivləri
Azərbaycan kinosu yarandığı gündən
azərbaycançılığa, milli düşüncəyə
və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə
çəkilən filmlərin janr müxtəlifliyindən
asılı olmayaraq maarifçilik missiyasını yerinə
yetirir. Fəxrlə deyə bilərik ki, 120 illik böyük
tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin
inkişafında böyük rol oynayıb. Azərbaycançılığa,
dövlətçiliyə töhfələr verən milli
kinomuz heç vaxt öz yolundan dönməyib. Görkəmli
mədəniyyət xadimi, ilk kino rejissorumuz Abbas Mirzə Şərifzadə
deyirdi ki, kino musiqidi, teatrdı, ədəbiyyatdı, bir
sözlə, özgə aləmdi.
Azərbaycan kino sənətinin
tarixi 1898-ci ildən başlayır. İlk filmlər fotoqraf və
nasir Aleksandr Mişon tərəfindən çəkilmiş
“Bibiheybətdə neft fontanı yanğını”,
“Balaxanıda neft fontanı”, “Şəhər bağında
xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. bir bədii
kinosüjetdən ibarət idi. Neftin sənaye
üsulu ilə istehsalına başlanması nəticəsində
Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin
bir çox sahələri ilə yanaşı, kino sənətinin
də meydana çıxması üçün əlverişli
zəmin yaratmışdı. 1915-ci ildə isə İbrahim bəy
Musabəyovun “Neft və milyonlar səltənətində”
romanı əsasında eyniadlı ilk Azərbaycan
bədii filminin çəkilişinə başladı. 1916-cı
ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal
alan” operettası əsasında ilk Azərbaycan
kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın
müstəqilliyinin ildönümü münasibətilə
“Təntənə” adlı tammetrajlı film ekranlarda
nümayiş etdirildi. Azərbaycanda kino
yaradıcılığı dövrü sovetlər
dövründə nailiyyətləri ilə yadda qaldı. Azərbaycan
kinosu tarixinin əsl yetkinlik dövrü sayılan 1960-1980-ci
illərdə isə kino salnaməmizin unudulmaz səhifələrini
təşkil edən 110 bədii, 500 sənədli və
elmi-kütləvi, eləcə də 44 cizgi filmi, 96
nömrə “Mozalan” satirik jurnalı yaradılıb. “Bir cənub
şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli
Kür”, “Yeddi oğul istərəm”, “Axırıncı
aşırım”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”,
“Nizami” və başqa bədii filmlərimiz bu illərdə
istehsal olunub. Bu gün də dəfələrlə
izlənilməsindən asılı olmayaraq yenə də sevə-sevə
baxdığımız filmlərimizi fərqləndirən əsas
cəhətlərdən biri də xalqımızın həyatına,
başlıcası isə, çoxəsrlik tariximizə, adət-ənənələrimizə,
milli dəyərlərimizə daha dərindən
nüfuz etməsində idi.
Müasir Azərbaycan kinosunun inkişafında
dövlətin böyük rolu var. Məlum
olduğu kimi, müstəqillik əldə etdiyimiz ilk illərdə
kino sahəsində də ciddi problemlər yaşandı. Azərbaycan
kinosu ilə bağlı ulu öndər Heydər Əliyevin
1998-ci il 19 avqust tarixli Fərmanı ilə “Kinematoqrafiya
haqqında” Qanun qəbul olundu. 1996-cı ildə isə Azərbaycan
Dövlət Film Fondu yaradıldı, filmlərin
qorunması təmin edildi. 18 dekabr 2000-ci il tarixli Ulu Öndərin
Sərəncamı ilə hər il avqustun 2-si Azərbaycanda
Milli Kino Günü kimi qeyd olunur. Kinorejissor
Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətindən bəhs edən “General”, “Birinci”,
“Moskva, Kreml”, “Lider”, “Tale”, “Əsl məhəbbət
haqqında”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”,
“Xüsusi təyinat” və “Dəvət” filmləri müasir
dövrümüzün ən dəyərli sənət
nümunələri kimi kinosevərlər tərəfindən
maraqla qarşılanıb.
Ölkə başçısı İlham
Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun
bütün sahələrinin problemlərinin həllinə
başlanıb. Bu sərəncamlarda respublikamızda, eyni
zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan
kinosu üçün kadrların hazırlanması məsələsi
də öz əksini tapıb. Onu da qeyd edək ki, yerli və
xarici filmlərin yüksək səviyyədə
nümayiş etdirilməsi üçün dünya
standartlarına uyğun kinoteatrlar tikilib, mövcud olanlar isə
müasir standartlar səviyyəsinə gətirilib. “Nizami”
Kino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də
tarixi abidə kimi qorunduğu üçün ən müasir
tələblərə cavab verən formada yenidən bərpa
edilib.
