“HƏR GÜN TOYA GETMƏKLƏ
FƏXRİ AD ALA BİLMƏZSƏN”
Nigar
Şabanova: “Heç kim məndən inciməsin.
Mən bu gün əldə etdiyim uğura görə
televiziyalara da borclu deyiləm”
Bütün sahələrdə olduğu kimi, muğam və
mahnı ifaçılığı sənətində də
əbədi yadda qalmağın öz əzəli
qaydaları, normaları var. Muğam həmişə ayıq,
hər cür şoudan uzaq, təsadüfləri həndəvərinə
qoymayan ilahi səltənətdir. İstəyirsən
kasetlərin, disklərin, kliplərin düz-dünyanı
tutsun, şəklinin asılmadığı, adının-təxəllüsünün
yazılmadığı tin-divar qalmasın, istəyirsən
studiyalar daimi yaşayış ünvanına dönsün,
ürəyində ürəklərə ötürüləsi
bir şey yoxdursa, günəmuzd alqışlardan, ötəri
şöhrətdən savayı heç nə əmələ
gətirə bilməyəcəksən.
Bax, bu
gün də təkcə pərəstişkarlarının
yox, böyükdən-kiçiyə hamının ruhən qəbul
etdiyi, azsaylı lent yazılarını dinlədikcə dinləmək
istədiyimiz Yavər Kələntərli, Fatma Mehrəliyeva,
Rübabə Muradova, Şövkət Ələkbərova,
Sara Qədimova, Tükəzban İsmayılova, Nəzakət
Məmmədova kimi sənətkarları yada salanda bir daha əsl
sənətin ölməzliyi haqqında
düşünürsən.
Bu gün də muğam sənətinin məsuliyyətini
gənc yaşlarından qanadlarına alıb, çiyinlərində
daşıyan gənc xanəndələrimiz var ki, onlar həqiqətən
səsləri, ifaları ilə muğamı dünyaya
tanıdırlar.
Gənc ifaçılar arasında səsi ilə özəlliklə
fərqlənən əməkdar artist Nigar Şabanova
"Şərq”in qonağı oldu.
- Xanəndə
üçün səhnə nə deməkdi?
-
Çox düşündürücü sualdı əslində.
Səhnədə çox sənətçilər ola bilər. Musiqinin janrından
asılı olaraq səhnəyə hər
ifaçının özünəməxusus yanaşması
yarana bilər. Amma xanəndə
üçün səhnə anlayışı daha fərqlidir.
Səhnə məsuliyyət deməkdir.
- Estrada sənətçisi
səhnədə ifasını təqdim edərkən
performansı, rəqsi-filan köməkçi vasitələr
olaraq onun təqdimatını maraqlı göstərə bilər.
Amma xanəndənin bu imkanları məhduddur.
Xanəndə səhnədə yalnız səsinə güvənə
bilər məncə...
- Bəli,
həqiqətən digər janrda olan musiqiləri təqdim edərkən
müğənni performans təqdim edə bilir. Səhnədə rəqs qura bilər, işıq və
lazer effektləri, digər göməkçi elementlər
müğənninin səhnədəki təqdimatına təsirini
göstərmiş olur. Amma xanəndə
üçün bunlar mümkün deyil. Xanəndə
səhnədə yalnız mükəmməl ifası ilə
maraqlı görünə bilər. Ən
yaxşı halda xanəndəyə kömək edə biləcək
yeganə vasitə tar-kaman, bir də dəf olar. Sən dəfdən başqa səhnədə nə
istifadə edə bilərsən ki?
- Adətən
deyirlər ki, Azərbaycan tamaşaçısı yalnız
mükəmməl ifa eşidəndə alqışlamağa
maraqlı olur. Xüsusilə də muğam
ifaçılarına münasibətdə tamaşaçı
bir az da tələbkar olur. Yəni
muğam ifaçısının hər hansı səhvi,
ifasında səslənə biləcək qüsurunu
bağışlamır.
