Sənatkarlar danışmalı, etiraz etməlidilər

 

Samir Cəfərov: “Bizim də Zeynəb Xanlarova, Flora Kərimova kimi sənətkarlarımız Alla Puqaçova, ya da Kabzon kimi səhnəyə nəzarət məsuliyyətini qoruya bilmədilər”

 

 

Estrada səhnəsinin bugünkü durumu peşəkar sənətkarları narahat etməyə başlayıb. Xalq artisti Mübariz Tağıyev: "Bu günün estradaya gələn gəncləri məktəbsiz yola çıxıblar” deyə sos verdi. Xalq artistinin bu ismarıcı digər sənətkarların da narahatlığına səbəb olub. Xalq artisti, Milli Konservatoriyanın müəllimi Samir Cəfərov da estrada sahəsində xaos yaşadığını iddia edir. Samir Cəfərov "Şərq”ə açıqlamasında Mübariz Tağıyevin fikirlərinə münasibət bildirərkən, bu günün estrada səhnəsini belə analiz etdi: "Estrada janrının müxtəlif istiqamətləri və bu istiqamətdə sözünü deyən sənətçilər olub.

 

İlk növbədə onu qeyd edim ki, estrada bizə gəlmə musiqidir. Yəni milli musiqi sayılmır. Amma Azərbaycan estrada musiqisini yaradanlar oldu və çalışdılar ki, Azərbaycan musiqisinin ana xəttini qorusunlar. Bu da əsasən klassik estrada janrında özünü təsdiqlədi. Sonralar estrada janrında şanson musiqi tərzi yaranmağa başladı. Mirzə Babayev kimi sənətkarlar şanson musiqilər təqdim etməyə başladılar. Sonralar isə vokaldan çox uzaq, bəsit bir tərz bizim səhnəyə yol açdı. Bu tərz gələndən sonra bir az səhnənin rəngi dəyişmiş oldu. Sovet dövründə bəlli bir yol var idi. Xüsusi bir senzura var idi ki, insanlara yalnız bu musiqi təqdim edilirdi. Qeyri musiqiləri ifa edən müğənnilər var ki, o zamanlar onların efirə çıxmasına məhdudiyyət yaradılırdı. Baloğlan Əşrəfov, Ağadadaş Ağayev kimi müğənnilərin üslubunda ifaçıları efirə buraxmırdılar. Onlar da lazım idi, amma efirə buraxmırdılar. Zaman dəyişdi, müstəqillikdən sonra musiqi səhnəsində də dəyişikliklər oldu. Həm də hər şey biri-birinə qarışdı. Özfəaliyyətlə peşəkar musiqi qarşı-qarşıya dayandı. Hərə bir tərzdə oxumağa başladı. Məktəbsiz yola çıxmaq məsələsinə gəlincə, təhsil vacibdi. Amma birbu günün tələbi var ki, müğənnilər də o tələbi nəzərə alaraq repertuara üstünlük verirlər. Klassik musiqi ifa etməklə nə sənətçinin ehtiyacları ödənir, nə qarnı doyur, nə də onu toya dəvət edirlər. Toya getmədən isə müğənni dolana bilmir. Bu bir həqiqətdir. Bu gün meyxana üslublu musiqilər dəbdədir. Biz qadağa da qoya bilmərik. Bayağı deyilən, bəlli olmayan musiqilər dəbdədir. O vaxtlar səslə oxuyurdular. Bir zamanlar məktəblə oxuyurdular, indi dəblə oxuyurlar. Mən insanları qınaya bilmərəm. İnsanlar nə maraqlı görünür, ya da dəbdədirsə, o istiqamətə maraq göstərirlər. Müğənnini də qınaya bilmirik. Hətta sənəti, səsi olanlar da toy xətrinə o musiqiləri ifa etməyə az qala məcbur qalıblar. Çünki insanların zövqü korlanıb. İndi klassik estradaya, ciddi musiqiyə tələbat o qədər böyük deyil. Təəssüf ki, vəziyyət budur. Acınacaqlısı bunu tənzimləyən nə bir qurum var, nə də nəzarət mümkündür. Bunun üçün yalnız sənətkarlar danışmalı, etiraz etməlidirlər. O da heç kim danışmır, özünü pis etmək istəmir. Bizim də Zeynəb Xanlarova, Elmira Rəhimova, İlhamə Quliyeva, Flora Kərimova kimi sənətkarlarımız olub, var, amma təəssüf ki, onlar Alla Puqaçova, ya da Kabzon kimi səhnəyə nəzarət məsuliyyətini qoruya bilmədilər. Bizim səhnəyə hegemonluq edə biləcək statusda olan sənətkarlarımız olsa da, onlar bu statusdan istifadə etmədilər vaxtında, səhnəyə gələnlərə özlərinin bir senzurası olmadı. 20-ci əsrdə bizim musiqi sahəsində o qədər inkişaf olub ki, 21-ci əsrdə yeni musiqilər yazılmasa belə, bundan sonra bir əsrə bəs edən musiqi səltənətimiz var. Məsələ burasındadır ki, biz bu gün Azərbaycanın ciddi estrada musiqisini ancaq ölkəyə əcnəbi gələndən, qonaq gələndən-gələnə təqdim etməyə başlamışıq. Qonaq gələndə o musiqiləri təqdim edirik ki, baxın, bizim belə qiymətli, ciddi musiqilərimiz var. Qonaq gedən kimi yenə o qeyri-estetik musiqilərin havasına düşürük. Bilirsiz bu nəyə bənzəyir? Bizim xalqda bu ənənə, bu xasiyyət var. Biz evdə olan qiymətli qab-qaşıqları, büllur qabları qonaq gələndən-gələnə çıxarırıq, özümüz ondan istifadə etməyi nəsə özümüzə rəva bilmədiyimiz kimi elə qiymətli musiqiləri də qonaq gələndən-gələnə təqdim etmək ənənəsi yaratmağa başlamışıq. Bunun sonu insanların zövqünün korlanmasına, Azərbaycan musiqsinin iflicinə aparıb çıxarır. Bəlkə bunu hələ tam görmürük, amma 10 il sonra bunun acısını hiss edəndə gec olacaq. Yatmışıqsa, oyanaq. Sonra çarə tapmaq çətin olar”.

 

Tahirə Məmmədqızı

Şərq.- 2018.- 14 iyul.- S.13