2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı
ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramı”
artıq öz müsbət nəticələrini verməkdədir.
Proqram kino sənətimizdə əsaslı yeniliklərin
başlanğıcı oldu desək yanılmarıq. Bu
gün milli kinomuz dünyada müstəqil Azərbaycan kinosu
kimi tanınmağa başlayıb. Çəkilən filmlərimiz
Azərbaycan simasını, özünəməxsusluğunu
dünyaya tanıtdıra bildi. Tanınmış kinorejissor,
“Humay” mükafatı laureatı Şamil Əliyevin
“Çölçü” filmi 5 qitədə Azərbaycan
bayrağını qaldıran filmdir. 32 beynəlxalq
kinofestivalda olub, 12 mükafat alıb və bu, uğurun
göstəricisidir.
Bundan başqa, son illərdə kino sahəsinin
inkişafı məqsədilə dövlət büdcəsindən
ayrılmış vəsait hesabına tammetrajlı,
qısametrajlı bədii, sənədli, cizgi filmləri
çəkilib. O cümlədən, dövlət sifarişi
ilə Azərbaycan kinosunun aparıcı mövzularından
olan Qarabağ müharibəsinə həsr olunan bədii və
sənədli filmlər ərsəyə gətirilib. Prezident İlham Əliyev Azərbaycan kinosunun 120
illiyinin qeyd edilməsi haqqında Sərəncamı uzun illər
özünün çətin dövrünü yaşayan
kino sənətinin inkişafında mühüm rol oynayacaq.
15 sentyabr tarixində ölkəmizdə kino mövsümü
başlayacaq.
Gənc ssenarist Orxan Muxtarlı “İki sahil” qəzetinə
bildirdi ki, Azərbaycan dünyada azsaylı ölkələrdəndir
ki, kino mədəniyyətinin tarixi əsasları var: “Kinostudiyanın hələ yeni yarandığı
zamanda Bakı neft buruqlarında artıq kino çəkilməyə
başlanılmışdı. Hələ Sovetlər dönəmində
Azərbaycan kino industriyası birlik ölkələrinin
içində özünəməxsus yer tutmuşdu.
İndiki zamanda da bir çox keçmiş Sovet
respublikalarında Azərbaycanda çəkilmiş kinolar
televiziya vasitəsi ilə göstərilir və sevilir.
90-cı illərdə məlum səbəblərdən Azərbaycanda
bir çox sahədə olduğu kimi, kino sahəsində də
tənəzzül prosesi baş verdi. Lakin Ulu Ondərin
Azərbaycanın iqtisadiyyatının inkişaf
strategiyasını düzgün qurması ümumən Azərbaycanın
inkişafinın yenidən dirçəlməsinə gətirib
çıxardı. Prezident İlham Əliyevin mədəniyyət
sahəsinə göstərdiyi qayğı özünü
göstərməkdədir. Dövlət
başçısının “Azərbaycan kinosunun 2008-2018-ci
illər üzrə inkişafına dair Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı
kino sənətinin sürətli inkişafına böyük
təkan oldu. Televiziya kanallarında serialların çəkilməsi
üçün maliyyə yardımın göstərilməsi,
Mədəniyyət Nazirliyi tərəfindən çəkilən
yüksək keyfiyyətli filmlər bunun bariz nümunəsidir.”
O.Muxtarlı hesab edir ki, bu gün bazar
iqtisadiyyatı zamanında yaşayırıq. Hər bir sahəyə
olduğu kimi, kino sahəsinə də maliyyə yardımı göstərilməlidir
ki, inkişaf etsin: “Belə mühitin yaranması istiqamətində
Bakıda tikilən biri-birindən gözəl tikilən ticarət
mərkəzlərini misal göstərmək olar. Bu mərkəzlərdə
fəaliyyət göstərən kinoteatrlar gənclərin əyləncə
məkanlarından birinə çevrilib. Bu isə yerli kinonun
stimullaşması üçün çox böyük
önəm daşıyır.”
Ssenarist söhbət zamanı təəssüflə
bildirdi ki, bir çoxları Azərbaycanda çəkilən
kinolarının çoxusunun bayağı, komediya
janrından şikayətlənir: “Lakin bir şeyi nəzərə
almaq lazımdır ki, Türkiyə kimi böyük ölkədə
də durum tam bizimki kimidir. Hər çəkilən 100
kinodan 2-si uğurlu olar. Bu tam təbiidir. Çünki hər
hansı sahənin inkişafı üçün iş
lazımdır. İş olan yerdə də əlbəttə
ki, qüsur və zəif iş də olacaq. Bundan
qorxmaq lazım deyil. Əksinə yeni rejissor və ssenaristlərin
kinonun inkişafı uğrunda işlərini dəstəkləmək
lazımdır. Çünki hər bir uğurlu işin
özülündə təcrübə durur. İndiki zamanda
rejissorların komediya janrına müraciət etmələri
isə sadəcə seyricilər tərəfindən tələblə
bağlıdır. Teleserialların seyirçiləri orta
yaşlı nəsildirsə kinoteatrlara gedən seyirçilər
isə əsasən gənclərdir. Seriallarda orta nəsil
dramı necə görmək istəyirsə gənclər də
kinoteatrlarda komediyanı o qədər çox seyr etmək istəyirlər.