- Əslində həqiqətən bizim xalq muğamı
bilir deyə, onun qarşısında xanəndə olaraq
çıxış etmək daha böyük məsuliyyət
tələb edir. Çünki tamaşaçının
muğamda hansı məqamda hansı ifanın təqdimatından
xəbəri var. Sən səhvə yol verə bilməzsən.
Buna haqqın yoxdu. Hətta
yol verilsə belə, bu tamaşaçının diqqətindən
yayına bilməz. Mütləq o muğamda hansı yerdə
səhv etdiyini dərhal hiss edəcək. Çünki
bizim tamaşaçımızın ruhunda muğam sevgisi var.
Estrada ifaçıları ilə xanəndənin fərqi nədir?
Onlar səhnədə qüsur olsa belə, onu
ötürə bilirlər, musiqiçilərin köməyi
ilə, rəqslərin təqdimatında o məqamın
üstündən ötüb keçə bilirlər. Bizdə isə bu mümkün deyil. Xanəndə ifası ilə də, geyim tərzi ilə
də səliqəsini itirə bilməz. Hətta bəm
muğamı oxuyanda belə xanəndənin səsi tam hiss
olunur. Orda xırda bir səs
tamaşaçını qıcıqlandıra bilər,
zövqünü korlaya bilər.
- Xanəndələr
tənqidi əslində sevmirlər. Çünki
muğam özü o qədər ağır janr
sayılır ki, orda xırda nöqsan və qəbahət
böyük bir günah sayıla bilər.
- Əslində elə qəbahət
sayılmalıdır. Xanəndə səhnədə
yanlışlığa yol verə bilməz. O, səhnə
məsuliyyətini uşaq yaşlarından dərk edir. 30-40 muğam yoxdur ki, onları öyrənmək
çətin olsun. Barmaqla sayılacaq qədər
muğamımız var. 7 əsas muğamımız var, xanəndə
də uşaq yaşlarından o muğamları öyrənir,
mənimsəyir. Sən yuxudan oyananda o
muğamlar sənin beynində olur. Sən
o 7 muğamı mükəmməl mənimsəyə bilməmisənsə,
bu sənin üçün qəbahətdi. Muğam məsuliyyətlə yanaşı, fitri
istedad tələb edir.
- Hər
bir xanəndə çalışır ki, muğam sahəsində
möhürünü vursun. Və hər
muğam ifaçısı bir muğamı ilə daha
çox fərqlənir. Nigar
Şabanovanın ifasında "Orta Mahur” və
"Şüştər” muğamı xüsusilə seçilir.
Nəzərə alsaq ki, bu muğama az
xanım xanəndə bu günə qədər müraciət
edib.
- Təbii
ki, Azərbaycan muğam tarixinə diqqət yetirsəniz,
muğam ustadlarımızın hər birinin ifasında bir
muğam xüsusilə seçilib. 2010-cu ildə
muğam müsabiqəsində mən "Orta Mahur” və
"Şüştər” muğamlarını ifa edərkən
fərqlənə bildim. Bunu mənim
ustadlarım da qeyd edib. Bu muğamlar həqiqətən
ağır muğamlar sayılır. Hər kişi, xanəndə belə
"Şüştər” muğamını ifa etməyə
o qədər cəsarət etmir. Bu gün bir-iki kişi xanəndəmizdən başqa o muğama
müraciət edən olmayıb. Mənim müəllimim, professor Qəzənfər Abbasov gənc
yaşlarında "Şüştər” muğamını
ifa edib. İllər sonra xanım xanəndələr
arasında o muğama mən müraciət etdim.
-
Muğam müsabiqəsində bir çoxları səninlə
bir yola çıxsalar da, onlar yarıyolda qaldılar, gəlişləri
qısa oldu. Sən isə yolunda daha qətiyyətli
oldun.
- Bəli,
müsabiqədə olanların bir çoxu bu gün səhnədə
deyillər. Mən müsabiqədən sonra
qarşıma məqsəd qoydum. Onu da qeyd
edim ki, muğam müsabiqəsinə qədər "Xalq
ulduzu” müsabiqəsində olmuşdum. Müsabiqənin
finalında narazılıqlar oldu. Mən o
zaman da heç nə demədim. Orda
birinci, ya beşinci olmaq vacib deyildi. Vacib sənət
göstərmək idi. Muğam müsabiqəsində
isə 3-cü yerə layiq görüldüm. Əslində gileylənmirəm, şükr edirəm.
Sadəcə, muğam müsabiqəsində
3-cü yerə layiq olmadığımı
düşündüm. Ona görə də
müsabiqədən sonra dayanmadım. Məqsədimə
sarı yola çıxdım. Sübut
etdim ki, mən 3-cü yerə layiq ifaçı deyildim.
- Bəhrəsini
də gördünüz...
- Təbii
ki, bəhrəsini gördüm. Mənə elə
gəlir ki, zəhmətinin bəhrəsini bir gün tez, bir
gün gec alırsan. Sadəcə, qətiyyətli
olmaq lazımdı. Mən gənc yaşımda əməkdar
artist fəxri adına layiq
görüldüm. Buna görə ölkə
başçısına təşəkkür edirəm.
Heç kim mənim sözümdən
inciməsin. Mən bu gün əldə etdiyim
uğura görə televiziyalara da borclu deyiləm. Mən dövlət tədbirlərində
iştirakıma görə, dövlətimin
başçısı tərəfindən
mükafatlandırılmışam. Nə
hər gün toya getməklə, nə də toylarda çox
oxumaqla fəxri ad ala bilməzsən. Dövlətimə,
millətimə xidmət edən sənətçiyəm.
Bundan sonra da bu yolun davamçısıyam.
- Estrada
sahəsində, digər musiqi janrlarında olduğu kimi,
muğam ifaçıları arasında da qısqanclıqlar,
paxıllıq olur. Estrada sahəsində bu
qalmaqallarla, açıq şəkildə özünü
göstərsə də, xanəndələr arasında bu
paxıllıq da səliqəli gedir. Yəqin
sənə də paxıllıq edənlər var?
- Hər
sahədə rəqabət olur. Paxıllıq
isə fərqli hissdir. Mən rəqabətə
hazır insanam. Amma mənə
paxıllıq edənlərə yazığım gəlir.
Bəli, estrada ifaçıları
arasında paxıllıq sonralar qalmaqallara gətirib
çıxarır. Muğam sahəsində isə bir az fərqlidir. Bəli, mənə
də paxıllıq edənlər var. Mən fəxri ad alanda
müxtəlif fikirlər deyənlər də oldu, bunlar gəlib
mənə də çatdı. Mən isə
işimlə onlara cavab verməyə
çalışıram. Sadəcə xanəndələr
arasında paxıllıq səliqəli gedir. Muğam sənəti özü ağır
olduğu üçün, orda abır-həya qorunur. Ustadlardan çəkinib susmalı olursan ki,
ayıbdı. Paxıllıq edənləri
də yeganə bu söz dayandırır ki, ayıbdı.
Mən paxıllığımı göstərsəm
ayıb olar. Amma mənə paxıllıq
edənləri də tanıyıram, onların mənə
olan münasibətlərini də görürəm, arxamdan
danışılanlar da gəlib qulağıma çatır.
Onlar paxıllıqlarında olsunlar, mən də
sənətimi davam etdirməyimdəyəm. Allah onlara kömək olsun. Nə
deyə bilərəm.
-
Artıq əməkdar artist olaraq hesabat konserti verməyinin
vaxtı deyəsən çatır. Hesab etmirsən
ki, solo-konsert vermək zamanı yetişib.
- Həqiqətən
mən tamaşaçıma və özümə də bir
hesabat konsertim olmalıdır. Bu barədə
düşünürəm. Gələn ilin may
aylarına solo-konsert nəzərdə tutmuşam. İnşallah qismət olsa, gələn ilin
yazında solo-konsert proqramı ilə tamaşaçı
qarşısında çıxış edəcəm. Artıq yavaş-yavaş hazırlıqlar
başlanır. Mənə elə gəlir
ki, Nigar bu solo-konserti ilə də fərqlənməyi bacarar.
Nigar Şabanova,
Şərq.- 2018.- 19 iyul.- S.13