Bir daha vurğulayıram ki, gənclər kinoteatrlara əyləncə
məkanlarından biri kimi baxırlar. Bunları nəzərə
alaraq və qonşu ölkələrin indiki kino sənayesinin
inkişafına baxanda Azərbaycanda bu sahədə gedən
iş kifayət qədər ümidvericidir. Azərbaycan bu
ölkələrlə müqayisədə kiçik
olmasına baxmayaraq çəkilən bir çox kinolar həmin
ölkələrdə çəkilən kinolardan geri
qalmır, hətta irəlidədir.”
Azərbaycanda kino sənayesinin
böyük potensialının olduğunu deyən Azərbaycan
Kinematoqrafçılar İttifaqının üzvü,
“Dağlı məhəlləsi”, “Bakı bağları”, “Azərbaycan
qalaları”, “Sönməz ocaq”, “Qərib ellərin novruzu”,
“Nağıl kimi toylar” kimi onlarla filmlərin rejissoru, “Lider”
telekanalının rejissoru Maarif Məhərrəmbəyli
isə qeyd edir ki, sovet dövründə rejissor, ssenarist,
operator və aktyorlarımızın ərsəyə gətirdikləri
dəyərli filmlər bir daha sübut edir: “Bütün
gücümüzü birləşdirib yenidən Azərbaycan
kino sənayesini inkişafını təmin edərək,
milli kinomuzun şöhrətini özünə
qaytarmalıyıq. 1978-ci ildə “Azərbaycanfilm”də
işləmişəm. O dövrün kino həyatı ilə
indiki dövr arasında çox böyük fərq var.
Düzdür, Azərbaycanımız, paytaxtımız
Bakı şəhəri inkişaf edir. Lakin bu inkişaf kino
sahəsində o qədər də özünü göstərə
bilmir. Bunun müəyyən səbəbləri var. Ən
başlıca səbəblərdən biri filmlərin
auditoriyasının olmamasıdır. Sovetlər dönəmində
isə ən zəif film də belə öz izləyiciləri
hesabına maliyyə cəhətdən özünü
doğrulda bilirdi. O dövrdə Kinostudiyada canlanma
müşahidə olunurdu. İndi bir qədər passivlik
müşahidə olunur. Ulu öndər Heydər Əliyevin
kino sahəsinə göstərdiyi qayğının nəticəsi
idi ki, Azərbaycan kinosunun intibah dövrü məhz
1970-1980-ci illərdə olmuşdu. Dövlətimizin, ölkə
Prezidenti cənab İlham Əliyevin kino sahəsinə
göstərdiyi diqqət özünü biruzə verir. Telekanallara
ayrılan maliyyə vəsaiti hesabına müxtəlif
janrlarda filmlər, seriallar çəkilir. Maliyyə vəsaiti
daha çox olsa filmlərin sayı da çox olar. Filmlərə sponsorların cəlb olunması məsələsi
də qabardılmalıdır. Həmçinin
çəkilən filmlərin bölgələrdə təbliği
bir qədər zəifdir. Ölkə
başçısının kino ilə bağlı
müvafiq Sərəncamında da qeyd olunur ki, kino prokatı
sistemi yaradılsın. Yəni istehsal
olunan filmlər tamaşaçılara
çatdırılsın. İnsanlarda
kinoteatrlara getmək həvəsi əvvəlki kimi deyil.
Bölgələrdə isə ümumiyyətlə,
kinoteatrlara maraq azdır.”
M.Məhərrəmbəyli
müasir dövrdə çəkilən filmlərin janr məsələsinə
də toxundu: “Camaatın zövqünü bir qədər dəyişiblər.
Seyirçiləri daha çox komediyaya istiqamətləndiriblər.
Bizim çox gözəl tarixi mövzularda
çəkiləcək filmlərimiz olmalıdır. Çünki Azərbaycanın çox qədim
tarixi etnosu, adət-ənənələri, milli qəhrəmanları
var. Bu mövzulara yer ayırmaq lazımdır. Bundan başqa, digər ölkələrlə birgə
müştərək filmlərin çəkilməsinə də
diqqət ayrılmalıdır.”
Yeganə
Bayramova
Şərq.-
2018.- 30 iyun.- S.12.